01.03.2019 17:00

Kredit almaq istəyən tələbələrin nəzərinə

Fevralın 28-də “Maarifçi” Tələbə Kredit Fondunun Himayəçilik Şurasının növbəti iclası keçirilib.

İclasda 2018-ci ilin yekunlarına dair fondun hesabatı təqdim olunub, Himayəçilik Şurası sədrinin və fondun yeni icraçı direktorunun təyin olunması, növbəti elan sessiyasının tarixi və müraciət meyarlarına dair məsələlər şuranın müzakirəsinə təqdim edilib.

Fondun ilk icraçı direktoru Rüfət Mahmudun üç illik səlahiyyət müddətinin başa çatması və digər vəzifə təyinatı ilə əlaqədar onun növbəti müddətə fonda rəhbərlik üçün namizədliyi irəli sürülməyib.

Gündəlikdəki məsələyə əsasən, Himayəçilər Şurasının üzvləri yeni namizədin təqdimatı ilə tanış olublar. Səsvermə əsasında fondun icraçı direktoru vəzifəsinə Araz Paşayevin təyin edilib. Araz Paşayev Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının hüquq fakültəsinin məzunudur. O, uzun müddət təhsil və hüquq sahələrində həyata keçirilən bir sıra yerli və beynəlxalq layihələrdə məsləhətçi-ekspert olaraq çalışıb.

Gündəlikdəki digər məsələlərdən biri də fondun növbəti elan sessiyasının tarixinin müəyyən edilməsi ilə bağlı olub. Yekun qərara əsasən, elan sessiyasının tarixi 1 mart–5 aprel 2019-cu il tarixləri müəyyən edilib. Bu elan sessiyası çərçivəsində təhsil kreditləri 2018-2019-cu tədris ili üzrə təhsil alan, aztəminatlı ailələrdən olan tələbələrin təhsil haqqının ödənilməsi üçün təqdim olunacaq. Tələbələr üçün müəyyənləşdirilən seçim meyarları və kredit şərtləri olduğu kimi saxlanılıb.

İclasda tələbələrin artan kredit tələbatını əsas götürərək, müvafiq sahədə genişmiqyaslı fəaliyyət üçün Təhsil Nazirliyi və bir sıra təşkilatların ekspert qrupu tərəfindən yeni konsepsiyanın hazırlanması barədə müzakirələr aparılıb. Hazırda konsepsiya tamamlanma mərhələsindədir.

Qeyd edək ki, “Maarifçi” Tələbə Kredit Fondu 2015-ci ildə Təhsil Nazirliyinin təşəbbüsü ilə ölkəmizin aparıcı ali təhsil müəssisələri tərəfindən təsis edilib. Fondun  əsas missiyası aztəminatlı ailələrdən olan tələbələrə güzəştli kreditlərin verilməsi ilə bütün tələbələrə bərabər imkanların yaradılmasıdır. Hazırda fond 10 təsisçi və 4 tərəfdaş universitetlə əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində universitetlər tərəfindən təqdim edilən tələbə krediti yerlərinin sayına əsasən seçim meyarlarına uyğun gələn tələbələrlə ümumilikdə 223 təhsil krediti müqaviləsi imzalanıb. Kreditlər əməkdaş ali təhsil müəssisələrinin təqdim etdikləri ödənişli əsaslarla tələbə yerləri hesabına həyata keçirilib.


Açar sözlər: ,