Sual: İlk peşə-ixtisas təhsili müəssisələrində hansı dərslər tədris edilir?
Cavab: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 77 nömrəli qərarı ilə təsdiq edilmiş “İlk peşə-ixtisas təhsili pilləsinin dövlət standartı və pilləsi (kurikulumu)”nə əsasən ilk peşə-ixtisas təhsili pilləsində tədris olunan fənlər aşağıdakılardır:
- ümumtəhsil fənləri;
- informasiya-kommunikasiya texnologiyaları;
- peşə-ixtisas fənləri (nəzəri);
- istehsalat təlimi və istehsalat təcrübəsi.
Dərsdən kənar məşğələlər:
- fakültativ;
- fərdi və qrup məşğələləri.
Sual: Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalarda, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərləri və Abşeron, Yevlax, Samux rayonları üzrə ümumi təhsil məktəblərində, o cümlədən həmin şəhər və rayonlarda yerləşən məcburi köçkün məktəblərində I sinfə elektron sənəd qəbulu necə həyata keçirilir?
Cavab: I sinfə şagird qəbulu www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə ərizələrin onlayn qeydiyyatı yolu ilə həyata keçirilir.
Sual: Elektron sistem vasitəsilə I sinfə qəbul hansı rayon və şəhərləri əhatə edir?
Cavab: www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə ərizələrin onlayn qeydiyyatı Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumtəhsil müəssisələrini, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərlərini və Abşeron, Yevlax, Samux rayonlarını, o cümlədən həmin şəhər və rayonlarda yerləşən məcburi köçkün məktəblərini əhatə edir.
Sual: Bir semestr ərzində tələbə transfer.edu.az saytında neçə dəfə qeydiyyatdan keçə bilər?
Cavab: Tələbə yalnız bir dəfə qeydiyyatdan keçə bilər.
Sual: Əmri verildikdən sonra tələbə köçürülmədən imtina edə bilərmi?
Cavab: Xeyr, imtina edə bilməz. Tələbə yenidən qış və ya yay tətili dövründə transfer.edu.az elektron portalına müraciət edə bilər.
Sual: Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin elektron köçürülmədə iştirak etmək hüququ varmı?
Cavab: İştirak edə bilər.
Sual: Tələbə hansı halda köçürülmədə iştirak edə bilməz?
Cavab: Xarici ölkədə qiyabi (distant) təhsil alan və (və ya) fəaliyyət göstərdiyi ölkədə akkreditə olunmayan ali təhsil müəssisəsindən Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə tələbələrin köçürülməsinə yol verilmir.
Sual: Əgər tələbə bakalavriat səviyyəsində dövlət hesabına təhsil alırsa orta ixtisas təhsili müəssisəsinə köçürüldükdən sonra o hansı formada təhsilini davam etdirir?
Cavab: Ali təhsilin bakalavriat səviyyəsindən (əsas (baza ali) tibb təhsilindən) orta ixtisas təhsili müəssisəsinə köçürülən şəxslər təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər və köçürülən şəxs həmin təhsil müəssisəsində köçürüldüyü ixtisas üzrə təhsil alacağı qrup üçün müəyyən edilmiş məbləğdə təhsil haqqı ödəyir.
Sual: Köçürülmək istəyən tələbədən hansı sənədlər tələb olunur?
Cavab: - Tələbənin təhsil müddətində fənlər üzrə topladığı kreditləri və qiymətləri (hərf və balla) özündə əks etdirən sənəd - akademik transkript (xaricdə təhsil alanlar üçün mövcud qaydada leqallaşdırılmış və Azərbaycan dilinə tərcümə olunmuş);
- Təhsil aldığı müddətdə gediş-gəlişi təsdiq edən rəsmi sənəd (xarici pasport);
- Ali təhsil müəssisəsinə qəbul olunarkən topladığı bal və ya DİM tərəfindən keçirilən imtahanlarda iştirak etməməsi haqqında sənəd (xaricdən köçürülənlər üçün);
- Köçürülmə səbəblərini təsdiq edən sənəd (xarici ölkə ali təhsil müəssisələrindən Azərbaycan Respublikası ali təhsil müəssisələrinə köçürülərkən);
- Beynəlxalq səviyyəli imtahanlarda (SAT, TOEFL, IELTS və s.) qazandıqları nəticələri təsdiq edən rəsmi sənədlər (xaricdən köçürülənlər və ya ölkə ali təhsil müəssisələrinə bu imtahanların nəticələri ilə qəbul olunanlar üçün);
- Təhsil haqqı borcunun olmamasına dair arayış.
Sual: Ali təhsilin bakalavriat səviyyəsini (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsi hansı qaydada aparılır?
Cavab: Ali təhsilin bakalavriat səviyyəsini (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsi məsələsinə qış və yay tətili müddətində onların qəbul olunduqları və köçürüldükləri ixtisasların yalnız eyni ixtisas qrupuna daxil olduğu halda müraciətləri əsasında baxılır.