“Əbədiyyətin Nəsimi zirvəsi” adlı tədbir keçirilib
Sumqayıt Dövlət Universitetində Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Əbədiyyətin Nəsimi zirvəsi” adlı tədbir keçirilib. Tədbirdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Bakı Dövlət Universitetinin Dünya ədəbiyyatı kafedrasının müdiri Cəlil Nağıyev, universitetin müəllim və tələbə heyəti iştirak ediblər. Əvvəlcə qonaqlar universitetin Heydər Əliyev Mərkəzində fotoşəkillər və kitab sərgisi ilə tanış olublar. Nazir müavini Məhəbbət Vəliyeva xatirə kitabına ürək sözlərini yazıb. Sonra Məhəbbət Vəliyeva universitetin ayrı-ayrı fakültələr, auditoriyalar və laboratoriyalarında, TEMPUS otağı, tədris otaqlarında, kompüter və informasiya, PETRA layihəsi çərçivəsində Təlim və Öyrənmə mərkəzlərində olub, təhsil müəssisəsinin maddi-texniki bazası, tədrisin keyfiyyəti ilə maraqlanıb. Universitetin müəllim-tələbə kollektivi ilə görüşən nazir müavini onları maraqlandıran sualları cavablandırıb və bir sıra tövsiyələrini verib. Sonra tədbir iştirakçıları universitetin foyesində “Nəsiminin ən yaxşı portreti və qəzəllərinə illüstrasiyalar” mövzusunda təşkil olunan sərgiyə baxış keçiriblər. Tədbiri giriş sözü ilə açan universitetin rektoru Elxan Hüseynov xalqımızın mənəvi dəyərlərinin yaşadılması istiqamətində şair və yazıçıların, mədəniyyət xadimlərinin yubileylərinin qeyd edilməsinin əhəmiyyətindən danışıb. Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva çıxış edərək Sumqayıt Dövlət Universitetində yenidənqurma və abadlıq işlərinin yüksək səviyyədə aparıldığını diqqətə çatdırıb. Nazir müavini qeyd edib ki, bu gün Azərbaycanın nüfuzlu ali təhsil müəssisələrindən biri kimi cəmiyyətin elmi-intellektual potensialının inkişafına töhfələr verən Sumqayıt Dövlət Universiteti əldə etdiyi nailiyyətləri ilə ölkənin kadr potensialının formalaşmasına öz müsbət təsirini göstərir. Məhəbbət Vəliyeva universitetin maddi-texniki bazasının möhkəmləndirilməsi, kadr potensialının gücləndirilməsi, təhsilin və nizam-intizam keyfiyyətinin yüksəldilməsi istiqamətində diqqətəlayiq işlər görüldüyünü vurğulayıb. Tədbirin əhəmiyyətinə toxunan Məhəbbət Vəliyeva Azərbaycan mədəniyyəti və ədəbiyyatında özünəməxsusluğu ilə seçilən dahi şair İmadəddin Nəsiminin 600 illik yubileyinin ilk dəfə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ümumittifaq respublikaları səviyyəsində qeyd edildiyini, Nəsimi filminin çəkildiyini, ölkə Prezidenti cənab İlham Əliyev və Azərbaycanın Birinci-vitse Prezidenti Mehriban xanım Əliyeva tərəfindən də Nəsimi şəxsiyyətinə, yaradıcılığına xüsusi ehtiram göstərildiyini diqqətə çatdırıb. Məhəbbət Vəliyeva İmadəddin Nəsiminin bədii yaradıcılığının Azərbaycan dilinin tarixi inkişafının öyrənilməsində, Azərbaycan şeirinin və ümumiyyətlə, türk ədəbiyyatının təkmilləşməsində müstəsna rolu olduğunu deyib. Daha sonra çıxış edən BDU-nun Dünya ədəbiyyatı kafedrasının müdiri Cəlil Nağıyev İmadəddin Nəsiminin zəngin ədəbi irsi, Azərbaycan ədəbiyyatındakı mövqeyindən danışıb. Universitetin Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri Avtandil Məmmədov “Nəsimi poeziyasının hürufi simvolikası”, həmin kafedranın baş müəllimi Zöhrə Qafarova “Şeirin üsyan səsi: Nəsimi və çağdaş poeziya” mövzusunda məruzə ilə çıxış ediblər. Sonra İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə keçirilmiş “Nəsiminin ən yaxşı portreti və qəzəllərinə illüstrasiyalar” mövzusunda rəsm müsabiqəsinin nəticələri elan olunub, qaliblər mükafatladırılıb. Tədbir bədii hissə ilə davam etdirilib.
06/11/2019 11:56
Mingəçevir şəhərində vətəndaşlar qəbul ediləcək
Bərdə rayon və Mingəçevir şəhər sakinlərinin nəzərinə! Təhsil nazirinin müavini Firudin Qurbanov 15 noyabr 2019-cu il tarixində saat 10:00-da Mingəçevir şəhərindəki Gənclər Evində 2019-cu ilin noyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Bərdə rayon və Mingəçevir şəhər sakinlərini qəbul edəcək. Qəbulda Bərdə rayonunda və Mingəçevir şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər. Qəbula gəlmək istəyən vətəndaşlar 6-12 noyabr (saat 18:00-dək) 2019-cu il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146-1 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) zəng etməklə və ya nazirliyin rəsmi saytının “Vətəndaşların qəbulu” bölməsinə daxil olmaqla (http://edu.gov.az/az/contacts/request) elektron qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.
06/11/2019 09:16
“Məktəbimizdə” - fotorubrika
Təhsil Nazirliyinin “Məktəbimizdə” fotorubrikası davam edir. Budəfəki görüntülər Gəncə şəhəri Mehdi Mehdizadə adına 4 nömrəli xarici dillər təmayüllü məktəb-liseydən çəkilib. Məktəb 1936-cı ildən fəaliyyət göstərir. Hazırda məktəb-liseydə 3104 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 167 müəllim məşğul olur. Tədrisin keyfiyyətinə nəzarət məqsədilə ümumi təhsil müəssisəsində mütəmadi olaraq “açıq qapı” günləri keçirilir. Məktəb-liseyin respublika və beynəlxalq bilik yarışları, olimpiadalara qatılan şagirdləri uğurlu nəticələr əldə ediblər. Məktəbin 3 müəllimi “Əməkdar müəllim” fəxri adına layiq görülüb, digər 3 müəllim “Qabaqcıl maarif işçisi” döş nişanı, 1 müəllim isə “Tərəqqi” medalı ilə təltif olunub. Məktəb-liseyin şagirdlərindən Məsail Quliyev “İNEPO-EUROASİA” ətraf mühitin mühafizəsi 5-ci Beynəlxalq Layihə Olimpiadasında 35 dövlətin komandası arasında II yerə layiq görülüb. Şagirdlərdən Nərmin Nərimanzadə də Beynəlxalq Ana dili Gününə həsr olunmuş VIII ənənəvi “Ana dilimizi sevək, sevdirək” müsabiqəsində uğurlu nəticə əldə edərək II yeri qazanıb. Qərb regionunda ilk olaraq bu ümumi təhsil müəssisəsində “Gimnastika” qrupu yaradılıb ki, həmin komanda Azərbaycan Gimnastika Federasiyasının keçirdiyi bütün yarış və tədbirlərdə nümunəvi çıxışları ilə fərqlənir. "Məktəbimizdə" rubrikasının məqsədi ümumi təhsil müəssisələrində tədris prosesinin bir gününü diqqətə çatdırmaqdır.
05/11/2019 17:04
Doktorant və gənc tədqiqatçıların XXIII respublika elmi konfransı keçiriləcək
3-4 dekabr 2019-cu il tarixlərində doktorant və gənc tədqiqatçıların XXIII respublika elmi konfransı keçiriləcək. Elmi konfransda gənc tədqiqatçıların təbiət, texnika, sosial-humanitar elmlər, iqtisadiyyat istiqamətləri üzrə məruzələri dinləniləcək. Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən konfransın məqsədi doktorant və gənc tədqiqatçıların apardıqları elmi-tədqiqat işlərinin nəticələrinin müzakirəsini təşkil etmək, habelə onların elm, texnika, mədəniyyət, incəsənət sahəsindəki bacarıqlarını və təşəbbüskarlıqlarını stimullaşdırmaqdır. Azərbaycan Memarlıq və İnşaat Universitetində keçirilməsi nəzərdə tutulan doktorant və gənc tədqiqatçıların XXIII respublika elmi konfransı Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunacaq.
05/11/2019 15:50
Təhsil Nazirliyi Müdafiə Nazirliyi ilə birgə “Bayraq yürüşü” keçirəcək
Noyabrın 7-də Təhsil Nazirliyi Müdafiə Nazirliyi ilə birgə Ağdam rayonunun Quzanlı qəsəbəsində “Bayraq yürüşü” keçirəcək. Yürüşün keçirilməsində əsas məqsəd milli atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hissi və milli-mənəvi dəyərlərin aşılanmasıdır. 9 noyabr-Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar keçirilən yürüşdə Təhsil və Müdafiə nazirliklərinin rəhbər şəxsləri, millət vəkilləri, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri, media qurumlarının rəhbərləri, hərbçilər, tanınmış ziyalılar, müəllim və şagirdlər, KİV nümayəndələri iştirak edəcəklər.
05/11/2019 14:22
SABAH qrupları 2400-dən çox tələbəni əhatə edir
2019-2020-ci tədris ilində SABAH qrupları ölkənin 11 ali təhsil müəssisəsində 6 istiqamət üzrə (təhsil, texniki, təbiət, humanitar, iqtisadiyyat, incəsənət) fəaliyyət göstərir. Hazırda bu qruplarda 35-dən artıq ixtisas üzrə 2400-dən çox tələbə təhsil alır. Qeyd edək ki, 2018-2019-cu tədris ilində SABAH qruplarından 31 ixtisas üzrə 701 tələbə məzun olub. Məzun olmuş tələbələrin nəticələri 2017-2018-ci tədris ili ilə müqayisədə daha yüksək olub. Məzunlardan 287 nəfər Azərbaycanda, 136 nəfər isə xaricdə magistratura təhsili alır. SABAH qrupları 2014-2015-ci tədris ilində 34 ixtisas üzrə 7 dövlət ali təhsil müəssisəsində yaradılıb. SABAH qrupları ali təhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi, yenilikçi mühitin yaradılması məqsədilə formalaşdırılmış müxtəlif ixtisaslar üzrə savadlı, bacarıqlı, hazırlıqlı tələbələrdən ibarət qruplardır.
05/11/2019 12:42
“Rəqəmsal təhsil” mövzusunda "dəyirmi masa" keçirilib
“Rəqəmsal bacarıqlar” və “STEAM” layihələri ilə bağlı Təhsil Nazirliyinin tabeliyindəki 6 nömrəli məktəb-liseyə infotur təşkil edilib. İnfoturda Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri, layihələrin əhatə etdiyi müəllim heyəti və digər qonaqlar iştirak ediblər. Məqsəd infotur iştirakçılarını sözügedən layihələr çərçivəsində görülən işlərlə əyani tanış etmək olub. İştirakçılar əvvəlcə “Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində yeni formatda keçirilən informatika dərsinin, həmçinin pilot layihə olan STEAM fənninin tədris prosesini izləyiblər. Daha sonra İctimai Şuranın üzvləri və layihələrin əhatə etdiyi müəllimlərin iştirakı ilə “Rəqəmsal təhsil” mövzusunda "dəyirmi masa" keçirilib. "Dəyirmi masa" çərçivəsində “Rəqəmsal bacarıqlar” layihəsi üzrə tətbiq edilən metodologiyanın şagirdlərin informatika fənnini mənimsəməsində rolu müzakirə olunub. Bildirilib ki, cari tədris ilində “Rəqəmsal bacarıqlar” layihəsi 6 şəhər və rayonu, 123 məktəbi, 700 müəllimi və 70 000 şagirdi əhatə edir. Layihə informasiya texnologiyaları sistemləri və rəqəmsal bacarıqların öyrədilməsi üzrə proqramlar hazırlayan “Alqoritmika” beynəlxalq təhsil şirkəti ilə birgə həyata keçirilir. Daha sonra bu ildən pilot olaraq həyata keçirilən “STEAM” layihəsi çərçivəsində görülən işlər barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, Təhsil Nazirliyi tərəfindən başladılan layihə hazırda Bakı şəhərində yerləşən 42 ümumi təhsil müəssisəsini və 6 mindən çox şagirdi əhatə edir. Layihənin tətbiq edildiyi ümumtəhsil məktəbləri Təhsil Nazirliyi tərəfindən 3D printer, robot texnologiyalar və digər zəruri təlim avadanlıqları ilə təmin edilib. İctimai Şuranın üzvləri də öz növbəsində şagirdlərin kompüter savadlılığının yüksəldilməsində, onların yüksək texnoloji ixtisaslara marağının artırılmasında layihələrin rolunu yüksək qiymətləndiriblər. Yeni yanaşmanın başqa fənlərə də tətbiqinin vacibliyi vurğulanıb. Sonda geniş fikir mübadiləsi aparılıb.
05/11/2019 10:05
Təhsil naziri Sabirabadda gənc müəllimlərlə görüşüb
Noyabrın 4-də Təhsil naziri Ceyhun Bayramov Sabirabad şəhərindəki Heydər Əliyev Mərkəzində Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının üzvləri ilə görüşüb. Görüşdə Sabirabad, Saatlı, Hacıqabul və Kürdəmirdən olan gənc müəllimlər iştirak ediblər. Təhsil naziri Ceyhun Bayramov ixtisaslaşmış kadrlarla iş fəaliyyəti, onların peşəkar inkişafı və müəllimlərin fəaliyyətinin təkmilləşdirilməsindən danışıb. Ceyhun Bayramov müəllim nüfuzunun artırılması, eləcə də müəllim fəaliyyətinin stimullaşdırılması istiqamətində görülən işlərə də diqqət çəkib. Müəllimlərin bilik və bacarıqlarının artırılması və təlim metodlarının tətbiqindən söz açan Ceyhun Bayramov tədbirin davamında iştirakçıları maraqlandıran sualları cavablandırıb. Təhsil naziri çıxışının sonunda müəllimlərin hər birinə pedaqoji fəaliyyətlərində uğurlar arzulayıb.
04/11/2019 17:45
Təhsil naziri Sabirabadda vətəndaşları qəbul edib
Noyabrın 4-də Təhsil naziri Ceyhun Bayramov Sabirabad şəhərindəki Heydər Əliyev Mərkəzində Sabirabad və Saatlı rayon sakinlərini qəbul edib. Qəbuldan əvvəl Təhsil naziri Ceyhun Bayramov ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin oktyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda qeyd olunan rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər. Nazir vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək onların aradan qaldırılması, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib. Qəbulda vətəndaşlar əsasən, müəllimlərin yerdəyişməsi, işlə təmin olunma, məktəb binalarının təmiri, işə bərpa olunma, dərs saatlarının bölgüsü, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər.
04/11/2019 15:16
#BayraqQürurumdur və #9Noyabr həştəq paylaşımlarına start verilir
Təhsil Nazirliyi 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə #BayraqQürurumdur və #9Noyabr həştəq paylaşımlarına start verir. Ümumi təhsil müəssisələri şagirdlərinin qeyd edilən həştəqlərlə vətənpərvərlik, vətənə sevgi mövzusunda əl işlərini və yaradıcılıq nümunələrini sosial şəbəkələrdə paylaşması nəzərdə tutulur. Məqsədi vətənpərvərlik hisslərinin, milli-mənəvi dəyərlərin, dövlət rəmzləri və atributlarımızın təbliğinə töhfə vermək olan həştəq paylaşımları noyabrın 9-dək davam edəcək.
04/11/2019 14:48
Filter
Elanlar
-
Elm və Təhsil Nazirliyi tərəfindən vətəndaşlara göstərilən xidmətlər barədə anket sorğusu
04.06.2025 - 10:17 -
Elm və Təhsil Nazirliyi tərəfindən vətəndaşlara göstərilən xidmətlər barədə anket sorğusu
23.11.2024 - 10:50 -
Doktorantların və gənc tədqiqatçıların XXVII Respublika elmi konfransı keçiriləcək
16.10.2024 - 10:00 -
“2024/2025-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” qrant müsabiqəsi
04.10.2024 - 17:06 -
“Maarifçi” tələbə-məzun təcrübə proqramına sən də qoşul!
05.08.2024 - 12:00
Elm və təhsil ictimai maraq kəsb edən sahə olmaqla yanaşı, bütün maraqlı tərəflərin iştirakını zəruri edən prosesdir. Sözügedən prosesdə maraqlı tərəflərin iştirakının artırılması və aktual mövzulara fərqli perspektivlərdən yanaşaraq vizual məzmunun yaradılması məqsədilə Elm və Təhsil Nazirliyi tərəfindən ?“Elm və təhsil obyektivdə"? foto-video müsabiqəsinə start verilir. ✅️Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunan müsabiqə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının tərəfdaşlığı, Təhsil TV və “Azərbaycan müəllimi” qəzetinin dəstəyi ilə təşkil olunur. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22154-1 #ElmVəTəhsilNazirliyi #EduAz #ATİAHİ #AzərbaycanMüəllimi #TəhsilTV #Müsabiqə
Ətraflı“360 dərəcə təhsil” – Təhsilverənlərin sertifikatlaşdırılması - #CANLI
Ətraflıİyunun 12-də elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasının Çendu şəhərində keçirilən Elm və Texnologiya Mübadiləsi üzrə 2-ci “Bir kəmər, Bir yol” konfransı çərçivəsində "Huawei" şirkətinin rəhbər heyəti ilə görüşüb. #ElmVəTəhsilNazirliyi #EduAz Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22152-1
Ətraflı