“Bizim müəllim”
“Bizim müəllim” layihəsinin budəfəki təqdimatı Şabran şəhəri 3 nömrəli tam orta məktəbin biologiya müəllimi Gülnar Mirzəyevaya həsr olunub.
Gülnar Mirzəyeva 2013-cü ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədən uğurla keçərək hazırda pedaqoji fəaliyyətini davam etdirdiyi məktəbdə biologiya fənnini tədris etməyə başlayıb. O, 2016-cı ildə Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində 56 bal toplayıb.
Gülnar müəllim deyir ki, şagirdlərin hər birinə fərdi yanaşma çox önəmlidir. Müəllim əsasən onun qarşısında deyil, yanında olmalıdır: “Mən şagirdlərimə uğur qazanmaq üçün keçdiyim bütün çətinlikləri danışıram. İstəyirəm ki, qarşılaşdıqları çətinliklərə görə məqsədlərindən dönməsinlər. Özümü onlarla eyniləşdirirəm, onların indi keçdikləri yolları mənim də keçdiyimi xatırladıram. Onlar üçün çətinliklərlə mübarizədə uğurlu nümunə ola bilmək məni çox sevindirir”. Gülnar Mirzəyevanın sözlərinə görə, müəllim öyrədən kimi də şagirdin yanında olmalı, ona istiqamət verməlidir, bir dost kimi də onun üçün hər zaman problemini bölüşə biləcək qədər əlçatan olmalıdır.
Təhsilin inkişafındakı xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlərinə görə Gülnar Mirzəyeva bu il Təhsil naziri Ceyhun Bayramovun müvafiq əmri ilə “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib.
Gülnar müəllimin “Biologiya fənnindən olimpiadalara hazırlaşmaq istəyən şagirdlər üçün vəsait” layihəsi Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin qalibi olub.
“Bizim müəllim” layihəsi ölkəmizin bütün bölgələrində peşəkarlığı ilə seçilən, müəllimlərin işə qəbulu üzrə müsabiqədə və diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllimlərin tanıdılmasına xidmət edir.
5 il əvvəl
Digər xəbərlər
-
“Fevral məruzələri 2025: Aviakosmik məsələlərin həllində gənclərin yaradıcı potensialı” 10-cu beynəlxalq konfrans başlayıb
04.02.2025 - 15:00 -
Prezident İlham Əliyev “Vətən” İdman Liseyində aparılmış yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub
04.02.2025 - 14:15 -
ADNSU-nun yeni rektoru kollektivə təqdim olunub
04.02.2025 - 14:00 -
Vətəndaş müraciətlərinin statistikası
04.02.2025 - 12:44 -
Elm və təhsil naziri Abşeronda vətəndaşları qəbul edəcək
03.02.2025 - 11:23