“eTwinning Plus” layihəsi çərçivəsində beynəlxalq seminar
Mayın 1-də Bakıda “eTwinning Plus” layihəsi çərçivəsində “Rəqəmsal təhsil” mövzusunda üçgünlük seminar işə başlayıb.
Təhsil Nazirliyi və Türkiyə Respublikasının “eTwinning” Mərkəzinin birgə təşkil etdiyi tədbirə Azərbaycanın müxtəlif bölgələrindən 24 və Türkiyədən isə 20 müəllim qoşulub.
Seminarın açılış mərasimində çıxış edən Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, dövlətimizin innovativ inkişaf istiqamətlərindən biri bilik əsaslı iqtisadiyyatın formalaşdırılmasıdır. Həmçinin gənclərə məktəb yaşlarından etibarən tolerantlıq, başqa millətlərə, dinlərə və mədəniyyətlərə hörmət kimi dəyərlərin aşılanması çox mühümdür. Gələcək nəslin hərtərəfli inkişafı isə bu günün təhsilindən asılıdır. Bu baxımdan müəllim və şagirdlərin XXI əsr bilik və bacarıqlarının artırılması istiqamətində “eTwinning Plus” layihəsinin rolu əhəmiyyətlidir.
Nazir müavini layihə çərçivəsində Azərbaycan şagirdlərinin Avropadan olan həmyaşıdları ilə təcrübə və fikir mübadiləsi aparmasını, onların adət-ənənələri, mədəniyyətləri ilə tanış olmaq imkanı qazanmasını müsbət dəyərləndirib. Həmçinin bildirib ki, bu da öz növbəsində şagirdlərdə müasir və dünyəvi keyfiyyətlərin formalaşdırılmasına mühüm təsir göstərir.
Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov çıxışında “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq təhsil sisteminin informasiyalaşdırılması istiqamətində reallaşdırılan tədbirlərdən danışıb. Qeyd olunub ki, “eTwinning Plus” layihəsi Avropa İttifaqının Fasiləsiz Təhsil Proqramının tərkib hissəsidir. 2013-cü ildən ölkəmizin də iştirak etdiyi layihənin əsas məqsədi pedaqoji işçilər arasında əməkdaşlıq imkanlarını genişləndirmək, 35 Avropa ölkəsindən olan həmkarlar ilə birgə təhsilin inkişafı istiqamətində müxtəlif layihələr icra etmək üçün şərait yaratmaqdır.
Mayın 3-də başa çatacaq seminar çərçivəsində yerli və türkiyəli mütəxəssislərin rəhbərliyi ilə İKT-nin təhsilə tətbiqi, layihə əsaslı təhsil və müəllimlərin XXI əsr bacarıqlarını inkişaf etdirəcək müxtəlif təlim və müzakirələr təşkil olunacaq.
“eTwinning Plus” layihəsi çərçivəsində Azərbaycanda bu günədək 494 məktəbdən 1750 müəllimin iştirakı ilə 1417 təhsil layihəsi həyata keçirilib. Layihə çərçivəsində müəllimlərin bilik və bacarıqlarının artırılması üzrə onlayn təlimlər, Avropa ölkələrində müxtəlif seminar və konfranslar təşkil edilir.
5 il əvvəl
Digər xəbərlər
-
Elm və təhsil naziri Balakəndə vətəndaşları qəbul edəcək
21.11.2024 - 11:44 -
“QS Quacquarelli Symonds” Beynəlxalq Reytinq Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
20.11.2024 - 10:38 -
İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru ilə görüş keçirilib
19.11.2024 - 18:15 -
Elm və təhsil naziri “TikTok” şirkətinin nümayəndələri ilə görüşüb
19.11.2024 - 17:53 -
Emin Əmrullayev Dünya Bankının Təhsil üzrə Qlobal Direktoru ilə görüşüb
19.11.2024 - 16:30