25-26 avqust tarixlərində keçirilən müsahibə mərhələsinin nəticələri
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin 25 və 26 avqust tarixlərində keçirilən müsahibə mərhələsinin nəticələri elan olunub. Azərbaycan dili və ədəbiyyat, coğrafiya, ibtidai sinif, musiqi və tarix fənləri üzrə müsahibə mərhələsində iştirak edən namizədlərin şəxsi səhifələrinə bu barədə məlumat göndərilib. Müsahibələrdə 846 nəfər uğur qazanıb. Uğur qazanan namizədlər 1 sentyabr saat 18:00-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etmədirlər. Çıxarışı aidiyyəti yerli təhsili idarəetmə orqanı tərəfindən təsdiq olunmuş namizədlərin işə qəbulu rəsmiləşəcək. Namizədlərə sənədlərini təqdim etdikdən sonra şəxsi səhifələrinə daxil olaraq çıxarışının təsdiq olunduğunu yoxlamaq tövsiyə olunur. Qeyd edək ki, çıxarışını təsdiq etməyən, müsahibə mərhələsində uğur qazandıqdan sonra tutduğu vakant yerdən imtina edən şəxslərin növbəti turlarda iştirakı təmin olunmayacaq.
27/08/2021 12:58
Yüksək texniki peşə təhsil səviyyəsi üzrə tədris aparacaq müəllimlərin işə qəbulu keçirilir
27 avqust - 5 sentyabr tarixlərində peşə təhsil müəssisələrinə yüksək texniki peşə təhsil səviyyəsi üzrə tədris aparacaq müəllimlərin işə qəbulu müsabiqəsi keçirilir. Yüksək texniki peşə təhsil səviyyəsi üçün müəllim heyətinin işə qəbulu Bakı, Gəncə, Bərdə və Qəbələ şəhərləri üzrə aparılacaq. Müsabiqə çərçivəsində ümumilikdə 55 vakant yer elan olunub. İşə qəbul müsabiqəsi 2 mərhələdən ( elektron müraciət və müsahibə mərhələləri) ibarətdir. İştirak etmək istəyən namizədlər 5 sentyabr saat 23:59-dək "Müraciət forması"nı bölmələr üzrə tam doldurmalıdırlar. Hər bir müraciətçiyə ən çoxu 2 yaxın ixtisas üzrə 5 vakansiya seçmək hüququ verilir. Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi səhifəsində vakant yerlərin siyahısı yerləşdirilib. Müsabiqədə uğur qazanacaq müəllimlər aşağıdakı üstünlüklərdən faydalana biləcəklər: Müasir infrastruktura malik təhsil müəssisələrində işləmək; Ölkəmizdə və xarici ölkələrdə keçiriləcək təlimlərdə iştirak; Rəqabətə davamlı əməkhaqqı; Daimi və ya saat hesabı tədrisə cəlb imkanı. Qeyd edək ki, seçim zamanı müvafiq ixtisas üzrə təhsil, iş və tədris təcrübəsi, həmçinin xaricdə təhsilin olmasına üstünlük veriləcək.
27/08/2021 12:27
Məqsəd ənənəvi tədrisə qayıtmaqdır
Bunun üçün yeganə çıxış yolu peyvənddir Ölkəmizdə ənənəvi tədrisə davamlı keçid üçün həyata keçirilən tədbirlər çərçivəsində təhsil işçilərinin vaksinasiyası aparılır. “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq həyata keçirilən proses Təhsil Nazirliyinin feysbuk hesabı üzərindən təşkil edilən vebinarda müzakirə olunub. Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovun moderatorluğu ilə keçirilən müzakirələrə təhsil nazirinin müşaviri Rüstəm Ağayev, millət vəkili Rəşad Mahmudov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva və Gəncə şəhər Təhsil İdarəsinin rəhbəri Anar Qədiməliyev qatılıb. Təhsil nazirinin müşaviri Rüstəm Ağayev ötən tədris ilindən bu günədək ümumtəhsil müəssisələrində COVID-19-un səbəb olduğu mənzərəni rəqəmlərlə ifadə edib. Aparılan statistikaya görə, 219 nəfər şagird, 65 nəfər işçi heyəti ötən il sentyabrın 15-dən oktyabrın 1-dək olan dövrdə virusa yoluxub. Oktyabr ayında şagirdlər arasında yoluxanların sayı 1600-ə, təhsil işçiləri arasında isə 575 nəfərə yüksəlib. Yoluxma sayı 2020-ci ilin dekabrında ən yüksək həddə - şagirdlər arasında 6378, işçi heyəti arasında isə 3568 nəfərə çatıb. İndiyədək ümumilikdə 25370 şagirdin, 15128 təhsil işçisinin yoluxması faktı qeydə alınıb. Problemdən çıxış yollarından biri olaraq vaksinasiya prosesinə təhsil müəssisələrində də start verilib. “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq mart ayından etibarən Bakı şəhəri üzrə 10, Sumqayıt şəhəri üzrə 2 vaksinasiya məntəqəsi yaradılıb. Sadəcə həmin məntəqələrdə 33291 nəfər təhsil işçisi Bakı şəhəri üzrə, 2000 nəfərə yaxın təhsil işçisi isə Sumqayıt şəhərində peyvənd olunub. Hər iki doza peyvənd vurulan təhsil işçilərinin sayına görə Qazax Rayon Təhsil Şöbəsi birinci yerdədir. Yardımlı, Neftçala, Gəncə, Lerik, Zərdab da lider rayonlar arasındadır. Həmin rayonlarda təhsil işçilərinin 91 faizi birinci, 85 faizi ikinci doza peyvəndlə təmin edilib. Ümumilikdə ölkə üzrə ümumi təhsil müəssisələrində 137 min təhsil işçisi vaksin olunub ki, bu da 61 faiz təşkil edir. Birinci doza peyvənd olunanlar isə 162 min nəfərdir ki, bu da təhsil işçilərinin 72 faizi deməkdir. R.Ağayev ali təhsil müəssisələrində aparılan vaksinasiya prosesinə də toxunub. Onun sözlərinə görə, 33 min ali təhsil müəssisəsi əməkdaşından 16 min nəfəri hər iki doza, 20 min nəfər isə birinci doza peyvəndlə təmin olunub. Peşə təhsili müəssisələrində fəaliyyət göstərən 4400 nəfərdən 3451 nəfər birinci doza, 3038 nəfər hər iki doza peyvənd olunub. R.Ağayev yoluxanlar və reanimasiyada müalicə alanların əksəriyyətinin peyvənd olunmayanlar olduğuna diqqət çəkərək bildirib ki, məqsəd ənənəvi tədrisə qayıtmaq olduğundan vaksinasiya yeganə çıxış yoludur: “Müəllimlər böyük bir kütləylə təmasda olur. Biz ilk növbədə onları qorumalıyıq. Bunun da yeganə yolu peyvənddir”. Milli Məclisin deputatı, ürək-damar cərrahı, tibb üzrə elmlər doktoru, əməkdar həkim Rəşad Mahmudov bildirib ki, hər ötən gün koronavirusla bağlı tibbi təcrübələr artsa da, virus yenilənməyə meyillidir və hələ də yoluxma sayı kifayət qədər böyükdür. Ürək-damar cərrahı ağırlaşmalara və hətta ölümə səbəb olan yoluxmaların peyvənd olunmayanlar arasında üstünlük təşkil etdiyinə xüsusilə diqqət çəkib: “Ölümə səbəb olan bir virusla üz-üzəyik və təəssüf ki, onu hələ nəzarət altına almaq mümkün olmayıb. Peyvəndin isə gün keçdikcə əlimizdə bir qızıl açar olduğuna əmin oluruq. Hər nə qədər peyvənd olunanların yoluxduğu, xəstəxanalara, hətta reanimasiyaya düşdüyü ilə bağlı faktlar olsa da, əmin olun ki, peyvəndlənməmiş insanlarla müqayisədə rəqəmlər kiçik, ölümə səbəb olma faizi isə çox aşağıdır. Peyvənd çox böyük statistik fərq ortaya qoyur ki, buna biganə qalmaq olmaz. Bu virusa qarşı 100 faizlik çözüm tapılana qədər hər kəs bilməlidir ki, indiki vəziyyətdə ən yaxşı həll yolu peyvənddir”. Virusu təhlükəli dalğalara, peyvəndi isə bədənimizi dalğalar səngiyənə qədər qoruyan jiletə bənzədən deputat müəllimlərə və bütün təhsil işçilərinə müraciət edərək onları insan orqanizminə dayanma gücü verən peyvəndlənmə prosesində həm də istiqamətləndirici rol oynamağa çağırıb: “Dünyada bu barədə nə qədər çox danışılsa da, bütün məsuliyyətimlə deyirəm ki, peyvəndin orqanizmdə yaratdığı yan təsir hər gün istifadə etdiymiz, aspirin, mütəmadi istifadə olunan antibiotiklər, parasetamoldan yüzlərlə, hətta minlərlə dəfə aşağıdır”. Nə ürək-damar xəstəliklərində, nə hamiləliklərdə peyvəndin hər hansı əks-göstərişi olmadığını vurğulayan ürək-damar cərrahı QİÇS kimi ağır xəstəliklərdə, şüa terapiyası alan xərçəng xəstələrində belə kəskinləşmə dövrü və ya şüa terapiyası aldığı həftə bitən kimi vaksin olunmalarının tövsiyə edildiyini vurğulayıb: “Bu bir il ərzində müalicə etdiyim ürək-damar xəstələri arasında elə biri olmayıb ki, ona “COVID-19” peyvəndinin əks-göstəriş yaratdığını hesab edək. Bu gün əminliklə deyə bilərik ki, peyvəndlərin heç biri insan orqanizmində ciddi əks-göstəriş yaratmır”. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva Bakı şəhərində fəaliyyət göstərən peyvənd məntəqələrində yaradılan şəraitə diqqət çəkərək 35 mindən artıq təhsil işçisindən 22686 nəfərinin bu imkandan yararlandığını vurğulayıb: “Bakının Pirallahı, Suraxanı, Sabunçu, Yasamal, Nəsimi rayonları başda olmaqla, 37 məktəb vaksinasiyada 90 faiz nəticə göstərib” İdarə müdiri müəllimləri prosesdə fəallığa çağırıb: “Məsafədən təhsil vəziyyətdən çıxış yolu olaraq əl atdığımız bir yol olsa da, çox keçmədən onun çatışmazlıqları görünməyə başladı. Şagirdlərimizin sağlamlığında, psixoloji durumunda, mənimsəməsində ciddi problemlərin olduğunu gördük. Bu problemlər aradan qalxsın, hamımızın çox istədiyi ənənəvi təhsil bərpa olunsun deyə “təhsil üçün vaksinasiya ” həştəqi ilə kampaniyaya qoşulmalıyıq”. Gəncədə 5000 nəfərə yaxın təhsil işçisi fəaliyyət göstərir. Təhsil işçilərinin 80 faizi hər iki dozada peyvəndlənib. Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev vaksinasiya prosesində qarşılarına qoyduqları hədəfə nail olunduğunu bildirib: “Hədəfimiz təhsil işçilərinin 80 faizinin peyvəndlənməsinə nail olmaq idi. Biz artıq bu hədəfimizə çatmışıq. Birinci doza peyvənd olunanlar 88 faizi ötüb. Hazırda çarpaz yoxlamalara başlamışıq. Bu yoxlamalar rəqəmlərdə qeyri-dəqiq informasiya varsa, onu üzə çıxaracaq. Gəncədəki 46 təhsil müəssisəsindən 44-də fəaliyyət göstərən təhsil işçilərinin 88 faizi ilk doza peyvənd olunub. Bir tam orta, bir məktəbdənkənar təhsil müəssisəsində nəticələr 80 faizdən aşağıdır. Biz çalışacağıq ki, bütün təhsil müəssisələrində nəticələr 80 faizdən yuxarı olsun”. Vebinarda qeyd edilib ki, əyani tədrisin bərpa olunması üçün təhsil müəssisələri əllərindən gələni edirlər. Bunun üçün ilk növbədə peyvəndlənmə prosesində lazım olan nəticəyə nail olunmalıdır. Çünki tədris prosesinə məhz hər iki doza peyvənd olunanlar cəlb olunacaq. Özünün və başqalarının həyatını təhlükəyə atmamaları üçün əks göstərişləri olanlar və başqa səbəblərdən peyvənddən boyun qaçıranlarla bağlı müəyyən məhdudiyyətlərin olacağı istisna edilmir. "Azərbaycan müəllimi" qəzeti
27/08/2021 11:05
SABAH qruplarında müəllim işləmək şansı
Təhsil Nazirliyinin SABAH qruplarında 2021-2022-ci tədris ilinin payız semestrində müxtəlif fənlərin tədrisini aparmaq məqsədilə professor-müəllim heyəti və mütəxəssislərin işə qəbulu ilə əlaqədar müraciətlərin qəbulu prosesi davam edir. İştirak etmək istəyən namizədlər 29 avqust saat 00:00-dək müraciət edə bilərlər. Müsabiqədə magistr dərəcəsi, yüksək səviyyədə İKT və sahə bilikləri olan, innovativ tədris metodlarından istifadə edə bilən, eyni zamanda müasir pedaqoji yanaşmalara malik, dinamik, pozitiv və ünsiyyətcil namizədlər iştirak edə bilərlər. Müsabiqə barədə ətraflı məlumatı bu linkə http://sabah.edu.az/az/azerbaycan-respublikasi-tehsil-nazirliyinin-sabah-qruplari-bakalavr-layihesinde-20212022ci-tedris-ilinin-payiz-semestri-uzre-asagidaki-fenlerin-tedrisini-aparmaq-meqsedile-yeniden-vakant-yerler-ucun-professor-muellim-heyeti-ve-mutexessisler-saathesabi-qay daxil olaraq əldə edə bilərsiniz.
27/08/2021 10:30
Təhsildə Yeni Çağırışlar II Beynəlxalq Forumu keçiriləcək
Oktyabrın 1-i Təhsildə Yeni Çağırışlar II Beynəlxalq Forumu keçiriləcək. Forum "T-Network" təhsil işçilərinin təcrübə və kommunikasiya platforması və Təhsil İnstitutunun təşkilatçılığı, Təhsil Nazirliyi, Azərbaycan Gənc Müəllimlər Assosiasiyası, “Bir könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin dəstəyi ilə onlayn təşkil ediləcək. Forumun əsas məqsədi təhsildə yeni çağırışları müzakirə etmək və bununla da təhsildə keyfiyyətin daha da yüksəldilməsinə nail olmaqdır. “Təşəbbüsdən tətbiqə” başlığı altında baş tutacaq Forum virtual təhsil, beynəlxalq qiymətləndirmə, liderlik, XXI əsrin bacarıqları və davamlı inkişaf mövzularını əhatə edir. Beynəlxalq Müəllimlər Gününə həsr olunacaq Forum “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”i və sənədin “XXI əsrin tələblərinə uyğun təhsil” istiqamətini rəhbər tutur. Forumda iştirak ödənişsizdir. Forumla bağlı məlumatlar sosial şəbəkədə paylaşılacağı üçün yalnız "T-Network"un "Facebook" (https://www.facebook.com/tnetwork.az) və ya "İnstagram" (https://www.instagram.com/tnetwork_global/) səhifəsini bəyənən iştirakçıların müraciəti təsdiqlənəcək və onlara iştirak linki göndəriləcək. Arzu edən iştirakçılara sonda beynəlxalq sertifikat da veriləcək. Qeydiyyatdan keçmək üçün müvafiq linkə keçid edə bilərsiniz: https://bit.ly/3gBGZ55
26/08/2021 15:05
Peşə təhsili müəssisələrinə qəbul olunanların nəzərinə!
Peşə təhsili pilləsi üzrə tələbə qəbulunun I mərhələsində uğur qazanmış şəxslər 30 avqust saat 18:00-dək tələb olunan sənədləri qəbul olunduğu peşə təhsili müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Tələb olunan sənədlər aşağıdakılardır: - Attestatın əsli; - Sağlamlıq və fiziki inkişafı özündə əks etdirən müvafiq formalı tibbi arayış; - Sistemdən (şəxsi kabinetdə) avtomatik çıxarılan ərizə nümunəsi; - Şəxsiyyət vəsiqəsinin surəti; - 3 x 4 sm ölçüdə dörd ədəd fotoşəkil; - Hərbi bilet və ya çağırışçı şəhadətnaməsi; - Güzəştli şərtlərlə qəbul edilən şəxslər üçün müvafiq təsdiqedici sənəd. Qəbulun I mərhələsində müsabiqədən keçən şəxsin qəbul olunduğu peşə təhsili müəssisəsində qeydiyyatdan keçməməsi onun həmin ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir. Qeyd edək ki, müsabiqədə iştirak edən şəxslərin mobil telefonlarına nəticə barədə "SMS" bildiriş artıq göndərilib. Müsabiqədən keçən şəxslər qəbul olunduqları ixtisas və təhsil müəssisəsi barədə məlumatları portal.edu.az platformasında yerləşən “Şəxsi kabinet” bölümündən əldə edə bilərlər. Peşə təhsili pilləsi üzrə elektron tələbə qəbulunun I mərhələsində uğurlu nəticə göstərməyən şəxslər II mərhələyə qatıla və ixtisas seçimi həyata keçirə biləcəklər. II mərhələ ilə bağlı məlumat yaxın günlərdə paylaşılacaq.
26/08/2021 10:20
Müddətli müqavilə üçün vakansiya seçiminin son günü
Avqustun 26-da 2021-2022-ci tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üçün vakansiya seçimi yekunlaşır. Namizədlər bu gün saat 10:59-dək şəxsi səhifələrinə daxil olmaqla vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər. Vakansiya seçimi zamanı namizədlərə 4 vakant yer seçmək hüququ verilir. Müddətli müqavilə ilə vakansiya seçimlərində müsabiqənin test imtahanı mərhələsində 30 və daha yüksək bal toplamış namizədlər iştirak edə bilərlər. Qeyd edək ki, yeni yaranan, əvvəlki turlarda tutulmayan vakant yerlər növbəti turlarda da vakansiyaya çıxarılacaq. Həmçinin tədris ili ərzində yaranan vakant yerlərə əlavə yerləşdirmə həyata keçiriləcək. Namizədlərə vakansiya seçimi zamanı bu məqamı nəzərə almaq tövsiyə olunur. Müsabiqənin müddətli müqavilə ilə işə qəbul turlarında vakant yer tutduqdan sonra imtina edən namizədlərin növbəti turlarda iştirakı təmin olunmayacaq. Müddətli müqavilə ilə vakant yerlərə işə qəbul edilmiş şəxslər üçün tədris ili ərzində daimiləşmə müsabiqəsinin həyata keçirilməsi nəzərdə tutulub.
26/08/2021 09:38
24 avqust müsahibələrinin nəticələri elan olunub
Biologiya, ingilis dili, musiqi, rus dili, coğrafiya və tarix fənləri üzrə 24 avqust tarixində keçirilən müsahibələrdə iştirak edən namizədlərin nəticələri şəxsi səhifələrinə göndərilib. Qeyd olunan fənlər üzrə 415 namizəd uğur qazanaraq müddətsiz əsaslarla çalışmaq imkanı əldə edib. Uğur qazanan namizədlər 30 avqust saat 18:00-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etmədirlər. Qeyd edək ki, çıxarışı aidiyyəti yerli təhsili idarəetmə orqanı tərəfindən təsdiq olunmuş namizədlərin işə qəbulu rəsmiləşəcək. Bu səbəbdən namizədlərə sənədlərini təqdim etdikdən sonra şəxsi səhifələrinə daxil olaraq çıxarışının təsdiq olunduğunu yoxlamaq tövsiyə olunur. Çıxarışını təsdiq etdirməyən, müsahibə mərhələsində uğur qazandıqdan sonra tutduğu vakant yerdən imtina edən şəxslərin növbəti turlarda iştirakı təmin olunmayacaq.
25/08/2021 17:33
2021-2022-ci tədris ili üçün yenilənmiş məktəblər - FOTOLENT
2021-2022-ci tədris ilinə 22 məktəb tikinti və əsaslı təmir işlərindən sonra təhvil veriləcək. Əlavə olaraq 15 modul tipli məktəb quraşdırılacaq. 2021-ci ilin sonuna ümumilikdə 38 məktəb, o cümlədən 1 peşə məktəbi və 31 modul tipli məktəb istismara veriləcək. Aşağıdakı fotolarda Xaçmaz, Samux, Gəncə, Hacıqabul, Siyəzən və Şirvan bölgələrində yenilənmiş məktəblərdən görüntüləri təqdim edirik:
25/08/2021 15:25
Müəllimlərin işə qəbulu üzrə müsahibələr izlənilib
Avqustun 25-də müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsini izləmək üçün Azərbaycan Texniki Universitetinin idman zalına mediatur təşkil edilib. Mediatur Təhsil Nazirliyinin əməkdaşları, tanınmış ictimaiyyət nümayəndələri və KİV təmsilçilərinin iştirakı ilə baş tutub. Mediatur iştirakçılarına bildirilib ki, avqustun 18-dən başlanan müsahibə mərhələsində müsabiqənin test imtahanında 30 və daha yüksək bal toplamış namizədlər iştirak edir. Müsahibələr mərkəzləşdirilmiş formada yalnız Bakıda təşkil olunub və avqustun 26-dək davam edəcək. Müsahibə mərhələsinə fənlər üzrə ümumilikdə 4 973 namizəd dəvət olunub. Qeyd edilib ki, 23 müsahibə komissiyası tərəfindən namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müvafiq proqrama uyğun olaraq komissiya tərəfindən yoxlanılır. Müsahibə mərhələsində uğur qazanmış namizədlər ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi ilə çalışmaq imkanı qazanacaqlar. Bu günədək müsahibə mərhələsində 3 mindən çox namizəd iştirak edib. Mediatur zamanı iştirakçıları maraqlandıran digər suallar da cavablandırılıb.
25/08/2021 14:35
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
Milli iradənin zəfərini təcəssüm etdirən Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edirik. #15İyun #QurtuluşGünü #Azərbaycan
ƏtraflıSumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyində "Son zəng" #TəhsilTV #SonZəng
ƏtraflıŞağan və Mərdəkanda "Son zəng" tədbiri
Ətraflı