Direktor və direktor müavinlərinin işə qəbul imtahanı keçirilib
Avqustun 2-də 2022-2023-cü il tədris ili üçün Elm və Təhsil Nazirliyi sisteminə daxil olan peşə təhsili müəssisələrinə direktor və direktor müavinlərinin işə qəbulu müsabiqəsinin imtahan mərhələsi keçirilib. https://portal.edu.az/ elektron müraciət portalı vasitəsilə qeydiyyatdan keçmiş 581 müraciətçidən 478-i müsabiqənin imtahan mərhələsində iştirak etmək hüququ qazanıb. İmtahanda iştirak edən namizədlərdən 296 nəfəri direktor, 182 nəfəri isə direktor müavini olmaq üçün mübarizə aparıb. 90 dəqiqə davam edən imtahanda iştirakçılar qanunvericilik və məntiqə aid suallardan ibarət test tapşırıqlarını cavablandırıblar. İmtahanda uğurlu nəticə göstərən namizədlər müsahibədə iştirak hüququ qazanacaqlar.Müsabiqə nəticələrinə uyğun olaraq seçilən müraciətçilərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq. Qeyd edək ki, müsabiqə çərçivəsində respublika üzrə ümumilikdə 22 direktor və 28 direktor müavini vakansiyası elan olunub.
02/08/2022 15:33
Şagird yerdəyişməsinə start verilir
Avqustun 4-dən 2022-2023-cü tədris ili üzrə şagird yerdəyişməsi prosesinə start veriləcək. Proses sy.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək. Elektron sistem II-IX və XI siniflər üçün 4 avqust saat 11:00, X siniflər üçün isə 15 avqust saat 11:00-dan etibarən aktivləşdiriləcək. Valideynlər üçün sy.edu.az elektron sistemində ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesi 5 sentyabr saat 18:00-dək davam edəcək. Valideynlər 9 sentyabr saat 15:00-dək övladlarının sənədlərini yerdəyişmə etdiyi ümumi təhsil müəssisəsinə təqdim etməlidirlər. Qeyd edək ki, aşağıda adları qeyd edilmiş ümumi təhsil müəssisələrinin II-XI siniflərində yaranmış vakant yerlərə şagird yerdəyişməsi imtahanla aparılır. İmtahanlara qeydiyyat 10 avqust saat 11:00-dan 19 avqust saat 18:00-dək aktiv olacaq. İmtahanlar ibtidai siniflər üzrə avqustun 23-də, V-XI siniflər üzrə isə avqustun 24-də keçiriləcək. İmtahanla yerdəyişmə aparılan ümumi təhsil müəssisələrinin siyahısı: 1. Heydər Əliyev adına lisey; 2. .İsmayılov adına 6 nömrəli məktəb-lisey; 3. 132-134 nömrəli Təhsil Kompleksi; 4. T.Həsənov adına 23 nömrəli tam orta məktəb; 5. İlyas Əfəndiyev adına Elitar gimnaziya; 6. İ.Hacıyev adına "Tərəqqi" texniki-humanitar liseyi; 7. "Zəngi" liseyi; 8. Bakı Avropa Liseyi; 9. Bakı Slavyan Universitetinin nəzdində məktəb-lisey kompleksi; 10 Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət Gimnaziyası; 11. Bülbül adına Orta İxtisas Musiqi Məktəbi.
02/08/2022 14:46
Məktəbəhazırlıq qruplarına qəbul prosesi bu tarixdən başlanacaq
Avqustun 5-dən 2022-2023-cü tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrində təşkil edilmiş məktəbəhazırlıq qruplarına ərizələrin onlayn qeydiyyatı prosesinə start veriləcək. Məktəbəhazırlıq qruplarına qəbul prosesi www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə aparılacaq. Məktəbəhazırlıq qrupları üçün məktəb seçimi ilə əlaqədar elektron sorğu yerləşdirmə prosesi Azərbaycan bölməsi üzrə avqustun 8-dən, tədris digər dillərdə aparılan bölmələr üzrə isə avqustun 11-dən başlanılır. Qeyd edək ki, qeydiyyat prosesi 14 sentyabr 2022-ci il tarixində yekunlaşacaq. 2022-2023-cü tədris ili üçün məktəbəhazırlıq qruplarına qəbulla bağlı ən çox verilən suallar və onların cavabları
02/08/2022 11:15
Məktəbəqədər təhsil müəssisələrinə işə qəbul üzrə müsabiqə başlayır
Avqustun 2-dən 2022-2023-cü tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqəyə start verilir. Müsabiqə elektron ərizələrin yoxlanılması, test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi 2-9 avqust tarixlərini əhatə edəcək. Müsabiqədə iştirak etmək istəyən namizədlər 2 avqust saat 11:00-dan 9 avqust saat 11:00 -dək www.miq.edu.az linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər. Tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini məktəbəqədər təhsil üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş şəxslər iştirak edə bilərlər. Müsabiqənin test imtahanı mərhələsində hər bir namizədə məzmun və metodikaya aid 40 sual, pedaqoji və psixoloji yanaşmalara aid isə 20 sual təqdim ediləcək. Test tapşırıqlarının cavablandırılması üçün 120 dəqiqə vaxt ayrılması nəzərdə tutulub. Bu mərhələdə hər sual üzrə 1 bal olmaqla, ümumilikdə 60 ballıq qiymətləndirmə sistemi tətbiq ediləcək. Səhv cavablandırılan test tapşırıqları imtahan nəticəsinə təsir göstərəcək. 1 səhv cavablandırılmış sual - 0,25 bal şəklində hesablanacaq. Qeyd edək ki, müsahibə mərhələsinin nəticələri də ümumi bala təsir göstərəcək. Belə ki, ümumilikdə müsabiqənin test və müsahibə mərhələlərinin yekun nəticələrinə uyğun olaraq namizədlərin vakansiyalara yerləşdirilməsi il ərzində mərhələli şəkildə həyata keçiriləcək. Müsahibə mərhələsi haqqında yaxın günlərdə ictimaiyyətə ətraflı məlumat veriləcək.
02/08/2022 10:15
Bu gündən ölkə üzrə növbəyə yazılma prosesinə start verilir
Avqustun 2-də saat 11:00-da ölkənin bütün şəhər və rayonları üçün valideynlər tərəfindən uşaqların məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılması prosesinə başlanılır. Valideyn (qanuni nümayəndə) tərəfindən yerləşdirilmiş növbələr 1 ay müddətində müraciət edilən məktəbəqədər təhsil müəssisəsində boş yerlər olduğu halda sorğuya çevriləcək. Valideyn (qanuni nümayəndə) sorğusu qəbul edildikdən sonra 15 gün ərzində sənədləri müvafiq müəssisəyə təqdim etməlidir, əks təqdirdə sorğu sistem tərəfindən silinəcək və növbəli şəkildə başqa uşağın qəbulu aparılacaq. Qeyd edək ki, 18 iyul saat 11:00-dan etibarən 2022-2023-cü tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu prosesinə start verilib. Uşaqların qəbulu məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemi (www.bq.edu.az) vasitəsilə həyata keçirilir. İyulun 22-si saat 11:00-dan etibarən ilk olaraq Mərkəzi Aran Regional Təhsil İdarəsi üzrə (Mingəçevir, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax, Zərdab), daha sonra 26 iyul saat 11:00-dan etibarən isə Bakı şəhəri üzrə valideynlər tərəfindən uşaqların məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılması prosesinə start verilib. Elektron qəbul sistemi 15-21 sentyabr 2022-ci il tarixlərində qrupların komplektləşdirilməsi səbəbindən müvəqqəti dayandırılacaq. Komplektləşmə prosesi bitdikdən sonra uşaqların məktəbəqədər təhsil müəssisələrində boş yerlərə qəbulu ilboyu davam edəcək.
02/08/2022 09:30
Milli komandamız Avropa çempionatında bürünc medal qazanıb
24-31 iyul 2022-ci il tarixlərində San-Marino Respublikasında C Divizionu çərçivəsində U-18 basketbol üzrə Avropa çempionatı keçirilib. C divizionunun B qrupunda mübarizə aparan Azərbaycan yığma komandası qrup oyunlarında Lüksemburq, Cəbəllütariq, Ermənistan və Moldova komandalarına qalib gələrək yarımfinal mərhələsinə vəsiqə qazanıb. Yarımfinal oyununda Albaniyaya məğlub olan komanda üçüncü yer uğrunda Lüksemburq üzərində 78-73 hesabı ilə qələbə qazanaraq Avropa çempionatının bürünc medalını qazanıb. Qeyd edək ki, yarışda milli yığma komandanın tərkibində təmsil olunan 12 nəfər basketbolçudan 8 nəfəri “Təhsil” Respublika İdman Mərkəzinin 2 nömrəli respublika ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin, 1 nəfəri “Təhsil” Respublika İdman Mərkəzinin 10 nömrəli uşaq-gənclər idman məktəbinin idmançıları, komandanın məşqçilər heyətindən isə Tahir Baxşıyev, Anar Sarıyev “Təhsil” Respublika İdman Mərkəzinin 2 nömrəli respublika ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin, Fərid Əmirov “Təhsil” Respublika İdman Mərkəzinin 8 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin məşqçi-müəllimləridir.
01/08/2022 18:30
Şəhid ailəsi üzvləri üçün vakansiya seçimi davam edir
Müəllimlərin işə qəbulu üzrə müsabiqədə minimum tələbi ödəyən şəhid ailəsi üzvlərinin vakansiya seçimi mərhələsi davam edir. Namizədlər 2 avqust saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq seçim edə bilərlər. Namizədlər vakansiya seçimi zamanı diqqətli olmalı, seçimi yekunlaşdırdıqdan sonra təsdiqləməlidirlər.
01/08/2022 17:00
İnformasiya təhlükəsizliyi ixtisası üzrə yeni təhsil proqramı hazırlanıb
Bakalavriat səviyyəsinin informasiya təhlükəsizliyi ixtisası (ixtisas şifri: 050615) üzrə müasir tələblərə uyğun yeni təhsil proqramı hazırlanıb. Yeni proqram Elm və Təhsil Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşəbbüsü ilə ölkənin aparıcı ali təhsil müəssisələrinin və müxtəlif dövlət qurumlarının nümayəndələri ilə yanaşı, dünyanın nüfuzlu universitet və şirkətlərində çalışan azərbaycanlı mütəxəssislər tərəfindən hazırlanıb. Proqram Türkiyə, Almaniya, İsveçrə, Amerika kimi inkişaf etmiş ölkələrin təcrübəsinə əsasən hazırlanıb. Proqramın hazırlanması zamanı həm dövlət və həm də özəl sektorda əmək bazarının cari tələbləri, o cümlədən ABŞ-ın Milli Standartlar və Texnologiyalar İnstitutunun (NIST) hazırladığı “NICE Framework”, Beynəlxalq Hesablama Maşınları Assosiasiyası (ACM) və IEEE Kompüter Cəmiyyətinin birgə hazırladığı “Kibertəhlükəsizlik üzrə kurikulum tövsiyələri” kimi beynəlxalq mənbələr araşdırılıb və nəzərə alınıb. Yeni təhsil proqramı dörd modul – informasiya sistemlərinin preventiv mühafizəsi, informasiya təhlükəsizliyi insidentlərinin aşkarlanması, informasiya təhlükəsizliyi insidentlərinin idarə edilməsi, informasiya təhlükəsizliyi həllərinin planlaşdırılması və tətbiqi modulları üzrə peşə kompetensiyalarını əhatə edir. Yeni təhsil proqramının məzunları gələcəkdə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə əmək bazarının ən son tələbatına uyğun peşələr üzrə çalışa biləcəklər. Proqram informasiya təhlükəsizliyi ilə yanaşı kibertəhlükəsizlik sahəsində də kadr hazırlığı üçün müvafiq fənlərin tədrisini nəzərdə tutur. Texnoloj yeniliklər nəzərə alınmaqla, proqrama “Bulud təhlükəsizliyi”, “Elektronika və IoT cihazların təhlükəsizliyi”, “Sənaye idarəetmə sistemlərinin təhlükəsizliyi” və s. bu kimi yeni ixtisas fənləri daxil edilib. Tədris olunan fənlər və peşə kompetensiyaları arasında əlaqələrin göstərilməsi, tələbələrin ixtisasları barədə geniş təsəvvürünün yaradılması üçün ixtisasa giriş məqsədi daşıyan “İnformasiya təhlükəsizliyinin əsasları” fənninin tədrisi birinci kursun ilk semestrində nəzərdə tutulur. “Mühəndis etikası”, “İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyin hüquqi aspektləri” fənləri də proqramda xüsusi yer alır. Qeyd olunanlarla yanaşı, ölkəmizdə proqram təminatı kodlarının təhlükəsizliyinin təmin edilməsi sahəsində yaranmış kadr ehtiyacının ödənilməsi məqsədilə “Təhlükəsiz proqramlaşdırma”, “Nüfuzetmə sınaqlarının əsasları”, “Verilənlər bazalarının təhlükəsizliyi” və s. bu kimi zəruri ixtisas fənlərinin də proqram çərçivəsində tədrisi nəzərdə tutulub. Yeni proqramda əmək bazarı subyektləri ilə əlaqələrin yaxşılaşdırılması, proqramın əmək bazarının mövcud tələbləri ilə uzlaşdırılması, tələbələrin müvafiq peşə ixtisasına aid aktual məsələlərə dair məlumatlılığının təcrübə əsasında artırılması məqsədi üçün ustad dərsləri də planlaşdırılır. Ustad dərsləri həm yerli və həm də xarici əmək bazarından yüksək ixtisaslı mütəxəssislərin cəlb olunması vasitəsilə təşkil olunacaq. Proqramda bir çox yeniliklərin olduğu nəzərə alınaraq, ali təhsil müəssisələri və əmək bazarı subyektləri arasında koordinasiya işinin təşkil edilməsi, həmçinin mütəmadi olaraq beynəlxalq təcrübəyə əsaslanan metodiki dəstəyin verilməsi üçün Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) ilə birgə fəaliyyət perespektivləri nəzərdə tutulub. Bakalavriat səviyyəsinin “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə yeni təsdiq olunmuş təhsil proqramı 2022-2023-cü tədris ilindən etibarən tətbiq ediləcək.
01/08/2022 16:30
Peşə təhsili müəssisələrinə tələbə qəbuluna başlanılıb
Avqustun 1-dən peşə təhsili müəssisələrinə 2022-2023-cü tədris ili üzrə tələbə qəbuluna start verilib. Peşə təhsili almaq istəyən şəxslər 1-12 avqust tarixlərində portal.edu.az üzərindən qeydiyyatdan keçərək “Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu” xidməti vasitəsilə müraciət edə bilərlər. Qeydiyyatdan keçmiş müraciətçilərin elektron ərizələrindəki məlumatların doğruluğu yoxlanıldıqdan sonra iştirakçının ixtisaslar üzrə seçimi sistem tərəfindən təsdiqlənir. Qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında həyata keçirilir. Tələbə qəbulu prosesində iştirak edən hər bir şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır. Qeyd edək ki, 2022-2023-cü tədris ili üzrə tələbə qəbulu 66 peşə təhsili müəssisəsində 127 ixtisas olmaqla 23 340 yer üzrə aparılır. Ayrılan plan yerlərində ötənilki rəqəmlərlə müqayisədə 10 faiz artım var.
01/08/2022 16:00
Elm və təhsil naziri Şamaxıda vətəndaşları qəbul edəcək
Elm və təhsil naziri Emin Əmrullayev 24 avqust 2022-ci il tarixində Şamaxı şəhərində Şamaxı, Qobustan, Ağsu və İsmayıllı rayonlarında qeydiyyatda olan sakinləri qəbul edəcək. Qəbulda qeyd olunan rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər. Qeyd olunan şəhər və rayonların sakinləri 1 – 15 avqust 2022-ci il (saat 18:00-dək) tarixlərində Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-6 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng, elektron (https://edu.gov.az/az/contact_us) və rəsmi "Whatsapp" xidmətinə (0512067848) müraciət etməklə qəbula yazıla bilərlər. Qəbulda yalnız yuxarıda göstərilən tarixlərdə müraciət etmiş şəxslər iştirak edəcək. Müvafiq qaydada müraciət etmiş və adları qəbula yazılanlar siyahısında olan şəxslər qəbulun keçirildiyi otağa şəxsiyyət vəsiqəsi əsasında buraxılacaqlar.
01/08/2022 15:25
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
Milli iradənin zəfərini təcəssüm etdirən Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edirik. #15İyun #QurtuluşGünü #Azərbaycan
ƏtraflıSumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyində "Son zəng" #TəhsilTV #SonZəng
ƏtraflıŞağan və Mərdəkanda "Son zəng" tədbiri
Ətraflı