“Fevral məruzələri 2025: Aviakosmik məsələlərin həllində gənclərin yaradıcı potensialı” 10-cu beynəlxalq konfrans başlayıb
Fevralın 4-də “Azərbaycan Hava Yolları” QSC-nin Milli Aviasiya Akademiyasında (MAA) Azərbaycan Gəncləri Gününə və ölkəmizin ilk telekommunikasiya peyki “Azerspace 1”in orbitə buraxılması tarixinə həsr olunan “Fevral məruzələri 2025: Aviakosmik məsələlərin həllində gənclərin yaradıcı potensialı” 10-cu beynəlxalq elmi-praktik gənclər konfransı işə başlayıb.
Konfransa Rusiya, Qazaxıstan, Türkiyə, Ukrayna, Belarus, Almaniya, Böyük Britaniya, Fransa, İsrail və Azərbaycandan olmaqla 20-dən çox elm və təhsil müəssisəsi, o cümlədən 13 universitet, 7 tədqiqat mərkəzi, institut, dövlət qurumları və aparıcı təşkilatları təmsil edən 150-dən çox iştirakçı qatılıb.
Əvvəlcə konfrans iştirakçıları “MAA-nın yaradıcı tələbələrinin innovativ layihələri” adlı sərgi ilə tanış olublar. Sonra “Texnoritm Mərkəzi - MAA-nın innovativlik göstəricisi kimi” mövzusunda təqdimat olub.
Konfransı açan MAA-nın birinci prorektoru Ədalət Səmədov MAA-nın rektoru akademik Arif Paşayevin tədbir iştirakçılarına təbrikini çatdırıb.
Qeyd olunub ki, builki “Fevral məruzələri”nə doqquz bölmə üzrə aerokosmik sahənin müxtəlif istiqamətlərinin aktual problemlərinə dair 130-dan çox məruzə təqdim edilib.
Açılış mərasimində iştirak edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov konfransın əhəmiyyətini vurğulayıb, aviasiya sahəsində əldə olunan uğurlardan danışıb. Qeyd edib ki, hava nəqliyyatı ölkəyə çox böyük gəlirlər gətirir və aviasiya sahəsində aparılan işlər ölkənin siyasətinin göstəricisidir. Dövlətimizin başçısının xüsusilə diqqətdə saxladığı bu sahədə görülən işlərin nəticəsində son 20 ildə ölkədə 8 yeni aeroport tikilərək istifadəyə verilib. Ölkəmizin bu sahədə yeni investisiyalar həyata keçirməyə hazır olduğunu qeyd edən nazir müavini bu sahənin inkişafında gənc kadrların roluna toxunub, bu istiqamətdə MAA-nın fəaliyyətini yüksək qiymətləndirib.
Plenar iclasda Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri Məsud Əfəndiyev “Xaricdə yaşayan azərbaycanlı alimlərin Azərbaycan elm və təhsilinə inteqrasiyası”, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) direktor müavini Soltan Bayramov "Sənaye 4.0 texnologiyaları və aerokosmik sənaye”, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Balacanov “Kritik informasiya infrastrukturunun təhlükəsizliyinə təhdid yaradan əməllərin kriminallaşdırılması: beynəlxalq və milli hüquqi yanaşma” mövzularında çıxış ediblər.
Elmi müzakirələrlə yanaşı, konfransın proqramında “İT tədrisinin istehsalatla uyğunlaşması problemləri”, “Tətbiqi optoelektronikanın aktual məsələləri”, “Süni intellektin hüquq elmində tətbiqi” mövzularında "dəyirmi masa"lar, həmçinin “Yaşıl logistika” mövzusunda ustad dərsi, eləcə də “Kainat haqqında düşüncələr” kitabının geniş təqdimatı da nəzərdə tutulub.
Qeyd edək ki, konfransın təşkilatçıları MAA, Elm və Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”), “Azərbaycan Hava Yolları” QSC və Azərbaycan Mühəndislik Akademiyasıdır.
“Fevral məruzələri 2025” beynəlxalq konfransı fevralın 6-dək davam edəcək.
04.02.2025 - 15:00
Digər xəbərlər
-
“Fevral məruzələri 2025: Aviakosmik məsələlərin həllində gənclərin yaradıcı potensialı” 10-cu beynəlxalq konfrans başlayıb
04.02.2025 - 15:00 -
Prezident İlham Əliyev “Vətən” İdman Liseyində aparılmış yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub
04.02.2025 - 14:15 -
ADNSU-nun yeni rektoru kollektivə təqdim olunub
04.02.2025 - 14:00 -
Vətəndaş müraciətlərinin statistikası
04.02.2025 - 12:44 -
Elm və təhsil naziri Abşeronda vətəndaşları qəbul edəcək
03.02.2025 - 11:23