UNESCO Baş katibinin müavinindən təşəkkür məktubu
UNESCO Baş katibinin təhsil məsələləri üzrə müavini Stefania Giannini Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris, qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqubluya Beynəlxalq Ekspert Qrupunda səmərəli fəaliyyətinə görə təşəkkür məktubu ünvanlayıb. Məktub şöbə müdirinə UNESCO Beynəlxalq Anlaşma, Əməkdaşlıq və Sülh üçün Təhsil, İnsan Hüquqları və Əsas Azadlıqlarla bağlı Təhsil üzrə 1974-cü il Tövsiyə sənədinin yenidən nəzərdən keçirilməsi məqsədilə yaradılan Beynəlxalq Ekspert Qrupundakı səmərəli fəaliyyətinə görə göndərilib. Qeyd edək ki, təhsil sahəsində 15 ildən artıq təcrübəsi olan, müvafiq hüquqi sənədlərin hazırlanmasında iştirak edən ekspertlər Beynəlxalq Ekspert Qrupuna seçilib. Ekspert Qrupu tərəfindən yenidən nəzərdən keçirilən və hazırlanan Beynəlxalq Anlaşma, Əməkdaşlıq və Sülh üçün Təhsil, İnsan Hüquqları və Əsas Azadlıqlarla bağlı Təhsil üzrə 1974-cü il Tövsiyə sənədinin 2023-cü ildə keçiriləcək UNESCO Baş Konfransının 43-cü sessiyasında qəbul edilməsi planlaşdırılır.
29/07/2022 15:25
Doktorantların və gənc tədqiqatçıların XXV Respublika elmi konfransı keçiriləcək
23-24 noyabr 2022-ci il tarixlərində doktorantların və gənc tədqiqatçıların XXV Respublika elmi konfransı keçiriləcək. Konfransın keçirilməsində əsas məqsəd doktorantların və gənc tədqiqatçıların apardıqları elmi-tədqiqat işlərinin nəticələrinin müzakirəsini təşkil etmək, habelə onların elmi yaradıcılığını stimullaşdırmaqdır. Konfrans riyaziyyat və təbiət elmləri, İKT və mühəndislik, sosial-humanitar elmlər istiqamətləri üzrə təşkil ediləcək. Konfransda Azərbaycanın elm və təhsil müəssisələrindən, eyni zamanda xarici ölkələrin elmi-tədqiqat və ali təhsil müəssisələrindən olan azərbaycanlı doktorant və gənc tədqiqatçılar tezislə iştirak edə bilərlər. Tezislə müraciət üçün aşağıdakı keçiddən istifadə edilməlidir: https://forms.gle/84DaRMhRkqkRevyKA. Müəlliflər üçün yazı qaydaları
29/07/2022 11:30
Media üçün məlumat
Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Elm və Təhsil Nazirliyi yaradılıb. Elm və Təhsil Nazirliyinə elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər həvalə edilib. Nazirliyin yanında 2 yeni agentlik yaradılıb və Azərbaycan Milli Elmlər Akademiyasının bir sıra elmi müəssisə və təşkilatları yeni yaradılan Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib. Bu proses AMEA-nın ləğv olunması deyil, əksinə, elm və təhsilin inteqrasiyasında yeni mərhələnin başlanğıcı deməkdir. AMEA bir sıra humanitar yönümlü elmi müəssisələri ilə öz fəaliyyətini yeni inkişaf prioritetləri ilə davam etdirəcək.
28/07/2022 19:54
Prezident"Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Fərman imzalayıb
İyulun 28-də Prezident İlham Əliyev "Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Fərman imzalayıb. Elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi və bu sahələrdə idarəetmənin təkmilləşdirilməsi məqsədilə imzalanan Fərmana əsasən, Təhsil Nazirliyinin adı dəyişdirilərək Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi adlandırılıb. Fərmanda qeyd edilir ki, elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər Nazirliyə həvalə edilir. Həmçinin Nazirliyin yanında Elm və Ali Təhsil üzrə, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliklərinin yaradılması barədə qərar qəbul edilib.
28/07/2022 18:00
“Girls Talk” layihəsinin növbəti görüşü
İyulun 29-da Təhsil Nazirliyi və Azərbaycan-Britaniya Məzunları Birliyinin (AUKAA) birgə əməkdaşlığı nəticəsində “Girls Talk” layihəsinin növbəti vebinarı baş tutacaq. Görüş "2007-2015 Dövlət Proqramı" məzununun “Təlim Töhfəsi”nə uyğun olaraq keçirilir. Layihənin əsas məqsədi uğurlu Azərbaycan qadınları və "2007-2015 Dövlət Proqramı"nın qadın məzunları ilə 12-18 yaş arası məktəbli qızların görüşünü keçirmək, onları düzgün ixtisas və peşə seçiminə motivasiya etmək, təhsil və karyera imkanları barədə məlumatlandırmaqdır. Görüşdə spiker qismində “2007-2015 Dövlət Proqramı” çərçivəsində Böyük Britaniyanın “University of Edinburgh” ali təhsil müəssisəsində marketinq və biznesin təhlili ixtisası üzrə magistratura təhsili almış və hazırda “The Procter & Gamble” şirkətində bazarlama strategiyası və reklam üzrə menecer vəzifəsində fəaliyyət göstərən Nərmin Mustafayeva iştirak edəcək. Vebinarda iştirak üçün aşağıdakı keçiddən istifadə bilərsiz: https://us06web.zoom.us/j/85491727524?pwd=MHJFbXNESWwyd0dqWUNzcSthaUVaQT09
28/07/2022 16:50
Beynəlxalq Qiymətləndirmə Düşərgəsinə start verilib
İyulun 28-də Lənkəran şəhərində ikinci Beynəlxalq Qiymətləndirmə Düşərgəsinə start verilib. Təhsil İnstitutunun və Lənkəran-Astara Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən düşərgəyə Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərindən 35 müəllim qatılıb. Düşərgədə müəllimlərə Azərbaycanın iştirak etdiyi beynəlxalq qiymətləndirmələr barədə ətraflı məlumat verilir, onlar tədqiqat metodologiyaları və nümunə suallarla tanış olurlar. Həmçinin iştirakçılar şagirdlərin oxu, riyaziyyat və təbiət elmləri üzrə biliklərinin real həyatda tətbiqi, yaradıcı düşüncə bacarıqlarının rolu, eləcə də ev və məktəb mühiti, sosial-iqtisadi vəziyyət və digər amillərin şagirdlərin öyrənməsində rolu barədə də məlumatlandırılır. Düşərgənin əsas məqsədi təhsil işçilərinin, xüsusilə müəllimlərin beynəlxalq qiymətləndirmələr barədə məlumatlılığını artırmaq, onların qiymətləndirmə siyasətinin təkmilləşdirilməsində iştirakını təmin etməkdir. Qeyd edək ki, Beynəlxalq Qiymətləndirmə Düşərgəsi iyulun 30-dək davam edəcək. Sonda iştirakçılara sertifikat təqdim ediləcək.
28/07/2022 14:30
İnklüziv təhsilin əhatə dairəsi genişləndirilir
Təhsil naziri Emin Əmrullayev “İnklüziv təhsilin əhatə dairəsinin genişləndirilməsi barədə” əmr imzalayıb. Əmrə əsasən, “2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə 2022-2023-cü tədris ilində Bakı şəhəri 39, 84, 265, 300, Gəncə şəhəri 8, Sumqayıt şəhəri 25, Xaçmaz şəhəri 6, Ağcabədi şəhəri 5, Qəbələ şəhəri 3 nömrəli tam orta məktəblərdə və Xırdalan şəhəri 3 nömrəli məktəb-liseydə inklüziv siniflər təşkil ediləcək. Qeyd edək ki, 2015-ci ildən başlayaraq Təhsil Nazirliyi tərəfindən ölkədə inklüziv təhsilin inkişafı istiqamətində pilot layihələr həyata keçirilir, qanunvericilik səviyyəsində islahatlar aparılır və müəllim hazırlığı üzrə proqramlar yenilənir.
28/07/2022 12:05
İş yerini qarşılıqlı dəyişdirilməyi təsdiq edən müəllimlərin nəzərinə!
İş yerini qarşılıqlı dəyişdirmək üçün müraciətini təsdiqləmiş müəllimlərin şəxsi kabinetinə sənədlərin yoxlanılacağı məkan, tarix və saat barədə məlumatlar göndərilib. Qeyd edək ki, müsabiqə dövlət ümumi təhsil müəssisələrində müddətsiz əsaslarla çalışan müəllimlərə elektron sistem vasitəsilə, öz istəyi əsasında iş yerini qarşılıqlı dəyişdirmək imkanı verir.
27/07/2022 16:50
Təhsil naziri media üçün brifinq keçirib
İyulun 27-də təhsil naziri Emin Əmrullayevin “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və digər məsələlərlə bağlı brifinqi keçirilib. Brifinqdə Strategiyanın təhsil istiqamətlərinə toxunan Emin Əmrullayev bu çərçivədə görüləcək işləri, qarşıya qoyulan hədəfləri diqqətə çatdırıb. Nazir bildirib ki, Strategiyaya əsasən, 2022-2026-cı illər ərzində beynəlxalq ikili diplom proqramlarının əhatə dairəsi genişləndiriləcək, dövrün sonunadək 4 əlavə ikili diplom proqramının icrasına başlanılacaq. Elmi potensialın gücləndirilməsi sahəsində təşviq mexanizmlərinin formalaşdırılacağını, elmi tədqiqatların artırılacağını və qlobal elmi məkana inteqrasiya olunacağını vurğulayan Emin Əmrullayev həmçinin, iki ali təhsil müəssisəsinin elmi-tədqiqat universitetinə çevriləcəyini də deyib. Daha sonra nazir Strategiya çərçivəsində yeni məzmunlu proqramların əhatə dairəsi və keyfiyyətinin artırılacağını, “SABAH” qruplarında təhsil alan tələbələrin sayının 15 min nəfərə çatdırılacağını da qeyd edib. Təhsil naziri onu da əlavə edib ki, STEAM əsaslı yeni təhsil proqramlarının milli proqrama inteqrasiya olunması məqsədilə ümumi təhsildə səriştə əsaslı təhsil proqramlarının hazırlanması və tətbiqi nəzərdə tutulur. Həmçinin məzmun islahatlarının əsas istiqaməti kimi 2022‒2026-cı illərdə STEAM əsaslı tədrisin əhatə dairəsi genişləndiriləcək. Dövrün sonuna qədər 10 min sinfin, 280 min nəfər şagirdin STEAM əsaslı tədrisə cəlb edilməsi planlaşdırılır. Nazir həmçinin, bütün təhsil pillələri üzrə informasiya sistemlərinin və elektron xidmətlərin təkmilləşdiriləcəyi, peşə təhsili müəssisələrinə qəbul olan tələbələrin sayının artırılacağı, məktəblilərimizin beynəlxalq olimpiadalarda qazandıqları uğur və digər bu kimi məsələlər barədə də geniş məlumat verib. Brifinqdə nazir 2022-2026-cı illər üçün Dövlət Proqramına müraciət edənlərin sayı, müəllimlərin işə qəbulu, təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı ictimaiyyəti maraqlandıran məqamlara da aydınlıq gətirib. Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin mahiyyəti barədə danışan Emin Əmrullayev bildirib ki, sertifikasiya yalnız müəllimlərin hazırlıq səviyyəsinin təminat aləti deyil, eyni zamanda onların işinin rəğbətləndirilməsidir. Məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulunun bu ildən elektron qaydada aparıldığını xatırladan Emin Əmrullayev onu da deyib ki, ölkə üzrə məktəbəqədər təhsilin əhatəsinin genişləndirilməsi qarşıda duran hədəflərdəndir. Sonda təhsil naziri media nümayəndələrini maraqlandıran çoxsaylı sualları cavablandırıb.
27/07/2022 14:30
Xaricdə doktorantura təhsili almaq istəyənlərin nəzərinə!
“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinə dair 2022-ci ildə ikinci sənəd qəbulu prosesi davam edir. Xatırladaq ki, bu prosesə iyulun 15-dən start verilib. Təhsil Nazirliyi nəzdində “2019-2023 Dövlət Proqramı” İdarəetmə Qrupu nüfuzlu xarici ali təhsil müəssisələrində prioritet ixtisas istiqamətləri üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və ya hazırda müvafiq sahələr üzrə xaricdə doktorantura səviyyəsində təhsil alan Azərbaycan Respublikası vətəndaşlarını sənəd qəbulunda iştirak etməyə dəvət edir. Proqrama son müraciət tarixi 15 sentyabr 2022-ci ildir. "2019-2023 Dövlət Proqramı" çərçivəsində xaricdə doktorantura təhsilinə müraciət üçün tələb olunan sənədlərin siyahısı, elan və qeydiyyat linki müvafiq keçiddən əldə oluna bilər. Qeyd edək ki, proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi Dövlət Neft Fondu tərəfindən həyata keçirilir. Hər hansı əlavə sual yarandığı zaman xaricdə doktorantura təhsili ilə bağlı mütəmadi verilən suallara və onların cavablarına (FAQ/MVS) və ya dpinfo@edu.gov.az electron poçt ünvanına müraciət oluna bilər.
27/07/2022 10:30
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
Hörmətli vətəndaşlar! Hər birinizi “Elm və Təhsil Nazirliyi tərəfindən vətəndaşlara göstərilən xidmətlər” barədə anket sorğusunda aktiv iştiraka dəvət edirik. ? Fikirləriniz bizim üçün çox önəmlidir. Sorğuya keçid: https://anket.edu.az/user/318 #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #Sorğu
ƏtraflıMilli iradənin zəfərini təcəssüm etdirən Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edirik. #15İyun #QurtuluşGünü #Azərbaycan
ƏtraflıSumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyində "Son zəng" #TəhsilTV #SonZəng
Ətraflı