Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Bölgələrdə 15 sentyabr–“Bilik günü” münasibətilə tədbirlər keçirilib

Lənkəran Dövlət Universitetinin 2 saylı tədris korpusu istifadəyə verilib   Sentyabrın 15-də Lənkəran Dövlət Universitetinin (LDU) 2 saylı tədris korpusunun əsaslı təmirdən sonra açılış mərasimi keçirilib. Tədbiri universitetin rektoru vəzifəsini icra edən Natiq  İbrahimov açaraq, yeni dərs ilinin başlanması münasibətilə tələbələri təbrik edib, onlara yeni-yeni təhsil uğurları arzulayıb.  Tədbirdə çıxış edən təhsil nazirinin müavini Ceyhun  Bayramov ölkəmizdə milli təhsil quruculuğu strategiyasının uğurla həyata keçirildiyini, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə elmə, təhsilə diqqətin artırıldığını bildirib. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov bütün uğurların ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olduğunu, dövlət başçısı İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirildiyini vurğulayıb. Sonra qonaqlar universitetin yeni tədris korpusunun müasir avadanlıqlarla təchiz olunmuş fənn kabinetləri və laboratoriyaları ilə tanış olub. Tədbir konsert proqramı ilə davam etdirilib.   * * *   İsmayıllı rayonunda “Bilik günü”nə həsr edilmiş tədbir   İsmayıllı rayon İvanovka kənd Heydər Əliyev adına tam orta məktəbdə “Bilik günü”nə həsr edilmiş tədbir keçirilib. Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Mahmud Süleymanov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin məsləhətçisi Kulik Valentin, müəllimlər və şagirdlər iştirak edib. Tədbirdən öncə qonaqlar ümumilli lider Heydər Əliyevin abidəsi önünə əklil və gül dəstələri qoyublar. Təhsil nazirinin müavini Firudin Qurbanov müəllim və şagirdləri təbrik edib, təhsil sahəsində aparılan islahatlarla bağlı ətraflı məlumat verib. Tədbirin sonunda I və XI sinif şagirdləri bədii kompozisiya ilə çıxış ediblər.  Sonda qonaqlar məktəblə tanış olub, sinif otaqlarında şagird və müəllimlərlə görüşüblər.   * * *   Balakəndə İnteqrasiya təlimli internat tipli gimnaziya əsaslı təmir olunub   Balakən rayonunda Təhsil Nazirliyinin İnteqrasiya təlimli internat tipli gimnaziyası əsaslı təmirdən sonra istifadəyə verilib. Gimnaziyanın açılış mərasimində Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov, Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, müəllimlər, şagirdlər və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Çıxış edənlər müəllim və şagird kollektivini yeni dərs ilinin başlanması və “Bilik günü” münasibətilə təbrik edib, son illərdə təhsil sahəsində əldə edilmiş nailiyyətlər, təhsilin keyfiyyətinin daha da yüksəldilməsi ilə bağlı qarşıda duran vəzifələr barədə danışıblar. Daha sonra mərasim iştirakçıları gimnaziyada yaradılmiş şəraitlə tanış olublar. Təhsil Nazirliyi tərəfindən ən müasir avadanlıqlarla təchiz olunan gimnaziyanın tədris və yataqxana korpusları, yeməkxana və yardımçı binaları əsaslı təmir edilib. Gimnaziyada kimya, biologiya, fizika və informatika kabinetləri, müasir  laboratoriya yaradılıb. Bina İKT avadanlıqları ilə təmin edilib. Gimnaziyada 16 nəfər gənc müəllimin yaşayışı üçün şərait yaradılıb.

“Elektron Təhsil” Respublika müsabiqəsi

Sentyabrın 19-da “Elektron Təhsil” Respublika müsabiqəsinə start veriləcək. Müsabiqənin keçirilməsində əsas məqsəd tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirmək və fəaliyyətlərini dəstəkləmək, ən yaxşı elektron tədris vəsaitlərini geniş istifadəçi auditoriyasına tanıtmaq, internetin imkanlarından (bloqlar, saytlar, sosial şəbəkələr və s.) istifadə etməklə həyata keçirilən yeni tədris üsulları barədə ölkənin təhsil ictimaiyyətini məlumatlandırmaq, müəllimləri tədris prosesində İKT-dən fəal istifadəyə cəlb etmək, tədris məqsədləri üçün İKT-nin tətbiqinin yeni formalarını axtarmaq, təhsil müəssisələrində elektron resurslardan istifadəni genişləndirmək, müəllim və şagirdləri elektron resurslar yaratmağa və hazır resurslardan istifadəyə həvəsləndirməkdən ibarətdir. Müsabiqə 3 istiqamət (Müəllim, Şagird və Məktəb istiqamətləri) olmaqla, 6 nominasiya üzrə keçiriləcək. Müsabiqə “Dr. Web”, “AZEDUNET”, “Ultra”, “Edumediya Azərbaycan”, “Nar” mobil operatoru və "Təhsildə İnnovativ Texnologiyar" Əlavə Təhsil Mərkəzi tərəfindən dəstəklənir. Müsabiqənin qaliblərinə noutbuklar, planşetlər, printerlər və digər xüsusi mükafatlar təqdim olunacaq.   “Elektron Təhsil” Respublika müsabiqəsi

Gənc meşəçilər müsabiqədə xüsusi mükafatlara layiq görülüb

Azərbaycanın gənc meşəçiləri Sankt-Peterburq şəhərində keçirilən XIII Beynəlxalq gənc meşəçilər müsabiqəsində iştirak ediblər. Rusiya Federasiyası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Federal Meşə Təsərrüfatı Agentliyinin dəvəti ilə  baş tutan müsabiqədə dünyanın 27 ölkəsindən  49 məktəbli və tələbə iştirak edib. Müsabiqədə Azərbaycanı təmsil edən gənc meşəçilərin V Respublika müsabiqəsinin qalibləri ekoloji problemlərin həllinə həsr olunmuş layihələrini təqdim ediblər. Gənc meşəçilər Ermənistanın hərbi təcavüzü nəticəsində Qarabağın sərvətlərinə və ekologiyasına vurulan zərərlərdən danışıblar. Yekunda münsiflər heyətinin qərarı ilə Azərbaycanın gənc meşəçiləri beynəlxalq müsabiqənin diplomları və medallarla mükafatlandırılıblar. İştirakçıların Sankt-Peterburq şəhərinin tarixi yerlərinə, Sankt-Peterburq Meşə Texniki Universitetinə ekskursiyaları təşkil edilib.

Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Təhsildə yeni keyfiyyət mərhələsi başlayır   Mikayıl CABBAROV: “Biz potensialımızı artırmaqla, innovasiyaları genişləndirməklə Azərbaycanı regionun təhsil mərkəzinə çevirməyi hədəfləmişik”   Bu gün Azərbaycanda yeni təhsil ili başlayır. Hər növbəti təhsil ili həm də ötən təhsil ilinin yekunlarının qiymətləndirilməsi ilə də əlamətdar olur. Azərbaycan təhsilinin yeni mərhələyə hansı uğurlar, problemlər və perspektivlərlə qədəm qoymasını, ümumiyyətlə, təhsilimizin mövcud durumunu həmsöhbətimiz təhsil naziri Mikayıl CABBAROVla müzakirə etdik.   Ali məktəbə qəbul prosesində ciddi dəyişikliklər nəzərdə tutulur   - Cənab nazir, ali məktəblərə qəbulun statistikasına görə ötən 3 ildə təhsilin nəticələrinin getdikcə yaxşılaşdığını söyləyə bilərik. Bu, təhşildə, nəhayət ki, müsbət keyfiyyət dəyişikliyinə keçidin başlanğıcıdırmı? - Öncə yeni tədris ilinin başlaması münasibətilə bütün təhsil ictimaiyyətini, müəllimləri, təhsil alanları, valideynləri ürəkdən təbrik edir, uğurlar arzulayıram.  Ötən gün Prezident İlham Əliyevin iştirakı ilə IT STEP akademiyasının açılışı ölkəmizdə informasiya texnologiyaları sahəsində ilk peşə-ixtisas təhsili ocağının yaranması ilə yadda qaldı. Eyni zamanda, bu tədris ilindən Azərbaycan-Fransız Universitetinin fəaliyyətə başlaması da ali təhsilimizin inkişafı və beynəlmiləlləşməsində yeni halqa olacaq.              Bəli, ötən il də nəzərə alınmaqla təhsil sahəsində baş verənlər keyfiyyətcə yeni mərhələnin başlanğıcıdır. Maksimalist olduğumuzdan hər zaman nəticələrin daha da yüksək olmasını istəyirik. Biz ölkə rəhbərliyinin təhsilin bütün sahələrinin inkişafı ilə bağlı qarşıya qoyduğu məqsədlərə nail olmaq üçün gücümüzü səfərbər etmişik. Məmnunam ki, artıq 3 ildir hər bir ixtisas qrupu üzrə nəticələr yüksəlir. Bu onu göstərir ki, apardığımız islahatlar hər hansı bir coğrafi məkan və ya ixtisas qrupu ilə məhdudlaşmır, hər bir şagirdin nailiyyətlərinə təsir edir. Buraxılış imtahanlarının nəticələrindəki irəliləyişlər özünü qəbul imtahanlarında da büruzə verdi. Belə ki, ötən illərlə müqayisədə qəbul imtahanlarında iştirak edən abituriyentlərin sayı azalsa da, 200-dən artıq bal toplayan abituriyentlərin mütləq sayı artıb. 2016-2017-ci tədris ili üçün qəbul imtahanlarının nəticələrində müsbət dinamika müşahidə edilir. Belə ki, bu il qəbul imtahanlarında 200-dən yuxarı bal toplayanların sayı rekord miqdarda - 34475 nəfər (43,9%) təşkil edib ki, bu da ötən ilki göstəricidən 3,9%, 2014-ci ildəki göstəricidən isə 9,2% artıqdır. 2015-ci ildə 200-dən yuxarı bal toplayanların sayı 33 198 nəfər (40%), 2014-cü ildə isə 32 159 nəfər (34,7%) təşkil edib. Bunu riyazi formullar da təsdiq edir. Eyni zamanda, tələbə qəbulu imtahanlarında iştirak edərək 200-dən artıq bal toplayan abituriyentlərin nəticələrinə görə keyfiyyət göstəriciləri yüksəlib.  Digər bir məsələ isə keçid balıdır. Bu, ali təhsilə çıxış ilə bağlı olan bir məsələdir. Dünyada bununla bağlı iki təcrübə var. İlk nümunə keyfiyyətlə bağlıdır - ali təhsilə girişdə bal məhdudiyyətinin qoyulması. Belə praktika dünyada mövcuddur. Bu gün Azərbaycan da bu modeldən istifadə edir. Hətta beynəlxalq səviyyəli test imtahanlarının nəticələri eyni ölkədə universitetlərin reytinq əmsalına görə dəyişir. Universitetlərə qəbulda keyfiyyətlə bağlı qoyulan bal məhdudiyyəti həm də əmək bazarının tələbidir. Biz həm də son iki ildə ali təhsil müəssisələrinə bir sıra prioritet ixtisaslar üzrə minimal keçid ballarını artırmışıq. Yəni, burada qarşıya qoyulan məqsəd odur ki, ali təhsil müəssisələri öz potensialını və profilini nəzərə almaqla ixtisasları, onların sayını və sifarişlərini müəyyənləşdirməlidirlər.  İkinci yanaşma - hər istəyənə ali təhsil almaq hüququ verməkdir. Burada önə çəkilən amil təhsilin əlçatanlığıdır. Bir çox ölkələr ali təhsilə yiyələnmək arzusu olan hər kəsə bu hüququ verir. O şərtlə ki, vətəndaş öz təhsil xərcini tam şəkildə üzərinə götürür. Ali təhsilin əlçatanlığı “bilik iqtisadiyyatı” və ya “post sənaye” dövrü üçün uğurlu bir model kimi dəyərləndirilir. Bu, ölkədə insan kapitalının keyfiyyətinə müsbət təsir edir, iş yerlərinin yaradılması və iqtisadiyyatın inkişafı ilə sıx bağlıdır. Təhsilin inkişafı üzrə Dövlət Strategiyasında da qəbul planının ləğvi nəzərdə tutulur. Bu isə universitetlərdən daxili qiymətləndirməyə və yekun imtahana olan yanaşmaya yeni baxış tələb edir.  Yuxarıda qeyd etdiyim mövzuların hər biri cəmiyyətdə müzakirə edilməlidir. Bu məsələlər dövlətin iqtisadi siyasəti və strukturu, həmçinin ictimai siyasətlə sıx bağlıdır. - Belə bir yanaşma var ki, bir uşağa çəkilən xərc məktəbəqədər mərhələdə daha vacibdir, nəinki təhsilin digər səviyyələrində, o cümlədən ali təhsildə... - Tamamilə doğru qeyd edirsiniz. Aparılan tədqiqatlar bunu birmənalı təsdiq edir. Təhsilin bu mərhələsinin vacib olduğunu və bununla bağlı ölkə rəhbərliyinin və Heydər Əliyev Fondunun prezidenti, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın xüsusi yanaşmasını qeyd etmək lazımdır. Bir neçə ay bundan əvvəl Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Uşaqların məktəbə hazırlığının təşkili məsələləri” haqqında qəbul etdiyi qərar məktəbəqədər hazırlığın çərçivəsini genişləndirməyə yeni təkan verəcək. Bu, hər kəsin marağındadır. Biz məktəbə hazırlıq işini genişləndirmək üçün ilk növbədə, elə ümumi təhsil müəssisələrinin infrastrukturundan istifadə etməyə qərar verdik. Yəni, bildiyiniz kimi, yeni tədris ilindən ümumtəhsil məktəblərində 5 yaşlı uşaqların dövlət hesabına məktəbə hazırlıq təhsilinə başlanılacaq. Artıq bununla bağlı Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda UNICEF-in maliyyə və metodiki dəstəyi ilə təlim proqramına start verilib. “Təlimçi hazırlığı” adlanan bu proqrama əsasən məktəbə hazırlıq qruplarında dərs deyəcək müəllimlər təlimatlandırılır.   Orta təhsildə buraxılış imtahanlarının nəticələri yaxşılaşıb   - Orta təhsildə son vaxtlar aparılan əsas dəyişikliklərdən biri də məktəblərdə təmayülləşmənin tətbiqidir. Bu, hansı zərurətdən yarandı? - Ümumi təhsilin təmayüllər üzrə təşkilini bu sahənin keyfiyyətinin yüksəldilməsi üçün görülən işlərdən biri saymaq olar. Təmayülləşmə müvafiq fənləri əhatə edən təhsil sahələri üzrə fərqlənən şagirdlərin istedadlarının, onların potensial imkanlarının reallaşmasına və ümumi inkişafına əhəmiyyətli dərəcədə təsir göstərən prosesdir. Məqsəd təhsildə seçimini etmiş şagirdlərə öz potensiallarını reallaşdırmaq üçün bütün imkanları yaratmaqdır. Ötən tədris ilində 58 məktəbdə 176 sinif komplektində təxminən 3700 nəfərə yaxın şagird X sinifdə təmayüllər üzrə tədrisə cəlb olunub. Yeni tədris ilindən təmayülləşmə üzrə coğrafiya genişləndirilərək ölkənin 5 şəhər və 36 rayonu üzrə 124 məktəbdə tətbiq olunacaq. İndiyədək əldə olunan nəticələrin təhlili göstərir ki, tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqi şagirdlərin meyil və arzularına uyğun təşkil edildiyi üçün onlarda təlimə marağı xeyli artırıb, məktəblilərin təhsil nailiyyətlərinə müsbət təsir edib. - Dərslik problemi ictimaiyyət tərəfindən daim müzakirə olunan ciddi məsələlərdəndir. Son illərdə bu sahədə hansı dəyişikliklər edilir? Bugünkü dərsliklərimiz tədris standartlarına tam uyğundurmu? Bu problemlə bağlı nə deyə bilərsiniz... - Biz bu il çap edilən dərsliklərin yerlərə çatdırılması prosesini bir qədər tez həyata keçirdik. Düşündük ki, şagirdlərin bir məktəbdən digər məktəbə yerdəyişməsi, birinci sinfə gedəcək şagirdlərin sayının dəqiqliklə müəyyən edilməsinin mümkünsüzlüyü dərsliklərlə təminatda çətinlik yaradar. Bu baxımdan valideynlərə və şagirdlərə müraciət etdik ki, göstərilən vaxtadək dərslikləri təhsil aldıqları məktəblərdən əldə etsinlər.  Sualınızın digər hissəsinə gəldikdə isə qeyd edə bilərəm ki, dərslik seçimində şəffaflığı təmin etmək məqsədilə xüsusi sayt yaradılıb. Bununla bağlı davamlı ictimai rəy öyrənilir. Yəni, dərsliklərin yazılması prosesində mütəxəssislərin və ictimaiyyətin də rəy və təkliflərinin nəzərə alınmasına üstünlük verilir. Bir məsələni də vurğulayım ki, elektron dərsliklərə xüsusi önəm veririk. Təhsil Nazirliyi tərəfindən yaradılmış elektron dərslik portalında (www.e-derslik.edu.az) 143 elektron kitab var. Onlardan 121-i dərslik, 22-si müəllim üçün metodiki vəsaitdir. İnternetə çıxışı olan hər kəs istədiyi dərslikdən yararlana bilər. Bu günə qədər portala daxil olanların sayı 1 009 766 nəfərdir. - Buraxılış imtahanlarında şagirdlərin göstəricilərində də müsbət dinamika müşahidə edilir. Bu dinamikanın rayonlar üzrə bölgüsünü müəyyənləşdirmisinizmi?  - Son illərdə IX siniflər üzrə nəticələr daha ürəkaçandır. 2012-ci ildə iki məzundan biri, bu ilki IX siniflər üzrə buraxılış imtahanlarında hər 3 məzundan ikisi bütün fənlərdən müsbət qiymət alıb. Bu göstərici ötən ilki göstəricidən 2,7 faiz daha yaxşıdır. Həmçinin XI siniflər üzrə imtahanlarda məzunların 65 faizi bütün fənlərdən müsbət qiymət alıb. 2014-2015-ci tədris illəri üçün 9-cu sinif buraxılış imtahanında ən zəif nəticə göstərmiş və şagird sayı nisbətən çox olan 6 rayon pilot olaraq seçilib. Bu rayonlar - Astara, Ağcabədi, Cəlilabad, Masallı, Saatlı və Sabirabad üçün inkişafyönümlü planlar hazırlanıb və həyata keçirilib. Ötən illə müqayisədə hər iki fənn üzrə müsbət qiymət alanların sayında Astara rayonu üzrə 22 faiz, Ağcabədi rayonu üzrə 15 faiz, Sabirabad rayonu üzrə 14 faiz, Masallı rayonu üzrə 11 faiz, Cəlilabad və Saatlı rayonlarının hər biri üzrə 9 faiz artım müşahidə edilib. Bununla yanaşı, digər bölgələrdə də IX sinif məzunlarının nəticələri yaxşılaşıb. Belə ki, Şəmkirdə 13 faiz, Gədəbəydə 10 faiz, Lerikdə 9 faiz, Salyanda 8 faiz, Hacıqabul, Beyləqan, İmişli, Zaqatala və Qobustan rayonlarının hər biri üzrə 7 faiz müsbət dinamika qeydə alınıb. Biz nəticələri ciddi təhlil edirik və ona uyğun tədbirlər həyata keçiririk.   Yüksək balla pedaqoji ixtisasları seçən tələbələrin sayı 10 dəfə artıb   - Hazırda müəllimlərin işə qəbulu prosesi necə tənzimlənir? Ümumiyyətlə, vakansiyaların gizlədilməsi halları mövcuddurmu? - Bu gün müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada aparılır. Biz müəllim peşəsinin nüfuzunun artırılmasını, onun yüksək biliyə sahib olmasını, habelə pedaqoji təhsilə bilikli gənclərin cəlb olunmasını istəyirik.  Bilirsiniz ki, artıq bir neçə ildir ki, müəllimlərin işə qəbulu elektron proqram təminatı ilə həyata keçirilir. Bu il respublikanın ümumtəhsil müəssisələrində olan 3346 vakansiya müsabiqəyə çıxarılıb. Müsabiqədə iştirak etmək üçün müraciət edənlərin indiyədək görünməmiş sayda - 31779 nəfərinin elektron ərizəsi təsdiq edilib. Ümumilikdə 2365 müəllim işə qəbul olunub. Son dövrlərdə aparılan məqsədyönlü işlər nəticəsində müəllimlik peşəsini seçən yüksək ballı məzunların sayı xeyli artıb. Məsələn, ötən tədris ilində yüksək balla pedaqoji ixtisasları seçən tələbələrin sayı 10 dəfə artıb. Təhsil Nazirliyi tərəfindən son 3 ildə birinci yerdə müəllimlik ixtisasını seçən, 500 və ya daha artıq bal toplayan 300 nəfər tələbəyə 100 manat dəyərində təqaüd verilir.  Müəllimlik ixtisasını seçən tələbə-gənclərlə aparılan sosioloji sorğunun nəticələri göstərir ki, bu gənclər düşünülmüş şəkildə, ürəklərinin hökmü ilə və böyük həvəslə müqəddəs, şərəfli, eyni zamanda, məsuliyyətli peşə olan müəllimliyi seçiblər. Belə ki, sorğuda iştirak edən tələbələrin 70-80 faizi müəllim peşəsini sevdiklərini bildirir.  - Bu il həm də onunla yadda qaldı ki, Təhsil Nazirliyi müəllimlərin ixtisasartırma təhsili ilə bağlı, bütövlükdə pedaqoji işçilərin peşəkar inkişafı ilə bağlı yeni yanaşma sərgilədi. Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun yeni təqdimatı təhsilimizdə nəyi dəyişəcək? - Təhsilin keyfiyyəti müəllimin səviyyəsinə bağlıdır. Bəli, Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında müəllimlərin peşəkarlığının artırılması ayrıca bir istiqamətin mövzusudur. Günün tələblərinə uyğun müəllim ordusu hazırlamaq və onları davamlı inkişafa sövq etmək xüsusi diqqət istəyir. Ötən ilin sonunda Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidən Hazırlanması İnstitutunun həm adı, həm də funksiyası dəyişdirilmişdir. Pedaqoji heyət üçün yeni modul-kredit və rəqabətəsaslı təlimlər sisteminin yaradılması istiqamətində iş gedir. Hazırda institut öz işini bu alqoritmdə tənzimləyir: Müəllimlərin təlim ehtiyaclarının müəyyənləşdirilməsi; Ehtiyaclara uyğun təlim paketlərinin hazırlanması; İxtisasartırma təlimlərinin birbaşa institutda deyil, tender yolu ilə seçilmiş universitet və ya əlavə təhsil müəssisələrində aparılması.  Düşünürük ki, bu, ixtisasartırma təlimlərinin keyfiyyətini yüksəldəcək və universitetlər, əlavə təhsil müəssisələri arasında sağlam rəqabəti dəstəkləyəcəkdir. İnstitut keyfiyyətə nəzarəti, qiymətləndirmə və sertifikasiya məsələlərini öz öhdəsində saxlayır. Vahid standartlar əsasında hazırlanmış ixtisasartırma təlimlərinin bir qurum tərəfindən keçirilməsi, digər qurum tərəfindən qiymətləndirilməsi də şəffaflığı və keyfiyyəti yüksəltməyə xidmət etməlidir. Başqa bir vacib məsələ müəllimlər üçün elektron ixtisasartırma proqramlarının hazırlanmasıdır. İxtisasartırma proqramlarının nəzəri-informativ hissələrinin elektronlaşdırılması hər mənada işi xeyli yüngülləşdirir.  - Mikayıl müəllim, bu il həm də cənab Prezidentin sərəncamı ilə “Ən yaxşı müəllim”, “Ən yaxşı məktəb” müsabiqələrinin qaydası dəyişdi. Təhsildə inkişaf və innovasiyalar üzrə qrant layihələrinin maliyyələşdirilməsi nəzərdə tutulub. Sizcə, bu, təhsildə nəyi dəyişəcək? - Birincisi, bu, fəaliyyətin daha hədəfli və seçimli qurulmasına xidmət edəcək. Cənab Prezidentin sərəncamına əsasən, ən yaxşı ümumi təhsil müəssisəsi və ən yaxşı müəllim mükafatları üçün Azərbaycan Respublikasının dövlət büdcəsində hər il üzrə nəzərdə tutulan vəsait təhsildə inkişaf və innovasiyalar üzrə qrant layihələrinin həyata keçirilməsinə yönəldiləcək. Sərəncam imkan verir ki, bu prosesə tək ümumi təhsil məktəbləri, müəllimlər deyil, eyni zamanda, ilk peşə, orta ixtisas və ali təhsil müəssisələri də cəlb olunsun. Bununla, universitetlər də öz ideyalarını, yanaşmalarını ortaya qoya biləcəklər.  Əvvəlki illərdə yüzlərlə ümumitəhsil məktəbi fərqləndirildi, mükafatlar təqdim edildi. Bundan sonra ayrı-ayrı fərdlərin deyil, həmin şəxslərin təhsilə verəcəyi töhfələr qiymətləndirilməyə başlanacaq. Hazırkı dövrdə aparıcı mütəxəssislərin, onların müəllimlərinin ideyalarına ehtiyac var. Bu da innovasiyaların, kreativ yanaşmaların təhsilə gətirilməsinə xidmət edəcək. - Bu gün aparılan islahatlarda məktəb direktorlarının seçimi də cəmiyyətin diqqətində olan məsələlərdəndir... - Bu gün direktorlardan idarəetmədə yeni vərdişlərə yiyələnmə, tədris mühitinin şəffaflığının təmin edilməsi, təşəbbüskarlıq və məktəbin cəmiyyətin vacib halqası kimi rolunu dərk etmə kimi əsas keyfiyyətlər gözlənilir. Bütün nailiyyətlərin və qarşıda duran çağırışların kökü məktəbdən başlayır. İstənilən şəxsin, fərdin formalaşması, milli dəyərlərin daşıyıcısı olması, öz uğurunu fərd olaraq deyil, uğurlu bir dövlətin, cəmiyyətin uğuru kimi görmək imkanı məktəbdə olan mühitdən, təhsil imkanından asılıdır. Məktəbdə isə bu mühitin yaradıcısı məktəb direktorudur. Müəllimlərin işə yanaşması, məktəb-valideyn münasibətləri məktəb direktorlarının fəaliyyətindən asılıdır. Məktəb direktorları üzərlərinə düşən məsuliyyəti layiqincə dəyərləndirməli, rəhbərlik etdikləri təhsil müəssisələrinin inkişafı naminə var gücləri ilə çalışmalıdırlar. Bu il də məktəb direktorlarının işə qəbulu ilə bağlı yeni qaydalara uyğun olaraq, 4 mərhələdən ibarət müsabiqə keçirilib. Əvvəlcədən müəyyənləşdirilmiş 597 vakant yerə 2260 nəfər müraciət edib. İmtahanda iştirak edən 1591 nəfərdən 516-sı müsahibə mərhələsinə buraxılıb. Onlardan 208 nəfəri ölkənin şəhər və rayonlarındakı vakant məktəb direktoru vəzifəsinə işə qəbul olunub.   Son 13 ildə məktəblərin 70 faizi yenidən tikilib və ya əsaslı təmir olunub   - “Məktəblilərin dostu” layihəsi də son vaxtların ən diqqətçəkən yeniliklərindən oldu. Görəsən bu, şagird-müəllim münasibətinin daha da yaxşılaşmasına, valideyn məmnuniyyətinə şərait yaradacaqmı? - Təhsil Nazirliyi “ASAN xidmət”lə birgə”Məktəblilərin dostu” layihəsinə start verib. Layihə təhsilin idarəedilməsinin təkmilləşdirilməsi, valideynlərin ümumi təhsil müəssisələrinin həyatında daha yaxından iştirakı məqsədilə həyata keçirilir. “Məktəblinin dostu”nun əsas vəzifələri müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, müəllim, təlim-tərbiyə müəssisələrinin kollektivi və rəhbərliyi ilə maarifləndirmə və diaqnostik işlərin aparılması olacaq. “Məktəblinin dostu” həmçinin hər bir yaş mərhələsində uşaqların hərtərəfli şəxsi keyfiyyətlərinin və intellektual inkişafının təmin olunması, onlarda özünütərbiyə və özünüinkişaf bacarığının formalaşdırılmasında iştirak edəcək. Layihə ilk mərhələdə Bakı şəhərindəki 30 ümumi təhsil müəssisəsində həyata keçiriləcəkdir.  - Son 3 ildə ölkə təhsilində olimpiadaların keçirilməsi ilə bağlı yaxşı ənənə formalaşıb. Nəticələr nəyi deyir? - Sağlam və ədalətli rəqabət mühitində keçirilən bu yarışlar şagirdlərin müvafiq fənlərə olan marağının daha da artmasına səbəb olur. Cari tədris ilində Koreya, Albaniya, Rusiya və Çində keçirilən 5 müxtəlif beynəlxalq fənn olimpiadasında Azərbaycan məktəbliləri 5 gümüş və 11 bürünc medal qazanıblar. Təsadüfi deyil ki, bir çox respublika və beynəlxalq olimpiada qaliblərimiz dünyanın nüfuzlu universitetlərində təhsil alırlar. Moskvada keçirilən Beynəlxalq Mendeleyev Olimpiadasının qalibləri Lomonosov adına Moskva Dövlət Universitetinə, Balkan Riyaziyyat Olimpiadasında medal alan şagirdlər isə Türkiyənin Bilkənt və Orta Doğu Texniki universitetlərinə dəvət ediliblər. Respublika fənn olimpiadalarının birinci mərhələsində bu il iştirak edən şagirdlərin sayı xeyli artıb. Belə ki, iştirakçıların sayı 27 500 nəfər olub. Qaliblər arasında paytaxtla müqayisədə bölgə məktəblilərinin üstünlük təşkil etməsi isə müsbət hal kimi dəyərləndirilməlidir. Bu il 260 şagird olimpiadanın qalibi adına layiq görülüb.  - Məktəb tikintisinin statistikasına görə, Azərbaycan artıq uzun illərdir ki, qabaqcıl ölkələrdən sayılır. Bu sahədə son rəqəmlər necədir?  - Bəli, Azərbaycan bu sahədə öncüldür. Son 13 il ərzində ölkəmizdə məktəblərin 70 faizi yenidən tikilib və ya əsaslı təmir olunub. Yeni tədris ilindən ölkə üzrə 29 yeni məktəb, o cümlədən Təhsil Nazirliyinin sifarişi ilə 7 məktəb istifadəyə veriləcək.  101 məktəbdə əsaslı və 384 məktəbdə isə cari təmir işləri aparılıb. 10 təhsil müəssisəsinin tikintisi isə davam edir. Yeni tədris ilindən Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsinin sifarişi ilə 2 internat məktəbi əsaslı təmir olunub, istifadəyə veriləcək. - Mikayıl müəllim, deyəsən, təhsilimiz getdikcə “asan”laşır”. “ASAN məktəb”, “ASAN peşə”, “Məktəblinin dostu” və sair. Maraqlı layihələrdir. Onların, xüsusən də elə “ASAN peşə” layihəsinin coğrafiyasını genişləndirmək mümkündürmü? - Təhsil sistemi əhalinin böyük hissəsini əhatə etdiyindən bizim “ASAN xidmət”lə olan əməkdaşlığımızın genişləndirilməsi təsadüfi xarakter daşımır. Məqsədimiz təhsil xidmətlərini daha rahat və şəffaf formada çatdırmaqdır. Bu tədris ilində ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul pilot olaraq “ASAN peşə” layihəsi üzrə Bakı və Gəncə şəhərlərində fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərində həyata keçirilib. Bu, Təhsil Nazirliyi ilə “ASAN xidmət” arasındakı əməkdaşlıq çərçivəsində reallaşdırılır. 4 mindən artıq şəxs ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunub. “ASAN peşə” layihəsi vətəndaşların rahatlığının təmin olunması, Təhsil Nazirliyi - “ASAN xidmət” əməkdaşlığının səmərəliliyinin artırılması və ilk peşə-ixtisas təhsili müəssisələrinə şagirdlərin qəbulu prosesində subyektiv amillərin aradan qaldırılması məqsədlərinə xidmət edir. Bundan əlavə, Bakı və Gəncə şəhərlərində ilk peşə-ixtisas təhsili müəssisələri şəbəkəsinin rasionallaşdırılması, dövlət-özəl əməkdaşlığının qurulması və işəgötürənlərin peşə təhsilinin inkişafına yönələn layihələrə cəlb olunması (British Council və Absheron Hotel Group, Bocsh, Knauf, “İT STEP Academy” ) üzrə də iş aparılır. Ukraynanın “İT STEP Academy” şirkəti ilə birgə həyata keçirilən layihə çərçivəsində şəbəkə texnologiyaları və sistem inzibatçılığı, kompüter qrafikası və dizayn, proqram təminatının yaradılması ixtisasları üzrə birgə fəaliyyət nəzərdə tutulub.  Təhsil Nazirliyi ölkə iqtisadiyyatının ixtisaslı kadrlara olan tələbatının ödənilməsini, müasir iqtisadi çağırışlara çevik reaksiya vermək qabiliyyəti olan ilk peşə-ixtisas təhsili sisteminin formalaşdırılmasını və mövcud peşə təhsili şəbəkəsinin dövlət-biznes partnyorluğuna əsaslanan sistemə transformasiyasını təmin etmək üçün kompleks tədbirlər həyata keçirir. Odur ki, müasir dövrün tələbinə uyğun ilk peşə-ixtisas təhsili ixtisaslarına yiyələnmək üçün yaradılmış imkan və potensialdan yararlanmaq abituriyentlərin seçimindən və istəyindən asılıdır. Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması da ilk peşə-ixtisas təhsili sahəsində peşə hazırlığının səmərəliliyini artırmaq və rəqabətqabiliyyətli ixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədilə yaradılıb. - Maarifçi Tələbə Kredit Fondu hansı məqsədlə yaradıldı? Hər tələbə bu kreditlərdən istifadə edə bilərmi? - Maarifçı Tələbə Kredit Fondu Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılıb. Fond dövlət ali təhsil müəssisələri tərəfindən təsis olunub. Fondun əsas missiyası təhsil haqqını ödəməkdə çətinlik çəkən aztəminatlı ailələrdən olan tələbələrə uzunmüddətli güzəştli kreditlər verilməsi vasitəsilə onlara ali təhsil almaqda bərabər imkanların yaradılmasıdır.  Tələbələr tərəfindən təhsil kreditləri üzrə müraciət yalnız elektron qaydada həyata keçirilir. Kreditlər üçün müraciət edən tələbələr müəyyən ümumi tələblərə cavab verməlidirlər. Belə ki, fonda Azərbaycan Respublikasının vətəndaşı olan, müvafiq təsisçi universitetlərin birində təhsil alan və təhsilini davam etdirmək üçün maliyyə yardımına ehtiyac duyan tələbələr müraciət edə bilərlər. Cari ilin iyununda artıq 22 tələbəyə kredit ödənilib. Kreditlərin yenidən verilməsinə isə oktyabrın 1-dən başlanacaq. Tələbə kreditləri ilə bağlı artıq beynəlxalq təşkilatlarla əməkdaşlığa başlanılıb, o cümlədən Dünya Bankı ilə ilkin danışıqlar aparılıb və texniki yardım göstərilməsi üçün məsləhətçi ayrılıb. Məqsəd beynəlxalq təcrübənin öyrənilməsidir. Artıq bu işlər üzrə ilkin hesabat hazırlanıb.   Bu il ali təhsil müəssisələrinə rekord sayda tələbə qəbul olunub   - Azərbaycan-Fransız Universitetinin fəaliyyətə başlaması əslində, gənclərimizin təhsili üçün yaradılan daha bir vasitədir və xüsusi qeyd olunmalı məsələlərdəndir. Bu, beynəlxalq əməkdaşlıq yönümündə hansı irəliləyişlərə rəvac verəcək?  - Azərbaycanla Fransa arasında bir çox sahələrdə olduğu kimi, təhsil sahəsində də yüksək səviyyədə əməkdaşlıq inkişaf edir. Azərbaycan-Fransız Universitetinin (UFAZ) yaradılması da bu əməkdaşlığın bariz nümunəsidir. Eyni zamanda, bu, Avropa keyfiyyətli ali təhsili ölkəmizdə əldə etməyə imkan verəcək, bu isə mühüm irəliləyiş olacaq. UFAZ bu tədris ilindən ADNSU-nun binasında Azərbaycanda ən çox tələbat olan 4 ixtisas üzrə tədrisə start verəcək. Bu ixtisaslar kimya, geofizika, neft-qaz mühəndisliyi və kompüter elmləridir. Təhsil bütün ixtisaslar üzrə 1 il hazırlıq, 3 il əsas tədris müddəti olmaqla, 4 il davam edəcək. UFAZ-nin məzunları ikili diplom (Strasburq Universiteti və ADNSU) əldə edəcəklər. - Ötən ilin dekabrında alimlərimiz üçün xüsusi imkanların yaradılması ilə bağlı Təhsil Nazirliyi ilə “ThomsonReuters” arasında müqavilə imzalandı. Bu müqavilənin hazırkı icra vəziyyəti necədir? - Təhsil Nazirliyinin “ThomsonReuters” şirkətinin elmi tədqiqatlar və intellektual mülkiyyət üzrə şöbəsi ilə imzaladığı müqaviləyə əsasən, Azərbaycanın 40 ali təhsil müəssisəsi dünyada məşhur elmi istinad indeksi olan “ThomsonReutersWeb of Science” platformasına çıxış əldə etmək imkanı qazanıb. Bununla yanaşı, AMEA-nın alimləri də bu platformadan istifadə edirlər. Həmin bazaya çıxış beynəlxalq elmi dairələrdə tanınmaq və qlobal universitet reytinqlərində yüksəlmək imkanı verəcək. Dünyanın ən tanınmış elmi-analitik informasiya təminatçısı olan “ThomsonReuters” şirkəti ilə əməkdaşlıq rəqabətəqabil insan kapitalının hazırlanması siyasətinə əsaslanır və ölkəmizin inkişaf konsepsiyasına dəstək göstərilməsi məqsədi daşıyır. - Sizcə, tələbə köçürülməsinin elektron qaydada aparılması bu sahədə nəyi dəyişəcək?  - Bu ilin avqustunda tələbələrin köçürülməsində yenilik etdik. Artıq təhsil alanların ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi elektron qaydada həyata keçirilir. Burada əsas məqsəd tələbə köçürülməsində şəffaflığın, rahatlığın və sadələşmiş prosedurun yaradılmasıdır. İndi tələbə rahat şəkildə bir universitetdən digərinə və ya bir ixtisasdan başqasına köçürülmək istəyirsə, bunun üçün sadəcə, elektron şəkildə məlumatlarını daxil edərək istəyini reallaşdıra bilər.  Təhsil Nazirliyinin əsas hədəfi odur ki, təhsil prosesinin baş verdiyi bütün sferalarda şəffaf mexanizm yaratsın. Yəni, müraciət edənlə məmur arasında birbaşa ünsiyyət olmadan məsələ həllini tapsın. Bu həm də ölkəmizdə son illərdə tətbiq olunan elektron idarəçilik sisteminin bir həlqəsidir. Təhsil Nazirliyi təhsilin bütün sferalarında bu cür innovativ yanaşmaları davam etdirməyi əsas məqsəd sayır. - Mikayıl müəllim, bu günlərdə Təhsil Nazirliyində keçirilən kollegiya iclası ali təhsilin inkişaf trendlərinə həsr olunmuşdu. Sizcə, bu inkişaf tendensiyalarını necə təsbit etmək olar? - Bu il ali təhsil müəssisələrində, belə demək mümkün olarsa, ümumilikdə rekord sayda tələbə qəbul olunub. Bunu ilk növbədə qəbul imtahanlarında keçid balının aşağı salınması hesabına deyil, akademik nəticələrin yüksəldilməsi hesabına əldə etmişik. Bu, ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə təhsil sahəsində həyata keçirilən islahatların məntiqi nəticəsidir. Ali təhsil müəssisələrimiz üçün tələbələrin həm sayının artımı, həm tələbələrin göstərdikləri nəticələrin yüksəlməsi, düşünürəm ki, onların fəaliyyəti üçün çox münbit bir şərait yaradır.  Bilirsiniz ki, cənab Prezidentin müvafiq fərmanı ilə bu yaxınlarda Azərbaycan Respublikasının “Elm haqqında” qanunu qəbul olunub. Həmin qanunda həmkarlarımızla dəfələrlə müzakirə etdiyimiz mövzulardan biri, nəhayət, öz müsbət həllini tapıbdır. Bu, çox böyük bir irəliləyişdir. Ölkəmizdə tədqiqat universitetlərinin tanınması - belə bir status, belə bir anlayış cənab Prezident tərəfindən müvafiq qanunla təsdiqlənib.  Biz ali təhsil müəssisələrində, xüsusilə böyük şəhərlərdə, ilk növbədə, paytaxtda tələbə yataqxanalarının az olmasını, bir çox universitetlərdə olmamasını müzakirə etmişik. Bunun səbəbləri də hər birimizə yaxşı məlumdur. Bizim təşəbbüsümüzə müsbət cavab verərək Heydər Əliyev Fondunun dəstəyi və təşəbbüsü əsasında şəhərimizin mərkəzi hissəsində 1000 nəfərlik tələbə yataqxanasının layihəsinə start verilib. Bu layihə dövlət-özəl tərəfdaşlığının daha bir nümunəsidir. Hazırda layihələndirmə işləri başa çatdırılıb və yaxın günlərdə artıq tikinti işlərinə başlanacaq. Müasir tələbə yataqxanası bu gün mövcud olan ən müasir standartlara uyğun olaraq tələbə infrastrukturunu və bugünkü həyat tərzini nəzərə almaqla inşa ediləcəkdir.  Onu da qeyd etmək istəyirəm ki, bu, dövlətin müvafiq ali təhsil müəssisəsinin, xüsusilə Dövlət Neft və Sənaye Universitetinin balansında olan ərazilərdə həyata keçiriləcəkdir. Lakin burada layihənin bir özəlliyi vardır, biz belə bir fəlsəfə və siyasəti həyata keçirəcəyik ki,  yalnız Dövlət Neft və Sənaye Universitetinin tələbələri deyil, həmçinin digər ali təhsil müəssisələrinin yataqxanaya ehtiyacı olan tələbələri müvafiq kvotalara uyğun olaraq, həmin yataqxanalarda yerləşmək imkanı qazansınlar. Bu qəbildən olan digər məsələlərdən biri kimi ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələrimiz üçün vahid elmi laboratoriyanın, vahid infrastrukturun yaradılması məsələsini nəzərdən keçiririk. Məqsəd ondan ibarətdir ki, ölkəmizin ali təhsil sistemində yetişən tələbələr yalnız öz sahələrində püxtələşmiş mütəxəssis və peşəkar kimi deyil, həmçinin də müasir Azərbaycanın layiqli vətəndaşı kimi öz hüquq və vəzifələrini bilən, vətəninə, öz dövlətinə hörmətlə yanaşan bir gənc və şəxsiyyət kimi yetişdirilsin. Bir daha vurğulamaq istəyirəm ki, bu bizim birgə işimizin nəticəsidir. Əminəm ki, bu istiqamətdə səylərimizi davam etdirəcəyik. Ölkəmizdə bu il iki aparıcı ali təhsil müəssisəsinin yeni filialları fəaliyyətə başlayıb. Qazaxda Bakı Dövlət Universitetinin, Zaqatalada Azərbaycan Dövlət İqtisad Universitetinin filialı. Bir yeni ali təhsil müəssisəsi- Azərbaycan-Fransız Universiteti yeni tədris ilindən fəaliyyətə başlayır. Bir sıra ali təhsil müəssisələri daxili transformasiya və beləliklə də öz strukturlarının sağlamlaşdırılması prosesini davam etdirirlər. Beləliklə, biz potensialımızı artırmaqla, innovasiyaları genişləndirməklə Azərbaycanı regionun təhsil mərkəzinə çevirməyi hədəfləmişik. - Cənab nazir, məktəbdənkənar təhsil sahəsində hansı yeniliklər var? - Bu yeniliklər ötən tədris ilində kifayət qədər çoxsaylı olub. Növbəti tədris ilində də bu işin miqyası əhatəli olacaq. Bu tədbirlər çərçivəsində 60 minədək məktəblinin müxtəlif tarixi və dövlət əhəmiyyətli məkanlara ekskursiyası təşkil olunub, “Multikulturalizm ili” ilə əlaqədar yaradıcılıq mərkəzlərinin müxtəlif konsert proqramları keçirilib. İdman sahəsində isə bu ilin tədbirləri rəngarəng olub. Elə götürək Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilmiş “Bakı marafonu 2016” yarışmasını. Sevindirici haldır ki, “Bakı Marafonu 2016”da Təhsil Nazirliyinin tabeliyindəki məktəblərin əməkdaşları və idmançıları - Namiq Əsədov, Tural Sadıqlı, Elman Abışov, Raidə Aslanova, Rəqsanə Rəcəbli, Lalə Pirumova ən yüksək nəticə göstərənlərdəndir. “Rio 2016” Yay Olimpiya Oyunlarına hazırlıq ərəfəsində Milli Olimpiya Komitəsində idman federasiyaları, Gənclər və İdman Nazirliyinin rəhbərliyi ilə birgə geniş tərkibli görüşü keçirilib. Görüşün əsas məqsədlərindən biri təhsil və idman qurumları arasında üzvi əlaqəni təmin etmək, təhsil qurumlarının idman potensialından və məktəblərin idman qurğularından səmərəli istifadə etmək olub. Həmçinin Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və müvafiq idman federasiyalarının dəstəyi ilə təhsil müəssisələrində şagirdlərin idmana, xüsusən də bədən tərbiyəsinə cəlb olunması, məktəblilər və gənclər arasında idmanın kütləviliyinin təşviqi əsas mövzulardan biri olub. Sevindirici haldır ki, son illərdə məktəbdənkənar tərbiyənin effektiv təşkili nəticəsində müxtəlif miqyaslı yarışmalarda çıxış edən təhsil-idman məktəblərinin yetirmələrinin sayı da çoxalıb.  Təsadüfi deyil ki, Rio-de-Janeyro şəhərində təşkil olunan XXXI Yay Olimpiya Oyunlarında respublikamızı təmsil edənlər arasında yüksək nailiyyət qazanmış 2 nəfər idmançı Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman məktəblərinin yetirmələrindəndir. Belə ki, sərbəst güləş üzrə 1 idmançımız gümüş, digəri isə bürünc medala layiq görülüblər. Həmçinin Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Gəncə şəhər Fiziki Hazırlıq Klubunun direktoru Ramil Qasımov “Rio-2016” XV Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb. Bütün bu uğurlar ölkə Prezidenti cənab İlham Əliyevin idmanın inkişafına göstərdiyi davamlı qayğı sayəsində qazanılan nailiyyətlərin sırasını daha da zənginləşdirir. Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiyadasında 6 komanda üzrə 30 şahmatçı ilə təmsil olunan milli komandamızın üzvlərindən 22-si Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən UGŞM-in yetirmələridir.  Ümumilikdə, təhsil insan inkişafının ahəngdarlığını təmin etməlidir. İstər tədrisdə qazanılan akademik göstəricilər olsun, istərsə də təhsil alanın fiziki inkişafı. Bu vəhdətdə məktəbin, ailənin və bütövlükdə sosial mühitin gəncin formalaşmasındakı rolu danılmazdır. Təhsilin dəyər və məqsədi də təkcə təhsil alanın imtahan balı ilə ölçülmür, yetkin vətəndaşın formalaşması ilə birbaşa bağlıdır.   www.azerbaijan-news.az

Fransız-Azərbaycan Universitetinin açılış mərasimi keçirilib

Sentyabrın 15-də Fransız-Azərbaycan Universitetinin (UFAZ) açılış mərasimi keçirilib. Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, Fransanın Azərbaycandakı səfiri Orelia Buşez, Fransa Milli Təhsil, Ali Təhsil və Tədqiqat Nazirliyinin Avropa, beynəlxalq əlaqələr və əməkdaşlıq üzrə nümayəndəliyinin rəhbəri Marian Brunhof, Strasburq Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Fransis Kern, UFAZ-ın professor-müəllim heyəti, tələbələr və valideynlər iştirak edib. UFAZ-ın açılışı münasibətilə müəllim və tələbələri təbrik edən təhsil naziri həyata keçirilən islahatların təhsilin bütün pillə və səviyyələrində keyfiyyət dəyişikliyinə səbəb olduğunu bildirib. Təhsil naziri qeyd edib ki, ali təhsil müəssisələrinə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarının nəticələrinə əsasən, I qrup üzrə 500-dən artıq bal toplamış 300-ə yaxın abituriyentin qatıldığı imtahanın nəticələrinə görə 143 nəfər UFAZ-da oxumaq hüququ qazanıb. Onlardan 120 nəfəri dövlət sifarişi, 23 nəfəri isə ödənişli əsaslarla təhsil alacaq. Ölkələrimiz arasında təhsil sahəsindəki əlaqələrin və birgə əməkdaşlığın əhəmiyyətindən bəhs edən Fransanın Azərbaycandakı səfiri Orelia Buşez, Fransa Milli Təhsil, Ali Təhsil və Tədqiqat Nazirliyinin Avropa, beynəlxalq əlaqələr və əməkdaşlıq üzrə nümayəndəliyinin rəhbəri Marian Brunhof və Strasburq Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Fransis Kern UFAZ-ın uğurla fəaliyyət göstərəcəyinə ümidvar olduqlarını bildiriblər. Daha sonra mərasim iştirakçıları UFAZ-la yaxından tanış olublar. Qonaqlara ali məktəbin tədris şəraiti ilə bağlı ətraflı məlumat verilib. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Fransa Respublikasının Prezidenti Fransua Ollandın birgə təşəbbüsü ilə gerçəkləşdirilən UFAZ layihəsi iki ölkə arasında əlaqələrin hərtərəfli inkişafında yeni bir mərhələdir. 25 aprel 2015-ci il tarixində Fransa Respublikası Prezidentinin Azərbaycana səfəri zamanı Azərbaycan Respublikasının təhsil naziri ilə Fransa Respublikasının milli təhsil, ali təhsil və tədqiqat naziri arasında imzalanmış universitet əməkdaşlığı sahəsində niyyət məktubu və “Birgə Azərbaycan-Fransız Universiteti (UFAZ)” layihəsinin həyata keçirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 9 iyun 2016-cı il tarixli sərəncamına əsasən, UFAZ layihəsi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyətə başlayıb. Əsas məqsədi Azərbaycanın sosial-iqtisadi, xüsusilə, elm və qabaqcıl texnologiyalar sahəsində inkişafına xidmət edən yüksək səviyyəli mütəxəssislər hazırlamaq olan UFAZ-a 2016-2017-ci tədris ili üçün 4 ixtisas üzrə tələbə qəbulu həyata keçirilib. Bunlar kimya mühəndisliyi (ADNSU və Strasburq Universiteti), kompüter elmləri (ADNSU və Strasburq Universiteti), geofizika mühəndisliyi (ADNSU və Strasburq Universiteti) və neft və qazın kəşfi və hasilatı (ADNSU və Rennes1 Universiteti) ixtisaslarıdır. Tədris Fransa universitetlərindən cəlb edilmiş və yerli mütəxəssislər tərəfindən ingilis dilində aparılacaq və təhsilini uğurla başa vuran məzunlara iki diplom veriləcək.  

Prezident İlham Əliyev Bakıdakı 311 nömrəli orta məktəbin yeni binasının açılışında iştirak edib

Prezident İlham Əliyev sentyabrın 15-də - Bilik günündə Bakının Sabunçu rayonundakı 311 nömrəli tam orta məktəbin yeni binasının açılış mərasimində iştirak edib. Dövlət başçısı məktəbin binasının rəmzi açılışını bildirən lenti kəsdi və burada yaradılan şəraitlə tanış oldu. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verdi. Bildirildi ki, 311 nömrəli məktəb 2007-ci ildən fəaliyyət göstərir. Sonradan ərazidə əhalinin çoxalması ilə əlaqədar məktəbə gələn şagirdlərin sayında da böyük artım olub. Bu da təbii ki, təhsilin keyfiyyətinə təsirsiz ötüşməyib və məktəb üçün yeni binanın tikintisi artıq zərurətə çevrilib. Bütün amillər nəzərə alınaraq Sabunçu dairəsində 311 nömrəli məktəb üçün üçmərtəbəli yeni binanın tikintisinə qərar verilib. İnşaat işləri yüksək səviyyədə, bütün standartlar nəzərə alınmaqla həyata keçirilib. Məktəbin foyesində ulu öndər Heydər Əliyevin təhsilə göstərdiyi qayğını, Prezident İlham Əliyevin tapşırıq və sərəncamlarına əsasən Sabunçu rayonunda təhsil müəssisələrində şəraitin müasir standartlar səviyyəsinə çatdırılması istiqamətində görülən işləri əks etdirən fotolardan ibarət stendlər yaradılıb. Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda təhsil sahəsində nəzərdə tutulmuş tədbirlərin icrası çərçivəsində inşa olunan 311 nömrəli məktəbin yeni binasında da şagirdlərin təlim-tərbiyəsi və tədris prosesinin yüksək səviyyədə aparılması üçün hər cür şərait yaradılıb. Ümumi sahəsi 6700 kvadratmetrdən çox olan məktəbdə 47 sinif otağı var. Dövlətimizin başçısı ilk dəfə məktəbə qədəm qoyan birinci sinif şagirdləri ilə görüşdü, onları Bilik günü münasibətilə təbrik etdi. Prezident İlham Əliyev: Salam uşaqlar. Şagirdlər: Salam. Prezident İlham Əliyev: Yaxşı oxuyun. Müəllimlərin sözünə baxın, əlaçı olun. Prezident İlham Əliyev şagirdlərlə şəkil çəkdirdi. Daha sonra dövlətimizin başçısı sinif otaqlarında yaradılan şəraitlə maraqlandı. Bildirildi ki, 960 şagird yerlik məktəbdə informatika otağından əlavə, hərbi hazırlıq, fizika, kimya, biologiya üzrə fənn laboratoriyaları yaradılıb, onların hamısı əyani vəsaitlər və tədris avadanlığı ilə təchiz olunub. Müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şəraitin yaradıldığı akt zalından əlavə, 540 kvadratmetr sahəsi olan və müxtəlif avadanlıqla təchiz edilən idman zalı da şagirdlərin ixtiyarına verilib. Məktəbin şagird və məzunları müxtəlif beynəlxalq bilik və idman yarışlarında, olimpiadalarda mühüm uğurlara imza atıblar. Bu təhsil ocağının məzunları ali məktəbə qəbul imtahanlarında yüksək nəticələri ilə seçilirlər. Son illərin statistikasına görə, məktəbi bitirən məzunların 70-80 faizi tələbə adını qazanıb. Bu il məktəbi bitirənlərdən 11 nəfəri 500-dən, 5 nəfəri isə 600-dən çox bal toplayıb. Bütün bunlar göstərir ki, zəngin təbii sərvətləri ilə dünyanın diqqətində olan Azərbaycanda bu sərvətlərdən səmərəli istifadə etməklə insan kapitalının daha da inkişaf etdirilməsi başlıca amilə çevrilib. Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin əsas prinsiplərini təşkil edir. Dövlətimizin başçısının təhsilin inkişafına verdiyi önəmin nəticəsidir ki, son illərdə müasir məktəb binaları tikilir, mövcud müəssisələr üçün yeni tədris korpuslar inşa olunur. Bu proses təkcə paytaxtla məhdudlaşmır, bölgələri də əhatə edir, məktəblərin maddi-texniki bazası gücləndirilir. Heydər Əliyev Fondu da dövlət səviyyəsində həyata keçirilən bu fəaliyyət proqramına güclü dəstək verir. Sonra Prezident İlham Əliyev məktəbin müəllim və şagird kollektivi ilə görüşdü. Dövlətimizin başçısı görüşdə çıxış etdi. Prezident İlham Əliyevin çıxışı - Salam, sabahınız xeyir olsun. Sizi ürəkdən salamlayıram. Bu gün ölkəmizdə yeni dərs ili başlayır. Bu münasibətlə sizi təbrik edirəm. Eyni zamanda, bu gün məktəbin həyatında çox əlamətdar bir gündür. Məktəbin yeni binası tikilib istifadəyə verilir. Bu münasibətlə də sizi təbrik edirəm. Bu əlamətdar hadisə onu göstərir ki, Azərbaycan dövləti təhsil sisteminin inkişafı üçün bütün lazımi tədbirləri görür. Məktəbin əvvəlki binası ilə bağlı mənə məlumat verildi. İndiki bina əsaslı şəkildə fərqlənir. Çox gözəl, keyfiyyətli tikilib. Burada ən müasir avadanlıq quraşdırılıb. İndi müəllimlərin də şəraiti yaxşılaşıb. Uşaqlar da yaxşı məktəbdə oxuyacaqlar. Yəni, burada bütün standartlar ən yüksək səviyyədədir. Son illər ərzində Azərbaycanda tikilən və əsaslı təmir olunan məktəblərin şəraiti bax belədir. Bu il Bakı şəhərində on orta məktəb və peşə məktəbi əsaslı təmir edilmişdir. Yeni korpuslar tikilmişdir. Bir məktəb - 311 nömrəli bu məktəb üçün isə yeni bina tikilmişdir. Son 4-5 il ərzində Bakı şəhərində məktəblərin mütləq əksəriyyəti əsaslı təmir olundu. Hələ ki, təmirsiz 17 məktəb var. Biz gələn il və 2018-ci ildə onları da təmir edəcəyik. Eyni zamanda, bəzi məktəblərdə uşaqlar iki növbədə oxuyurlar, o cümlədən bu məktəbdə. Ona görə, bizim məqsədimiz ondan ibarətdir ki, bütün məktəblər birnövbəli fəaliyyətə keçsinlər. Əlbəttə, buna nail olmaq üçün ya yeni korpuslar, ya da yeni məktəblər tikilməlidir, o cümlədən bu ərazidə. Düzdür, burada yerlə bağlı problemlər var. Ancaq yerli icra hakimiyyətinə göstəriş verdim ki, baxsınlar, araşdırsınlar, bu ərazidə harada mümkündürsə orada yeni məktəb tikilsin. Beləliklə, Bakı şəhərinin məktəblərinin maddi-texniki bazası tam yeniləşəcək. O ki qaldı bütövlükdə ölkə üzrə gedən proseslərə, deyə bilərəm ki, son on il ərzində Azərbaycanda üç mindən çox məktəb tikilib və ya əsaslı şəkildə təmir edilib. Düzdür, hələ də qəzalı vəziyyətdə məktəblər var. Ancaq onların da tikintisi, bərpası nəzərdə tutulur və hesab edirəm ki, gələn yaxın illər ərzində bir dənə də təmirsiz, qəzalı məktəb olmayacaq. Bütün bu işlər əlbəttə ki, böyük vəsait tələb edir. Azərbaycan dövləti güclü dövlətdir və sosial sahə, təhsil sahəsi bizim üçün prioritetdir. Ona görə, biz bu məqsədlərə nail olmaq üçün lazımi maliyyə resursları da təmin edirik. Təhsil hər bir dövlətin gələcəyidir. Biz fəxr edirik ki, Azərbaycanda savadlılıq təxminən 100 faizdir. Bu, çox böyük göstəricidir. Elə etməliyik ki, bütün uşaqlar savadlı, bilikli olsunlar, gələcəkdə özləri üçün gözəl həyat qura bilsinlər, dövlətimiz üçün dəyərli vətəndaşlar olsunlar. Ona görə, təhsilin keyfiyyəti indi ön plana çıxır. Bu istiqamətdə də islahatlar aparılır. Eyni zamanda, müəllimlərin fəaliyyətini stimullaşdırmaq üçün islahatlar aparılır. Müəllimlərin əməkhaqları qaldırılır. Əlbəttə ki, hər bir məktəbin əsas qiyməti onun fəaliyyətinin göstəriciləri ilə bağlıdır. Hər bir məktəb çalışmalıdır ki, təhsilin səviyyəsi yüksək olsun. Azərbaycan uğurla inkişaf edən ölkədir. Son illər ərzində biz bütün istiqamətlər üzrə böyük nailiyyətlərə imza atmışıq. Elə etməliyik ki, bu inkişaf dayanıqlı olsun. Buna nail olmaq üçün isə əlbəttə ki, insanlar hazırlıqlı, gənclər bilikli olmalıdırlar. Əgər inkişaf etmiş ölkələrin tarixinə və bu gününə baxsaq, görərik ki, o ölkələrdə təhsil, texnologiya, elm inkişaf edir. Biz də bu yolla gedirik. Azərbaycanda gənc nəslin bilikli, savadlı olması ölkəmizi gücləndirir. Çünki iqtisadiyyatda, sənayedə, bütün sahələrdə çox gözəl mütəxəssislər lazımdır. Ölkəmizin çox uğurlu inkişaf dinamikası var. Kadr hazırlığı, mütəxəssislər, peşəkarlar əlbəttə ki, bu dinamikaya əlavə güc verəcək. Ona görə, təhsilin keyfiyyəti ilə bağlı çox önəmli addımlar atılır, islahatlar aparılır. Əlbəttə ki, müəllimlərdən və şagirdlərdən çox şey asılıdır. Şagirdlər bilməlidirlər ki, həyatda yaxşı yer tutmaq və Vətənə daha böyük fayda gətirmək üçün yaxşı oxumalıdırlar. Əlbəttə ki, müəllimlər bu əsas yükü öz üzərinə götürüblər. Ona görə də məktəb tikintisi həm şagirdlər, həm də müəllimlər üçündür. Bura müəllimlərin iş yeridir. Belə gözəl şəraitdə işləmək, əlbəttə, hər bir insana zövq verir. Biz gələcəkdə də bu məsələlərin həlli ilə bağlı lazımi tədbirləri görəcəyik. Eyni zamanda, bizim gənc nəslimiz vətənpərvər olmalıdır, milli ruhda böyüməlidir. Burada da əlbəttə ki, müəllimlərdən çox şey asılıdır. Gənclərin həm ailələrdə, həm məktəblərdə milli ruhda tərbiyə alması xüsusi əhəmiyyət daşıyır. Xüsusilə indiki şəraitdə ki, dünyada müxtəlif proseslər gedir, qloballaşma adı ilə faktiki olaraq eyniləşmə siyasəti aparılır, kütləvi informasiya vasitələri ilə müxtəlif təxribatlar ortaya atılır. Ona görə, Azərbaycan cəmiyyəti bundan sonra da çox möhkəm, milli, mənəvi dayaqlar əsasında inkişaf etməlidir. Bu gün bu, belədir. Bu gün bizim siyasətimizin təməlində milli maraqlarımız, milli dəyərlərimiz, Azərbaycan dəyərləri dayanır. Bu dəyərlər hər bir Azərbaycan vətəndaşı üçün hər şeydən üstün olmalıdır. Elə etməliyik ki, gələcək nəsil də bu istiqamətdə inkişaf etsin. Ona görə, vətənpərvərlik, Vətənə olan bağlılıq, milli mənəvi dəyərlər məktəblərdə mütləq geniş vüsət almalıdır, müəllimlər də bu istiqamətdə daha fəal iş aparmalıdırlar. Xüsusilə nəzərə alsaq ki, xalqımız çox istedadlı xalqdır, dünya xəzinəsinə çox böyük töhfələr veribdir, tarix boyu bizim görkəmli nümayəndələrimiz dünya üçün böyük işlər görmüşlər. Bu gün Azərbaycan dövləti güclü dövlətlər sırasındadır. Bu il biz müstəqilliyimizin bərpasının 25 illiyini qeyd edəcəyik və nəticələr də göz qabağındadır. Bu gün biz bütün istiqamətlər üzrə inkişafdayıq, güclü iqtisadiyyat qurmuşuq, güclü sosial sahə yaratmışıq, 3 mindən çox məktəb, 600-dən çox xəstəxana – bütün bunlar Azərbaycan dövlətinin gördüyü işlərdir. Bu gün Azərbaycan dünya miqyasında seçilən ölkələrdəndir ki, öz daxili imkanlarına arxalanaraq irəliyə gedir. Biz heç bir yerdən yardım almırıq, buna ehtiyac da yoxdur, öz hesabımıza yaşayırıq və dünyada öz hesabına yaşayan ölkələrin sayı o qədər də çox deyil. Ona görə, hər bir Azərbaycan vətəndaşı haqlı olaraq fəxr etməlidir ki, müstəqil dövlətdə yaşayır. Bu gün bizim taleyimiz öz əlimizdədir. Biz əsrlər boyu başqa dövlətlərin tərkibində yaşamışıq və o dövrü indiki dövrlə müqayisə edəndə görürük ki, ən sürətli inkişaf dövrü müstəqillik dövrüdür. Nəyə görə? Çünki taleyimiz öz əlimizdədir. Biz öz gələcəyimizi qururuq, biz qabağa gedirik. Ona görə, bu müsbət dinamikanı davam etdirmək, inkişafı dayanıqlı etmək üçün bir daha deyirəm ki, vətənpərvərlik, milli dəyərlər, milli ruh xüsusi yer tutur. Çünki dünyada bizim önəmimiz artır. Bizim işimizə qarışmaq istəyənlərin sayı da az deyil. Bu illər ərzində müxtəlif dövrlərdə bizim işimizə qarışmaq istəyənlər öz məqsədlərini güdürdülər. O məqsədlər bizim məqsədlərlə üst-üstə düşmür. Bizim məqsədimiz müstəqillikdir, azadlıqdır, xalqın firavanlığıdır. Bəzi xarici dairələrin məqsədi isə tam başqadır - bizə diktə etmək, Azərbaycanı alətə çevirmək, Azərbaycan xalqının iradəsini qırmaq və ondan sonra Azərbaycan kimi qüdrətli ölkədən öz məqsədləri üçün istifadə etməkdir. Bu isə bizim üçün fəlakət olar. Biz başqa ölkələrin təcrübəsini, yaxın tarixini görürük. O ölkələr ki xaricdən idarə olunur, o ölkələr dağıdılır. O ölkələr ki xarici mənfi təsirə qarşı müqavimət göstərmir, o ölkələr, xalqlar məhv olur. Son 10 il ərzində Yaxın Şərqdə milyonlarla insan həlak olub. On milyonlarla insan əlil, qaçqın, köçkün olub, ölkələr, bütün infrastruktur dağıdılıb. Bunu edənlər xarici qüvvələrdir. Ona görə, bizim gənclər də, müəllimlər də bu reallığı bilməlidirlər. Bizə təzyiqlər ona görə artır ki, biz öz yolumuzla gedirik, heç kimin qarşısında baş əymirik, özümüzü ləyaqətlə aparırıq, milli maraqlarımızı qoruyuruq, Azərbaycan xalqının maraqlarını hər şeydən üstün tuturuq və bu siyasət davam etdirilməlidir. Bu gün bu siyasət var, bu siyasəti mən aparıram və heç bir qüvvə məni bu yoldan döndərə bilməz. Mən istəyirəm ki, burada, bu mərasimdə iştirak edən gənclər də gələcəkdə bu yolla getsinlər. Çünki gələcəkdə ölkəmizi gənclər idarə edəcəklər. Ölkələrin inkişafını şərtləndirən onun insanlarıdır. Ölkəni hansı insanlar idarə edirlərsə və xalq onları dəstəkləyirsə, bax, o siyasət də aparılır. Ona görə, biz həmişə müstəqil olmalıyıq. Heç vaxt müstəqilliyimizi əldən verməməliyik. Müstəqillik deyəndə mən rəsmi atributları nəzərdə tutmuram. Müstəqil siyasət müstəqilliyin əsas amilidir və belə olan halda həmişə inkişaf, əmin-amanlıq olacaq, Azərbaycan xalqı rahat, təhlükəsizlik şəraitində yaşayacaq, necə ki bu gün yaşayır. Bizim siyasətimiz bundan ibarətdir. Hesab edirəm ki, bizim nümunəmiz bir çox ölkələr üçün də cəlbedicidir. Ona görə, bu gün dünyada Azərbaycanı böyük rəğbətlə qarşılayırlar, bizə inanırlar, sözümüzə inanırlar. Ona görə ki, biz ləyaqətli siyasət aparırıq və xalqın maraqlarını həmişə müdafiə edirik. Mən istəyirəm ki, gənclər də bu istiqamətdə inkişaf etsin. Əminəm ki, belə də olacaq. Bizim gənclərimiz müstəqilliyimizi qoruyurlar. Bizim gənclərimiz bu ilin aprel ayında erməni işğalçıları üzərində parlaq hərbi qələbə qazanıblar. Şəhidlər vermişik. Ancaq bizim gənclərimiz bu ilin aprelində Azərbaycanın dövlət bayrağını Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsində qaldırıblar. Bu böyük parlaq qələbəni bizim gənc əsgər və zabitlərimiz qazanıblar, bütün xalq qazanıbdır, ordumuz qazanıbdır. Amma əsas özünü qabağa verən, şəhidlik zirvəsinə ucalan bizim gənclərimizdir. Bizim gənclərimiz bayrağımızı Rio Olimpiya Oyunlarında qaldırıblar. Biz medalların sayına görə dünya miqyasında 14-cü yerdəyik. Bu, tarixi qələbədir. Müsəlman aləmində birinciyik. Yenə də bunu gənclər edibdir. Yəni, gənclərimiz bu gün ölkəmizin şöhrətini, qüdrətini yüksəklərə qaldırırlar. Biz fəxr edirik ki, belə gənclərimiz var və gənclərimiz gələcəkdə də bütün istiqamətlərdə belə fədakar, vətənpərvər və peşəkar olmalıdır. Əminəm ki, belə gözəl məktəbdə nəticələr daha da yaxşı olacaq. Bir daha sizi təbrik edirəm.   X X X   Məktəbin müəllimi Şaməddin Babayev dedi: -Möhtərəm cənab Prezident, Sabunçu rayonuna xoş gəlmisiniz. Sizin Sabunçu rayonuna gəlişiniz rayonumuzun sakinlərini və biz müəllimləri ürəkdən sevindirir. Cənab Prezident, Sizin tapşırığınıza əsasən inşa edilmiş bu gözəl məktəb yeni dərs ilində Sabunçu rayonunun təhsil işçilərinə ən gözəl hədiyyədir. Cənab Prezident, Sabunçu rayonunun təhsil işçilərinə, sakinlərinə göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildiririk. Möhtərəm cənab Prezident, dünyada baş verən siyasi prosesləri yaxından izləyirik və fəxr edirik ki, Azərbaycan kimi qüdrətli bir dövlətdə yaşayırıq. Siz əmin-aman bir dövlət qurmusunuz. Sizə dərin minnətdarlığımızı bildiririk. Allah sizi qorusun!   X X X   Müəllimə Nurlana Bağırova dedi: -Möhtərəm cənab Prezident, biz müəllimlər əlimizdən gələni edəcəyik ki, şagirdlərimiz milli ruhda tərbiyə alsınlar, vətənpərvər olsunlar, zirvələrə ucalsınlar. Dəyərli vaxtınızı sərf edib bu müasir məktəbin açılışında bizimlə bərabər iştirak etdiyinizə görə Sizə kollektiv adından bir daha dərin minnətdarlığımızı bildiririk. Bu unudulmaz günü Sizinlə tarixə həkk etdiyimizə görə çox xoşbəxtik.   X X X   Məktəbin direktoru Esmira Muradova dedi: -Cənab Prezident, çox sevinirik. Sevincimizin həddi-hüdudu yoxdur. Məktəbin yeni binası bizə gözəl hədiyyədir. Biz bu hədiyyəyə və həm də bu gün - Bilik günündə bizimlə bir yerdə olmağınıza, bu gözəl bayramı bizimlə birlikdə keçirməyinizə görə Sizə təşəkkür edirik. Bizə etdiyiniz hədiyyəyə görə kollektivimiz adından, valideynlər və şagirdlər adından Sizə minnətdarlığımızı bildiririk. Tam qətiyyətlə deyirik ki, bu cür möhtəşəm, müasir avadanlıqla təchiz olunmuş məktəbdə işləmək nə qədər qürur, fərəh hissi doğurursa, bir o qədər də məsuliyyətimizi artırır. Mən qısaca da olsa məktəbin nəticələri barədə məlumat vermək istəyirəm. Son dörd ildə bizim məktəbimizdən ali məktəblərə qəbul olunanlar 70 faiz təşkil edir. Sonuncu ilin nəticələri isə bizim üçün daha fərəhləndiricidir. Bizim beş şagirdimiz 600-dən, 12 şagirdimiz isə 500-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olunub. Bu, bizi daha yaxşı işləməyə ruhlandırır. Cənab Prezident, biz Sizə güvənirik, Sizi sevirik, Sizinlə qürur duyuruq və daim Sizin siyasətinizi dəstəkləyirik. Biz Sizinlə fəxr edirik. Fəxr edirik ki, bu gün Siz buraya gəlmisiniz. Prezident İlham Əliyev: Sağ olun.   X X X   Sonda xatirə şəkli çəkdirildi.     www.president.az

Təhsil naziri Zərdab şəhərində vətəndaşları qəbul edəcək

Ucar, Zərdab, Göyçay və Ağcabədi rayon sakinlərinin nəzərinə! Təhsil naziri Mikayıl Cabbarov 23 sentyabr 2016-cı il tarixində saat 11:00-da Zərdab şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Ucar, Zərdab, Göyçay və Ağcabədi rayon sakinlərini qəbul edəcək. Qəbulda Ucar, Zərdab, Göyçay və Ağcabədi rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər. Qəbula gəlmək istəyən vətəndaşlar 15, 16, 19, 20, 21 sentyabr 2016-cı il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) və ya http://edu.gov.az/az/contacts/request elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

Bakı şəhəri təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib

Sentyabrın 14-də Bakı şəhəri təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib. Konfransda Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov, millət vəkilləri, nazirliyin struktur bölmə rəhbərləri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və əməkdaşları, məktəb direktorları, müəllimlər və media nümayəndələri iştirak ediblər. Tədbirdən öncə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları və bir sıra təhsil işçiləri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək onun ruhuna hörmət və ehtiramlarını bildiriblər. Konfrans Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyevanın hesabat məruzəsi dinlənilib. M.Vəliyeva çıxışında Bakı təhsilində 2015 -2016-cı tədris ilində əldə olunan nailiyyətlər, perspektivlər və təhsilin inkişafı istiqamətində görülən işlər barədə geniş məlumat verib. Konfransda çıxış edən təhsil naziri Mikayıl Cabbarov təhsil sahəsindəki uğurlar və mövcud problemlərin həlli istiqamətində qarşıda duran vəzifələrdən danışıb. “Bilik Günü” münasibətilə təhsil işçilərini təbrik edən nazir bir sıra digər həlli vacib məsələləri, yeni dərs ilində təhsil ictimaiyyətinin qarşısında duran əsas vəzifələri nəzərə çatdıraraq, təhsildə şəffaflıq məsələlərinin vacibliyini vurğulayıb. Nazir məktəb-valideyn münasibətlərinin əməkdaşlıq çərçivəsində həyata keçirilməsinin önəmini qeyd edib, beynəlxalq olimpiadalarda uğur qazanan şagirdlərin sayının artdığını bildirib. Təhsil naziri çıxışı zamanı 2016-2017-ci tədris ilinə “Təhsildə dəyərlər” ili kimi yanaşmağı təklif edib. Bununla əlaqədar olaraq, nazir çıxışında təhsildə məzmun, müəllim, idarəetmə, yaxşı məktəb, zəif məktəb kimi məsələlərə geniş yer ayırıb. Mikayıl Cabbarov çıxışının sonunda Təhsil Nazirliyinin təşkil etdiyi təlimlərdə iştirak edərək direktor vəzifəsinə təyin olunan şəxsləri də təbrik edib və gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıb. Konfransda həmçinin, 234 nömrəli tam orta məktəbin direktoru Ülvi Məmmədovun, 5 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Gülnarə Abdullayevanın, 225 nömrəli tam orta məktəbin valideyni Vəfa Hüseynzadənin və bu il ali məktəblərə qəbul imtahanında 700 bal toplamış 220 nömrəli məktəb-liseyin məzunu Elvin İsayevin çıxışları dinlənilib. Konfransda 2015-2016-cı tədris ili ərzində BŞTİ-nin əldə etdiyi uğurları əks etdirən videoçarx nümayiş olunub.                       Daha sonra 30 ümumi təhsil müəssisəsi tədrisin keyfiyyətinin artırılması istiqamətində həyata keçirdiyi tədbirlərə və əldə edilmiş nailiyyətlərə görə Təhsil Nazirliyi tərəfindən Fəxri fərmanla təltif olunub. www.baku.edu.gov.az  

Təhsil Nazirliyi və “Regional İnkişaf” İctimai Birliyi yeni tədris ili ərəfəsində regionlarda şagirdlərə məktəb ləvazimatı hədiyyə edib

Təhsil NazirliyiHeydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi (RİİB) yeni tədris ili ərəfəsində birinci sinfə hazırlaşan 600-dən çox uşağa məktəbli forması və dərs ləvazimatı hədiyyə edib. Hədiyyələr aztəminatlı ailələr, eləcə də Ermənistanın Azərbaycana təcavüzü nəticəsində daimi yaşayış yerlərini tərk etmiş qaçqın və məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərinə təqdim olunub. Uşaqlar üçün hazırlanan çantalara fənlər üzrə dəftərlər, rəsm albomu, rəngli karandaşlar, qələmlər, boya, plastilin, qayçı və digər məktəb ləvazimatları daxildir.     Tədbir Cənub, Şimal-Qərb, Dağlıq Şirvan, Aran regionları üzrə 25 rayondan olan uşaqları, həmçinin Sumqayıt şəhərində, Abşeron rayonunun Ramana və Masazır qəsəbələrində məcburi köçkünlər üçün fəaliyyət göstərən məktəb və liseylərin şagirdlərini əhatə edib.  Xatırladaq ki, “Regional İnkişaf” İctimai Birliyi fəaliyyəti çərçivəsində, həmçinin regionlarda valideyn himayəsindən məhrum, xüsusi qayğıya ehtiyacı olan, eləcə də sağlamlıq imkanları məhdud uşaqların dünyagörüşlərinin və praktiki biliklərinin artırılması, gənclərin dövlətimizin bugünkü və gələcək prioritetləri üzrə birgə fəaliyyət göstərməsinə imkanlar yaradılması, təhsil almaq şəraitlərinin yaxşılaşdırılması, cəmiyyətə aktiv inteqrasiyasının təmin edilməsi işinə dəstək məqsədilə layihələr həyata keçirir.

Yeni tədris ilində 160 mindən çox şagird I sinfə gedəcək

2016-2017-ci tədris ilində ölkə üzrə 164 033 nəfər şagird I sinfə gedəcək. 4 472 ümumi təhsil müəssisəsində təhsil alacaq şagirdlərin ümumi sayı isə 1 415  242 nəfər təşkil edəcək. Yeni dərs ilində Bakı şəhəri üzrə 43 397 şagird I sinfə gedəcək. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan məktəblərdə yeni tədris ilində 354 573 nəfər şagird təhsil alacaq. Yeni tədris ilindən ölkə üzrə 29 yeni məktəb istifadəyə verilib (o cümlədən,Təhsil Nazirliyinin sifarişi ilə 7 məktəb). 101 məktəbdə əsaslı (onlardan 84-ü Təhsil Nazirliyinin sifarişi ilə), 384 məktəbdə cari təmir işləri aparılıb. 10 təhsil müəssisəsinin tikintisi isə davam edir. Yeni tədris ilində Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsinin sifarişi ilə 2 internat məktəbi əsaslı təmir olunub, “Bilik günü”ndə istifadəyə verilib.

07/04/2026

ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur

Ətraflı
06/04/2026

✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
06/04/2026

Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı