09.03.2018

Oxu bacarıqları yaxşılaşıb

“Mükəmməl” və “yüksək” səviyyəyə uyğun nəticə göstərmiş ibtidai sinif şagirdlərinin sayı 2 dəfə artıb

 

60 iştirakçı ölkədən (ştat, zona və s.) 340 mindən çox şagird, 330 min valideyn, 16 min müəllim, 12 min məktəb, 12 mətn və təxminən 180 sual. Bu rəqəmlər Azərbaycanın da qatıldığı  PIRLS-2016 - Oxu bacarığının inkişafı üzrə beynəlxalq tədqiqatın əhatə dairəsini göstərir.

Məlumat üçün qeyd edək ki, ibtidai təhsil səviyyəsinin sonunda şagirdlərin oxu bacarıqlarını qiymətləndirən beynəlxalq tədqiqat proqramı olan PIRLS 2001-ci ildən başlayaraq hər beş ildən bir keçirilir. Azərbaycan bu proqrama ilk dəfə 2011-ci ildə qoşulub və bu, ölkəmizin ikinci iştirakıdır. Təsadüfi seçim əsasında 170 ümumtəhsil məktəbi, 6000-dən çox şagird, 340 müəllim və 6000-dən çox valideynlə bu beynəlxalq tədqiqatda yer alan Azərbaycan özünəməxsus mövqeyi ilə seçilib. Keçək həmin mövqeyi ölkəmizə qazandıran PIRLS-2016 tədqiqatında iştirak edən 4-cü sinif şagirdlərinin nəticələrinə.

 

Təsadüfi seçim düzgün ortanı tapmağa xidmət edir

 

Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayevin sözlərinə görə, “Progress in International Reading Literacy Study” (PIRLS) - Oxu bacarığının inkişafı üzrə beynəlxalq tədqiqatında Azərbaycanın bütün bölgələrindən, əsasən də Bakı və Abşeron yarımadasındakı məktəblərdən seçilən şagirdlər iştirak edib.

 İştirakçılar kompüter proqramı vasitəsilə təsadüfi seçim əsasında müəyyənləşdirilib. Bu seçim üsulu şagirdləri təsadüfi müəyyənləşdirsə də, özü təsadüfən seçilməyib. E.Əmrullayev deyir ki, bu seçim üsulu düzgün orta nəticəni tapmağa xidmət edir. Odur ki, elan olunan nəticələr  ölkənin ümumi göstəricisi haqqında təsəvvür yaradır. Ancaq bu tədqiqatın nəticələri də mütləq deyil, 5 faiz xəta payı olan məlumat xarakterlidir.

 

PIRLS balı

 

Əsasən inkişaf etmiş ölkələrin şagirdlərinin qatıldığı bu qiymətləndirmə tədqiqatında ölkələr üzrə orta bal 500 olaraq müəyyən edilir.

PIRLS 300 balla 700 bal arasında dəyişir. Beynəlxalq tədqiqatın nəticələrini ifadə edən bu bal sistemində xüsusi yanaşma öz əksini tapıb. Belə ki, 500 bal 2001-ci ildə keçirilən tədqiqat nəticələrinə əsasən orta şagirdin göstəricisidir. Yəni, 500 bal toplayan şagird tədqiqatda iştirak edən şagirdlərin yarısından çox, yarısından az bal toplayıb.

Tədqiqat şagirdləri müxtəlif qruplara bölür. 300 baldan 400 bala qədər toplayanlar ən aşağı nəticə göstərənlərdir. Onlar  müəyyən səviyyəyə çata bilməyiblər. 400 baldan 475 bala qədər aşağı bal sayılır. PIRLS tədqiqatında 475-dən 550-yə qədər orta göstərici, 625-ə qədər yüksək və ondan yuxarı isə mükəmməl nəticə hesab olunur.

Bəs, bu səviyyələr nəyi ifadə edir? Aşağı səviyyəli şagird nəyi bacarmır, mükəmməl şagirdin oxu bacarığında üstünlüyünü göstərən meyarlar hansılardır?

Beləliklə, oxu qabiliyyətinin ölçülməsinə aşağıdan başlayaq. Belə məlum olur ki, aşağı nəticə göstərən şagird mətndə olan sadə faktları başa düşür. Amma elmi mətnlərdən heç nə anlamır. Orta səviyyəli şagird nəinki müəyyən mətnləri başa düşür, onlar arasında əlaqə də qurur. Ancaq mətni qiymətləndirib onun əsasında hər hansı ümumiləşdirmə və inteqrasiya apara bilmir. Yüksək qabiliyyətli şagirdə gəlincə, mətni başa düşür, faktlar arasında əlaqə qura bilir, izahedici, inteqrasiyaedici məsələləri bilir, amma mətni qiymətləndirərkən, ona münasibət bildirərkən çətinlikləri ortaya çıxır. Mükəmməl qiymətləndirilənlər bütün bacarıqlar üzrə ən yaxşı nəticə göstərənlərdir.

Maraqlıdır, bəs görəsən, mükəmməllər çoxdur, yoxsa oxuduğundan heç nə anlamayanlar?

Faizlə ifadə olunan rəqəmlərdən belə görünür ki, hərfi öyrənsə də, oxumaqda heç bir səviyyəyə çatmayanlar 4 faiz təşkil edir. Aşağı nəticə göstərənlər 15 faizdir. Orta səviyyəlilər 34, yüksək oxu bacarığına malik uşaqlar 37, mükəmməl şagirdlər isə 10 faizdir.

 

PIRLS 2016-da Azərbaycanın mövqeyi

 

Düşüncələrinizdən “Azərbaycan bu nəticələrlə neçənci yerdədir?” - şəklində bir sual keçə bilər. E.Əmrullayev deyir ki, PIRLS tədqiqatında bu məsələdə də fərqli yanaşma ortaya qoyulub. Yəni, tutaq ki, Azərbaycan  onunla eyni nəticə göstərən ölkə ilə tamamilə fərqli sırada yer ala bilər. PIRLS tədqiqatında yüksək nəticə göstərən ölkələr Rusiya, Sinqapur, Honkonq, İrlandiya olub. Gürcüstan, Belçikanın təmsil olunduğu ikinci qrup ölkələrə 472 balla Azərbaycan da çox yaxındır. Nisbətən aşağı qrupda yer alan ölkələr arasında Avropa İttifaqında təmsil olunan Maltanın, inkişaf etmiş Cənubu Afrikanın belə adı çəkilir.

 

5 ildə nə dəyişib?

 

Bəs, Azərbaycan PIRLS-ə qoşulduqdan sonra nə dəyişib? Aparılan tədqiqat göstərib ki, ümumilikdə 10 bal yaxşılaşma var.   

Azərbaycanlı şagirdlərin 2016-cı ildə oxu bacarıqları 2011-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 462 baldan 472 bala yüksəlib və ya 10 bal artıb.

Sevindirici haldır ki, PIRLS-2011 tədqiqatının nəticələri ilə müqayisədə azərbaycanlı şagirdlərin “mükəmməl” səviyyəyə daxil olan payı 0 faizdən 2016-cı ildə 2 faizə qədər artıb. “Yüksək” səviyyə üzrə isə şagirdlərin nəticələri 2011-ci illə müqayisədə 9 faizdən 16 faizə yüksəlib. Başqa sözlə, ölkə üzrə son 5 ildə “mükəmməl” və “yüksək” səviyyəyə uyğun nəticə göstərmiş ibtidai sinif şagirdlərinin sayı 2 dəfə artıb. Son tədqiqatın nəticələrinə görə, iştirakçı uşaqların hər 5 nəfərindən biri “yüksək” və ya “mükəmməl” nəticə göstərib. “Aşağı” səviyyəyə uyğun nəticə göstərmiş şagirdlərin payı 37 faizdən 27 faizə enib və ya 10 faiz azalıb.

 

Maraqlı reallıqlar

 

Tədqiqat Azərbaycan məktəblərində müşahidə olunan bəzi maraqlı faktları ortaya çıxarıb. Məsələn, tədqiqatda iştirak edən şagirdlərin 53 faizi oğlan, 47 faizi qızlar olub. Sayca oğlanlar üstünlük təşkil etsə də, qızların ümumi nəticəsi oğlanlardan daha yüksəkdir. Belə ki, 479 bal qızların, 466 bal oğlanların göstəricisidir. Birinci PIRLS tədqiqatında olduğu kimi, bu dəfə də qız şagirdlər oğlan şagirdlərdən üstün nəticələr göstərib. E.Əmrullayevin sözlərinə görə, Azərbaycan bu tədqiqatlara sadəcə qız şagirdlərlə qatılsaydı, nəticələrimiz orta göstəriciyə uyğun gələrdi: “Gördüyünüz kimi, oğlanlar orta göstəricidən 6 bal aşağı nəticə göstərib və bu, ölkənin ümumi nəticəsini aşağı salıb. 2011-ci ildə də oğlanlar 456, qızlar 470 bal toplayıb. Yaxşı nəticə ondan ibarətdir ki, həm qızlar, həm də oğlanların nəticələri yüksəlib”.

 

PIRLS mətnləri

 

Tədqiqatlar zamanı iştirakçı şagirdlərə iki mətn təqdim edilir: ədəbi və informasiya xarakterli. Azərbaycanın nəticələri 2011-ci ildə 460 və 461 bal olub. Bu il əsaslı dəyişiklik informasiya xarakterli mətnlərdə müşahidə edilib. “Statistik cəhətdən əhəmiyyətli dəyişiklik” hesab olunan həmin rəqəm 17 bal yaxşılaşma olduğunu göstərməkdədir. Ədəbi mətnlərdə isə cüzi yaxşılaşma var.

 

Nəticələrə nə təsir edir?

 

Nəticələrə təsir edən amilləri bilmək nəticələri dəyişmək baxımından çox önəmlidir. Gəlin görək nəticələrə nə təsir edir? E.Əmrullayev hesab edir ki, təsir edən amilləri öyrənməklə nəticələri daha tez dəyişmək olar: “Elə şeylər var ki, biz onu qısa müddətdə dəyişə bilmərik. Məsələn, anaların təhsili. Tutaq ki, indi məktəbdə təhsil alan qızlar təxminən 30-40-cı illərdəki PIRLS nəticələrinə təsir edəcək amillərdəndir. Ancaq qısa müddətdə təsir edəcəyini düşündüyümüz bəzi tədbirləri həyata keçirmişik. Məsələn, 2011 və 2016-cı illər  tədqiqatları arasında bir kampaniya həyata keçirilib. 2014-cü ildən başlayaraq bütün bölgələrdə ən böyük seçilməklə, 2000 məktəbi əhatə edən oxu kampaniyası keçirilib”.

Evdəki resurslar təsir edən amillərdən sadəcə biridir. Şagirdin evində oxuması üçün ayrıca otağı varmı? Evdəki kitabların, o cümlədən uşaq kitablarının sayı kifayət qədərdirmi? Kompüter və internet, həmçinin televizor varmı? Sadalananların olub-olmamasından asılı olaraq, şagirdin göstəriciləri fərqlənir.

PIRLS-də iştirak edən bütün uşaqlar arasında evdə resurs sayı az olan uşaqlar 7 faiz təşkil edir. Ancaq azərbaycanlı uşaqların 24 faizinin evdə şəraiti mövcud tələblərə uyğun gəlmir.

Resurs səviyyəsi orta göstəricilərə yaxınlaşanlar 73 faizdir və Azərbaycanda ailələr övladları üçün daha çox bu səviyyəni təmin edə bilir. Evdə resursu çox olan cəmi 2 faiz təşkil edir, amma onların nəticələrini sayları az olduğu üçün ölçmək mümkün olmur.

E.Əmrullayev tədqiqatın birmənalı olaraq təsdiq etdiyi reallığı belə ifadə edib: “Resurs səviyyəsi aşağı olan bütün ölkələrin nəticələri aşağıdır”.

Uşaqların düzgün yetişməsində onlara ayrılan zaman çox önəmlidir. Bu amil tədqiqatda da özünü göstərib. Məktəb yaşına çatana qədər evdə uşağa kitab oxuyan, axşam nağıl danışan olubmu? Uşağa qoşulub evdə oyun oynayan varmı?

Bu suallara verilən cavablardan belə aydın olur ki, dünyada 3 faiz təşkil edən usağı ilə vaxt keçirməyən ailələr ölkəmizdə 5 faizdir.

Nəticələrə təsir edən əsas amillərdən biri də valideynin məktəbə münasibəti ilə ölçülür. Tədqiqata qatılan valideynlərin 5 faizi məktəbdən razı deyil, 30 faiz bir az, 65 faiz isə çox razıdır. Azərbaycanda məktəbdən razı qalmayanlar  nisbətən az - 3 faiz təşkil edib.

Bəs, uşağınız məktəbə başlayana qədər vaxtını harada keçirib, evdə? Məktəbəqədər təhsil müəssisələrinə göndərilən azyaşlılar məktəb yaşı çatdıqda yaşıdlarından ciddi şəkildə fərqlənir. Bunu sübut edən rəqəmlərə baxaq. 2016-cı ildə məktəbəqədər  təhsil alanlar 46 faiz təşkil edib. 54 faiz məktəbə tam təcrübəsiz gəlib. Tədqiqatın ümumi iştirakçılarının cəmi 11 faizi məktəbə hazırlıq keçmədən gəlib. Məktəbəqədər təhsilin nə qədər vacib olduğu şagirdlərin bilik və bacarıq səviyyəsi ölçülərkən daha çox nəzərə çarpır. 1 il, hətta daha az məktəbəqədər təhsil müəssisələrində məşğul olan uşaqlar heç getməyənlərdən 18 bal yuxarı nəticə göstərib. Heç getməyənlərin 54 faiz təşkil etdiyini nəzərə alsaq, bunun beynəlxalq tədqiqatda ölkə olaraq nəticələrimizə nə qədər təsir etdiyini, aşağı saldığını görə bilərik.

Məktəbin sosial-iqtisadi mühiti də şagirdlərinin ümumi nəticələrinə təsir edən amillərdən biri kimi tədqiqat obyektinə çevrilib. Məktəbdə oxuyan şagirdlərin ümumi iqtisadi-sosial vəziyyəti araşdırılarkən bəlli olub ki, iştirakçı ölkələr arasında məktəbdə imkanları daha az olan şagirdlərin oxuduğu məktəblər  29 faiz təşkil edir. Orta səviyyəli məktəblər 33 faizdir. Məktəblərin 38 faizində şagirdlərin sosial -iqtisadi vəziyyəti daha yaxşıdır. Təhlillər göstərir ki, iqisadi cəhətdən daha yaxşı məktəblər daha yaxşı nəticə göstərir.

 

Azərbaycanda məktəblər təhlükəsizdir

 

PIRLS tədqiqatında araşdırılan amillərdən biri də təhlükəsizlikdir. Tədqiqat iştirakçısı olan məktəblərdən 3 faizi təhlükəli və intizamsız kimi dəyərləndirilib. Qeyd edək ki, oğurluq, hücum, cinayət hadisəsi və s. kimi faktların tez-tez qeydə alındığı məktəblər təhlükəli kimi qiymətləndirilir. Azərbaycanda belə məktəblərin cəmi 1 faiz təşkil etdiyi ortaya çıxıb. Orta səviyyədə qiymətləndirilən məktəblərimiz 16 faiz təşkil edib. PIRLS iştirakçısı olan dövlətlər üzrə orta səviyyəli məktəblərin ümumi göstəricisi 35 faizdir. Azərbaycan məktəblərinin çoxu təhlükəsizdir.

Şagirdlərin özlərini məktəbə aid hiss edib-etməməsi onların təhsildəki uğurlarında çox önəmlidir. Azərbaycanlı məktəblilərin böyük əksəriyyəti məktəbə həvəslə gəlir. Məktəblilərin 55 faizi həmişə dərsə gəlir. Şagirdlərin 24 faizi ayda bir dəfə, 6 faizi 2 həftədə bir dəfə, 15 faizi isə həftədə bir dəfə və çox dərs buraxıb.

Azərbaycanda həftədə, yaxud 2 həftədə bir dəfə dərsə gəlməyən şagirdlərlə gündəlik dərsə gələn şagirdlərin göstəriciləri arasında 40 bala qədər fərq var. Tədqiqata cəlb olunan azərbaycanlı şagirdlərin 88 faizi özünü məktəbə bağlı hiss edir. Bu, ümumi PIRLS orta göstəricisindən yuxarıdır.

Başqa şagird yoldaşları tərəfindən heç vaxt mənfi münasibət görməyən məktəblilərin ümumi göstəricisi 57, Azərbaycanda isə 72 faiz təşkil edib. Hər ay şagird yoldaşlarından mənfi münasibət görənlər 29, Azərbaycanda isə 20 faizdir. Hər həftə pis münasibətlə qarşılaşanlar isə cəmi 8 faiz təşkil edib. Ümumilikdə 28 faiz şagird arasında münasibətlərin yaxşılaşması müşahidə olunub.

 

Beynəlxalq tədqiqatlar və hədəflər

 

PIRLS tədqiqatına qoşulan hər ölkənin ayrı məqsədi var. Bəziləri orta səviyyəni hədəf götürür, bəziləri aşağı nəticə göstərən şagirdlərinin sayını azaltmaq istəyir.

Azərbaycan da PIRLS, TIMSS (Riyaziyyat və Təbiət Elmləri üzrə Beynəlxalq Qiymətləndirmə Proqramı) və PISA (Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramı) beynəlxalq qiymətləndirmə tədqiqatlarında iştirak edir. Beynəlxalq qiymətləndirmə proqramları təhsilin keyfiyyətinin qiymətləndirilməsi funksiyasını yerinə yetirməklə ölkədə təhsil prosesi haqqında məlumat əldə etməyə, həlli tələb olunan əhəmiyyətli problemləri araşdırmağa, nəticələrin beynəlxalq təcrübə ilə müqayisəsinə imkan yaradır. Təhsil naziri vəzifələrini müvəqqəti icra edən nazir müavini Ceyhun Bayramov Azərbaycanın da hədəfinin məhz bu olduğunu deyib: “Belə tədqiqatlara güclü iqtisadiyyata və təhsil ənənələrinə sahib olan ölkələr qatılır. Bu prizmadan yanaşıb göstəricilərimizi inkişaf etmiş ölkələrin səviyyəsi ilə müqayisə etmək ölkə təhsilinin inkişafına təkan verəcək. Nəticələr arasındakı fərqin böyüklüyünə baxmayaraq, beynəlxalq tədqiqatlara qoşulmaq təşəbbüs olaraq təqdirəlayiqdir və mütləq davam etdirilməlidir. Şagirdlərin göstəricilərinin artması, birinci tədqiqatla müqayisədə əldə etdiyimiz irəliləmə də bunu təsdiq edir. Bu, istiqamətimizin doğru olduğunun bir göstəricisidir”.

 

İki tədqiqatın nəticəsi təhsil proqramlarındakı fərqin göstəricisidir

 

C.Bayramov bu tədqiqatın əhəmiyyətini sadəcə Azərbaycan təhsilinin güclü və zəif cəhətlərini müəyyənləşdirmək baxımından deyil, həm də 2008-ci ildən tətbiq edilən yeni təhsil proqramını ondan əvvəlki təhsil proqramı ilə müqayisə etmək imkanı verməsi baxımından da qiymətləndirib: “Bundan əvvəlki tədqiqatda 2007-ci ildən məktəbə gedən şagirdlər iştirak etmişdilər. İki tədqiqatın nəticələri arasındakı fərq həm də ənənəvi proqramla yeni proqramın fərqidir. Təhsilin məzmununu təkmilləşdirmək üçün həmin nəticələrə ciddi diqqət yetirməliyik. Təhsilin məzmunu beynəlxalq tədqiqatların nəticələrinə əsasən işlənib hazırlanmalı, vacib dəyişikliklər təklif edilməlidir. Nəticələrə, onlara təsir edən başlıca amillərə nəzər salmalıyıq. 2021-ci ildə keçiriləcək növbəti tədqiqatda  2011-ci ildə dünyaya gələn, 2017-ci ildə məktəbə gedən uşaqlar iştirak edəcək. Sevindiricidir ki, bu il məktəbəhazırlıq şəbəkəsi kifayət qədər geniş vüsət alıb və həmin tədqiqatda iştirak edəcək şagirdlərin 55 faizi məktəbəhazırlıq keçmiş məktəblilər arasından seçiləcək. Bu da o deməkdir ki, 2016-cı ildə iştirak edən şagirdlərlə müqayisədə onların arasında 70-80 faiz fərq olacaq və bu, nəticələrimizə müsbət təsir edəcək”.

 

Təhsilin məzmunu təkmilləşdiriləcək

 

C.Bayramov təhsilin məzmununu təkmilləşdirmək məqsədi ilə hazırlanan ehtiyat dərsliklər məsələsinə də toxunub: “Təhsil Nazirliyinin sifarişi ilə Təhsil İnstitutu tərəfindən yeni ehtiyat dərslik konsepsiyasına uyğun olaraq ibtidai sinif dərsliklərinin  hazırlanması istiqamətində işlər aparılır. Beynəlxalq tədqiqatın nəticələri, ölçü meyarları və məzmun hələ konsepsiya hazırlanan zaman nəzərə alınıb. Hesab edirik ki, PIRLS və TIMSS  beynəlxalq tədqiqatlarda nəzərdə tutulan meyarlar yeni dərslik konsepsiyasında əksini tapacaq”.

 

Valideynlər üçün də tövsiyə olacaq

 

Vacib amillərdən biri kimi valideynlərin təhsil prosesinə qatılmasını qeyd edən C.Bayramov bildirib ki, onlar üçün də vəsait hazırlanacaq: “Yeniliklərdən biri odur ki, hər bir sinif üçün dərslik hazırlanan zaman müəllim üçün metodik vəsait də çap olunurdu. Bundan sonra valideyn üçün də belə vəsaitlər olacaq. Yeni ehtiyat dərslik modelində müəllimlərlə yanaşı, valideynlər üçün də tövsiyə xarakterli metodik vəsaitin hazırlanmasını nəzərdə tutmuşuq. Valideynlərin uşaqları ilə hansı istiqamətdə məşğul olması, onlara yardım etməsi şagirdlərin təhsil səviyyəsində mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə artıq işlərə başlanılıb”.

 

Beynəlxalq tədqiqatlarda iştiraka davam edirik

 

Sırada  PISA-2018 və TIMSS-2019 tədqiqatları var. Daha sonra yenə PIRLS. Artıq 2021-ci ildə keçiriləcək növbəti PIRLS tədqiqatının  hazırlıqlarına başlanılıb.

Necə deyərlər, hədəf bəlli, istiqamət doğru, gözləntilər ümidvericidir!

 

“Azərbaycan müəllimi” qəzeti


Açar sözlər: