“Kod saatı: rəqəmsal gələcəyə addım 2022-ci il” müsabiqəsinin qalibləri mükafatlandırılıb
Dekabrın 26-da "Kod saatı" qlobal hərəkatı çərçivəsində Elm və Təhsil Nazirliyinin “Alqoritmika” beynəlxalq proqramlaşdırma məktəbi ilə birgə IV-IX sinif şagirdləri üçün təşkil etdiyi “Kod saatı: rəqəmsal gələcəyə addım 2022-ci il” respublika müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Tədbir Dövlət Himninin səsləndirilməsi və vətən uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov müsabiqənin əhəmiyyətindən danışıb və əlavə edib ki, informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi bir zamanda gənclərin rəqəmsal bacarıqlara yiyələnməsi olduqca vacibdir. “Rəqəmsal bacarıqlar”ın gələcəyə istiqamətlənmiş bir layihə olduğunu vurğulayan nazir müavini bildirib ki, müsabiqənin keçirilməsində əsas məqsəd qlobal “Kod saatı” hərəkatının davamı olaraq məktəblilər arasında kompüter elmləri və proqramlaşdırmanın təbliği, eləcə də gənc nəslin bu sahəyə olan marağının artırılmasıdır.
Firudin Qurbanov çıxışının sonunda qalibləri təbrik edib və uğurlar arzulayıb.
“Rəqəmsal bacarıqlar” layihəsinin rəhbəri Nilufər Rəhimova öz növbəsində müsabiqənin məqsədi və layihənin əhəmiyyəti barədə tədbir iştirakçılarına məlumat verib. Layihə rəhbəri qeyd edib ki, sözügedən layihə innovativ düşünən və texnoloji inkişafa töhfə verən yeni nəsil mütəxəssislərin hazırlanmasına və gələcəkdə yerli İT bazarının inkişafına dəstək olacaq.
Bildirilib ki, 54 şəhər və rayondan 20 000-ə yaxın şagird qeydiyyatdan keçməklə müsabiqənin I mərhələsində iştirak edib. Seçim mərhələsinin nəticələrinə əsasən 300 şagird finalda yarışıb. Onlardan 100 nəfəri isə regionları təmsil edir.
Sonra müsabiqənin bölgələr üzrə aparılmış seçim mərhələsini əks etdirən videoçarx nümayiş etdirilib, eləcə də şagirdlər və onların əl işləri ilə tanışlıq olub.
Sonda müsabiqənin qaliblərinə mükafatlar təqdim edilib.
Qeyd edək ki, “Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində 2017-2018-ci tədris ilindən etibarən ümumtəhsil məktəblərində informatika fənninin yeni formatda tədrisinə başlanılıb. Layihənin məqsədi təhsilalanların İKT bacarıqlarına dərindən yiyələnməsi, onların rəqabətqabiliyyətli, məntiqi və qeyri-standart düşüncə tərzinə malik şəxslər kimi formalaşmasını təmin etməkdir.
“Rəqəmsal bacarıqlar” layihəsi bu tədris ilindən 48 şəhər və region üzrə 418 məktəbdən olan 300 min şagirdi əhatə edir. 700-dən çox şagird isə yeni yaradılan "Rəqəmsal bacarıqlar" təmayül siniflərində təhsil alaraq informatikayönümlü tədrisə cəlb olunub.
1 il əvvəl
Digər xəbərlər
-
Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbula start verilir
26.11.2024 - 16:41 -
Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun nümayəndə heyəti ilə görüş
26.11.2024 - 14:00 -
Respublika fənn olimpiadalarına qeydiyyat başlayır
26.11.2024 - 12:30 -
Məktəbəqədər təhsil müəssisələrində müdir çalışmaq istəyənlərin nəzərinə!
25.11.2024 - 14:44 -
Məktəbəhazırlıq qrupları və 1-ci siniflərin yerdəyişməsinə başlanılıb
25.11.2024 - 11:00