ADNSU-nun yeni rektoru kollektivə təqdim olunub
Fevralın 4-də elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) yeni rektoru Rüfət Əzizovu təhsil müəssisəsinin kollektivinə təqdim edib.
Rüfət Əzizovun ADNSU-ya rektor təyin olunması haqqında ölkə başçısının müvafiq Sərəncamını tədbir iştirakçılarının diqqətinə çatdıran elm və təhsil naziri rektorun elmi-pedaqoji fəaliyyəti barədə məlumat verib. Nazir Rüfət Əzizovun Sumqayıt Dövlət Universitetinə rəhbərlik etdiyi qısa müddət ərzində həmin ali təhsil müəssisəsinin qazandığı uğurlardan söz açıb.
ADNSU-nun yetişdirdiyi kadrlardan, eyni zamanda elmi-tədqiqat və beynəlxalq reytinqlərdə əldə etdiyi nailiyyətlərdən danışan Emin Əmrullayev yeni rektoru və universitetin kollektivini təbrik edərək uğurlar arzulayıb. Nazir ADNSU-nu böyük potensiala malik ali təhsil müəssisəsi kimi səciyyələndirərək universitetin bundan sonra da tədris və elm sahəsində aparıcı ali məktəblərdən biri kimi inkişaf edəcəyinə əminliyini vurğulayıb.
Rektor Rüfət Əzizov da öz növbəsində ona göstərilən yüksək etimada görə dövlət başçısına təşəkkürünü bildirib, Elm və Təhsil Nazirliyinin dəstəyi, eləcə də ADNSU-nun professor-müəllim heyətinin səyi ilə bu etimadı doğruldacağını vurğulayıb. Rüfət Əzizov bildirib ki, ADNSU tədqiqat universiteti statusuna yüksəlmək və dünyanın seçilən ali məktəblərindən biri olmaq üçün böyük potensiala malikdir.
Universitetin rektoru səlahiyyətlərini icra etmiş, hazırda isə fəaliyyətini strateji məsələlər üzrə prorektor qismində davam etdirən Vazeh Əskərov da ötən müddət ərzində görülmüş işlərə görə kollektivə təşəkkürünü bildirib və uğurlar arzulayıb.
04.02.2025 - 14:00
Digər xəbərlər
-
Prezident İlham Əliyev “Vətən” İdman Liseyində aparılmış yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub
04.02.2025 - 14:15 -
ADNSU-nun yeni rektoru kollektivə təqdim olunub
04.02.2025 - 14:00 -
Vətəndaş müraciətlərinin statistikası
04.02.2025 - 12:44 -
Elm və təhsil naziri Abşeronda vətəndaşları qəbul edəcək
03.02.2025 - 11:23 -
Elm və təhsil naziri Zərdabda vətəndaşları qəbul edib
31.01.2025 - 17:00