Təhsil naziri İctimai Şuranın üzvləri ilə görüşüb
Təhsil naziri Ceyhun Bayramov Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə görüşüb. Görüşdə Təhsil naziri nazirliyin ictimaiyyətlə qarşılıqlı fəaliyyəti istiqamətində görülən işlərdən danışıb. Nazir bildirib ki, Təhsilin inkişafı üzrə Dövlət Strategiyasında təhsillə bağlı məsələlərin həllində ictimai dəstək qazanılması üçün effektiv icra mexanizminin formalaşdırılmasına xüsusi önəm verilir və yeni yaradılan İctimai Şura bu baxımdan əhəmiyyətli rola malik olacaq. Nazirlik yanında bu qurumun yaradılmasında əsas məqsəd nazirliyin fəaliyyətində şəffaflığı artırmaq, təhsil sahəsində ictimaiyyətlə qarşılıqlı münasibəti gücləndirmək və maarifləndirmə işlərini genişləndirməkdir. Görüşdə çıxış edən İctimai Şuranın üzvləri ictimaiyyət tərəfindən onlara göstərilən bu etimadı doğruldacaqlarını qeyd edib və Şuranın fəaliyyətinin təhsillə bağlı müxtəlif məsələlələrin ictimai müzakirəsinin və həllinin daha səmərəli təşkilinə xidmət edəcəyini bildiriblər. Daha sonra Şuranın fəaliyyətinin təşkilatı məsələləri müzakirə edilib. Sonda Təhsil naziri İctimai Şura üzvlərinə üzvlük vəsiqələrini təqdim edib.
26/09/2019 11:04
Sumqayıt Dövlət Texniki Kollecinin 60 illik yubileyi
Sentyabrın 25-də Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kollecinin 60 illik yubileyi münasibətilə tədbir keçirilib. Sumqayıt Dövlət Dram Teatrında təşkil olunan tədbirdən öncə Təhsil nazirinin müavini Firudin Qurbanov Sumqayıt Dövlət Texniki Kollecində olub, təhsil müəssisəsinin maddi-texniki bazası ilə tanış olub, sinif otaqlarını gəzərək tədrisin keyfiyyəti ilə maraqlanıb. Kollecin müəllim-tələbə kollektivi ilə görüşən nazir müavini onları maraqlandıran sualları cavablandırıb, bir sıra tövsiyələr verib. Yubiley tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbiri giriş sözü ilə açan kollecin direktoru Mətanət Piriquliyeva təhsil müəssisəsi barədə ətraflı məlumat verib, kollecin respublikamızda sənayenin inkişafında əhəmiyyətli rol oynadığını bildirib. Tədbirdə çıxış edən Təhsil nazirinin müavini Firudin Qurbanov əvvəlcə Sumqayıtın sosial-iqtisadi inkişafından söz açıb və müasir Sumqayıtın ulu öndər Heydər Əliyevin əsəri olduğunu diqqətə çatdırıb. Ölkəmizdə aparılan uğurlu təhsil siyasətindən söz açan nazir müavini dövlət başçısı İlham Əliyevin təhsilə və təhsil işçilərinə göstərdiyi diqqət və qayğıdan danışıb. Firudin Qurbanov kollecin fəaliyyətindən söz açaraq bildirib ki, bu təhsil müəssisəsi yarandığı gündən indiyədək dövrün tələblərinə, əmək bazarına uyğun kadrların hazırlanması vəzifəsini layiqincə yerinə yetirir. Nazir müavini dünyanın sürətlə inkişaf etdiyini və buna görə də daim yeniliklərə hazır olmağın vacibliyini də vurğulayıb. Firudin Qurbanov çıxışının sonunda kollecin kollektivini təbrik edib və gələcək fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb. Tədbirdə çıxış edən Sumqayıt Dövlət Universitetinin rektoru Elxan Hüseynov da öz növbəsində kollecin uğurlu fəaliyyətindən danışıb, kollecin müəllim-tələbə heyətini təbrik edib. Daha sonra Təhsil nazirinin müvafiq əmrinə əsasən, kollecin bir neçə əməkdaşı səmərəli fəaliyyətlərinə görə və kollecin 60 illik yubileyi münasibətilə təltif edilib. Tədbirdə kollecin 60 illik fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub. Tədbir bədii hissə ilə davam etdirilib.
25/09/2019 17:37
Təhsil naziri Dünya Bankının nümayəndələri ilə görüşüb
Sentyabrın 25-də Təhsil naziri Ceyhun Bayramov Dünya Bankının Cənubi Qafqaz üzrə Regional direktoru Sebastian Molineus ilə görüşüb. Görüş zamanı Ceyhun Bayramov “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müəyyən etdiyi hədəflərə uyğun olaraq aparılan islahatlar barədə qonaqlara məlumat verib və əməkdaşlıq perspektivləri müzakirə edilib.
25/09/2019 16:27
Təhsil naziri İsveçrə Konfederasiyasının ölkəmizdəki səfiri ilə görüşüb
Sentyabrın 25-də Təhsil naziri Ceyhun Bayramov İsveçrə Konfederasiyasının Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Muriyel Peneveyre ilə görüşüb. Görüşdə Azərbaycan və İsveçrə arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.
25/09/2019 16:15
Peşə təhsili müəssisələrində işləmək istəyənlərin sənəd qəbulu yekunlaşıb
Dövlət peşə təhsili müəssisələrində işləmək istəyən ümumtəhsil və ixtisas fənn müəllimlərinin, istehsalat təlimi ustalarının işə qəbulu üzrə sənəd qəbulu başa çatıb. Namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar. Müsahibələrin sentyabrın 26-dan 30-dək təşkili nəzərdə tutulur. Yekun nəticələr oktyabrın 1-də elan ediləcək.
25/09/2019 15:16
42 ümumi təhsil müəssisəsində STEAM layihəsi
Təhsil Nazirliyi tərəfindən Bakı şəhərində yerləşən 42 ümumi təhsil müəssisəsində STEAM layihəsinin tətbiqinə başlanılıb. Layihə çərçivəsində müəyyən edilmiş məktəblər üzrə tədrisə ümumilikdə 6000-dən çox 6-cı sinif şagirdi cəlb ediləcək. STEAM təhsil metodu şagirdlərə beş sahənin, Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering), İncəsənət (Art) və Riyaziyyatın (Math) birgə və inteqrasiya olunmuş şəkildə tədrisi ideyası üzərində qurulub. Layihə ilə əlaqədar nazirlik tərəfindən steam.edu.az portalı da istifadəyə verilib. Layihənin məqsədi müasir təhsil çağırışları əsasında inkişaf etmiş ölkələrdə tətbiq edilməyə başlanılan təhsil yeniliklərinin ölkəmizdə tətbiqi imkanlarının öyrənilməsi və tədrisidir.
25/09/2019 12:57
Rumıniyada təhsil alacaq şəxslərin adları təsdiqlənib
Rumıniyanın Milli Təhsil Nazirliyi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlığa dair bağlanmış müqavilə əsasında 2019-2020-ci tədris ili üzrə Rumıniya ali təhsil müəssisələrində təhsil üçün keçirilmiş müsabiqənin nəticələri elan edilib. Nəticələrə görə, 2 Azərbaycan vətəndaşının namizədliyi müsbət qiymətləndirilib. Qalib namizədlər Rumıniyanın “University Oil Gas Ploiesti” və “University of Bucharest” ali təhsil müəssisələrində magistratura səviyyəsində mühəndislik və humanitar ixtisas istiqamətləri üzrə təhsil alacaqlar. Qeyd edək ki, təqaüd proqramının tələblərinə uyğun olaraq, tələbələr 1 il müddətində ödənişsiz rumın dili hazırlığına cəlb olunacaqlar. Bununla yanaşı, onların təhsil haqqı, yataqxana xərci, aylıq təqaüd və tibbi sığorta xərcləri Rumıniya tərəfindən, yol xərci isə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən qarşılanacaq. Məlumat üçün bildiririk ki, müvafiq təqaüd proqramı barədə cari ilin 27 fevral tarixində elan verilib.
25/09/2019 12:04
Koreya Respublikasında 2020-2021-ci tədris ili üzrə təqaüd proqramı
Koreya Respublikası tərəfindən 2020-2021-ci tədris ili üzrə təqaüd proqramı elan edilib. Bakalavriat səviyyəsi üzrə elan olunan təqaüd proqramına 18 oktyabr 2019-cu il tarixinədək müraciət edilə bilər. Proqramda iştirak etmək istəyənlər sənədlərini qeyd edilən tarixədək Koreya Respublikasının Azərbaycandakı səfirliyinə təqdim etməlidirlər. Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış ola bilərsiniz.
24/09/2019 10:58
Müddətli müqavilə ilə işə qəbul üzrə II turun nəticələri
Sentyabrın 23-də 2019-2020-ci tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə əsasında müəllimlərin işə qəbulu üzrə ikinci turun nəticələri açıqlanıb. Bu barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə elektron yerləşdirmə zamanı 1575 namizəd uğur qazanıb. Müəllim adını qazanmış şəxslər sentyabrın 25-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsi səhifəsində işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti üzrə təqdim etməlidirlər. Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrinə işə qəbul olunmuş müəllimlər müvafiq sənədlərini aidiyyəti ümumi təhsil müəssisəsinə, digər vakansiyalara yerləşən şəxslər isə aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər. Daha sonra namizədlər şəxsi səhifələrinə daxil olaraq çıxarışın təsdiq olunduğunu yoxlamalıdırlar. Nəzərinizə çatdırırıq ki, çıxarışı aidiyyəti müəssisə tərəfindən təsdiq olunmuş şəxslərin işə qəbulu rəsmiləşdiriləcək.
23/09/2019 17:23
"Kod saatı"nın birinci mərhələsi keçirilib
Sumqayıt şəhər 31 nömrəli tam orta məktəbdə "Rəqəmsal bacarıqlar" layihəsi çərçivəsində proqramlaşdırma dünyasında genişmiqyaslı tədbir olan "Kod saatı"nın birinci mərhələsi keçirilib. Təhsil Nazirliyinin və "Alqoritmika" beynəlxalq təhsil şirkətinin təşkilati dəstəyi ilə keçirilən tədbirdə 453 məktəbli iştirak edib. Tədbir zamanı şagirdlərə və onların valideynlərinə “Rəqəmsal bacarıqlar” layihəsi haqqında ətraflı məlumat verilib. Şagirdlər "Scratch"- uşaq və yeniyetmələr üçün xüsusi yaradılmış vizual proqramlaşdırma mühitində məsələləri həll etmək imkanı əldə ediblər. Qeyd edək ki, "Kod saatı" tədbirinin növbəti mərhələləri sentyabrın 28-də Şamaxı şəhər 10 nömrəli tam orta məktəbdə, oktyabrın 5-də isə Mingəçevir şəhər 15 nömrəli Humanitar Liseydə keçiriləcək. Tədbirlərdə 7 yaşdan yuxarı məktəblilər iştirak edə bilərlər. "Kod saatı" təşəbbüsünün əsas məqsədi proqramçı peşəsini məktəblilər arasında populyarlaşdırmaq, şagirdlərin və onların valideynlərinin diqqətini yüksək texnologiyalarla bağlı peşələrə cəlb etmək, həmçinin proqramlaşdırmanın çətinliyi haqqında mifləri dağıtmaqdır. "Kod saatı" təşəbbüsü 2013-cü ildə Hadi və Əli Partovi qardaşları tərəfindən tətbiqinə başlanılan və insanlara proqramlaşdırmanı öyrətmək məqsədi daşıyan qlobal təşəbbüsdür. Layihənin ideya müəllifləri bütün sahələrdə hesablama tapşırıqlarını yerinə yetirmək qabiliyyətinə malik mütəxəssislərə çox böyük ehtiyac olduğunu deyərək insanlara proqram kodunu yazmağı öyrənmək üçün bir saat vaxt ayırmağı təklif ediblər. Bir çox ölkələr bu təşəbbüsə qoşulub. Hazırda "Kod saatı" dünyanın 180-dən çox ölkəsində yüz milyonlarla tələbə və şagirdi əhatə edir.
23/09/2019 15:39
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
Milli iradənin zəfərini təcəssüm etdirən Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edirik. #15İyun #QurtuluşGünü #Azərbaycan
ƏtraflıSumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyində "Son zəng" #TəhsilTV #SonZəng
ƏtraflıŞağan və Mərdəkanda "Son zəng" tədbiri
Ətraflı