Müəllimlərin işə qəbulu üzrə imtahanlar davam edir
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi davam edir. İmtahanların üçüncü günündə rus dili və informatika müəllimi olmaq istəyən namizədlər iştirak edir. İmtahanlar iyulun 24-dək davam edəcək. Test imtahanına gələn namizədlərdən şəxsiyyəti təsdiq edən sənədin əslini gətirmələri tələb olunur. Müəllimlərin işə qəbulu 4 mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) ibarətdir. Test imtahanı mərhələsində namizədə ixtisas, tədris metodikası, təlim strategiyaları və məntiqə aid suallar təqdim ediləcəkdir. Bu mərhələdə keçid balını toplamış namizədlər 8 vakant yer seçə biləcəklər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaqdır. Müsahibə mərhələsində test imtahanlarının nəticələrinə əsasən vakant yer tutmaq hüququ qazanmış namizədlərin bilik və bacarıqları, psixoloji hazırlığı və ümumi dünyagörüşü yoxlanılacaq. İşə qəbul müsabiqəsi nəticəsində namizədlərin topladığı bal iki tədris ili qüvvədədir və onlar növbəti tədris ili üçün keçirilən müsabiqə zamanı birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər.
10/07/2019 10:10
Təhsil naziri İTV-nin “Pressinq” verilişində
Təhsil naziri Ceyhun Bayramov İctimai Televiziyanın “Pressinq” verilişinin qonağı olub. Verilişdə son zamanlar təhsil sahəsində aparılan islahatlar və yeni təşəbbüslərdən söz açılıb. Təhsil naziri verilişdə iştirak edən media nümayəndələrinin ali təhsilə əlçatanlığın artırılması, dərsliklərin məzmununun yenilənməsi, müəllimlərin sertifikatlaşdırılması və digər mövzularla bağlı suallarını cavablandırıb.
10/07/2019 09:45
Test imtahanlarının ikinci günü
İyulun 9-da fizika, fransız dili və musiqi fənləri üzrə müəllimlərin işə qəbulu imtahanları keçirilib. Fizika üzrə test imtahanında iştirak edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunu Günay Məstəliyeva 57 bal toplayaraq namizədlər arasında yüksək nəticə əldə edib. G.Məstəliyeva 2011-2015-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində fizika müəllimliyi ixtisası üzrə bakalavr, 2015-2017-ci illərdə isə Bakı Dövlət Universitetində optoelektronika ixtisası üzrə magistr təhsili alıb. Fransız dili üzrə ən yüksək nəticəni Ayşən Niftəliyeva (53 bal), musiqi üzrə isə Gülnarə Hüseynova (50 bal) əldə edib. Ayşən Niftəliyeva 2015-2019-cu illərdə Azərbaycan Dillər Universitetində fransız dili müəllimliyi, Gülnarə Hüseynova isə 2013-2017-ci illərdə Şuşa Humanitar Kollecində musiqi müəllimliyi ixtisası üzrə təhsil alıb. İyulun 10-da rus dili və informatika fənləri üzrə test imtahanları keçiriləcək.
09/07/2019 21:00
Buxarest şəhərinə təlim səfəri
Təhsil nazirinin müavini İdris İsayevin rəhbərlik etdiyi nümayəndə heyəti Rumıniyanın paytaxtı Buxarest şəhərində təlim səfərində olub. Təhsil nazirinin müşaviri Həsən Həsənli və Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifovun da daxil olduğu nümayəndə heyəti Rumıniya Texniki və Peşə Təhsili Mərkəzini ziyarət edib, Rumıniya Təhsil Nazirliyinin Dövlət Katibi Florin Lixandru və Rumıniya Universitet Öncəsi Təhsildə Keyfiyyətin Təminatı Agentliyinin prezidenti Serban İosifescu ilə görüşlər keçirib. Görüşlər zamanı informal və qeyri-formal bacarıqların tanınması prosesi ilə bağlı Rumıniya təcrübəsi öyrənilib və bu sahədə akkreditasiya qurumlarının, sertifikasiya mərkəzlərinin və peşə təhsili müəssisələrinin rolu müzakirə olunub. Təlimin sonuncu günü Azərbaycan nümayəndə heyətinin Tarqovişte İqtisadi Kollecinə və Qiymətləndirmə Mərkəzinə səfər təşkil edilib. Səfər çərçivəsində informal və qeyri-formal bacarıqların tanınması ilə bağlı qiymətləndirmə prosesinin praktik səviyyədə təşkili ilə tanışlıq olub. Təlim səfəri Avropa İttifaqının maliyyələşdirdiyi və Təhsil Nazirliyinin əsas benefesiar olduğu “Azərbaycanda Milli Kvalifikasiya Çərçivəsinin icrasına dəstək” layihəsi çərçivəsində həyata keçirilib.
09/07/2019 18:02
Şagirdlərimiz Avropa birinciliyində 5 medal qazanıb
Polşanın Krakov şəhərində sərbəst və Yunan-Roma güləşi üzrə yeniyetmələr arasında Avropa birinciliyi keçirilib. Yarışda “Təhsil” Respublika İdman Mərkəzinin idmançıları uğurla iştirak edərək yığma komandanın tərkibində yüksək nəticə əldə ediblər. Müxtəlif çəki dərəcələrində sərbəst güləş üzrə Abdürrəhman İbrahimov qızıl, İlkin Qurbanov gümüş və Elcan Nadirli bürünc medal qazanıb. Yunan-Roma güləşi üzrə isə Təvəkkül Həziyev qızıl, Fərid Xəlilov bürünc medala layiq görülüb. Beləliklə, “Təhsil” Respublika İdman Mərkəzinin yetirmələri 2 qızıl, 2 bürünc və 1 gümüş olmaqla ümumilikdə 5 medal əldə ediblər.
09/07/2019 17:44
Təhsil naziri Çin Xalq Respublikası Təhsil nazirinin müavini ilə görüşüb
Təhsil naziri Ceyhun Bayramov Çin Xalq Respublikası Təhsil nazirinin müavini Tian Xueju ilə görüşüb. Görüşdə Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.
09/07/2019 17:20
Dövlət Proqramı məzunları - Tural Qulu
Təhsil Nazirliyinin “Təhsil” televiziyası “Dövlət Proqramı məzunları” adlı layihənin budəfəki təqdimatı Tural Quluya həsr olunub. Tural Qulu İngiltərənin Cənubi Yorkşir əyalətindəki Şeffild şəhərində yerləşən Şeffild Universitetində ictimai səhiyyə ixtisası üzrə magistraturanı bitirib. Hazırda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində şöbə müdiri vəzifəsində çalışır. Layihənin məqsədi "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində təhsil alan məzunlarının tanıdılmasıdır.
09/07/2019 14:09
Dövlət Proqramı məzunları - Xatirə Hüseynəliyeva
Layihədə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində təhsil alan məzunlardan söz açılacaq. Layihənin ilk təqdimatı Xatirə Hüseynəliyevaya həsr olunub. Xatirə Hüseynəliyeva İtaliyanın Milan şəhərində yerləşən Sənaye Dizaynı Məktəbində sənaye dizaynı ixtisası üzrə magistraturanı bitirib. Hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dizayn kafedrasında müəllim işləyir.
09/07/2019 13:58
Leyla Əliyeva “Müalicə alan məktəbyaşlı uşaqların distant təhsili” layihəsi ilə tanış olub
İyulun 8-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda “Müalicə alan məktəbyaşlı uşaqların distant təhsili” layihəsi ilə tanış olub. Burada müalicə alan uşaqlarla yaxından maraqlanan Leyla Əliyevaya onlar üçün yaradılan distant təhsil imkanı barədə məlumat verilib. Qeyd edilib ki, sözügedən layihənin məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqların fasiləsiz və keyfiyyətli ümumi təhsil almaq hüququnu təmin etməkdir. Həmçinin layihə uşaqların cəmiyyətə inteqrasiyasına dəstək vermək, onların İKT savadlarının artırılmasına nail olmaq, internet vasitəsi ilə müxtəlif sahələrdə inkişaf etmək və öz potensiallarını nümayiş etdirmək üçün şərait yaratmaq məqsədi daşıyır. Bildirilib ki, layihə çərçivəsində Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda müalicə alan və distant təhsilə qoşulmaq istəyən şagirdlər Təhsil Nazirliyi tərəfindən Azərbaycan Təhsil Şəbəkəsinə çıxış, müvafiq İKT avadanlıqları və dərs vəsaitləri ilə təmin edilib. Leyla Əliyeva uşaqların müalicə dövründə təhsildən yayınmalarının qarşısını almaq və onların virtual mühitdə sosial həyata adaptasiyasını təmin etmək baxımından layihəni müsbət qiymətləndirib. Layihə Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və Səhiyyə Nazirliyinin dəstəyi ilə “Nobel-T” şirkəti tərəfindən icra olunur.
09/07/2019 12:53
Koreya təhsil standartları əsasında yaradılan Peşə Təhsil Mərkəzinə tələbə qəbuluna başlanılır
İyulun 9-da Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin bazasında yaradılan yeni Peşə Təhsil Mərkəzinə 2019-2020-ci tədris ili üzrə tələbə qəbulunun başlanılmasına dair mətbuat konfransı keçirilib. Mətbuat konfransında mərkəzin direktoru Rəşad Xanlarov Koreya təhsil standartları əsasında fəaliyyət göstərəcək Peşə Təhsil Mərkəzinə qəbul qaydaları, mərkəzin fəaliyyət istiqamətləri barədə ətraflı məlumatı verib. Bildirilib ki, yeni Peşə Təhsil Mərkəzinə qəbul olmaq istəyən şəxslər bu təhsil müəssisəsinin rəsmi saytı vasitəsilə (http://bsiic.edu.az/) elektron qeydiyyatdan keçməlidirlər. Qeydiyyat prosesi iyulun 25-dək davam edəcək. Müsabiqə elektron ərizələrin qiymətləndirilməsi və müsahibə mərhələlərindən ibarətdir. Qeydiyyatdan keçmiş namizədlərin elektron ərizələrindəki məlumatların uyğunluğu yoxlanıldıqdan sonra tələblərə (tam orta təhsil və texniki fənlər üzrə yüksək qiyməti olan namizədlər) cavab verən şəxslər növbəti mərhələyə dəvət ediləcəklər. İkinci mərhələdə iştirak edən namizədlərə seçdikləri ixtisaslar üzrə tapşırıqlar təqdim ediləcək. Müsabiqənin yekun nəticələri avqustun 14-də elan ediləcək. Media nümayəndələrinə məlumat verilib ki, ən müasir maddi-texniki baza ilə təchiz edilmiş mərkəzdə “Torna və frezer dəzgahların operatoru”, “Avtomobil diaqnostikası və təmiri ustası”, “Sənayedə quraşdırma işləri üzrə usta”, “Elektronika ustası”, “Elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru”, “İnşaat ustası”, “Veb dizayner və proqram təminatçısı” və “Avtomatika üzrə usta” adlı 8 fərqli ixtisas üzrə 1 illik proqramlarda təhsil almaq mümkündür. Konfransda “Peşə Tədris Mərkəzinin yaradılması” layihəsinin rəhbəri Heo Yo Sydonio peşə təhsili müəssisəsində görülən son tamamlanma işləri və tədris prosesini həyata keçirən müəllimlərin hazırlığı barədə məlumatı jurnalistlərin diqqətinə çatdırıb. Mərkəz Azərbaycan və Koreya hökumətləri arasında razılaşmaya uyğun olaraq, Koreya təhsil standartları əsasında yaradılmış ilk pilot təhsil müəssisəsidir. Ən müasir maddi-texniki baza ilə təchiz edilmiş təhsil kompleksi əsas tədris binası, 2 emalatxana, yataqxana, idman meydançası və digər zəruri infrastrukturu özündə cəmləyir. Qlobal sənaye ehtiyaclarına cavab verə biləcək, rəqabətqabiliyyətli kadrların hazırlığına istiqamətlənən mərkəz ölkənin ən qabaqcıl sənaye müəssisələri ilə əməkdaşlığa başlayıb. Koreya təhsil standartları əsasında yaradılan Peşə Təhsil Mərkəzinə 2019-2020-ci tədris ili üzrə tələbə qəbulu elanı
09/07/2019 12:24
Filter
Elanlar
-
Elm və Təhsil Nazirliyi tərəfindən vətəndaşlara göstərilən xidmətlər barədə anket sorğusu
23.11.2024 - 10:50 -
Doktorantların və gənc tədqiqatçıların XXVII Respublika elmi konfransı keçiriləcək
16.10.2024 - 10:00 -
“2024/2025-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” qrant müsabiqəsi
04.10.2024 - 17:06 -
“Maarifçi” tələbə-məzun təcrübə proqramına sən də qoşul!
05.08.2024 - 12:00 -
“2024/2025-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” qrant müsabiqəsi
26.07.2024 - 10:00
"360 dərəcə təhsil" verilişində bu dəfə “uşaqların birinci sinfə qəbul prosesi” mövzusu müzakirə olunacaq.
ƏtraflıRespublika Fənn Olimpiadalarının respublika mərhələsinin fizika fənni üzrə praktiki turu keçirilib. #ElmVəTəhsilNazirliyi #MÜTDA #ARTİ #BirBank #RFO #Final
Ətraflı"Məktəblilərarası Milli Hakaton - 2025” müsabiqəsinin seçim mərhələsində iştirak edən şagirdlər bilik və bacarıqlarını nümayiş etdiriblər. #ElmVəTəhsilNazirliyi #RəqəmsalGələcək #MilliHakaton2025 #RəqəmsalBacarıqlar #KodlaGələcəyiniQur #EduAz #MilliHakaton
Ətraflı