Beynəlxalq Olimpiya Gününə həsr olunmuş tədbir keçirilib
Oktyabrın 26-da Respublika Olimpiya Mərkəzində Milli Olimpiya Komitəsinin (MOK) təşkilatçılığı ilə Beynəlxalq Olimpiya Gününə həsr edilmiş tədbir keçirilib. Tədbirdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Olimpiya Komitəsinin vitse-prezidentləri Çingiz Hüseynzadə və Zemfira Meftaxetdinova, MOK-un baş katibi Azər Əliyev, olimpiya çempionları, idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə 1996-cı ildən hər il Beynəlxalq Olimpiya Gününün qeyd olunduğunu bildirib, ölkəmizdə idmanın yüksəliş dövründən, idmançılarımızın olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında böyük qələbələr əldə etməsindən danışıb. Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov tədbir iştirakçılarını salamlayaraq qalib bir ölkənin vətəndaşları kimi belə tədbirlərdə iştirakın qürurlu hal olduğunu qeyd edib, idmanın yetişməkdə olan gənc nəslin sağlamlığının təmin olunmasında, onların vətənpərvərlik hisslərinin tərbiyəsində xüsusi əhəmiyyət daşıdığını bildirib. Firudin Qurbanov ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısı və idmançılarımızın olimpiya oyunlarında əldə etdikləri nailiyyətlərdən danışıb, yarış iştirakçılarına uğurlar arzulayıb. Rəsmi çıxışlardan sonra 200 nəfərdən artıq müəllim və şagirdin iştirakı ilə əyləncəli idman yarışı təşkil olunub, qaliblərə mükafatlar təqdim edilib. Sonda xatirə fotosu çəkdirilib.
26/10/2023 17:00
Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul barədə məlumat!
Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinin keçiriləcəyi vaxt və məkan barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. Müsahibə mərhələsində namizədlərə ünsiyyət və təqdimatetmə, liderlik, idarəetmə bacarıqları, həmçinin məktəbəqədər təhsil sahəsində pedaqoji və metodiki hazırlıq səviyyəsinin ölçülməsinə dair suallar təqdim edilir. Müsahibə mərhələsində 3 meyar üzrə maksimum bal 5-dir. Minimum 3,5 bal və daha yüksək nəticə göstərən namizədlər bu mərhələdə uğur qazanacaqlar. Qeyd edək ki, 171 namizəd müsahibə mərhələsində iştirak şansı qazanıb.
26/10/2023 15:56
“Maarifçi” tələbə-məzun təcrübə proqramına qeydiyyat davam edir
Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondunun təşəbbüsü ilə həyata keçirilən “Maarifçi” tələbə-məzun təcrübə proqramına qeydiyyat prosesi davam edir. Elm və təhsil sahəsində karyera qurmağı hədəfləyən, təhsil sahəsinə dair müasir yanaşmaları öyrənmək və təhsil islahatları prosesinin iştirakçısı olmaq istəyən şəxslər “Maarifçi” proqramına qoşulmaqla Elm və Təhsil Nazirliyində, həmçinin qurumlarında təcrübə keçmək imkanı əldə edəcəklər. Daha ətraflı məlumatı müvafiq linkdən əldə edə bilərsiniz: linktr.ee/maarifchi
26/10/2023 11:00
24 931 tələbəyə təhsil krediti verilib
2023–2024-cü tədris ilinin payız semestri üçün təhsil tələbə krediti (TTK) üzrə qeydiyyat prosesi davam edir. Tələbələr Təhsil Tələbə Krediti Fondunun 146 – 5 Çağrı Mərkəzinə zəng etməklə, eləcə də fondun www.e-ttkf.edu.az portalı, 051 206 78 48 “WhatsApp” nömrəsi və sosial şəbəkələrdəki səhifələri üzərindən müraciətlərini ünvanlaya bilərlər. Qeyd edək ki, bu günədək ümumilikdə 24 931 tələbənin müraciəti rəsmiləşdirilib. Kredit ayrılmış 9 002 nəfər sosial, 15 929 nəfər isə standart TTK-dan yararlanıb.
25/10/2023 15:38
Direktorların işə qəbulu üzrə müsahibələrə başlanılır
Oktyabrın 27-dən şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə start veriləcək. 27-28 oktyabr tarixlərində müsahibə mərhələsində iştirak edəcək namizədlərin şəxsi səhifələrinə məlumat göndərilib. Digər namizədlərə müsahibə mərhələsinin qrafiki barədə mərhələli şəkildə məlumat veriləcək. Qeyd edək ki, müsahibə mərhələsi əyani formatda Bakı şəhəri 202 nömrəli tam orta məktəbdə keçiriləcək. Hər günün sonunda müsahibə nəticələri namizədlərin şəxsi səhifələrinə göndəriləcək.
24/10/2023 11:20
Rəqəmsal bacarıqlar – informatika fənninin fərqli formatda tədrisi
2023–2024-cü tədris ilində “Rəqəmsal bacarıqlar” layihəsi 410 000 nəfərədək şagird və 4 500-dən çox müəllimi əhatə edir. Cari tədris ilində layihəyə 110 000-ə yaxın məktəbli cəlb olunub. Layihə hazırda 53 şəhər və rayon olmaqla ümumilikdə 532 məktəbdə tətbiq edilir. Layihə çərçivəsində yeni tədris ilində 28 məktəbdə 10 və 11-ci siniflər üçün informatikayönümlü tədrisin aparılması məqsədilə “Rəqəmsal bacarıqlar” təmayül sinifləri yaradılıb. Sözügedən siniflərdə 700-dən çox şagird təhsil alır. Onlardan 580 nəfəri 10-cu sinif şagirdləridir. 2021–2022-ci tədris ilindən layihə çərçivəsində informasiya texnologiyaları sahəsində təhsilini davam etdirmək istəyən 10-cu siniflər üçün informatika fənninin dərindən tədris olunduğu ixtisaslaşdırılmış siniflər açılıb. Bu siniflərdə informatika dərsləri həftədə 5 dəfə keçirilir. Dərs zamanı tələbələrə “Python”da alqoritmlər, verilənlərin strukturu, oyun dizaynı, veb-dizayn, 3D modelləşdirmə və şəhər dizaynı, robototexnika və kodlaşdırma kimi istiqamətlər tədris olunur. Qeyd edək ki, “Rəqəmsal bacarıqlar” layihəsi Elm və Təhsil Nazirliyinin “Alqoritmika” beynəlxalq proqramlaşdırma məktəbi ilə əməkdaşlığı çərçivəsində 2017–2018-ci tədris ilindən tətbiq edilir. Layihənin məqsədi şagirdlərə alqoritmik və məntiqi təfəkkür, layihə hazırlama bacarıqları, həmçinin proqramlaşdırmanın əsaslarını öyrətməkdir.
24/10/2023 10:49
Məsud Əfəndiyevin 70 illik yubileyi münasibətilə beynəlxalq konfrans
Oktyabrın 23-də “Biologiya, ekologiya, fizika və mexanikada qeyri-xətti təzahür” mövzusunda beynəlxalq konfransın açılış mərasimi keçirilib. Konfrans Elm və Təhsil Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkilatçılığı ilə Əməkdar elm xadimi, Almaniyanın Münhen Texniki Universitetinin professoru, Humbolt mükafatı alan ilk azərbaycanlı alim, fizika-riyaziyyat elmləri doktoru Məsud Əfəndiyevin 70 illik yubileyinə həsr olunub. Tədbir iştirakçıları öncə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək önünə əklil və gül dəstələri qoyub, ulu öndərin əziz xatirəsini ehtiramla yad ediblər. UNEC-də təşkil olunan konfransın açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, UNEC-in rektoru Ədalət Muradov, dövlət qurumlarının rəhbərləri, rektorlar, həmçinin dünyanın müxtəlif ölkələrindən olan alim və yubilyarın dostları iştirak ediblər. UNEC-in rektoru Ədalət Muradov açılış nitqi ilə çıxış edərək iştirakçıları salamlayıb, dünyaşöhrətli azərbaycanlı alim Məsud Əfəndiyevin 70 illik yubileyinin rəhbərlik etdiyi ali məktəbdə qeyd olunmasını əlamətdar hadisə adlandırıb. Elm və təhsil naziri Emin Əmrullayev Məsud Əfəndiyevi 70 illik yubileyi münasibətilə təbrik edib və ona uğurlar arzulayıb. Alimin yubileyini doğma vətənində keçirməsinin əhəmiyyətini vurğulayan nazir bu addımın gənc nəslə vətənpərvərlik hissinin aşılanması baxımından önəmli olduğunu qeyd edib. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Məsud Əfəndiyevin uzun illər Almaniyada yaşamasına baxmayaraq, həmişə vətəninin, xalqının inkişafı üçün çalışdığını diqqətə çatdırıb. Yubiley tədbiri Kanadanın Fields İnstitutunun direktoru Xumar Murtu, Gürcüstanın keçmiş elm və təhsil naziri Mixeil Çxenkeli, Toronto Beynəlxalq Biznes Universitetinin rektoru Feridun Hamdilahpur, tədbirə onlayn qoşulan kimya üzrə Nobel mükafatı laureatı Ariel Varşel, professor Roald Saqdeyev, Aleksandr von Humbolt Fondunun Sponsorluq və şəbəkə departamentinin rəhbəri Steffen Mehliçin çıxışları ilə davam edib. Çıxış edənlər azərbaycanlı alimin riyaziyyat elminə verdiyi töhfələrdən danışıblar. Sonda Məsud Əfəndiyev göstərilən diqqət və xoş sözlərə görə təşəkkürünü bildirib. Qeyd edək ki, konfrans oktyabrın 26-na kimi panel müzakirələrlə davam edəcək.
23/10/2023 17:12
“Ulduz” futbol akademiyasının açılış mərasimi keçirilib
Oktyabrın 23-də Xəzər rayonunun Şağan qəsəbəsində “Ulduz” futbol akademiyasının açılış mərasimi keçirilib. Açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, gənclər və idman nazirinin müavini Mariana Vasileva, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş katibi Sərxan Hacıyev, “Ulduz” futbol akademiyasının direktoru Mehman Əlimov və digər qonaqlar iştirak ediblər. Tədbirdə əvvəlcə akademiyanın tərkibində fəaliyyət göstərən komandalar ictimaiyyətə təqdim olunub. Mərasimi giriş sözü ilə açan Mehman Əlimov “Ulduz” futbol akademiyası haqqında məlumat verib. Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov “Ulduz” futbol akademiyasının fəaliyyətinin nazirlik tərəfindən dəstəkləndiyini bildirib və burada çıxış edən uşaqların gələcəkdə böyük nailiyyətlər qazanacaqlarına əminliyini ifadə edib. Elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında ölkə başçısı tərəfindən idmana xüsusi diqqət, qayğı göstərildiyindən, belə akademiyaların fəaliyyətə başlamasının əhəmiyyətindən bəhs edib, həmçinin buradakı uşaqların Azərbaycan futbolunun inkişafına töhfə verəcəklərini vurğulayıb. Digər çıxışçılar da öz növbələrində akademiyanın önəmindən bəhs ediblər və iştirakçılara uğurlar arzulayıblar. Rəsmi çıxışlardan sonra isə “Ulduz” futbol akademiyası ilə bağlı videoçarx nümayiş etdirilib.
23/10/2023 12:00
Bu gün şagirdlərin elektron yerdəyişməsi prosesi başlanır
Bu gün saat 15:00-dan 2-11-ci sinif şagirdlərinin elektron yerdəyişməsi prosesinə start verilir. Şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçiriləcək. Eyni zamanda müxtəlif səbəblərdən 10-cu siniflərə qeydiyyat üçün gecikən şagirdlər 23 – 31 oktyabr tarixləri arasında ümumi təhsil müəssisələrinə qəbul üçün müraciət edə bilərlər. Qeyd edək ki, 10-cu siniflərə şagirdlərin qəbulu da şagird yerdəyişməsi elektron sistemi (www.sy.edu.az) vasitəsilə aparılacaq.
23/10/2023 09:58
Nazirliyin nümayəndə heyəti Türkiyədə ümummilli liderin 100-cü ildönümünə həsr olunan konfransda iştirak edib
Elm və Təhsil Nazirliyinin nümayəndə heyəti Azərbaycan Respublikasının Qarsdakı Baş Konsulluğu və Türkiyənin Qafqaz Universiteti tərəfindən keçirilən beynəlxalq konfransda iştirak edib. Konfrans ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunub. Konfransda Qafqaz Universitetinin rektoru Hüsnü Kapu, baş konsul Nuru Quliyev, Azərbaycan Respublikasının Ankaradakı səfirliyinin təhsil məsələləri üzrə müşaviri Nəcibə Nəsibova, eyni zamanda nümayəndə heyətinin üzvləri – nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin sektor müdiri Müjdat Həsənov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin prorektoru Qasım Məmmədov, Azərbaycan Dövlət İqtisad Universitetinin prorektoru Gəray Musayev, Azərbaycan Dillər Universitetinin prorektoru Jalə Qəribova və Bakı Dövlət Universitetinin prorektoru Hüseyn Məmmədov iştirak ediblər. Konfransda iştirak edən professor-müəllimlər tərəfindən “Heydər Əliyev və türk dünyası” mövzusunda müzakirələr aparılıb. Müzakirələrdə ulu öndərin sözügedən istiqamətdə gördüyü işlər, Azərbaycan – Türkiyə qardaşlığı, hər iki ölkə arasında təhsil sahəsindəki əməkdaşlıq nailiyyətləri haqqında danışılıb, eləcə də universitetin Azərbaycan dili və ədəbiyyat departamentində mövcud olan eyni adlı ixtisasın əhəmiyyəti vurğulanıb. Konfrans ərzində universitetin nəzdindəki Heydər Əliyev Azərbaycan Elmi Araşdırmalar Mərkəzində yaradılan şəraitlə də tanışlıq olub. Nümayəndə heyəti Qars şəhərindəki Heydər Əliyev adına Anadolu texniki-peşə liseyinə baxış keçirib, həmçinin Türkiyənin Milli Təhsil Nazirliyinin Qars Şəhər İdarəsinin rəhbəri ilə görüşüb.
20/10/2023 17:32
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
? 2026–2027-ci tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır. ?️ Elektron sənəd qəbulu mərhələsi 3-10 iyun tarixlərini əhatə edəcək. ℹ️ Qeyd edək ki, müsabiqədə iştirak etmək istəyən şəxslər “Digital Login” əldə etdikdən sonra 3 iyun saat 11:00-dan 10 iyun saat 11:00-dək www.miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər. #ElmVəTəhsilNazirliyi #EduAz #Müəllim #İşəQəbul #MİQ2026
ƏtraflıAli təhsil müəssisələrinin tələbələri arasında debat turniri təşkil olunacaq
Ətraflı? Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti 16 iyun 2026-cı il saat 17:00-dək uzadılır. ? Qeyd edək ki, müsabiqədə ümumi təhsil müəssisələrində Azərbaycan dilinin tədrisi üzrə ən azı 3 il pedaqoji staja malik olan və yaşı 60-dan çox olmayan şəxslər iştirak edə bilərlər. Müsabiqəyə təqdim olunacaq layihə sənədlərinin qəbulu ?grants@edu.gov.az elektron poçtu vasitəsilə həyata keçirilir. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #AzərbaycanDili
Ətraflı