Məktəbəqədər təhsildə alternativ modellərin tətbiqinə başlanılır
Məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi, müxtəlif səbəblərdən məktəbəqədər təhsillə əhatə oluna bilməyən uşaqların cəlb edilməsi Elm və Təhsil Nazirliyinin əsas strateji hədəflərindəndir. Bu məqsədlə nazirlik tərəfindən alternativ modellərin tətbiqi nəzərdə tutulur. İlk dəfə həyata keçirilən “Alternativ məktəbəqədər təhsil xidmətlərinin təşkili” pilot qrant proqramı da həmin istiqamətdə görülən işlərdən biridir. Qeyd edilən proqrama 19 layihə təqdim edilib və onlardan 16-sı qrant qazanıb. Qrant qazanmış layihələr Bakı, Naxçıvan, Astara, Füzuli, Göygöl, Lənkəran, Masallı, Şəki, Şirvan, Zaqatala üzrə olmaqla ümumilikdə 16 rayon və şəhəri əhatə edir. İl ərzində həyata keçiriləcək layihələrin əsas benefisiarları müxtəlif səbəblərdən məktəbəqədər təhsillə əhatə oluna bilməyən uşaqlardır. Layihələr çərçivəsində uşaqların alternativ təhsil modellərinin köməyi ilə məktəbəqədər təhsilə cəlb edilməsi təmin olunacaq. Müsabiqənin yekunlarını əks etdirən cədvəllə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür. Qrant qazanmış layihələrin siyahısı
18/01/2024 10:21
Elm və təhsil nazirinin Göyçaydakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Elm və təhsil naziri Emin Əmrullayevin 26 yanvar tarixində Göyçay rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib. Belə ki, qəbul yanvarın 22-də keçiriləcək. Qəbulda Göyçay, Mingəçevir, Yevlax, Ağdaş, Ucar, Kürdəmir və Zərdab sakinlərinin iştirakı nəzərdə tutulub. Qeyd edək ki, qəbulda yalnız müvafiq qaydada müraciət etmiş şəxslər iştirak edəcəklər.
18/01/2024 09:30
Elm və təhsil naziri Qırğız Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb
Yanvarın 17-də elm və təhsil naziri Emin Əmrullayev Qırğız Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmonaliyev ilə görüşüb. Görüşdə iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
17/01/2024 17:51
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əməkdaşlarına dövlət təltifləri təqdim edilib
Yanvarın 16-da Elm və Təhsil Nazirliyində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) bir qrup əməkdaşına dövlət təltifləri təqdim edilib. Təqdimat mərasimində çıxış edən elm və təhsil naziri Emin Əmrullayev ali təhsil müəssisəsinin kollektivini salamlayaraq dövlət təltiflərinin verilməsini onlara göstərilən böyük etimad kimi dəyərləndirib. Elm və təhsil sahəsində gələcəyə baxışdan danışan Emin Əmrullayev bildirib ki, bu gün mədəniyyət və incəsənət üzrə Azərbaycan təhsilinin nailiyyətləri qürur duyula biləcək qədər böyükdür. Bu da sözügedən sahələr üzrə çalışan sənətkar, alim və müəllimlərin əməyinin nəticəsidir. Sonda elm və təhsil naziri müəssisənin professor-müəllimlərini yüksək dövlət mükafatlarına layiq görülmələri münasibətilə təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Daha sonra universitet əməkdaşlarına dövlət təltifləri təqdim olunub. Sonda çıxış edən rektor Ceyran Mahmudova, həmçinin universitet əməkdaşları onlara göstərilən yüksək diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı əsasında ADMİU-nun 100 illiyi münasibətilə müəssisənin 7 əməkdaşı Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu, 3 əməkdaşı 3-cü dərəcəli “Əmək” ordeni, 15 nəfər isə “Tərəqqi” medalı ilə təltif edilib. Sərəncam əsasında həmçinin Azərbaycanda təhsilin inkişafında xüsusi xidmət və peşəkarlığına görə universitetin rektoru Ceyran Mahmudovaya “Əməkdar incəsənət xadimi”, universitetin 9 müəlliminə “Əməkdar müəllim” fəxri adı verilib. Universitetin 4 əməkdaşına isə ölkədə təhsilin inkişafında uzunmüddətli və səmərəli fəaliyyətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib. Təltif olunanlar
16/01/2024 16:30
“THE Impact 2024” reytinqində iştirak edən Azərbaycan universitetlərinin sayı artır
Dünyanın nüfuzlu reytinq təşkilatlarından biri “Times Higher Education” (THE) tərəfindən dərc olunan “THE Impact 2024”də iştirak edən Azərbaycan universitetlərinin sayı 2 dəfədən çox artıb. Ötən il ölkəmizdən 8 universitetin iştirak etdiyi qiymətləndirmədə bu göstərici cari ildə 18-ə yüksəlib. Ali təhsil müəssisələrinin Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə töhfəsinin ölçüldüyü “THE Impact” reytinqində qiymətləndirmə 4 əsas istiqamət üzrə aparılır: tədqiqat, idarəetmə, maarifləndirmə və tədris. Qiymətləndirmədə təhlil olunan meyarlardan biri də universitetlərin davamlı inkişaf, o cümlədən iqlim dəyişikliyi ilə mübarizə sahələrində fəaliyyətidir. Qeyd edək ki, cari ilin iyun ayında Tailandın paytaxtı Banqkok şəhərində keçiriləcək Davamlı İnkişaf Konqresində “THE Impact 2024” reytinqinin nəticələri elan ediləcək.
12/01/2024 17:28
Son 4 ildə “Scopus”da ən çox elmi işi dərc olunan universitetlər
2020–2023-cü illər ərzində “Scopus”da indekslənən jurnallarda dərc olunan elmi işlərin təhlilinə əsasən, Elm və Təhsil Nazirliyinə tabe 5 universitetin göstəricilərini təqdim edirik: Nəticələrə əsasən, Bakı Dövlət Universiteti son 4 ildə 2627 məqalə sayı ilə ən yüksək nailiyyət göstərib. Universitet qeyd olunan illər ərzində elmi məqalələrin sayına görə həm də Cənubi Qafqaz regionunda lider mövqe tutub. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) və Azərbaycan Texniki Universiteti (AzTU) dərc olunan məqalələrin sayında hər il ardıcıl artım nümayiş etdirib. BDU, ADNSU və ADİU həm də ölkə üzrə ilk üçlükdə yer alıb. Qeyd olunan ali təhsil müəssisələrinin elmi nəşrlərinin sayı 2023-cü ildə əhəmiyyətli dərəcədə artıb. Bu illərdə həmin universitetlərdən 5157 tədqiqat işi bazaya daxil edilib.
12/01/2024 17:00
Təhsil arayışlarını elektron şəkildə əldə etmək mümkündür!
Hazırda Elm və Təhsil Nazirliyi tərəfindən bütün təhsil pillələri üzrə kağız daşıyıcıda verilən bir çox arayışlar elektron şəkildə təqdim olunur. İstifadəçilər https://portal.edu.az/ portalının “Elektron arayışlar” xidməti vasitəsilə aşağıdakı arayış növlərini əldə edə bilirlər: ali təhsil pilləsində təhsil almaq barədə arayış (hazırda təhsil alanlar); orta ixtisas təhsili pilləsində təhsil almaq barədə arayış (hazırda təhsil alanlar); peşə təhsili pilləsində təhsil almaq barədə arayış (hazırda təhsil alanlar); Dövlət Proqramı əsasında xaricdə təhsil almaq barədə arayış (hazırda təhsil alanlar); Dövlət Proqramı əsasında xaricdə təhsil müəssisəsindən məzun olmaq barədə arayış; müəllimlərin işə qəbulu və diaqnostik qiymətləndirilməsi üzrə imtahan nəticələrinə dair arayış. Sözügedən elektron arayışların alınması proseduru çox sadədir. Belə ki, https://portal.edu.az/ portalında qeydiyyatdan keçən istifadəçilər “Şəxsi kabinet”in elektron xidmətlər pəncərəsindən “Arayış əldə etmək üçün müraciət” bölməsini seçərək müvafiq arayış növü üzrə müraciət göndərirlər. Elektron arayışlar portalda avtomatik formalaşdırılır. Vətəndaşlar arayışı elektron formada və ya çap edərək aidiyyəti qurumlara təqdim edə bilirlər. Eyni zamanda Elm və Təhsil Nazirliyinin rəsmi saytında (https://edu.gov.az/az/yoxla) elektron arayışın identifikasiya nömrəsi və müraciətçinin doğum tarixini yazmaqla sənədin həqiqiliyini yoxlamaq, yükləmək və çap etmək mümkündür. Bununla yanaşı, ümumi və tam orta təhsil haqqında attestat, diplom və dövlət proqramları vasitəsilə xaricdə təhsil barədə məlumatlar qeyd olunan arayışları "myGov" portalından əldə etmək mümkündür.
11/01/2024 17:00
Şagird yerdəyişməsi müvəqqəti dayandırılır
10 yanvar saat 17:00-dan 2023–2024-cü tədris ilinin I yarımili üzrə şagirdlərin yerdəyişməsi prosesi müvəqqəti dayandırılır. Tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq, XI sinif üzrə yerdəyişmə prosesi tədris ilinin sonunadək aktiv edilməyəcək. Məktəbəhazırlıq qrupları və I-X siniflər üzrə elektron yerdəyişmə prosesinin yenidən başlanılacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
10/01/2024 12:30
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuraya seçkilər davam edir
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuraya seçkilər davam edir. İctimai Şuraya üzvlüyə namizədlərin və seçkidə iştirak edəcək seçicilərin qeydiyyatı üçün sənədlərin qəbulu shura@edu.gov.az poçt ünvanına göndərilməklə aparılır. Sənədlərin qəbul müddəti 31 yanvar 2024-cü il tarixində başa çatacaq. Ətraflı məlumatla elan vasitəsilə tanış ola bilərsiniz.
09/01/2024 14:28
SABAH qruplarında işləmək istəyənlərin nəzərinə!
“SABAH qrupları” layihəsinin bakalavriat və magistratura səviyyələrində 2023–2024-cü tədris ilinin yaz semestri üçün professor-müəllim heyəti və mütəxəssislərin saathesabı qaydada işə qəbulu həyata keçirilir. Müsabiqədə iştirak üçün son müraciət tarixi 14 yanvar saat 23:59 müəyyən edilib. Müsabiqə barədə ətraflı məlumatı https://sabah.edu.az/az linki üzərindən "Tədbirlər və elanlar" bölməsinə daxil olaraq əldə edə bilərsiniz.
08/01/2024 14:49
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
1 il əvvəl -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
1 il əvvəl
"Təhsilin keyfiyyəti şagirdin nəticəsidir" | Emin Əmrullayev #TəhsilTV #EminƏmrullayev #Nazir #Çıxış #Məlumat
ƏtraflıSentyabrın 11-də 2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23296-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #YeniTədrisİli
Ətraflı? Bakı üzrə PISA nəticələrində yüksəliş PISA 2025 nəticələrinə əsasən, Bakı şəhəri üzrə hər üç istiqamətdə 2018-ci illə müqayisədə daha yüksək nəticələr qeydə alınıb. ? Riyazi savadlılıq: 420 → 460 bal (+40) ? Təbiət elmləri: 398 → 440 bal (+42) ? Oxu savadlılığı: 389 → 405 bal (+16) 2022-ci illə müqayisədə isə 2025-ci ildə Bakı üzrə: ? Riyazi savadlılıq üzrə 63 bal ? Təbiət elmləri üzrə 60 bal ? Oxu savadlılığı üzrə 40 bal artım qeydə alınıb. Beləliklə, 2025-ci ildə Bakı üzrə hər üç istiqamətdə nəticələr həm 2022-ci illə müqayisədə əhəmiyyətli artım göstərib, həm də 2018-ci il göstəricilərini üstələyib. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #PISA
Ətraflı