Sual: Ölkə daxilində bakalavriat səviyyəsində tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi hansı şərtlərlə aparıla bilər?
Cavab: Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Bu zaman tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar DİM tərəfindən müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır. II və III ixtisas qruplarında müəyyənləşdirilmiş “tarix və coğrafiya müəllimliyi”, “tarix müəllimliyi” və “tarix” ixtisasları öz aralarında, eləcə də II ixtisas qrupunda müəyyənləşdirilmiş “beynəlxalq münasibətlər” və “regionşünaslıq” ixtisasları isə III ixtisas qrupuna daxil olan digər ixtisaslarla (mədəniyyət və incəsənət ixtisasları istisna olmaqla) uyğun hesab edilməlidir.
Sual: Xarici ölkələrin ali təhsil müəssisələrindən yerli ali təhsil müəssisələrinə köçürülərkən əsas nəzərə alınan göstəricilər hansılardır?
Cavab: -Tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələri reytinqlərində yer alması;
- Tələbənin xarici ölkə ali təhsil müəssisələrində əyani təhsil alması;
- DİM tərəfindən keçirilən imtahanlarda iştirak etmədikləri halda beynəlxalq səviyyəli imtahanlarda qazandığı nəticələr (SAT imtahanından yeni şkala üzrə ən azı 1000 bal (riyaziyyat üzrə ən azı 560 bal), TOEFL İBT imtahanından ən azı 75 bal, İELTS imtahanından ən azı 6.0 bal);
- Qənaətbəxş akademik göstəriciləri; köçürülmə səbəbləri;
- Təhsil aldığı ali təhsil müəssisənin dünyanın ən yaxşı ali təhsil müəssisələri reytinqlərində yer alması;
- DİM tərəfindən keçirilən qəbul imtahanlarında iştirak etdiyi halda tələbənin topladığı balın həmin ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmaması və tələbənin akademik göstəriciləri.
Sual: Magistratura səviyyəsində təhsil alan tələbənin köçürülməsi hansı qaydada aparılır?
Cavab: Magistratura səviyyəsinin 1-ci tədris ili müddətində tələbələrin öz ixtisası üzrə bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi və ya təhsilalma formasını dəyişməsi o şərtlə aparıla bilər ki, DİM tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmasın.
Sual: Əgər tələbə dövlət hesabına təhsil alırsa, köçürüldükdən sonra o hansı formada təhsilini davam etdirir?
Cavab: Bir ali təhsil müəssisəsindən digərinə köçürülən, ixtisasını dəyişən şəxslər (dövlət sifarişi əsasında təhsilalanların eyni ixtisas üzrə köçürülməsi istisna olmaqla) təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər.
Sual: Ali təhsil müəssisələrinin bakalavriat səviyyələrində təhsilalanların köçürülməsi zamanı hansı minimal keçid balları nəzərə alınır?
Cavab: Təhsil Nazirliyi minimal keçid balları haqqında məlumatı Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin (DİM) rəsmi internet səhifəsindən (http://www.tqdk.gov.az/activities/exams/bakalavr/) əldə edir.
Sual: Tələbələrin bir ali məktəbdən digər ali məktəbə və ya bir ixtisasdan digər ixtisasa köçürülməsi (daxili köçürülmə) hansı hallarda baş verə bilər?
Cavab: Tələbələrin bir dövlət ali təhsil müəssisəsindən digər dövlət ali təhsil müəssisəsinə, yaxud bir ixtisasdan digərinə köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə müvafiq ali məktəb rəhbərliyinin əmri ilə həyata keçirilir. Mövcud qaydalara görə, tələbələrin bir ali məktəbdən digərinə köçürülməsinə yalnız əsaslı səbəblər olduğu halda (ailə qurduqda, sağlamlıqla bağlı problem olduqda, yaşayış yerini dəyişdikdə və s.) icazə verilir. Dövlət adından təsisçi funksiyalarını həyata keçirən digər nazirlik, dövlət komitəsi və ya idarələrin tabeliyində olan dövlət ali təhsil müəssisələrinə köçürülməsi və bərpası tabe olduqları qurumun və Təhsil Nazirliyinin razılığı ilə həyata keçirilir.
Sual: Ali təhsil müəssisələrində təhsilalanların köçürülməsi qaydaları kimlərə şamil olunur?
Cavab: Mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının bütün ali təhsil müəssisələrində (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla) təhsil alan tələbələrə şamil edilir.
Sual: Ali təhsil müəssisələrinin bakalavriat səviyyələrində təhsilalanların köçürülməsi hansı qaydada həyata keçirilir?
Cavab: Ali təhsil müəssisələrinin bakalavriat səviyyələrində təhsilalanların köçürülməsi Təhsil Nazirliyi tərəfindən elektron proqram təminatı tətbiq olunmaqla, mərkəzləşdirilmiş qaydada həyata keçirilir.
Sual: Məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üçün hara və hansı sənədlərin təqdim edilməsi tələb olunur?
Cavab: Valideyn (qanuni nümayəndə) məktəbəhazırlıq qruplarına şagird qəbulu üçün aşağıdakı sənədləri məktəbə təqdim etməlidir:
- Azərbaycan Respublikasının vətəndaşları üçün - valideynin şəxsiyyətini təsdiq edən sənədin, uşağın doğum haqqında şəhadətnaməsi və ya şəxsiyyət vəsiqəsinin əsli və surəti;
- Azərbaycan Respublikasının vətəndaşlığını sonradan almış və övladının doğum haqqında şəhadətnaməsi əvvəllər vətəndaşı olduğu ölkə tərəfindən verilmiş şəxslər üçün Azərbaycan Respublikasının 16 yaşına çatanadək vətəndaşa verilən şəxsiyyət vəsiqəsi və ya xarici ölkənin doğum haqqında şəhadətnaməsi;
- xarici ölkə vətəndaşları üçün - valideynin xarici pasportu, Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi (olduğu təqdirdə), uşağın doğum haqqında şəhadətnaməsinin əsli və surəti;
- digər ölkələrin vətəndaşları olan, qaçqınlıq statusu almış şəxslər üçün Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə Ali Komissarlığının Himayə Sənədi;
- uşağın sağlamlığı haqqında tibbi arayışı (forma 26U);
- 2 (iki) ədəd 3x4 ölçüdə rəngli fotoşəkil;
- valideynin (qanuni nümayəndənin) https://mektebeqebul.edu.az/ saytında yaradılmış “Şəxsi kabinet”indən çap olunmuş “Ərizə”.
Sual: Məktəbəhazırlıq qruplarına sənəd qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsi valideynlərə hansı imkanları verir?
Cavab: Məktəbəhazırlıq qruplarına qəbulun elektron sistem vasitəsilə həyata keçirilməsi şəffaflığın təmin edilməsi, vaxt itkisinin aradan qaldırılması, cəmiyyətdə informasiya texnologiyalarından istifadənin əhatə dairəsinin genişləndirilməsi baxımından olduqca əhəmiyyətlidir.