Orta ixtisas təhsili
Orta ixtisas təhsili cəmiyyətin və əmək bazarının tələbatına uyğun olaraq, ümumi orta təhsil və tam orta təhsil bazasında ayrı-ayrı fəaliyyət sahələri üçün müxtəlif ixtisaslar üzrə orta ixtisas təhsilli mütəxəssis hazırlığını təmin edir.
MÜNDƏRİCAT:
Fəaliyyət istiqamətləri:
- Cəmiyyətin yüksək səviyyəli və rəqabətqabiliyyətli kadr potensialına tələbatının ödənilməsi üçün real zəmin yaradılması;
- Ömürboyu təhsil və təhsilin fasiləsizliyinin təmin olunması;
- Cəmiyyətin və iqtisadiyyatın tələblərinə uyğunlaşdırılmış keyfiyyətli təhsilin təmin olunması;
- Yüksək intellektual səviyyəyə və praktiki iş qabiliyyətinə malik, yeni texnologiyalara, müasir standartlara uyğun gələn bilik və dünyagörüşünə yiyələnən, informasiya axınında çevik istiqamət tapmaq bacarığı formalaşan kadrların hazırlanması;
Sual-cavab:
Orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələr təhsilini normativ təhsil müddətindən daha tez necə başa vura bilərlər?
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 2013-cü il tarixli, 354 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.6-cı bəndinə əsasən müvəffəqiyyətlə təhsil alan və bütün təhsil müddətində ayrı-ayrı fənlərdən göstəricisi 81-100 bal arasında olan tələbələr əlavə ödəniş etmədən, hər semestrdə cəmi 8 kreditdən çox olmamaq şərtilə fənn (fənlər) seçərək təhsilini normativ təhsil müddətindən daha tez başa vura bilərlər.
Orta ixtisas təhsili müəssisələri tələbələri sırasından xaric edilmiş şəxslər neçə il müddətində yenidən tələbələr sırasına bərpa oluna bilərlər?
Orta ixtisas təhsili müəssisələri tələbələri sırasından xaric olunmuş şəxslər xaric olunma vaxtından bir semestr keçdikdən sonra 10 il müddətində orta ixtisas təhsili müəssisəsinə bərpa olunmaq hüququna malikdirlər.
Orta ixtisas təhsili müəssisəsindən xaric olunmuş şəxsin həmin və ya digər orta ixtisas təhsili müəssisəsinə bərpası prosesi nə zaman və necə baş tutur?
Orta ixtisas təhsili müəssisəsindən xaric olunmuş şəxsin həmin orta ixtisas təhsili müəssisəsinə öz ixtisası üzrə bərpası onun ərizəsi əsasında qış və ya yay tətili dövründə orta ixtisas təhsili müəssisəsinin direktorunun əmri ilə həyata keçirilir. Bütün digər hallarda tələbənin bərpası Azərbaycan Respublikası Təhsil Nazirliyinin razılığı ilə həyata keçirilir. Digər orta ixtisas təhsili müəssisəsinə və ya ixtisasa bərpa olunmaq istəyən tələbə ərizə ilə orta ixtisas təhsili müəssisəsinə müraciət edir. Bərpa barədə ərizəyə tələbənin təhsilini başa vurmaması barədə müvafiq arayış (və ya akademik transkript), orta ixtisas təhsili müəssisəsinə qəbul olunarkən topladığı bal haqqında sənəd və əvvəlki təhsili haqqında sənədin əsli (əgər xaric edildiyi orta ixtisas təhsili müəssisəsinə bərpa olunmursa) əlavə edilir.
Orta ixtisas təhsili müəssisələrinə köçürülmək istəyən tələbələr hansı tədris ilindən etibarən köçürülə bilərlər?
Orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasından qəbul olunmuş tələbələrin birinci semestr, ümumi orta təhsil bazasından qəbul olunmuş tələbələrin isə üçüncü semestr başa çatdıqdan sonra mövcud Qaydalara əsasən ixtisasını və ya təhsilalma formasını dəyişmək, bir orta ixtisas təhsili müəssisəsindən digərinə köçürülmək hüququ vardır.
Bir orta ixtisas təhsili müəssisəsindən digərinə köçürülən, ixtisasını dəyişən və tələbələr sırasına bərpa olunan şəxslər (dövlət hesabına təhsilalanların eyni ixtisas üzrə köçürülməsi istisna olmaqla) təhsilini yalnız ödənişli əsaslarla davam etdirə bilərlər.
İmtahanda üzrlü səbəbdən iştirak etməyən tələbələrə növbəti semestrin dərsləri başlanana qədər bir dəfə həmin imtahanı vermək imkanı yaradılır. Üzrsüz səbəbdən imtahanda iştirak etməyən tələbələr isə həmin fənn (fənlər) üçün müəyyən edilmiş kreditləri yalnız həmin fənni yenidən dinləmək və ya həmin fənn üçün müəyyən edilən məbləğin 25%-ni ödəmək şərtilə təkrar imtahanda iştirak edərək qazana bilər.
Subbakalavr peşə-ixtisas dərəcəsi alan və təhsil sənədində bu barədə müvafiq qeyd olan orta ixtisas təhsili müəssisələrinin məzunları ali təhsil müəssisələrinə imtahansız qəbul oluna bilərlər.
Subbakalavrlar qəbul imtahanlarında iştirak etmədən ali təhsil müəssisələrinə qəbul olmaq üçün əvvəlcə Dövlət İmtahan Mərkəzinin internet saytının ekabinet.dim.gov.az səhifəsində "şəxsi kabinet" yaratmalı, daha sonra şəxsi kabinetin istifadəçi adı və parolundan istifadə edərək DİM-in internet səhifəsinə daxil olub "Subbakalavrların elektron ərizəsi" formasını təsdiq etməlidirlər. Proses zamanı tələb olunan məlumatlar “Tələbə-Məzun” dövlət elektron məlumat sistemindən onlayn əldə olunur.
Qəbul imtahanlarında iştirak etmədən ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrlar cari ildə imtahan verərək ali təhsil müəssisələrinə qəbul müsabiqəsində iştirak etmək istəyən abituriyentlərlə eyni vaxtda ixtisas seçimində (müsabiqədə) iştirak edə bilərlər. Həmçinin subbakalavrlar ixtisas seçimində Dövlət İmtahan Mərkəzinin müvafiq ixtisas qrupları (ixtisaslar) üzrə müəyyən etdiyi keçid balı ilə iştirak edirlər. Məsələn: I,II,III və IV ixtisas qruplarının biri üzrə müsabiqədə iştirak etmək istəyən subbakalavr 200 balla (müəyyən ixtisaslar üzrə müvafiq olaraq 150 və 250 balla), V ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək istəyən subbakalavr isə 60 balla ixtisas seçimində iştirak edir.
Təkrar orta ixtisas təhsili bu təhsili almaq istəyən şəxslərlə və ya onların işlədikləri idarə və təşkilatlarla müvafiq təhsil müəssisəsi arasında bağlanmış müqavilələr əsasında həyata keçirilir.
Normativ sənədlər:
İmtahan sessiyasının təşkili və keçirilməsi barədə Azərbaycan Respublikası Təhsil nazirinin əmri
“Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kollecinin, Azərbaycan Rəssamlıq Akademiyasının nəzdində İncəsənət Kollecinin, Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecinin, Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kollecinin, Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin, Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kollecinin və Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kollecinin yenidən təşkili haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı
“Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”nın təsdiq edilməsi və “Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”nın təsdiq edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi və bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 19 yanvar tarixli 11 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı
“Ali təhsil müəssisələrində orta ixtisas təhsilinin təşkili Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı