Məktəbəhazırlıq qruplarının fəaliyyəti ilə tanışlıq
Noyabrın 25-də Bakı şəhəri 5 nömrəli tam orta məktəbdəki məktəbəhazırlıq qruplarının fəaliyyəti ilə daha yaxından tanış olmaq üçün mediatur keçirilib. Mediatur zamanı KİV nümayəndələrinə məlumat verilib ki, təhsil nazirinin müvafiq əmrinə əsasən, 2014-2015-ci tədris ilində 87 məktəbdə məktəbəhazırlıq qrupları açılıb. 2015-2016-cı tədris ilindən isə bu qrupların fəaliyyət göstərdiyi məktəblərin şəbəkəsi genişləndirilib. Belə ki, hazırda 136 məktəbdə məktəbəhazırlıq qrupları fəaliyyət göstərir. Noyabrın 2-dən fəaliyyətə başlayan məktəbəhazırlıq qrupları gələn il mayın 31-dək davam edəcək. Həftədə 4 dəfə keçirilən hazırlıq məşğələlərinin əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması və müvafiq bilikləri əldə etməsidir. Bu qruplarda uşaqların əqli, fiziki, sosial-emosional və nitq qabilyyəti, eləcə də kommunikativ, oyun və digər bacarıqları inkişaf etdirilir. Məktəbəhazırlıq qruplarını bitirən uşaqlara sertifikat təqdim olunur. Təhsilə atılan ilk addım kimi mühüm xarakter daşıyan məktəbəhazırlıq qruplarında təcrübəli və peşəkar ibtidai sinif müəllimlərinə üstünlük verilir.
25/11/2015 17:01
Təhsil naziri Malayziya Təhsil Nazirliyinin Baş direktoru ilə görüşüb
Noyabrın 24-də təhsil naziri Mikayıl Cabbarov Malayziya Federasiyasının Təhsil Nazirliyinin Baş direktoru Xair bin Məhəmməd Yusifi qəbul edib. Mikayıl Cabbarov ölkəmiz üçün Malayziya təcrübəsinin öyrənilməsinin önəmini nəzərə çatdırıb. Hər iki tərəf təhsil üzrə əməkdaşlıq perspektivlərinin daha da genişləndirilməsinin vacibliyini bildirib və gələcəkdə təhsilin müxtəlif sahələri üzrə əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb.
25/11/2015 10:47
Təhsil naziri ABŞ Dövlət Departamentinin Avropa və Avrasiyaya yardım üzrə koordinatoru ilə görüşüb
Noyabrın 24-də təhsil naziri Mikayıl Cabbarov ABŞ Dövlət Departamentinin Avropa və Avrasiyaya yardım üzrə koordinatoru Alina Romanovskini qəbul edib. Görüşdə iki ölkə arasında həyata keçirilmiş təhsil üzrə əməkdaşlıq proqramlarının Azərbaycan Respublikasının qəbul etdiyi prioritet istiqamətlərə uyğunlaşdırılması məsələləri müzakirə olunub.
25/11/2015 10:36
Şüvəlan qəsəbəsində sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbinin açılışı olub
Noyabrın 23-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Xəzər rayonunun Şüvəlan qəsəbəsində sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbinin yenidənqurmadan sonra açılışında iştirak edib. Məktəb 1962-ci ildən fəaliyyət göstərir. 2013-cü ildə Heydər Əliyev Fondu tərəfindən burada yeni tədris binası tikilib. Məktəbdə eşitmə və nitq qüsuru olan şagirdlər təhsil alırlar. Burada təhsil iki şöbəlidir. Birinci şöbə eşitmə qüsurları yüngül, ikinci şöbə isə ağır formada olan şagirdlər üçün nəzərdə tutulub. 220 yerlik xüsusi məktəbdə bütün fənlərdən əlavə, tələffüz və eşitmənin inkişafı üzrə fərdi iş, həmçinin individual qaydada mimika və daktiloloji iş aparılır. Məktəbdə biologiya, kimya, fizika laboratoriyaları, defektoloji kabinetlər, idman, trenajor zalları, ritmika otağı yaradılıb və zəruri ləvazimatlarla təchiz edilib. Şagirdlərin asudə vaxtları üçün açıq idman meydançası, peşəyönümlü təlimi üçün isə emalatxanalar tikilib. Burada tikiş, aşpazlıq, toxuculuq, xalçaçılıq, çilingərlik bölmələri də fəaliyyət göstərir. Emalatxana ilə tanışlıq zamanı Mehriban Əliyevaya şagirdlərin əl işi olan portreti hədiyyə edilib. Heydər Əliyev Fondu
24/11/2015 12:18
Şüvəlan qəsəbəsində 4 nömrəli xüsusi internat məktəbi yenidənqurmadan sonra istifadəyə verilib
Noyabrın 23-də Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki 4 nömrəli respublika xüsusi internat məktəbinin yenidənqurmadan sonra açılışı olub. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva açılış mərasimində iştirak edib. Müəssisə 1967-ci ildən fəaliyyət göstərir. 2013-cü ildə məktəb sökülərək yenidən inşa edilib. 160 uşaq üçün nəzərdə tutulan məktəbdə tədris, yataq korpusları, tibb məntəqəsi tikilib. Musiqi, idman, müalicəvi bədən tərbiyəsi otaqları və siniflərində bütün lazımi avadanlıqlar var. Bundan əlavə, məktəbin nəzdində fəaliyyət göstərən Reabilitasiya Mərkəzinin kiçik binasının yerində sağlamlıq imkanları məhdud 100 məktəbəqədər uşaq üçün nəzərdə tutulan ikimərtəbəli Reabilitasiya-İnkişaf Mərkəzi inşa edilib. Mərkəzdə işləyən mütəxəssislərin gün ərzində uşaqlara xidmət göstərməsi, onların qidalanması və istirahəti üçün əlverişli şərait yaradılıb. İnternat məktəbdə, həmçinin dulusçuluq, xalçaçılıq, dülgərlik, çilingərlik, tikiş, toxuculuq, rəssamlıq kimi yeni peşə kabinetləri var. Məktəbdə uşaqların asudə vaxtının səmərəli təşkili və istirahəti üçün qapalı üzgüçülük hovuzu və idman zalı fəaliyyət göstərir. Müəssisənin həyətində kölgəliklər, açıq futbol meydançası da yaradılıb. Heydər Əliyev Fondu
24/11/2015 12:07
Beyləqan, Füzuli, Ağdam və Tərtər rayon sakinlərinin nəzərinə!
Təhsil naziri Mikayıl Cabbarov 30 noyabr 2015-ci il tarixində saat 11:00-da Beyləqan şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2015-ci ilin noyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Beyləqan, Füzuli, Ağdam və Tərtər rayon sakinlərini qəbul edəcək. Qəbula gəlmək istəyən vətəndaşlar 24, 25, 26 və 27 noyabr 2015-ci il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) və ya http://edu.gov.az/az/contacts/request elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.
24/11/2015 10:00
İnnovasiya müsabiqəsinin milli seçim turu
Təhsil Nazirliyi, “Microsoft Azerbaijan” şirkəti, “Yüksək Texnologiyalar Parkı” və “Nar Mobile” rabitə operatoru “Microsoft Imagine Cup” innovasiya müsabiqəsinin milli seçim turuna start verib. “Microsoft Imagine Cup” dünyanın bir sıra ölkələrinin tələbələri arasında hər il keçirilən genişmiqyaslı innovasiya müsabiqəsidir. Bu müsabiqə Azərbaycanda ikinci dəfə təşkil olunur. Müsabiqə çərçivəsində tələbələrdən ibarət komandalar “İnnovasiya”, “Dünya vətəndaşlığı” və “Oyunlar” kateqoriyaları üzrə iştirak edə bilər. Müsabiqədə iştirak üçün “Microsoft” platforması üzərində innovativ proqram layihəsi, “Microsoft” texnologiyaları əsasında müasir dövrün problemlərini həll edən tətbiqin prototipini və ya istənilən “Microsoft Windows” platformaları üzərində orijinal oyun hazırlamaq lazımdır. Müsabiqə 16 yaşına çatmış tələbələr üçün təşkil olunur. Hər komandada eyni və ya müxtəlif universitetlərin 4-dək tələbəsi təmsil oluna bilər. Komandanın ən azı bir üzvü ingilis dilində sərbəst danışmağı bacarmalıdır. Müsabiqədə iştirak üçün qeydiyyat dekabrın 25-dək davam edəcək. Gələn ilin yanvarın 1-dən aprelin 15-dək isə müsabiqəyə hazırlıq işləri aparılacaq və apreldə milli turun finalı keçiriləcək. Milli seçim turunun 3 nominasiya üzrə qalibləri ikinci turda – gələn ilin may ayında onlayn rejimdə keçiriləcək beynəlxalq yarımfinalda iştirak etmək şansı əldə edəcəklər. Qeyd edək ki, Azərbaycanı təmsil edən komanda ötən “Microsoft Imagine Cup 2015” müsabiqəsində uğur qazanıb. ABŞ-ın Redmond şəhərində keçirilən müsabiqədə Bakı Dövlət Universitetinin və Xəzər Universitetinin tələbələri - Nizami İsmayılov, Arif Mövsümzadə, Fidan və Ülviyyə Rüstəmovalardan ibarət “NoObs” komandası “İnnovasiyalar” kateqoriyasında II yeri tutub. Bu müsabiqədə ilk dəfə iştirak edən Azərbaycan komandasına “bluetooth-tənzimçilər” dəsti, həmçinin qaməti əymədən oturmaq və durmaq vərdişi yaradan, “Windows Phone” platformalı smartfonlar üçün proqram təminatı olan “Spinal” layihəsi uğur gətirib.
23/11/2015 17:38
Şahmat çempionatı başa çatıb
“Təhsil” Respublika İdman Mərkəzinin (RİM) şahmat üzrə Respublika çempionatının final mərhələsi keçirilib. Quba rayon İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbində keçirilən final 6 yaş qrupu üzrə təşkil olunub. Finalda zona yarışlarında I, II və III yerləri tutan oğlan və qız şahmatçılar iştirak ediblər. Ümumilikdə yarışlara 800-dək məktəbli qatılıb. Turnir Beynəlxalq Şahmat Federasiyasının qaydalarına əsasən, İsveçrə sistemi üzrə keçirilib. Yarışın nəticəsinə əsasən, komanda hesabında I yerə Bakı şəhəri 2 nömrəli Uşaq-Gənclər Şahmat-İdman Məktəbinin, II yerə Quba Rayon İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbinin, III yerə isə 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat-Dama İdman Məktəbinin komandaları layiq görülüb. Çempinatda yaş qrupları üzrə birinci yerə layiq görülən şahmatçılar 2016-ci ildə Tunisdə keçiriləcək məktəblilərin dünya çempionatında çıxış etmək hüququ qazanıblar. İkinci yerlərin sahibləri isə Yunanıstanda keçiriləcək məktəblilərin Avropa çempionatında ölkəmizi təmsil edəcəklər. Qalib şahmatçılar diplom, medal və hədiyyələrlə mükafatlandırılıblar.
23/11/2015 10:58
Azərbaycan və Rusiyanın təhsil nazirləri SABAH qrupları ilə tanış olub, Xalça Muzeyini ziyarət ediblər
Bakıda səfərdə olan Rusiyanın təhsil və elm naziri Dmitri Livanov Azərbaycanın təhsil naziri Mikayıl Cabbarovla birlikdə Dövlət İqtisad Universitetində SABAH qruplarının tələbələri ilə görüşüb. Qonağa SABAH layihəsi haqqında məlumat verilib. Layihəni müsbət dəyərləndirən Rusiyanın təhsil və elm naziri bu sahədə təcrübə mübadiləsi aparmağı təklif edib. Daha sonra nazirlər Xalça Muzeyində olublar. Qonağa məlumat verilib ki, Azərbaycan xalçaçılıq sənəti sahəsində dünyanın aparıcı ölkələrindən biridir. 2010-cu ildə Azərbaycanın ənənəvi xalçaçılıq sənəti UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsin reprezentativ siyahısına salınıb. Hazırda muzeyin sərgi və fondlarında 13 min 300-dən artıq eksponat və əşya saxlanılır.
21/11/2015 11:18
Prezident İlham Əliyev Rusiya Federasiyasının təhsil və elm naziri Dmitri Livanovu qəbul edib.
Dövlətimizin başçısı Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin bütün istiqamətlərdə, o cümlədən təhsil sahəsində uğurla inkişaf etdiyini vurğuladı. Prezident İlham Əliyev Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında bu il artıq ilk buraxılışın olmasının və Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının ölkəmizdə fəaliyyətə başlamasının önəmini qeyd etdi. Dövlətimizin başçısı təhsil sahəsində əməkdaşlığımızın digər formalarının müəyyənləşdirilməsinin zəruriliyini də qeyd etdi. Azərbaycanlı tələbələrin Rusiyanın müxtəlif ali məktəblərində təhsil almalarını əlaqələrimizin yaxşı göstəricisi kimi dəyərləndirən Prezident İlham Əliyev bu istiqamətdə əməkdaşlığımızın daha da möhkəmləndirilməsinin vacibliyini vurğuladı, müxtəlif sahələr üzrə mütəxəssislərin hazırlanmasında təhsilin hər iki ölkə üçün əhəmiyyətli olduğunu dedi. Rusiya Federasiyasının təhsil və elm naziri Dmitri Livanov ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsi işinə xüsusi diqqət göstərdiyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının uğurlu fəaliyyətini məmnunluqla qeyd edən Dmitri Livanov Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının da Azərbaycanda nüfuz qazanacağına və peşəkar tibb işçilərinə olan tələbatın ödənilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu vurğuladı. Rusiyanın təhsil və elm naziri Azərbaycan İqtisad Universitetinin Dərbənd filialının fəaliyyətini təhsil sahəsində qarşılıqlı əməkdaşlığın nümunəsi kimi dəyərləndirdi. Görüşdə ölkələrimiz arasında təhsil sahəsində əlaqələrin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı. www.president.az
20/11/2015 18:08
Filter
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur
Ətraflı✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
ƏtraflıAprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı