“İcma qrupları vasitəsilə məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması” layihəsinin təqdimatı
Oktyabrın 2-də Avropa İttifaqının maliyyələşdirdiyi və YUNİSEF-in dəstəyi ilə Təhsil İnstitutu tərəfindən icra olunan “İcma qrupları vasitəsilə məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması” layihəsinin təqdimat mərasimi keçirilib. Tədbirin keçirilməsində məqsəd məktəbəqədər təhsilin əhəmiyyətini və bu sahədə ötən 1 il ərzində görülən işləri ictimaiyyətin diqqətinə çatdırmaq olub. Tədbirdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, YUNİSEF-in Azərbaycandakı nümayəndəsinin müavini Min Yuan, millət vəkilləri və digər qonaqlar iştirak ediblər. Əvvəlcə layihənin təqdimat videosu nümayiş edilib. Tədbirdə çıxış edən Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva dövlət təhsil siyasətinin strateji istiqamətlərindən biri olan məktəbəqədər təhsilin əhəmiyyətindən və bu sahədə əldə edilmiş nailiyyətlərdən danışıb. Təhsil nazirinin müavini erkən yaş dövründə öyrənilən hər bir bacarıq və vərdişin uşağın məktəbdə oxumasına, eləcə də sonrakı həyatı boyu necə öyrənməsinə böyük təsir göstərdiyini vurğulayıb. Nazir müavini qeyd edib ki, Azərbaycanda məktəbəqədər təhsil səviyyəsinin inkişafı istiqamətində mühüm addımlar atılır və son üç ildə 5 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb göstəricisi 24 faizdən 75 faizə kimi artırılıb. Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev çıxış edərək layihə ilə bağlı ətraflı məlumat verib. Emin Əmrullayev bildirib ki, layihə çərçivəsində 10 rayonda 50 icma seçilib, hər icmada orta hesabla 20 nəfər 3 və 4 yaşlı uşaq layihəyə cəlb olunub. YUNİSEF-in Azərbaycandakı nümayəndəsinin müavini Min Yuan icrasına başlanılan bu yeni təşəbbüs sayəsində ölkədə uşaqların məktəbəqədər təhsilə cəlbinin əhəmiyyətini vurğulayıb. Min Yuan əlavə edib ki, YUNİSEF hər zaman məktəb yaşına çatmamış uşaqlar üçün yeni kurikulum və tədris materiallarının işlənib hazırlanmasında, yeni metodologiyalar üzrə təlimlər keçirilməsində Təhsil Nazirliyinə dəstək göstərib. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas isə öz növbəsində deyib ki, Azərbaycanda uşaqların məktəbəqədər təhsildən yararlana bilməsi üçün imkanlar yaradır və bunun üçün Avropa ölkələrinin ən yaxşı modelləri axtarılır. Daha sonra layihə ilə bağlı təqdimatlar olub, digər çıxışlar dinlənilib. Qeyd edək ki, layihənin həyata keçirilməsində əsas məqsəd icma əsaslı vətəndaş qrupları vasitəsilə məktəbəqədər təhsilin əhatəliliyini artırmaq və valideynlərin məktəbəqədər təhsil xidmətlərinin monitorinqində fəal iştirakını təmin etmək, şəffaflıq və hesabatlılığın, eləcə də məktəb-cəmiyyət münasibətlərinin gücləndirilməsinə nail olmaqdır. 2018-2019-cu tədris ilində icma əsaslı məktəbəqədər təhsil qrupları Bakı şəhəri və 10 rayonda 100 icmada 2 mindən çox uşağı əhatə etməklə fəaliyyətə başlayıb. Cari tədris ilində isə bu qrupların sayının artırılaraq 300-ə, uşaqların isə 6000 nəfərə çatdırılması nəzərdə tutulur.
02/10/2019 15:36
4 nəfər Qazaxıstanda təhsil almaq hüququ qazanıb
Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Qazaxıstan Respublikasının Təhsil Nazirliyi arasında uğurlu əməkdaşlığın nəticəsi olaraq, 4 nəfər Azərbaycan vətəndaşı 2019-2020-ci tədris ili üzrə Qazaxıstanın nüfuzlu universitetlərində təhsil almaq imkanı qazanıb. Müvafiq sazişə əsasən, seçim barədə Qazaxıstan tərəfindən verilən yekun qərar nəticəsində təqaüdə layiq görülənlər “Al-Farabi Kazakh National University”, “Karaganda State University named after Buketov” və “Kazakh National Research Technical University named after K.I.Satpayev” ali təhsil müəssisələrində iqtisadiyyat, biznes və idarəetmə, mühəndislik və yüksək texnologiyalar, eləcə də humanitar və sosial elmlər ixtisas istiqamətləri üzrə təhsil almaq hüququ qazanıb. Qeyd edək ki, müvafiq təqaüd proqramı barədə elan cari ilin 18 mart tarixində verilib.
02/10/2019 10:05
Futbolçulardan ibarət komandalar arasında “Təhsil Liqası”na start verilib
“Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə 2019-2020-ci il mövsümü üzrə 8 yaşadək (U-8) və 9 yaşadək (U-9) futbolçulardan ibarət komandalar arasında təşkil olunan “Təhsil Liqası”nın oyunlarına başlanılıb. Yarışlara idman məktəblərindən və futbol klublarından U-8 liqası üzrə 10, U-9 liqası üzrə 12 komanda qatılıb. FİFA-nın mövcud qaydaları əsasında keçirilən yarışlar AFFA-nın Hakimlər Komitəsi tərəfindən təsdiq edilmiş hakimlər heyəti tərəfindən idarə olunacaq. Mövsümün sonunda liqalar üzrə I, II və III yeri tutan komandalar diplom, kubok, medal, qiymətli hədiyyələrlə mükafatlandırılacaq, 5 nominasya üzrə seçiləcək futbolçular xüsusi mükafatlarla təltif olunacaqlar. Liqanın keçirilməsində məqsəd idman məktəblərinin futbol bölmələrində ibtidai hazırlıq qruplarının fəaliyyətlərinin gücləndirilməsi, kütləviliyin təmin olunması, uşaqların yarış təcrübələrinin artırılması, onlar arasında dostluq əlaqələrinin yaradılmasından ibarətdir.
01/10/2019 16:02
"Mən müəlliməm" kampaniyasına qoşulun!
Təhsil Nazirliyi tərəfindən "Mən müəlliməm" sosial kampaniyasına başlanılır. Kampaniya oktyabrın sonunadək davam edəcək. Kampaniyaya qoşulmaq istəyən müəllimlər sosial şəbəkələrdə şagirdləri ilə birgə çəkdirdiyi şəkli paylaşmalı, #TəhsilNazirliyi və #MənMüəlliməm həştəqlərini yazmalı, eləcə də digər həmkarlarını kampaniyaya qoşulmağa dəvət etməlidir. 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə keçirilən #MənMüəlliməm kampaniyası müəllim əməyinə hörmət və ehtiramın ifadəsinə xidmət edir.
01/10/2019 14:24
Vətəndaşlarla iş bölməsinə 29 809 müraciət daxil olub
Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2019-cu ilin sentyabr ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. Qeyd olunan müddət ərzində həmin mərkəzlərə ümumilikdə 29 809 müraciət daxil olub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 24 292 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 5 517 vətəndaşa xidmət göstərilib. Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1 855 sənəd (1 067 ərizə, 788 məktub) qəbul olunub və qeydiyyata alınıb. Daxil olan müraciətlər daha çox I sinfə, məktəbəhazırlıq qruplarına qəbul, şagirdlərin elektron yerdəyişməsi, tələbələrin köçürülməsi, müddətli müqavilə ilə müəllimlərin işə qəbulu və digər məsələləri əhatə edib.
01/10/2019 10:12
Məktəbəhazırlıq qruplarında məşğələlərə start verilir
Oktyabrın 1-də dövlət ümumi təhsil müəssisələrində yaradılmış məktəbəhazırlıq qruplarında məşğələlərə start verilir. 2019-2020-ci dərs ili üzrə dövlət ümumi təhsil müəssisələrində yaradılmış məktəbəhazırlıq qruplarının sayı 5900-dən çox, qeydiyyatdan keçənlərin sayı isə 100 mindən artıqdır. Hazırda qeydiyyat prosesi davam edir. Respublika üzrə ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qruplarına sənəd qəbulu https://mektebeqebul.edu.az/az/ elektron sistemi vasitəsilə həyata keçirilir. Bu il ilk dəfə olaraq məktəbəhazırlıq qruplarına ərizələrin qeydiyyatı bütün respublika üzrə elektron qaydada həyata keçirilir. Ərizələrin onlayn qeydiyyatı ölkə üzrə dövlət ümumtəhsil məktəbləri, o cümlədən məcburi köçkün məktəbləri və ümumtəhsil proqramı ilə təhsilin təşkil edildiyi internat məktəblərini əhatə edir. Dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarında dərs ili iki yarımilə bölünür. Bu qruplarda həftədə 4 gün olmaqla, 12 məşğələ keçirilir. Məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət” dərs məşğələləri tədris edilir. Məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etmək, onları əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaqdır.
01/10/2019 09:33
“Kod saatı”nın ikinci mərhələsi keçirilib
Şamaxı şəhər 10 nömrəli tam orta məktəbdə "Rəqəmsal bacarıqlar" layihəsi çərçivəsində proqramlaşdırma dünyasında genişmiqyaslı tədbir olan "Kod saatı"nın ikinci mərhələsi keçirilib. Təhsil Nazirliyinin və "Alqoritmika" beynəlxalq təhsil şirkətinin təşkilati dəstəyi ilə keçirilən tədbirdə 206 məktəbli iştirak edib. Tədbir zamanı şagirdlərə və onların valideynlərinə “Rəqəmsal bacarıqlar” layihəsi haqqında ətraflı məlumat verilib. Şagirdlər "Scratch"- uşaq və yeniyetmələr üçün xüsusi yaradılmış vizual proqramlaşdırma mühitində məsələləri həll etmək imkanı əldə ediblər. Qeyd edək ki, “Kod saatı”nın növbəti mərhələsi oktyabrın 5-də Mingəçevir şəhər 15 nömrəli Humanitar Liseydə keçiriləcək. "Kod saatı" təşəbbüsü 2013-cü ildə Hadi və Əli Partovi qardaşları tərəfindən tətbiqinə başlanılan və insanlara proqramlaşdırmanı öyrətmək məqsədi daşıyan qlobal təşəbbüsdür. Layihənin ideya müəllifləri bütün sahələrdə hesablama tapşırıqlarını yerinə yetirmək qabiliyyətinə malik mütəxəssislərə çox böyük ehtiyac olduğunu deyərək, insanlara proqram kodunu yazmağı öyrənmək üçün bir saat vaxt ayırmağı təklif ediblər. Bir çox ölkələr bu təşəbbüsə qoşulub. Hazırda "Kod saatı" dünyanın 180-dən çox ölkəsində yüz milyonlarla tələbə və şagirdi əhatə edir. "Kod saatı" təşəbbüsünün əsas məqsədi proqramçı peşəsini məktəblilər arasında populyarlaşdırmaq, şagirdlərin və onların valideynlərinin diqqətini yüksək informasiya texnologiyaları ilə bağlı peşələrə cəlb etmək, həmçinin proqramlaşdırmanın çətinliyi haqqında mifləri dağıtmaqdır.
30/09/2019 17:06
Müddətli müqavilə üzrə nəticələr açıqlanıb
Sentyabrın 30-da 2019-2020-ci tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə əsasında müəllimlərin işə qəbulu üzrə üçüncü turun nəticələri açıqlanıb. Bu barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə elektron yerləşdirmə zamanı 547 namizəd uğur qazanıb. Müəllim adını qazanmış şəxslər oktyabrın 2-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsi səhifəsində işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti üzrə təqdim etməlidirlər. Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrinə işə qəbul olunmuş müəllimlər müvafiq sənədlərini aidiyyəti ümumi təhsil müəssisəsinə, digər vakansiyalara yerləşən şəxslər isə aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər. Daha sonra namizədlər şəxsi səhifələrinə daxil olaraq çıxarışın təsdiq olunduğunu yoxlamalıdırlar. Nəzərinizə çatdırırıq ki, çıxarışı aidiyyəti müəssisə tərəfindən təsdiq olunmuş şəxslərin işə qəbulu rəsmiləşdiriləcək.
30/09/2019 15:43
Müddətli müqavilə ilə işə qəbul üzrə III tura qeydiyyat yekunlaşıb
2019-2020-ci tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə növbəti tura qeydiyyat başa çatıb. Prosesdə 4 113 nəfər iştirak edib, onlardan 4 023 nəfər vakansiya seçimi edərək elektron ərizəsini təsdiqləyib. Müddətli müqavilə əsasında müəllimlərin işə qəbulu prosesində builki müsabiqədə vakant yer tutmayan, 2018-ci və ya 2019-cu il üzrə işə qəbul imtahanı nəticəsi olan şəxslər iştirak ediblər. Namizədlərə 4 vakant yer seçmək imkanı verilib. Elektron yerləşdirmənin nəticələri barədə məlumat gün ərzində namizədlərin şəxsi səhifələrinə göndəriləcək.
30/09/2019 10:50
III tura qeydiyyat başlayıb
Sentyabrın 28-də 2019-2020-ci tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə növbəti tura start verilib. Namizədlər 29 sentyabr saat 23:59-dək miq.edu.az saytına daxil olaraq bu turda iştirak edə bilərlər. Prosesdə builki müsabiqədə vakant yer tutmayan, 2018-ci və ya 2019-cu il üzrə işə qəbul imtahanı nəticəsi olan şəxslər iştirak edə bilər. Müəllimlərin işə qəbulu üzrə builki müsabiqəyə qatılan namizədlər şəxsi səhifələrinə daxil olmaqla vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər. Ötənilki müsabiqəyə qatılan, lakin builki müsabiqədə elektron sənəd qəbulu zamanı iştirak etməyən namizədlər yenidən qeydiyyatdan keçdikdən sonra vakant yer seçərək ərizələrini təsdiqləməlidirlər. Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu zamanı namizədlər 4 vakant yer seçə bilərlər. Qeyd edək ki, yalnız Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrində ibtidai sinif müəllimliyi üzrə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən həyata keçiriləcək.
28/09/2019 13:51
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
Milli iradənin zəfərini təcəssüm etdirən Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edirik. #15İyun #QurtuluşGünü #Azərbaycan
ƏtraflıSumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyində "Son zəng" #TəhsilTV #SonZəng
ƏtraflıŞağan və Mərdəkanda "Son zəng" tədbiri
Ətraflı