• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil naziri “Bilik günü”ndə internat məktəbində olub

Sentyabrın 15-də təhsil naziri Ceyhun Bayramov “Bilik günü” münasibəti ilə Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbində olub.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

5 nömrəli Respublika xüsusi internat məktəbinin direktoru İradə Vəzirova məlumat verib ki, bu il təhsil müəssisəsindən 24 nəfər məzun olub. Onlardan 10 nəfər ali məktəbdə, 9 nəfər isə orta ixtisas təhsili müəssisələrində təhsilini davam etdirəcək. Bu il isə bir birinci sinif təşkil edilib və həmin sinifdə 12 nəfər  təhsil alacaq.

Sonra 5 nömrəli Respublika xüsusi internat məktəbinin şagirdləri  şeir, mahnı və musiqi nömrələri ilə çıxış ediblər.

2018-ci ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarında 555 bal toplayaraq ali məktəbə qəbul olunan Elmir İbrahimov məktəblərində yaradılan şəraiti yüksək qiymətləndirib və burada təhsil alan şagirdləri müvafiq imkandan yararlanmağa çağırıb.

Tədbirdə çıxış edən təhsil naziri Ceyhun Bayramov əsasını ümummilli liderimiz Heydər Əliyevin qoyduğu təhsil islahatlarının bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib. Nazir həmçinin son illərdə təhsil sahəsində əldə olunan nailiyyətlərdən danışıb.

Təhsil naziri “Bilik günü” münasibəti ilə internat məktəbinin kollektivini təbrik edib, bu gün ilk dəfə məktəbə qədəm qoyan birinci sinif şagirdlərinə uğurlar diləyib. Nazir əminliklə bildirib ki, builki birincilər də məktəbdə əldə etdikləri bilik, bacarıq və kompetensiyalarla yüksək balla tələbə adı qazanan Elmirdən daha yaxşı nəticə göstərməyə nail olacaqlar. Gələcəkdə sadəcə məktəbin deyil, bütövlükdə xalqımızın qürur duyacağı mütəxəssis, incəsənət xadimi kimi yetişəcəklər.

Tədbirin sonunda ilk zəng çalınıb.

Daha sonra təhsil naziri Ceyhun Bayramov siniflərə baş çəkib, şagirdlərlə, xüsusən, birinci sinfə gələn uşaqlarla görüşüb, məktəbin şəraiti ilə tanış olub.

Qeyd edək ki, Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbi 1936-cı ildən fəaliyyət göstərir və uşaqların tam orta təhsilini həyata keçirir.

İnternat məktəbində 30 sinif komplektində 307 nəfər şagird təhsil alır. Onlardan 98 nəfəri qız, 209 nəfəri isə oğlandır. Onların təlim-tərbiyəsi ilə 34 nəfəri I qrup  əlil olmaqla 97 nəfərdən ibarət pedaqoji heyət məşğul olur.

Müəssisənin ərazisində yerləşən və Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən sağlamlıq imkanları məhdud uşaqlar üçün  musiqi məktəbində internat məktəbinin 150 nəfər şagirdi tar, kamança, qarmon, nağara, xanəndə, forte piano, skripka üzrə siniflərdə təhsil alır.


5 il əvvəl