19.01.2017

İlk dərslər 20 Yanvara həsr edilib

Yanvarın 19-da paytaxtın ümumi təhsil müəssisələrində ilk dərslər 20 Yanvar–Ümumxalq Hüzn Gününə həsr olunub.

Təhsil naziri Mikayıl Cabbarovun əmri ilə təsdiqlənmiş “20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümünün keçirilməsi barədə Tədbirlər Planı”na əsasən tədris olunan dərslər şagirdlərdə Vətənə məhəbbət hissinin daha da möhkəmləndirilməsi və həqiqi vətənpərvərlik məzmununun onlara düzgün anladılması məqsədlərinə xidmət edir.

Dərslərdə ilk olaraq xalqımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dərsləri tədris edən müəllimlər 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törədilmiş vəhşiliklərdən və bu hadisələrin insanlığa qarşı yönəlmiş ən ağır cinayət olmasından söz açıblar. Eləcə də 20 Yanvar hadisələrinin acı nəticələrindən, şəhid kimi əbədiyyətə qovuşan Vətən övladlarının şücaətindən söhbət açılıb, məktəblilər xalqımızın şərəf salnaməsi olan bu şanlı tarixi unutmamağa səslənib.

Xalqımızın qəhrəmanlıq tarixi və mübarizə ruhu barədə şagirdlərin fikirləri dinlənilib, “Hər kəs Vətən qarşısındakı borcunu yerinə yetirmək üçün nə etməlidir?” mövzusunda fikir mübadiləsi aparılıb.

Onu da qeyd edək ki, 20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümü ərəfəsində paytaxt məktəblərinin şagird və müəllim kollektivlərinin Şəhidlər xiyabanına ziyarəti davam edir.


Açar sözlər: ,  ,