Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

SABAH tələbələri “Young Global Pioneers” unikal beynəlxalq təhsil proqramında iştirak edəcək

SABAH qrupları və “Carlsberg Azerbaijan” şirkəti  “Young Global Pioneers” (YGP)  beynəlxalq təhsil proqramında iştirak üçün namizəd seçiminə başlayır. “YGP Talent Network” iyulun 23-dən avqustun 12-dək Tanzaniya və Zanzibarda təşkil ediləcək təlim turundan başlayacaq. Üç həftə ərzində planetin müxtəlif guşələrindən olan 20 həmyaşıd bir-birini daha yaxından tanımaq və dünya problemlərinin innovativ həll üsullarını hazırlamaq üçün birləşəcək. Tur iştirakçıları universitetləri və qabaqcıl müəssisələri ziyarət edəcək, yerli mədəniyyət və adətlərlə yaxından tanış olacaq, bölgədə mövcud problemlər və imkanlar haqqında məlumat toplayacaqlar. Həmçinin, SOS Uşaq kəndindən gənclərlə görüşəcək, safari-tura yola düşəcəklər. Bu il müsabiqə “Carlsberg Fondu”nun bölməsi olan “Carlsberg Bequest”in dəstəyi ilə eyni anda Şərqi Avropa regionunun bir neçə ölkəsində -Rusiya, Belarus, Qazaxıstan və Azərbaycanda təşkil olunacaq. Beynəlxalq təhsil proqramı Azərbaycanda SABAH Qrupları ilə eksklüziv tərəfdaşlıq çərçivəsində keçiriləcək. Səyahət başa çatdıqdan sonra “Global Reflection” vebinarları kimi “Young Global Pioneers” proqramının bütün iştirakçıları Qlobal İstedadlar Şəbəkəsinin bir hissəsi olacaqlar. Həmin şəbəkənin əsasında daha sonra təlim və mədəni əlaqələrin möhkəmləndirilməsi yer alacaq. “YGP Talent Network” – 19-25 yaşarası gələcək liderlər üçün beynəlxalq təhsil proqramının missiyası dünyanın ən istedadlı gənclərini birləşdirmək, onların dünyagörüşünü genişləndirmək, mədəniyyətlərarası kommunikasiya səviyyəsini artırmaq və dünya problemlərinin innovativ həll yollarını birlikdə tapmaq üçün qlobal düşünməyi öyrətməkdir. Qalib 19-25 yaşlı (2017-ci il üçün), ingilis dilini yazılı və şifahi surətdə əla biliyi, dünyanı yaxşılığa doğru dəyişdirmək arzusu, məqsədyönlülük və öyrənmək həvəsi, “YGP Talent Network” Qlobal istedadlar şəbəkəsi çərçivəsində kommunikasiya və təlimin davam etdirilməsində marağı olan gənclərdən seçiləcək. Müsabiqədə iştirak etmək üçün sənədləri aprelin 20-dək baku_news@baltika-baku.az ünvanına göndərmək lazımdır. Dörd ölkədən olan dörd finalçı aprelin 28-də müəyyən olunacaq. “Young Global Pioneers” isə onların arasından Tanzaniya və Zanzibara gedəcək qalibi seçəcək. Layihə haqqında http://youglo.org elektron ünvanında ətraflı məlumat almaq mümkündür.

İdmançılarımız "U-10 Champions Trophy" beynəlxalq turnirə vəsiqə qazanıb

Aprelin 6-dan 10-dək İzmir şəhərində "Altınordu" Futbol Klubunun təşkilatçılığı ilə dünyanın ən böyük turnirlərindən olan "U-10 Champions Trophy" futbol yarışının Türkiyə üzrə seçmə yarışları keçirilib. Türkiyənin 40 futbol komandasının qatıldığı yarışa Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Vətən” İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin komandası da dəvət alıb.  Yarışlar qrup, yarımfinal və final olmaqla üç mərhələdə keçirilib. Finalda komandamız Türkiyənin "Bəylikgücü" futbol komandasını 7:0 hesabla məğlub edərək kubokun sahibi olub və "U-10 Champions Trophy" beynəlxalq turnirinə vəsiqə qazanıb. Turnirin ən yaxşı, eyni zamanda ən sərrast oyunçusu "Vətən" Futbol komandasının üzvü Anar Hüseynov seçilib. Beynəlxalq turnir iyunun 16-dan 18-dək Avstriyanın Vyana şəhərində keçiriləcək. Yarışda iştirak edəcək "Vətən" futbol komandasının bütün xərcləri Türkiyənin "Altınordu" Futbol Klubu tərəfindən ödəniləcək. "U-10 Champions Trophy" - 10 yaşlılar arasında dünyanın ən böyük və mötəbər futbol turniridir. Bu turnirə Avropa, Cənubi və Şimali Amerika, Asiya, Afrika, Avstraliyanın ən güclü futbol klublarının komandaları qatılır.

Dayanıqlı inkişafla bağlı açıq dərs

Aprelin 10-da 132-134 saylı təhsil kompleksində “Dayanıqlı inkişaf məqsədləri-keyfiyyətli təhsil” mövzusunda açıq dərs keçirilib. Açıq dərsi Azərbaycan Respublikası Baş nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT İnkişaf Proqramının (BMTİP) rezident nümayəndəsi Qulam İsakzai, təhsil nazirinin müavini Ceyhun Bayramov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev və digər qonaqlar izləyiblər. Açıq dərsin keçirilməsində məqsəd şagirdləri bəşəriyyətin aktual problemləri və Dayanıqlı İnkişaf Məqsədləri ilə tanış etməkdir. Şagirdlər təhsilin insan həyatında rolu, keyfiyyətli təhsilin bəşəriyyətə təsiri mövzusunda tapşırıqlar yerinə yetirib, fikir mübadiləsi aparıblar. Daha sonra şagirdlər müxtəlif qurumların nümayəndələrinə məktub yazıblar. Dərsdən sonra Əli Əhmədov çıxış edərək ölkəmizdə yüksək keyfiyyətli təhsil şəraitinin yaradılması üçün görülən işlərdən bəhs edib. Qlobal problemlərə toxunan baş nazirin müavini Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılmasının Azərbaycan üçün əhəmiyyətindən danışıb. Təhsilin hər bir insanın xoşbəxt həyatının təmin olunmasında vacib amillərdən biri olduğunu deyən Əli Əhmədov şagirdlərin diskussiyasını maraqla izlədiyini, açıq dərsi yüksək qiymətləndirdiyini deyib. BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT İnkişaf Proqramının (BMTİP) rezident nümayəndəsi Qulam İsakzai Azərbaycanda savadlılıq səviyyəsinin yüksək olduğunu diqqətə çatdırıb, təhsilin inkişafı ilə bağlı bir sıra addımlar atıldığını deyib. Öz təcrübəsini  şagirdlərlə bölüşən Q.İsakzai onların yazdıqları məktubların BMT baş katibinə çatdırılacağını bildirib. Qeyd edək ki, YUNESKO-nun Assosiativ məktəblər layihəsi çərçivəsində Dayanıqlı İnkişaf Məqsədlərinin öyrənilməsinə başlanılıb. Assosiativ məktəblər şəbəkəsinə Azərbaycandan 18 təhsil  müəssisəsi qoşulub. YUNESKO-nun Assosiativ məktəblər şəbəkəsinə daxil olan Azərbaycan məktəbləri  “Dünyanın ən böyük dərsi”  aksiyasına qoşulub.  Aksiyanın məqsədi hamını yoxsulluğun aradan qaldırılması, iqlim dəyişikliyinin qarşısının alınması, keyfiyyətli təhsil, gender bərabərliyi və s.  kimi problemlərin həllinə qoşulmağa çağırmaqdır. “Dünyanın ən böyük dərsi” üzrə artıq 5 dərs nümunəsi Azərbaycan dilinə tərcümə olunub və Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun (TİPİİ) internet səhifəsində yerləşdirilib.

Təhsil naziri Estoniya Respublikasının dövlət idarəçilik naziri ilə görüşüb

Aprelin 8-də təhsil naziri Mikayıl Cabbarov Estoniya Respublikasının dövlət idarəçilik naziri, Azərbaycan-Estoniya Hökumətlərarası Komissiyasının sədri Mixail Korb ilə görüşüb. Görüşdə Azərbaycan və Estoniya arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və inkişafı, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müəyyən etdiyi hədəflərə uyğun olaraq, gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.

“Azərbaycan-Avstriya Turizm Proqramı”nın 10 illik yubileyi qeyd olundu

Aprelin 7-də “JW Marriot Absheron” hotelində “Azərbaycan-Avstriya Turizm Proqramı”nın (AATP) 10 illik yubileyi münasibətilə “Azərbaycan-Avstriya Turizm Proqramı Azərbaycanda ilk ikili diplom proqramı təcrübəsi: nailiyyətlər və perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfrans Mədəniyyət və Turizm NazirliyiAzərbaycan Turizm və Menecement Universitetinin birgə təşkilatçılığı ilə reallaşıb. Azərbaycan Turizm və Menecment Universitetinin rektoru səlahiyyətlərini icra edən Eldar Aslanov çıxış edərək konfransın proqramı haqqında iştirakçılara ətraflı məlumat verib. Bildirilib ki, sözügedən proqram üzrə indiyədək 143 bakalavr və 13 magistr olmaqla 156 azərbaycanlı gənc hər iki universitetin diplomunu alıb. Onlar hazırda beynəlxalq tələblərə cavab verən əmək bazarlarında layiqincə təmsil olunurlar. Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin “Azərbaycan turizm sektorunda keyfiyyətin kadr təminatı” mövzusunda məruzəsi dinlənilib. Nazir proqramın önəmindən danışaraq bildirib ki, proqram üzrə məzun olmuş tələbələr Azərbaycan turizm sənayesinə öz töhfələrini verməkdədir. Buna görə də bu proqram üzrə təhsil alan tələbələrin sayının artırılması vacibdir. Qeyd olunub ki, dövlət başçısı tərəfindən turizm sahəsinə yüksək diqqət və qayğı göstərilir. Bu qayğı nəticəsində yaxın gələcəkdə turizm peşə məktəblərinin sayının çoxaldılması nəzərdə tutulub. Nazir bildirib ki, bu ilin ilk üç ayında ölkəmizə gələn turistlərin sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 24,9 faiz artım olub. 3 ayda ölkəmizə 544 min xarici turist səfər edib. Azərbaycan turizmi ölkənin ümumi daxili məhsulunda (ÜDM) 4 faiz paya malikdir. 2025-ci ilədək Azərbaycan turizmi ÜDM-in 8 faizini təşkil edəcəyi gözlənilir. Təhsil naziri Mikayıl Cabbarov “Azərbaycanda ali təhsildə beynəlxalq proqramların tətbiqi: nəticələr və perspektivlər” mövzusunda çıxış edib. Ölkəmizdə təhsil sisteminin inkişafından danışan Mikayıl Cabbarov bildirib ki, müasir dövrdə qloballaşan dünyanın tələblərinə uyğun təhsil sisteminin formalaşdırılması əsas amildir: “Təhsil sistemimiz iqtisadi cəhətdən dayanıqlı və dünyanın aparıcı təhsil sistemlərinin standartlarına uyğun səviyyəyə qaldırılmalıdır. Hazırda ölkəmizin ali təhsil müəssisələrində Avropa Komissiyasının TEMPUS, ERASMUS plyus, HORİZON və digər təhsil proqramları çərçivəsində müxtəlif layihələr həyata keçirilir. Bu layihələrin hər birinin məqsədləri vardır. Bu layihələr arasında Azərbaycanın bir neçə ali təhsil müəssisəsi ilə Avropa ali təhsil müəssisələri arasında ikili diplom proqramlarının işlənilməsinə aid layihələr xüsusi yer tutur”. Avstriyanın İMC Tətbiqi Elmlər Universitetinin prezidenti Hans Boyer “Avstriya universitetlərində ikili diplom proqramları və AATP təcrübəsi” adlı məruzəsində müasir təhsil sisteminin inkişaf istiqamətlərinə toxunub. Sonra Hans Boyer rəhbəri olduğu ali təhsil ocağında turizmin tədrisinə həsr olunmuş təqdimatla çıxış edib. Daha sonra tədbir çərçivəsində AATP üzrə təhsil alan 156 tələbə ilə görüş keçirilib, maraq doğuran mövzular müzakirə olunub.   Mədəniyyət və Turizm Nazirliyi

Təhsil nazirinin Yardımlı şəhərində vətəndaşların qəbulu vaxtı dəyişdirilib

Təhsil naziri Mikayıl Cabbarovun 10 aprel 2017-ci il tarixinə nəzərdə tutulmuş qəbulunun vaxtı dəyişdirilib. Təhsil naziri 17 aprel 2017-ci il tarixində saat 09:00-da Yardımlı şəhərindəki Heydər Əliyev Mərkəzində öncə qəbula yazılmış Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı və Cəlilabad rayon sakinlərini qəbul edəcək.

Diaqnostik qiymətləndirmənin keçirilməsinə başlanılır

Aprelin 7-də Təhsil Nazirliyində ölkənin 26 şəhər və rayonunun dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi ilə bağlı mətbuat konfransı keçirilib. Mətbuat konfransında bildirilib ki, ilk diaqnostik qiymətləndirmə 16-21 aprel 2017-ci il tarixlərində Bərdə Olimpiya İdman Kompleksində təşkil olunacaq. 5 gün ərzində keçiriləcək qiymətləndirmədə Ağdam, Füzuli, Bərdə, Tərtər, Beyləqan, Laçın, Kəlbəcər, Xocavənd və Cəbrayıl rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlər iştirak edəcək. Ağstafa, Tovuz və Qazax rayonlarının ümumi təhsil müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi 25-27 aprel 2017-ci il tarixlərində Tovuz rayonunda keçiriləcək. Qax, Qəbələ, Şəki, Zaqatala, Balakən, Oğuz, həmçinin bu rayonlarda yerləşən Ağdam, Laçın, Kəlbəcər və Xocalı rayonlarının ümumi təhsil müəssisələrində çalışan müəllimlərin qiymətləndirilməsi 1-6 may 2017-ci il tarixlərində Qax rayonunda təşkil olunacaq. 12-17 may 2017-ci il tarixlərində Mingəçevirdə keçiriləcək diaqnostik qiymətləndirmədə Mingəçevir və Naftalan şəhər, Yevlax, Ağdaş, Goranboy, Göyçay, eləcə də bu rayonlardakı Kəlbəcər, Ağdam, Xocalı və Laçın rayonlarının ümumi təhsil müəssisələrinin müəllimləri iştirak edəcək. Bakı şəhərində keçiriləcək diaqnostik qiymətləndirmə isə iki gün davam edəcək. 24-25 may 2017-ci tarixlərində keçiriləcək qiymətləndirməyə Bakı şəhərindəki Zəngilan, Xocavənd, Cəbrayıl, Xocalı, Kəlbəcər, Ağdam, Füzuli və Laçın rayonlarının ümumi təhsil müəssisələrində çalışan müəllimlər cəlb ediləcək. Qeyd olunub ki, diaqnostik qiymətləndirmədə iştirak edəcək müəllimlər dq.edu.az saytına daxil olmaqla bu barədə ətraflı məlumat ala bilərlər. Hər bir namizədin şəxsi səhifəsində diaqnostik qiymətləndirmənin keçirilmə tarixi və vaxtı ilə bağlı məlumat yerləşdiriləcək. Eyni zamanda həmin saytda diaqnostik qiymətləndirmənin elektron qaydada kompüter vasitəsi ilə keçirilməsi və  hər bir müəllimin imtahana qədər kompüterdən istifadə vərdişlərinin inkişaf etdirilməsi məqsədi ilə “Simulyativ test” bölməsi yaradılıb. Diaqnostik qiymətləndirmədə qeyd olunan rayonların dövlət ümumi təhsil müəssisələrində müddətsiz və müddətli müqavilə ilə çalışan müəllimlərlə yanaşı, gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri də iştirak edəcəklər. Diaqnostik qiymətləndirmənin nəticələrinə əsasən müəllimlərin bilik və bacarıq səviyyələri müəyyənləşdiriləcək, onların dərs yükü norması və əməkhaqqı artırılmaqla maddi rifahı yaxşılaşdırılacaq. Həmçinin həmin müəllimlər inkişafyönümlü təlimlərə cəlb ediləcəklər.  Sonda media nümayəndələrini maraqlandıran suallara cavab verilib.

“Ekoloji yönümlü və enerji effektli məktəblərin yaşıl şəbəkəsi”

Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrində “Yaşıl şəbəkə” ekoloji maarifləndirmə layihəsi çərçivəsində “Ekoloji yönümlü və enerji effektli məktəblərin yaşıl şəbəkə” müsabiqəsi davam etdirilir. Müsabiqə Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən keçirilir. Müsabiqənin əsas məqsədi fasiləsiz dayanıqlı ekoloji təhsilin inkişafının möhkəmləndirilməsi, təbii ehtiyatların qənaətlə istifadəsi və ətraf mühitin mühafizəsi sahəsində məktəblilərdə xüsusi bilik və bacarıqların formalaşdırılmasından ibarətdir. Layihədə şagirdlərə qənaətcil davranış prinsiplərinə xidmət edən enerji və su ehtiyatlarından səmərəli istifadə, tullantıların təkrar istifadəsinin kreativ həlli, sağlam qidalanma, iqlim dəyişmələrinin təsirinin azaldılması bacarıqlarının aşılanması nəzərdə tutulur. Proqramın ilk mərhələsində tullantıların azaldılması məqsədilə 120 təhsil müəssisəsində enerjiyə və suya qənaət tədbirləri həyata keçirilib. Məktəbin sinif otaqlarında sağlam ekoloji mühit yaratmaq üçün müsabiqənin “Yaşıl dizayn” mərhələsində otaq bitkiləri ilə yaşıllaşdırma işləri aparılıb. Müsabiqənin “Yaşıl bufet” mərhələsi isə məktəblərdə ekoloji təmiz məhsulları təbliğ etmək məqsədi daşıyıb. Bu mərhələdə şagirdlər sağlam qidalanma haqqında biliklərə yiyələnərək məktəbdə qida  rasionunun tərkibini öyrəniblər. Tullantıların azaldılması məqsədilə şagirdlər tərəfindən 10 tona qədər kağız tullantıları və plastik qablar toplanılıb təkrar emal üçün “Az.Ekol” MMC-nin dəstəyi ilə təhvil verilib. Layihə dekabr ayının sonuna qədər davam edəcək. Müsabiqənin yekununda “Yaşıl şəbəkəyə” daxil olan “ekoloji yönümlü” və “enerji effekti”nin tələblərinə uyğun olaraq, məktəblərin ekoloji pasportlaşdırılması həyata keçiriləcək. Həmçinin “Mənim məktəbim ətraf mühitə diqqətlidir” adlı ekoloji emblemi  təqdim olunacaq.

SABAH qruplarının heyəti xarici səfərdə olub

SABAH qruplarının professor-müəllim heyəti Paris-Sorbon Universitetinin keçirdiyi layihə çərçivəsində mübadilə proqramı üzrə İspaniya Krallığının Madrid şəhərində  səfərdə olub. İspaniyanın Kral Xuan Karlos Universiteti, Madrid Komplutense UniversitetiNebrija Universitetində görüşlərdə olan heyət həmin universitetlərdə tədrisin təşkili, kredit sistemi, tələbələrin qiymətləndirilməsi, tələbə və müəllim mübadiləsi, universitetin idarə olunması metodları haqqında müzakirələrdə iştirak edib. SABAH qruplarının digər heyəti Çexiya Respublikasının Praqa şəhərində Beynəlxalq Təkmilləşdirmə İnstitutunda keçirilən (Prague İnstitute for Qualification Enhancement) təlimlərə qatılıb.  Müəllimlər "Universitetlərin beynəlxalq əməkdaşlığı: nəzəriyyə və təcrübə", tələbələr isə “Akademik yazı” adlı təlimlərdə iştirak edib.

IV İslam Həmrəyliyi Oyunlarının təbliğinə həsr olunmuş kütləvi idman tədbirləri keçirilib

Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının proqramına daxil edilmiş idman növlərinin məktəblilər arasında təbliğinə həsr olunmuş kütləvi idman tədbirləri davam edir. İdman tədbirləri çərçivəsində Qazax rayon Olimpiya İdman Kompleksində boks, “Təhsil” Respublika İdman Mərkəzinin Gəncə filialının meydançasında atletika, Şəmkir rayon Olimpiya İdman Kompleksində sərbəst güləş, Sumqayıt Olimpiya İdman Kompleksində cüdo, "Şüa" İdman klubunda stolüstü tennis, Masallı Olimpiya İdman Kompleksində taekvando idman növləri üzrə zona yarışları keçirilib. Ölkənin 30-a yaxın şəhər və rayonundan 1000 nəfərədək məktəblinin qatıldığı yarışlarda boks idman növü üzrə I yerə Gəncə şəhərinin, II yerə Şəmkir rayonunun, III yerə Qazax rayonunun, atletika  idman növü üzrə I yerə Göygöl rayonunun, II yerə Mingəçevir şəhərinin, III yerə Ağdam rayonun, sərbəst güləş idman növü üzrə I yerə Şəmkir rayonunun, II yerə Gəncə şəhərinin, III yerə Ağdam rayonun, cüdo idman növü üzrə I yerə Sumqayıt şəhərinin, II yerə Siyəzən rayonunun, III yerə Xızı rayonunun, stolüstü tennis idman növü üzrə I yerə Nərimanov rayonunun, II yerə Nizami rayonunun, III yerə Qaradağ rayonunun, taekvando  idman növü üzrə I yerə Masallı rayonunun, II yerə Lənkəran rayonunun, III yerə Biləsuvar  rayonunun komandaları layiq görülüb. Qaliblər diplom, medal və hədiyyələrlə təltif edilib. Yarışların açılış mərasimlərində təhsil şöbələrinin, yerli icra orqanlarının, idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbirlərin bədii hissələrində idmançıların nümunəvi çıxışları olub, yaradıcılıq müəssisələrinin dərnək üzvləri konsert proqramları ilə çıxış ediblər. Qeyd edək ki, kütləvi idman tədbirlərinin keçirilməsində məqsəd IV İslam Həmrəyliyi Oyunlarının proqramına daxil olan idman növlərini məktəblilər arasında təbliğ etmək, onların idmana olan marağını artırmaq, məktəbliləri sağlam həyat tərzinə cəlb etməkdən ibarətdir. Yarışlar ölkənin 76 şəhər və rayonu əhatə olunmaqla 6 zona və 11 idman növü - sərbəst güləş, Yunan-Roma güləşi, cüdo, taekvando, karate, boks, atletika, stolüstü tennis, basketbol, akrobatika gimnastikası, bədii gimnastika üzrə keçirilir. Kütləvi idman tədbirlərinə 6 mindən çox şagirdin qatılması gözlənilir. Yarışlar aprelin 26-da başa çatacaqdır.

07/04/2026

ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur

Ətraflı
06/04/2026

✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
06/04/2026

Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı