Futzal turnirinin bağlanış mərasimi
Martın 5-də Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr edilmiş tələbələr arasında futzal turnirinə yekun vurulub. III yer uğrunda mübarizədə Lənkəran Dövlət Universitetinin komandası Bakı Neft və Energetika Kollecinin komandasına qalib gəlib. Naxçıvan Dövlət Universitetinin komandası isə Mingəçevir Turizm Kollecinin komandasını məğlub edərək turnirin qalibi olub. Oyunlardan sonra yarış qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Tədbirdə Elm və Təhsil Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Azərbaycan Tələbə Futbol Federasiyası, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyi, Naxçıvan Dövlət Universitetinin rəsmi şəxsləri və veteran futbolçular iştirak ediblər. Bağlanış mərasimində çıxış edənlər Naxçıvan Muxtar Respublikasının yaranma tarixindən danışıb, turnirin ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında futzalın təbliğində, perspektivli idmançıların aşkar edilməsində, həmçinin idmanın yetişməkdə olan gənc nəslin sağlamlığının təmin olunmasında xüsusi əhəmiyyət daşıdığını bildiriblər. Çıxışlardan sonra turnirdə fərqlənən üç tələbə-futbolçu “Ən yaxşı müdafiəçi”, “Ən yaxşı qapıçı”, “Ən yaxşı oyunçu” nominasiyaları üzrə xüsusi mükafatla təltif olunub, qalib komandalara medal və pul mükafatı, çempion komandaya isə kubok təqdim edilib. Qeyd edək ki, Elm və Təhsil Nazirliyi, Azərbaycan Tələbə Futbol Federasiyasının təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə keçirilən turnirdə 19 ali və orta ixtisas təhsili müəssisəsinin komandaları iştirak ediblər. Turnirin keçirilməsində məqsəd Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyini qeyd etmək, ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin futzala marağını artırmaq, onlar arasında bu idman növünü təbliğ etmək, həmçinin tələbələrdən ibarət yığma komanda formalaşdırmaqdır.
05/03/2024 17:00
“Kod saatı: rəqəmsal gələcəyə addım 2023" müsabiqəsinin qalibləri mükafatlandırılıblar
Martın 4-də "Kod saatı" qlobal hərəkatı çərçivəsində “Kod saatı: rəqəmsal gələcəyə addım 2023” müsabiqəsinin qalibləri mükafatlandırılıblar. Müsabiqə Elm və Təhsil Nazirliyi ilə “Alqoritmika” beynəlxalq riyaziyyat və proqramlaşdırma məktəbi tərəfindən V-IX sinif şagirdləri üçün təşkil edilib. Tədbir Dövlət Himninin səsləndirilməsi və vətən uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsinin birdəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra “Kodlaşdırma üzrə açıq qapı günləri” və “Rəqəmsal gələcəyə addım” müsabiqələri ilə bağlı hesabat xarakterli videoçarx nümayiş etdirilib. Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Həsən Həsənli bildirib ki, "Kod saatı: rəqəmsal gələcəyə addım" şagirdlərimizin proqramlaşdırma bacarıqlarının müsabiqə əsasında yoxlanılması üçün ən böyük platformadır. Artıq 50-dən çox şəhər və rayon üzrə məktəblərdə tədris olunan "Rəqəmsal bacarıqlar" layihəsindən söz açan nazir müavini qeyd edib ki, layihə çərçivəsində 400 mindən çox şagird ən qabaqcıl bacarıqlara, səriştələrə yiyələnir. “Alqoritmika” beynəlxalq riyaziyyat və proqramlaşdırma məktəbinin təsisçisi Andrey Lobanov isə gənc proqramçıları maraqlı gələcəyin gözlədiyini diqqətə çatdırıb. Bildirilib ki, 2023–2024-cü tədris ilində həyata keçirilən “Kod saatı: rəqəmsal gələcəyə addım 2023" müsabiqəsinə 5-9-cu siniflər üzrə 28 157 şagird qoşulub. II mərhələyə keçən 4 min şagirddən 132 nəfəri finala vəsiqə qazanıb. Onlardan 62 nəfəri Bakı şəhərində, 70 nəfəri isə digər rayon və şəhərlərdə yerləşən məktəblərin şagirdidir. 2 kateqoriya üzrə keçirilən müsabiqədə 2 komanda III, 2 komanda II, 2 komanda isə I yerə layiq görülüb. Müsabiqə qaliblərinə mükafatlar təqdim olunub. Qeyd edək ki, respublika üzrə proqramlaşdırma müsabiqəsinin keçirilməsində məqsəd məktəblilər arasında kompüter elmlərini, proqramlaşdırmanı təbliğ etmək və gənc nəslin bu sahəyə marağını artırmaqdır.
04/03/2024 17:43
Elm və Təhsil Nazirliyində Səudiyyə Ərəbistanı Krallığı Təhsil Nazirliyinin nümayəndə heyəti ilə görüş keçirilib
Martın 4-də elm və təhsil nazirinin müavini Həsən Həsənli Səudiyyə Ərəbistanı Krallığı Təhsil Nazirliyinin ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüş keçirib. Görüş zamanı iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti, inkişaf perspektivləri müzakirə edilib.
04/03/2024 16:23
Vətəndaş müraciətlərinin statistikası
Fevralın 16-dan 29-dək Elm və Təhsil Nazirliyi və qurumlarına 20 497 vətəndaş müraciəti daxil olub. Müraciətlərin 14 230-u çağrı mərkəzləri, 686-sı sosial media, 2 284-ü "WhatsApp xidməti" vasitəsilə, 1 084-ü elektron, 1 027-si yazılı formada yönləndirilib. Vətəndaş qəbulu zamanı isə 1 186 müraciət qeydə alınıb. Müraciətlər şagirdlərin yerdəyişməsi, təhsil haqqı və güzəştlər, məktəbəqədər təhsil müəssisələrinə qəbul, təhsil tələbə krediti və digər məsələlərlə bağlı olub.
04/03/2024 12:52
Elm və Təhsil Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb
Martın 1-də Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında 2024–2026-cı illər üçün “Stipendium Hungaricum” proqramı çərçivəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Memorandum elm və təhsil nazirinin müavini Həsən Həsənli və Macarıstanın təhlükəsizlik siyasəti və enerji təhlükəsizliyi üzrə dövlət katibi Peter Staray tərəfindən imzalanıb. Memoranduma əsasən, “Stipendium Hungaricum” proqramı çərçivəsində Macarıstanda macar və ya xarici dildə təhsil almaq üçün Azərbaycan Respublikasının vətəndaşlarına illik 200 təqaüdün ayrılması nəzərdə tutulub. Bununla yanaşı, Azərbaycan tərəfi Macarıstan vətəndaşlarına ölkəmizin ali təhsil müəssisələrində Azərbaycan, ingilis və ya rus dilində təhsil almaq üçün hər il 10 təqaüd ayırır. Qeyd edək ki, Anlaşma Memorandumunun məqsədi uzunmüddətli perspektivdə iki ölkə arasında əməkdaşlığın genişləndirilməsinə dəstək göstərmək, bununla da biliklərə əsaslanan cəmiyyətin inkişafına və ali təhsil sahəsində faydalı əməkdaşlığa töhfə verməkdir.
01/03/2024 17:59
2024–2025-ci tədris ili üzrə “2022–2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində sənəd qəbulu başlayır
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində 2024–2025-ci tədris ili üzrə 1 mart 2024-cü il tarixindən sənəd qəbuluna start verilir. Sənəd qəbulu üçün son tarix 15 iyun 2024-cü il saat 23:59 müəyyən edilib. Sənəd qəbulu portal.edu.az üzərindən aparılır. Dövlət Proqramı çərçivəsində 2024–2025-ci tədris ili ilə əlaqədar prioritet ixtisas sahələrinə uyğun bakalavriat və magistratura təhsil proqramlarının nüfuzlu xarici ali təhsil müəssisələri üzrə siyahısı 13 noyabr 2023-cü il tarixində ictimaiyyətə təqdim edilib. Proqrama müraciət üçün əsas şərtlərdən biri məhz sözügedən siyahıda yer alan universitetlərdən müvafiq sahə və proqramlar üzrə qəbul sənədinin əldə edilməsidir. Namizədlər həmçinin müvafiq reytinq cədvəllərində universitetlər üzrə ilk 10-luqda yer almış ali təhsil müəssisələri tərəfindən təqdim olunan istənilən ixtisas sahəsi üzrə bakalavriat və ya magistratura proqramlarından əldə etdikləri qəbul sənədləri əsasında müsabiqədə iştirak edə bilərlər. Bununla yanaşı, bu il ilk dəfə mədəniyyət və incəsənət sahəsi üzrə nüfuzlu ali təhsil müəssisələri tərəfindən təqdim olunan bakalavriat və magistratura proqramları ilə bağlı namizədlərin müraciətləri qəbul ediləcək. Qeyd edək ki, 2024–2025-ci tədris ili üzrə qəbul nəticələrindən asılı olaraq, iyul ayında ikinci sənəd qəbulunun həyata keçirilməsi nəzərdə tutulur. Proqrama qəbulla bağlı müvafiq elan mətni ilə keçiddən tanış olmaq mümkündür.
01/03/2024 10:36
Elm və təhsil naziri media üçün brifinq keçirib
Fevralın 29-da elm və təhsil naziri Emin Əmrullayev media üçün brifinq keçirib. Brifinqdə Emin Əmrullayev aşağıdakı məsələləri xüsusi olaraq qeyd edib: - Qarabağ Universitetinin işçi heyəti Xankəndidə mənzillə təmin olunacaq. - Nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil almış şəxslərin Qarabağ Universitetində tədris prosesinə cəlbi nəzərdə tutulur. - Türkiyə–Azərbaycan Universitetində tədris prosesinə ilkin mərhələdə Türkiyədən Orta Şərq Texniki Universiteti, İstanbul Texniki Universiteti və Hacəttəpə Universiteti, Azərbaycandan isə Azərbaycan Texniki Universiteti tərəfdaş kimi cəlb olunacaq. - Növbəti tədris ilindən Türkiyə–Azərbaycan Universitetində texniki, texnoloji və mühəndislik ixtisasları üzrə 100 tələbənin qəbulu həyata keçiriləcək. - Həm Türkiyə–Azərbaycan, həm də Qarabağ Universitetində yeni tədris modelləri və ən yaxşı tələbə-müəllim kontingentinin formalaşdırılması hədəflənib. - “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində 21 ölkə üzrə 139 universitetdə 752 tələbə təqaüd almaq hüququ qazanıb. - Son 5 ildə (2019–2023) Q1 jurnallarda dərc olunan elmi işlərin sayı iki dəfə artıb. - Bu il riyaziyyat, Azərbaycan dili (rus bölməsi) və xarici dil fənlərini tədris edən müəllimlər sertifikatlaşdırma prosesinə cəlb olunacaqlar. - Məktəbdə təhlükəsizlik qaydaları, həmçinin qısnama ilə mübarizəyə dair təlimatlar tərtib olunur. Brifinqin sonunda media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.
29/02/2024 18:00
Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağı keçirilib
Fevralın 29-da AMEA-nın Rəyasət Heyətinin binasında Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağı keçirilib. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdir müavini Məhərrəm Əhmədov, elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev, Azərbaycan Elm Fondunun icraçı direktoru Mehriban İmanova, Azərbaycan Ağsaqqallar Şurasının sədri Eldar Quliyev, Türkiyə Elmi və Texnoloji Araşdırmalar Şurasının (TÜBİTAK) rəhbəri professor Hasan Mandal, AMEA-nın Rəyasət Heyətinin üzvləri, millət vəkilləri, AMEA-nın həqiqi və müxbir üzvləri, həmçinin əhatə etdiyi elmi müəssisə, təşkilatların direktorları və ali təhsil müəssisələrinin rektorları iştirak ediblər. Ümumi yığıncaqda əvvəlcə 2023-cü ilin yekunlarına həsr olunmuş sərgiyə baxış keçirilib. Tədbiri AMEA-nın prezidenti İsa Həbibbəyli açaraq ümumi yığıncağın gündəliyindəki məsələləri diqqətə çatdırıb. Ümumi yığıncaqda AMEA-nın prezidenti İsa Həbibbəylinin “AMEA-da yeniləşmə prosesləri: ilkin nəticələr və perspektivlər” mövzusunda məruzəsi dinlənilib. Akademik İsa Həbibbəyli AMEA-da gənclərin aktiv fəaliyyəti və onların stimullaşdırılması istiqamətində önəmli addımların atıldığını, bu məqsədlə akademiya mükafatının təsis olunduğunu söyləyib, gələcək elmi nəsillərin formalaşdırılması məqsədilə doktorantura təhsilinin keyfiyyətinin yüksəldilməsinin vacibliyini vurğulayıb. Sonra elm və təhsil naziri Emin Əmrullayevin “Elm siyasətinin reallıqları və perspektivləri” mövzusunda məruzəsi dinlənilib. Nazir qeyd edib ki, torpaqlarımızın işğaldan azad edilməsi, suverenliyimizin və ərazi bütövlüyümüzün tam bərpa edilməsi həm də Azərbaycan təhsili qarşısında böyük elmi imkanlar açır. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin fəaliyyətə başlamasının ötən ilin əsas uğurlarından biri olduğunu deyən Emin Əmrullayev elmin maliyyələşdirilməsi ilə bağlı bir sıra məqamlara toxunub, əsas prioritetlərdən birinin də ali təhsil müəssisələrinin reytinqlərinin yaxşılaşdırılması olduğunu bildirib. Nazir həmçinin Türkiyənin ali təhsil müəssisələrində fəaliyyət göstərən azərbaycanlı alimlərin respublikamızda elm və təhsilin inkişafına dəstək verə biləcəklərini deyib, bu istiqamətdə onlarla bir sıra müzakirələrin aparıldığını söyləyib. Daha sonra AMEA-nın birinci vitse-prezidenti Arif Həşimovun “AMEA-nın tabeliyində olan və əhatə etdiyi elmi müəssisələrin 2023-cü ilə dair hesabatı: mühüm elmi nəticələr və qarşıda duran vəzifələr” adlı məruzəsi dinlənilib. Bir sıra statistik rəqəmləri diqqətə çatdıran məruzəçi AMEA-nın elmi bölmələri üzrə 173 problemin 515 mövzusuna dair 1614 elmi-tədqiqat işinin aparıldığını, 180 mühüm elmi nəticənin alındığını, 42 işin tətbiq olunduğunu söyləyib. Bildirilib ki, təsərrüfat müqavilələrinə əsasən, 182 iş yerinə yetirilib, 11-i xarici olmaqla 72 patent alınıb, 17-si xarici alimlərlə birgə olmaqla 88 qrant layihəsi üzrə nəzərdə tutulmuş işlər başa çatdırılıb. 2023-cü ildə akademiyanın alimləri tərəfindən 500-ə yaxın kitab və monoqrafiya, 3000-ə yaxını xaricdə olmaqla (bunlardan 1000-ə yaxını “Web of Science” və “Scopus” bazalarına daxil olan impakt-faktorlu jurnallarda) ümumilikdə 9500-ə qədər məqalə və tezis nəşr etdirilib. Elmi işçilərin əsərlərinə 31000-ə yaxın istinad olunub. Sonra ümumi yığıncaqda Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun baş direktoru akademik Əli Abbasovun “Heydər Əliyev İli”: süni intellekt vasitəsilə elmi konfrans”, AMEA-nın Rəyasət Heyəti Aparatının Elektron akademiya şöbəsinin müdiri Fariz İmranovun “AMEA-da elektron hərəkat və yeni çağırışlar” mövzusunda məruzələri dinlənilib. Ümumi yığıncaqda həmçinin Türkiyə Elmi və Texnoloji Araşdırmalar Şurasının (TÜBİTAK) rəhbəri Hasan Mandal çıxış edib. Hasan Mandal BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP 29) Azərbaycanda keçiriləcəyinin əhəmiyyətini vurğulayıb, Türkiyənin bu məsələdə də ölkəmizin yanında olduğunu və tədbirin yüksək səviyyədə keçiriləcəyinə inamını bildirib. Tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimovun və AMEA-nın müşaviri akademik Yaqub Mahmudovun “AMEA-nın tabeliyində olan və əhatə etdiyi elmi müəssisələrin 2023-cü ildəki elmi fəaliyyətinə dair” məruzəsi ətrafında çıxışları da dinlənilib. Çıxışlardan sonra AMEA-nın Rəyasət Heyətinin elmi katibi Sərxan Xavəri ümumi yığıncağın qərar layihəsini səsləndirib.
29/02/2024 14:05
Ümumi təhsil müəssisələrində idman həftəsi
1 – 7 mart tarixlərində 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar elm və təhsil nazirinin müvafiq əmri ilə ölkənin bütün ümumi təhsil müəssisələrində idman həftəsi keçiriləcək. Layihə çərçivəsində tərtib edilmiş proqrama əsasən, məktəblilərin iştirakı ilə gündəlik gimnastik hərəkətlər, müsabiqələr, yarışlar, maarifləndirmə görüşləri, şagirdlərin mükafatlandırılması və digər tədbirlər təşkil ediləcək. Qeyd edək ki, "İdman həftəsi” layihəsinin keçirilməsində məqsəd şagirdlərin idmana olan marağını artırmaq və sağlam həyat tərzini təbliğ etməkdir. Layihə təhsilalanların sağlamlığının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyaların dayanıqlı olması, idman və bədən tərbiyəsinin inkişafı, həmçinin bu sahədə kütləviliyin təmin edilməsi istiqamətində təhsil sistemi qarşısında qoyulmuş hədəflər baxımından xüsusi əhəmiyyət kəsb edir.
29/02/2024 12:55
Qarabağ Universitetində ilk vakansiya!
Qarabağ Universitetində proqram rəhbəri vəzifəsi üzrə vakansiya elan edilib. Tələblərə cavab verən namizədlər müraciətlərini karabakh@edu.gov.az elektron poçt ünvanına göndərə bilərlər. Vakansiya üzrə son müraciət tarixi 15 mart 2024-cü ildir. Namizədlər ətraflı məlumatla elan vasitəsilə tanış ola bilərlər: Qarabağ Universitetində vakansiya – proqram rəhbəri Qeyd edək ki, Qarabağ Universiteti işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə yaradılıb. Universitet Xankəndi şəhərində fəaliyyət göstərəcək.
28/02/2024 18:00
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
1 il əvvəl -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
1 il əvvəl
"Təhsilin keyfiyyəti şagirdin nəticəsidir" | Emin Əmrullayev #TəhsilTV #EminƏmrullayev #Nazir #Çıxış #Məlumat
ƏtraflıSentyabrın 11-də 2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23296-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #YeniTədrisİli
Ətraflı? Bakı üzrə PISA nəticələrində yüksəliş PISA 2025 nəticələrinə əsasən, Bakı şəhəri üzrə hər üç istiqamətdə 2018-ci illə müqayisədə daha yüksək nəticələr qeydə alınıb. ? Riyazi savadlılıq: 420 → 460 bal (+40) ? Təbiət elmləri: 398 → 440 bal (+42) ? Oxu savadlılığı: 389 → 405 bal (+16) 2022-ci illə müqayisədə isə 2025-ci ildə Bakı üzrə: ? Riyazi savadlılıq üzrə 63 bal ? Təbiət elmləri üzrə 60 bal ? Oxu savadlılığı üzrə 40 bal artım qeydə alınıb. Beləliklə, 2025-ci ildə Bakı üzrə hər üç istiqamətdə nəticələr həm 2022-ci illə müqayisədə əhəmiyyətli artım göstərib, həm də 2018-ci il göstəricilərini üstələyib. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #PISA
Ətraflı