Təhsil naziri İsmayıllıda Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının üzvləri ilə görüşüb
Sentyabrın 27-də Təhsil naziri Ceyhun Bayramov İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzində Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının üzvləri ilə görüşüb. Görüşdə Təhsil naziri Ceyhun Bayramov son illər müəllimlərin peşəkarlıq səviyyəsinin və cəmiyyətdə nüfuzunun artırılması istiqamətində görülən işlərdən danışıb. Müəllimlərin fəaliyyətinin stimullaşdırılması ilə bağlı davamlı tədbirlərə diqqət çəkən Təhsil naziri deyib ki, ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən, müəllimlərin aylıq vəzifə maaşları cari il sentyabrın 1-dən orta hesabla 20 faiz artırılıb. Bu dəyişiklikdən sonra aylıq əməkhaqqı 1000 manatdan çox olan müəllimlərin sayı təxminən 5000 nəfər təşkil edib. Müəllim peşəsinə marağın artdığını qeyd edən Ceyhun Bayramovun sözlərinə görə, ümumilikdə son 5 ildə məktəblərin müəllim tərkibi keyfiyyət baxımından yaxşılaşıb, 20 mindən çox gənc müəllim işə qəbul olunub. Müəllimlərin işə qəbulu üzrə əldə olunan nailiyyətlərə toxunan Təhsil naziri qeyd edib ki, cari ildə müsabiqədə iştirak edənlərin sayı əvvəlki illərə nisbətən 3 dəfədən çox artıb, müraciət edənlərin sayı təqribən 55 min olub. Təhsili naziri deyib ki, həyata keçirilən kompleks tədbirlər nəticəsində müəllimlik rəqabətli bir peşəyə çevrilib, ən yüksək nəticə göstərən abituriyentlər arasında bu ixtisası seçənlərin sayı dəfələrlə artıb. Nazir bildirib ki, cari ildə 500-dən çox bal toplayanların 25 faizi müəllimlik ixtisasını seçib. Müəllimlərin mühüm peşə keyfiyyətlərindən danışan Təhsil naziri Ceyhun Bayramov çıxışının sonunda onlara fəaliyyətlərində uğurlar arzulayıb. Sonra görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
27/09/2019 18:23
“Bizim müəllim”
Təhsil Nazirliyi Azərbaycanın bütün bölgələrində peşəkarlığı ilə seçilən, müəllimlərin işə qəbulu üzrə müsabiqədə və diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllimlərin media təqdimatını davam etdirir. “Bizim müəllim” layihəsinin budəfəki təqdimatı Şabran rayonu M.Nəzirov adına 4 nömrəli tam orta məktəbdə coğrafiya fənnini tədris edən Osman Osmanova həsr olunur. 2004-cü ildən bu məktəbdə pedaqoji fəaliyyətlə məşğul olan Osman Osmanov deyir ki, yaxşı müəllim olmaq üçün ilk növbədə şagirdlərin sevgisini qazanmaq lazımdır. O, 2016-cı ildə müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində 54 bal toplayıb. Osman müəllimin şagirdlərindən biri 2018-ci ildə coğrafiya fənni üzrə respublika fənn olimpiadasında qızıl medal qazanıb. Bir neçə şagirdi isə olimpiadanın final turunun iştirakçısı olub. 15 ildir pedaqoji fəaliyyət göstərən Osman Osmanov 2018-ci ildə "Tərəqqi" medalı ilə təltif olunub.
27/09/2019 17:49
Təhsil naziri İsmayıllıda vətəndaşları qəbul edib
Sentyabrın 27-də Təhsil naziri Ceyhun Bayramov İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzində İsmayıllı və Ağsu rayon sakinlərini qəbul edib. Qəbuldan əvvəl Təhsil naziri Ceyhun Bayramov və İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Rövşən Ağayev ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda qeyd olunan rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər. Nazir vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək onların aradan qaldırılması, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib. Qəbulda vətəndaşlar əsasən, müəllimlərin işə qəbulu və yerdəyişməsi, işlə təmin olunma, məktəb binalarının təmiri, iş yerinin daimiləşdirilməsi, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər.
27/09/2019 17:32
Müddətli müqavilə üzrə müəllimlərin işə qəbulunun III turu
Sentyabrın 28-də 2019-2020-ci tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə növbəti tura start verilir. Namizədlər 29 sentyabr saat 23:59-dək miq.edu.az saytına daxil olaraq bu turda iştirak edə bilərlər. Prosesdə builki müsabiqədə vakant yer tutmayan, 2018-ci və ya 2019-cu il üzrə işə qəbul imtahanı nəticəsi olan şəxslər iştirak edə bilər. Müəllimlərin işə qəbulu üzrə builki müsabiqəyə qatılan namizədlər şəxsi səhifələrinə daxil olmaqla vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər. Ötənilki müsabiqəyə qatılan, lakin builki müsabiqədə elektron sənəd qəbulu zamanı iştirak etməyən namizədlər yenidən qeydiyyatdan keçdikdən sonra vakant yer seçərək ərizələrini təsdiqləməlidirlər. Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu zamanı namizədlər 4 vakant yer seçə bilərlər. Qeyd edək ki, yalnız Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrində ibtidai sinif müəllimliyi üzrə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən həyata keçiriləcək.
27/09/2019 17:20
STEAM təhsil metodu
Hansı məktəblərdə STEAM layihəsinin tədrisinə başlanılıb? STEAM təhsil metodu nəyə nail olmağa imkan yaradacaq? “Təhsil” televiziyasının “Təməl” verilişində STEAM mövzusu müzakirə olunur. Verilişin qonağı Təhsil İnstitutunun aparıcı elmi işçisi İqrar Nəzərovdur.
27/09/2019 16:15
Məktəblər arasında respublika çempionatına hazırlıq seminarları
2019-2020-ci tədris ilində keçiriləcək məktəblər arasında respublika çempionatına hazırlıqla bağlı müəyyən edilmiş zonalar üzrə seminarlar təşkil edilib. Tərəfdaş təşkilatların nümayəndələri tərəfindən Gəncə və Qubada keçirilən seminarlarda müvafiq zonalar üzrə respublikanın 28 rayon (şəhər) təhsil şöbələrinin fiziki tərbiyə metodistləri, rayon (şəhər) gənclər və idman idarələrinin, uşaq-gənclər idman-şahmat məktəblərinin rəhbərləri və ümumi təhsil müəssisələrinin fiziki tərbiyə müəllimləri iştirak ediblər. Seminarlarda iştirakçılara çempionatın mərhələlər üzrə yüksək səviyyədə təşkili, müvafiq sənədləşmə işlərinin aparlması ilə əlaqədar tövsiyələr verilib, idman növləri üzrə keçiriləcək yarışların qaydalarını əks etdirən vəsaitlər paylanılıb. Qeyd edək ki, məktəblər arasında respublika çempionatı 2018-2019-cu tədris ilindən Təhsil, Gənclər və İdman nazirlikləri, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyasının birgə əmrinə əsasən təşkil olunur. Çempionatın keçirilməsində məqsəd bütün yaş qrupları üzrə ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sağlam həyat tərzinə istiqamətləndirilməsi, onların asudə vaxtının səmərəli təşkili, idmana olan marağının artırılmasıdır. Ümumtəhsil məktəblərinin idman sahəsində sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərinin qiymətləndirilməsi, eyni zamanda birgə əmri imzalayan hər bir qurumun potensial və koordinasiya imkanlarından istifadə etməklə çempionatın keçirilməsi nəticəsində idmanda kütləviliyin təmin olunması da çempionatın məqsədləri sırasına daxildir.
27/09/2019 15:44
Şamaxıda “Kod saatı” keçiriləcək
Sentyabrın 28-də "Rəqəmsal bacarıqlar" layihəsi çərçivəsində proqramlaşdırma dünyasında genişmiqyaslı tədbir olan "Kod saatı"nın ikinci mərhələsi keçiriləcək. “Kod saatı” təşəbbüsünün ikinci mərhələsi Şamaxı şəhər 10 nömrəli tam orta məktəbdə baş tutacaq. Təhsil Nazirliyinin və "Alqoritmika" beynəlxalq təhsil şirkətinin təşkilati dəstəyi ilə keçirilən tədbir zamanı şagirdlərə və onların valideynlərinə “Rəqəmsal bacarıqlar” layihəsi haqqında ətraflı məlumat veriləcək. Şagirdlər "Scratch"- uşaq və yeniyetmələr üçün xüsusi yaradılmış vizual proqramlaşdırma mühitində məsələləri həll etmək imkanı əldə edəcəklər. Tədbirdə 7 yaşdan yuxarı məktəblilər iştirak edə bilərlər. “Kod saatı” hərəkatında iştirak ödənişsizdir. Qeyd edək ki, "Kod saatı"nın birinci mərhələsi 453 məktəblinin iştirakı ilə Sumqayıt şəhərində keçirilib. “Kod saatı”nın növbəti mərhələsinin oktyabrın 5-də Mingəçevir şəhər 15 nömrəli Humanitar Liseydə keçirilməsi planlaşdırılır. "Kod saatı" təşəbbüsü 2013-cü ildə Hadi və Əli Partovi qardaşları tərəfindən tətbiqinə başlanılan və insanlara proqramlaşdırmanı öyrətmək məqsədi daşıyan qlobal təşəbbüsdür. Layihənin ideya müəllifləri bütün sahələrdə hesablama tapşırıqlarını yerinə yetirmək qabiliyyətinə malik mütəxəssislərə çox böyük ehtiyac olduğunu deyərək, insanlara proqram kodunu yazmağı öyrənmək üçün bir saat vaxt ayırmağı təklif ediblər. Bir çox ölkələr bu təşəbbüsə qoşulub. Hazırda "Kod saatı" dünyanın 180-dən çox ölkəsində yüz milyonlarla tələbə və şagirdi əhatə edir. "Kod saatı" təşəbbüsünün əsas məqsədi proqramçı peşəsini məktəblilər arasında populyarlaşdırmaq, şagirdlərin və onların valideynlərinin diqqətini yüksək informasiya texnologiyaları ilə bağlı peşələrə cəlb etmək, həmçinin proqramlaşdırmanın çətinliyi haqqında mifləri dağıtmaqdır.
27/09/2019 14:58
Təhsil naziri İsmayıllıda vətəndaşları qəbul edir
Təhsil naziri Ceyhun Bayramov İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzində İsmayıllı və Ağsu rayon sakinlərini qəbul edir. Qəbulda həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edirlər. Qəbul mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq həyata keçirilir.
27/09/2019 11:15
2019-2020-ci tədris ili üzrə 7 minədək müəllim işə qəbul olunub
2019-2020-ci tədris ili üzrə müddətsiz müqavilə əsasında 3260 müəllim işə qəbul olunub. Onlardan 973 nəfər həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisələrinə, 2287 nəfər isə həvəsləndirmə tədbirləri tətbiq edilən məktəblərə işə qəbul olunub. İndiyədək 3615 nəfər müddətli müqavilə əsasında müəllim adını qazanıb. Hazırda müddətli müqavilə əsasında müəllimlərin işə qəbulu prosesi davam edir. Qeyd edək ki, ümumilikdə son 5 ildə məktəblərin müəllim tərkibi keyfiyyət baxımından yaxşılaşıb, 20 mindən çox gənc müəllim işə qəbul olunub. Kənd məktəblərində fəaliyyətə başlayan gənc müəllimlər üçün stimullaşdırıcı tədbirlər tətbiq edilib, 10 mindən çox müəllim bu tədbirlərdən faydalanıb. Cari ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edənlərin sayı əvvəlki illərə nisbətən 3 dəfədən çox artıb, müraciət edənlərin sayı təqribən 55 min olub. Bu il ali məktəblərə qəbul imtahanlarında 500-dən çox bal toplayanların hər 4 nəfərindən biri və ya 25 faizi müəllimlik ixtisasını seçib.
27/09/2019 10:41
İstedadlı uşaqlar üçün xüsusi siniflərin əhatə dairəsi genişləndirilib
2019-2020-ci tədris ilində istedadlı uşaqlar üçün 102 xüsusi sinif yaradılıb. Hazırda Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərləri ilə yanaşı 47 rayon üzrə 82 məktəbdə ümumilikdə 162 xüsusi sinif fəaliyyət göstərir. 4000-ə yaxın şagird sözügedən siniflərdə təhsillərini davam etdirir. Müvafiq siniflər üzrə il ərzində bir neçə dəfə səviyyə müəyyənləşdirmə imtahanı, müəllimlərin peşəkarlığının yüksəldilməsi istiqamətində seminar və mühazirələr təşkil ediləcək. Bölgələrdə xüsusi siniflərin təşkil olunmasında məqsəd istedadı ilə seçilən şagirdlərin elmi potensialının inkişafı, onların müvafiq istiqamətlər üzrə daha keyfiyyətli hazırlığının təmin edilməsidir. Qeyd edək ki, 2018-2019-cu tədris ilində Bakı şəhərində 18, Sumqayıt, Gəncə, Mingəçevir şəhərləri ilə yanaşı Ağdaş, Bərdə, Xaçmaz, Quba, Şəki, Şəmkir, Zaqatala, Kürdəmir, Ağcabədi, İsmayıllı, Qəbələ, Sabirabad rayonlarında isə 29 məktəb olmaqla, ümumilikdə 47 ümumtəhsil məktəbində VII və VIII siniflər üzrə istedadlı şagirdlər üçün 60 xüsusi sinif təşkil edilib. 7-ci siniflər üzrə riyaziyyat-informatika təmayüllü, 8-ci siniflər üzrə isə təbiət elmləri təmayüllü siniflər yaradılıb.
26/09/2019 14:53
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
Milli iradənin zəfərini təcəssüm etdirən Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edirik. #15İyun #QurtuluşGünü #Azərbaycan
ƏtraflıSumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyində "Son zəng" #TəhsilTV #SonZəng
ƏtraflıŞağan və Mərdəkanda "Son zəng" tədbiri
Ətraflı