COP29 – BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası
2024-cü ilin noyabr ayında Azərbaycan dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a ev sahibliyi edəcək.
COP29 (Conference of the Parties) Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasıdır. Hər il dünyanın hər yerindən hökumət nümayəndələri COP-da toplaşaraq iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində birgə səylər göstərmək üçün çağırışlar edirlər.
Azərbaycan 1995-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını (UNFCCC) təsdiq edib, 2000-ci ildə isə Çərçivə Konvensiyasına əlavə olan Kioto Protokoluna qoşulub. Həmin vaxtdan ölkəmiz qlobal iqlim dəyişmələrinə qarşı mübarizədə həm beynəlxalq, həm ölkə səviyyəli qabaqlayıcı tədbirlərlə fəal iştirak edir.
Son dövrlərdə bu istiqamətdə aparılan fəaliyyətlərdən biri Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”dir. Həmin 5 əsas prioritetdən biri isə “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən olunub. Eləcə də qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə 25 dekabr 2023-cü il tarixli Sərəncamla 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.
Ölkəmiz baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz, 2050-ci ilədək isə 40 faiz azaldılmasını hədəfləyir. Azərbaycan həmçinin elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir. Azərbaycanın enerji siyasətinin prioritetini isə yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli təşkil edir.
Prezident İlham Əliyev işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikasını yaşıl enerji zonası elan edib. Bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur.
Hazırda ölkəmizdə COP29-un yüksək səviyyədə təşkili üçün əhəmiyyətli tədbirlər həyata keçirilir. Bu tədbirlərdən biri də COP29 Təşkilat Komitəsinin yaradılmasıdır. Prezident İlham Əliyevin COP29 Təşkilat Komitəsinin tərkibinin təsdiq edilməsinə dair 13 yanvar 2024-cü il tarixli Sərəncamı ilə elm və təhsil naziri Emin Əmrullayev də komitə üzvləri siyahısındadır. Hazırda Elm və Təhsil Nazirliyi tərəfindən COP29-a hazırlıq çərçivəsində bütün təhsil pillələri, həmçinin elm sahəsi üzrə maarifləndirici, tədqiqat və təşviqat xarakterli tədbirlər həyata keçirilir.
Türk Dövlətləri Təşkilatı və Türk Akademiyasının nümayəndə heyətləri Füzuliyə səfər ediblər
“Yaşıl artım gündəliyində təhsil” konfransı keçirilib
VI İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı öz işinə başlayıb
Heydər Əliyevin 101-ci ildönümünə həsr olunmuş ağacəkmə mərasimi keçirilib
Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağı keçirilib