• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Almaniyada təhsil almağı məktəb illərindən arzulayırdım - Uğur formulu

Təhsil Nazirliyi və  “1news.az” informasiya agentliyinin “Uğur formulu” layihəsi davam edir.

2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” təqaüdçülərini tanıdan “Uğur formulu” layihəsinin budəfəki qonağı Nərgiz Əlizadədir.

Nərgiz Əlizadə 1995-ci ildə Bakı şəhərində anadan olub. İlk təhsilini 157 saylı tam orta məktəbdə alıb, sonradan Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyində oxuyub. Hazırda Almaniyanın  Brandenburg Texniki Universitetində kompüter elmləri və mühəndisliyi (CSE) ixtisası üzrə magistatura səviyyəsində təhsil alır.

- Xaricdə təhsil sizə nə verir? Ümidlərinizi doğruldurmu?

- Almaniyada təhsil almağı məktəb illərindən arzulayırdım. Bu ölkədə mühəndisliyin inkişaf səviyyəsi və təcrübəsi məni həvəsləndirən səbəblərdən biri idi. Təhsilimə başladıqdan sonra da bunun bir daha şahidi oldum.

- Niyə məhz bu ixtisası seçdiniz?

- Bakalavr təhsilim kompüter mühəndisliyi üzrə idi. Hazırda təhsil aldığım ixtisas kompüter elmləri ilə mühəndislik sahələrini, xüsusilə mexanika və elektrik mühəndisliyini birləşdirir.

- Fərqli ölkə və təhsil mühitini gördükdən sonra əvvəl oxuduğunuz ali məktəbdə nəyin dəyişməsini arzulayardınız?

- Azərbaycanda universitet binalarının artırılmasını, hər fakültənin araşdırma mərkəzlərinin və həftənin 7 günü, 24 saat çalışan kitabxanalarının olmasını  görmək istərdim.

- Təhsil aldığınız ölkədə Azərbaycanla bağlı nələri tanıtmısınız?

- Bu universitetdə məndən başqa yalnız bir azərbaycanlı tələbə təhsil aldığından tələbə cəmiyyətimiz mövcud deyil. Keçən il mart ayında mədəniyyət evində Novruz bayramını qeyd etmişdik. Ölkəmiz və Novruzun tarixi barədə təqdimat hazırlamışdıq, səməni, paxlava, şəkərbura, qoğaldan xonça düzəltmişdik. Bu, böyük maraqla qarşılanmışdı və çox əyləncəli idi.

- Oxuduğunuz ali məktəbdə müəllim-tələbə münasibəti necədir?

- Bizim fakültədə hər bir tələbənin professor rəhbərinin olması mütləqdir. Həmin professor dərs seçimində və araşdırma tezisi ilə bağlı ixtisaslaşmada tələbəyə kömək edir. Hər semestr tələbə rəhbəri ilə görüşməlidir və bu zaman problemləri, çətinlikləri barədə məsləhət ala bilər. Bunun çox faydalı olduğunu düşünürəm. Ümumiyyətlə, hər bir professor və dosentin həftədə bir saat açıq qapı saatı var.

- Daha çox hansı çətinlikləriniz olub?

- İlk aylarda universitetə və mühitə öyrəşməklə bağlı çətinliklərim var idi, lakin inteqrasiya ilə bağlı proqramlar çox kömək etdi.

- Universitetdə əcnəbi tələbələrə münasibətdən razısınızmı?

- Bəli, burada əcnəbi tələbələrə xüsusi diqqət və qayğı var. Universitet hər bir məsələdə bizə çox kömək edir. Göstərilən münasibətdən çox razıyam.

- Xarici ölkədən Azərbaycan təhsilini necə görürsünüz?

- Azərbaycan universitetlərində laboratoriya və elmi araşdırmalara daha çox diqqət ayrılarsa, tələbələrin marağının artacağını düşünürəm.

-  Asudə vaxtınızda nə ilə məşğul olursunuz?

- Asudə vaxtlarım az olsa da, vaxt tapanda dostlarımla kinoya gedirəm. Müxtəlif millətlərin bayramlarını qeyd edirik. Hindistanın Divali bayramı, Amerikanın Şükranlıq günü, bizim Novruz bayramımız, Almaniyanın Milad bayramı və bir çox bayramlarda  tələbələrlə birlikdə oluruq. Bu bayramları həmin ölkələrin adət-ənənələrinə uyğun keçiririk, çox maraqlı olur.

- Təhsilinizi başa vurduqdan sonra harada çalışmaq istərdiniz? Gələcək planlarınız necədir?

- Universiteti bitirdikdən sonra təhsil aldığım sahə üzrə işləmək istəyirəm. Mühəndislik sürətlə inkişaf edən, bir-birindən fərqli və maraqlı sahələri olan peşədir. Bu sahədə reallaşdırıla bilinəcək çox maraqlı layihələr  var.

- Siz xaricdə təhsil almağa başladıqdan sonra özünüzdə nələri dəyişmisiniz?

- Mən əvvəl də mütəmadi olaraq dərs oxuyurdum. Amma bura gələndə gördüm ki, dərslərimə bakalavrda ayırdığımdan daha çox vaxt ayırıram.

 

1news.az


7 il əvvəl