Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya mərhələsi başlayıb
Respublikanın ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsi başlayıb. Bu mərhələdə namizədlər şəxsi səhifələrinə daxil olaraq topladıqları bala uyğun vakant yerləri seçəcəklər. Seçim mərhələsi avqustun 11-i, saat 23:59-dək davam edəcək. Vakant yeri tutmaq hüququ qazanan namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar. Müsahibə mərhələsinin keçirilmə yeri və tarixi barədə məlumatlar hər bir namizədin şəxsi səhifəsinə göndəriləcək. Bu il ilk dəfə olaraq musiqi, fiziki tərbiyə və təsviri incəsənət fənləri üzrə müsahibə mərhələsi vakansiya seçimindən əvvəl həyata keçiriləcək. Avqustun 11-dən etibarən, fiziki tərbiyə müəllimlərinin müsahibə mərhələsinə start veriləcək. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında keçiriləcək müsahibə mərhələsi ilə bağlı əlavə məlumatlar hər bir namizədin şəxsi səhifələrinə yerləşdirilib. Xatırladaq ki, müəllimlərin işə qəbulu üzrə müsabiqə 4 mərhələdə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) təşkil edilir.
10/08/2017 16:20
“ASAN peşə” layihəsi üzrə sənəd qəbulu davam edir
2017-2018-ci tədris ili üzrə “ASAN peşə” layihəsi çərçivəsində ilk peşə-ixtisas təhsili müəssisələrinə sənəd qəbulu davam edir. İlk peşə-ixtisas təhsili müəssisələrinə ərizə qəbulu 1- "ASAN xidmət” mərkəzlərinin və müvafiq təhsil müəssisələrinin sənəd qəbulu komissiyalarında ödənişsiz formada həyata keçirilir. Ərizə qəbulu üçün şəxsiyyət vəsiqəsi və təhsil haqqında sənəd (şəhadətnamə və ya attestat) tələb olunur. Bakı və Gəncə şəhərlərində yerləşən dövlət ilk peşə-ixtisas təhsili müəssisələrinə həm dövlət, həm də ödənişli əsaslarla qəbul "ASAN xidmət" tərəfindən aparılır. Sumqayıt, Abşeron, Bərdə, Masallı, Sabirabad, Qəbələ şəhər və rayonları üzrə dövlət hesabına şagird qəbulu yalnız "ASAN xidmət” mərkəzlərində aparılır. Ödənişli əsaslarla şagird qəbulu həmin təhsil müəssisələri tərəfindən həyata keçirilir. “ASAN xidmət” mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər və rayonlarda yerləşən dövlət ilk peşə-ixtisas təhsili müəssisələrinə sənəd vermək istəyən şəxslər istənilən “ASAN xidmət”ə və müvafiq təhsil müəssisələrinə müraciət edə bilərlər. İlk peşə-ixtisas təhsili müəssisələrinə sənəd vermiş şəxslər 10 ixtisas seçmək hüququna malikdir. Şagird qəbulu şəhadətnamə və attestat üzrə müvafiq fənlərin orta balı nəzərə alınmaqla həyata keçirilir. İlk peşə-ixtisas təhsili müəssisələrində təhsil müddəti 6 aylıq, 1 illik, 2 illik və 3 illik təhsil proqramları əsasında təşkil olunur. Təhsil müddəti 3 illik olan proqramlar üzrə seçimdə yalnız son 2 ildə ümumi orta təhsil səviyyəsini bitirən və tam orta təhsil almaq istəyən şəxslər iştirak edə bilər. Ümumi orta təhsil səviyyəsini bitirənlər, eyni zamanda təhsil müddəti 1 (nəqliyyat vasitələrinin idarə olunması ilə bağlı ixtisaslar istisna olmaqla) və ya 2 illik proqramlar üzrə də seçimdə iştirak edə bilər. Sənəd qəbulu avqustun 22-dək davam edəcək. Ötən tədris ilindən başlayaraq Təhsil Nazirliyi, “ASAN xidmət”in birgə həyata keçirdiyi “ASAN peşə” layihəsinin əsas məqsədi dövlət ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbulun rahatlığını və obyektivliyini təmin etməkdir.
08/08/2017 14:31
Tələbələrin köçürülməsi prosesi davam edir
Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin köçürülməsi üzrə elektron sənəd qəbulu davam edir. İyulun 17-dən başlayan bu proses transfer.edu.az portalı vasitəsilə həyata keçirilir. Bu günədək 600 nəfər tələbə orta ixtisas, 2200 nəfər isə ali təhsil müəssisələrinə köçürülmək üçün elektron portaldan qeydiyyatdan keçib. Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər. Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi ilə birgə fəaliyyət çərçivəsində yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin olunması məqsədinə xidmət edir. Tələbələrin köçürülməsi prosesi avqustun 15-dək davam edəcək.
08/08/2017 09:59
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi başa çatıb
Avqustun 5-də ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi başa çatıb. 25 iyul-5 avqust tarixlərində keçirilən imtahanlarda 40 minə yaxın namizəd iştirak edib. Namizədlər 90 dəqiqə ərzində ixtisaslarına uyğun olaraq ümumtəhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika, təlim strategiyaları üzrə 10 və məntiq üzrə 10 sual olmaqla ümumilikdə 60 sualı cavablandırıblar. Müəllimlərin işə qəbulu üzrə müsabiqə 4 mərhələdə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) təşkil edilir. Müsabiqənin növbəti vakansiya seçimləri mərhələsinə bu həftə start veriləcək. Bu mərhələdə şəxsi səhifələrinə daxil olaraq, topladıqları bala uyğun vakant yerləri seçəcəklər. Vakant yeri tutmaq hüququ qazanan namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar. Müəllimlərin işə qəbulu müsabiqəsində tətbiq olunan daha bir yeniliyə əsasən, vakansiya seçimi mərhələsində bu il imtahanda iştirak edənlərlə yanaşı ötən il keçid balını toplayanlar da iştirak edə bilərlər. Həmin namizədlər cari ildə keçirilən müsabiqənin test imtahanı mərhələsində iştirak etdikləri təqdirdə builki müsabiqənin nəticələri nəzərə alınacaq. Bu, Təhsil Nazirliyinin əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən həyata keçirilir.
05/08/2017 14:30
“ASAN peşə” layihəsi məqsədinə nail olub
Amil Əlili: “İqtisadiyyatın yeni inkişaf mərhələsinə qədəm qoyması peşə təhsilinə marağı artırır” Təhsil Nazirliyinin “ASAN xidmət”lə birgə həyata keçirdiyi daha bir layihə - “ASAN peşə” layihəsi bu il də uğurla davam edir. Ötən il ilk dəfə keçirilməsinə baxmayaraq, böyük uğurlarla yadda qalan layihə barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin peşə təhsili müəssisələrinin idarə edilməsi, keyfiyyətin təminatı və monitorinq şöbəsinin müdiri Amil Əlili danışıb. - Avqustun 1-dən “ASAN peşə” layihəsi üzrə sənəd qəbulu başlayıb. Ötən bir həftəlik müşahidələriniz nə göstərir? - Ötən ildən başlayan layihə ilk dəfə Azərbaycan Respublikası ərazisində məhdud dairədə həyata keçirildi. İlk peşə-ixtisas təhsili müəssisələrinə “ASAN xidmət” mərkəzlərində qəbul aparıldı. Əsas məqsəd dövlət ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbulun rahatlığını və obyektivliyini təmin etmək idi. Bu cür sənəd qəbulu əhalinin rahatlığı ilə yanaşı, şəffaflığın təmin olunmasına, obyektiv qəbul prosesinin təşkilinə xidmət edəcəkdi. Biz bu məqsədimizə nail olduq. Daxil olan müraciətlər göstərir ki, bu il maraq daha yüksək səviyyədədir. Belə ki, avqustun 1-dən 2017-2018-ci tədris ili üzrə “ASAN peşə” layihəsi çərçivəsində ilk peşə-ixtisas təhsili müəssisələrinə sənəd qəbuluna start verilib. Artıq 2000-dən çox qeydiyyatdan keçən var. Bu qədər yüksək fəallıq müşahidə olunmasında ötən ilin təcrübəsinin rolunu dana bilmərik. Yəni, ötən il iştirak edənlərin təcrübəsi var və bu barədə çoxları məlumatlıdırlar. Artıq qəbulun nə vaxt başlayacağını gözləyirdilər. - Ötən il ilk dəfə həyata keçirilməsinə baxmayaraq, layihə uğurlarla yadda qalıb. - İlk növbədə qeyd etdiyimiz kimi, peşə təhsili müəssisələrinə şagirdlərin qəbulu prosesində şəffaflıq və vətəndaşların sənəd qəbulu prosesində rahat müraciət etmə imkanlılığı təmin edildi. Ötən il yalnız Bakı və Gəncə şəhərləri üzrə 6 min nəfər “ASAN Peşə” layihəsi üzrə sənəd qəbulunda iştirak etdi. Eyni zamanda, qəbul prosesinin nəticələrinin təhlili zamanı məlum oldu ki, “ASAN Peşə” layihəsi çərçivəsində qeydiyyatdan keçərək, ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul edilmiş şagirdlərin 25 faizinin orta attestat balı 4 və ondan yuxarı olub. Bu isə peşə təhsili müəssisələrində mövcud şagird kontingentinin keyfiyyət göstəricilərində olan musbət dəyişikliyin təzahürüdür. - Bəs, ötənilki uğurlarda qəbul prosesinin təşkili formasının rolu nə qədərdir? - Qəbul qaydalarının dəyişməsinin rolu danılmazdır. Əlavə sənədlər tələb olunmadığından vətəndaşların rahatlığı təmin edildi. Şəxsiyyət vəsiqəsi və ümumi və ya tam orta təhsil haqqında şəhadətnamə/attestatını götürüb hansısa təhsil müəssisəsinə deyil, bir ünvana -”ASAN xidmət” mərkəzinə müraciət edir və geniş ixtisas seçimi etmək şansı qazanır. Bununla da sadəcə, istədiyi ixtisası seçməklə bu sahədə yetişməsinə zəmin hazırlayır. Odur ki, sənəd qəbulundakı rahatlıq, əlavə subyektiv amillərin olmaması bu sahədə böyük dönüşə səbəb oldu. - Bu ildən rahatlıq bir az da artıb. Layihə artıq daha geniş coğrafiyanı əhatə edir. - Bu il bütün “ASAN xidmət” mərkəzlərində - Bakı, Gəncə, Sumqayıt, Qəbələ, Bərdə, Sabirabad, Masallıdakı mərkəzlərin hər birində peşə seçmək istəyənlər üçün şərait yaradılıb. Həmin mərkəzlərə başqa rayonlarda yaşayanlar da müraciət edə bilər. Bunun üçün məktəbə getmələrinə ehtiyac yoxdur. İxtisaslar barədə nazirliyin saytında da geniş məlumat verilir. Yaxud rayonda bir “ASAN xidmət” mərkəzinə gəlməklə vətəndaş Bakıda birdən-birə 11 təhsil müəssisəsinin ixtisasları haqqında məlumatlar ala bilir və 10 ixtisas üzrə seçim aparır. - Yerləşdirilməyənlər ola bilərmi və onlar nə edəcək? - İxtisas seçimində şagirdin seçdiyi ixtisas üçün önəmli sayılan fənlər üzrə göstəricilərinə diqqət yetiriləcək. Hazırda ixtisas seçimi aparılır. Şagirdlərin düşdüyü ixtisas bəlli olduqdan sonra sənədlərini həmin təhsil müəssisələrinə təqdim edəcəklər. Bunun üçün 1 həftə vaxt veriləcək. 20 yer ayrılan ixtisas üzrə 30 nəfər sənəd veribsə, təbii ki, yerləşdirilməyənlərin olacağı da labüddür. Tutaq ki, 20 yüksək göstəricili olanlar seçiləcək, qalanları seçdikləri növbəti ixtisaslara düşəcək. Bu prosesdə kənarda qalanlar yalnız məhdud çərçivədə seçim edənlər ola bilər. Məsələn, “yalnız Nərimanov rayonu ərazisində oxuya bilərəm”, - deyirsə, buradakı təhsil müəssisələrindən də 1 və ya 2 ixtisas seçibsə, şagird bu prosesdə yerləşdirilməyə bilər. Yerləşdirilməyənlər və boş qalan yerlər üçün növbəti mərhələ avqustun 28-dən sentyabrın 7-dək davam edəcək. - Bu il tətbiq edilən başqa yeniliklər də var? - Ötən ilin təcrübəsinə əsaslanıb bəzi yeniliklər etmişik. Məsələn, ötən il yerləşdirildikləri ixtisasları qəbul etməyənlər olurdu. Bu da ondan irəli gəlirdi ki, ixtisas seçilir və bu prosesi “ASAN xidmət” mərkəzinin operatoru həyata keçirirdi. Bu il “ASAN” könüllüləri və Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndələri bu prosesə cəlb olunub. Onlar ixtisas seçimində şagirdlərə kömək edirlər. Bu il hər kəsə seçib təsdiq etdikləri ixtisasların siyahısı verilir. Bundan başqa, ixtisas seçərkən onlara məktəblər, korpusları, hansı korpusda hansı ixtisasların tədris olunduğuna dair bütün məlumatlar verilir. Təhsil proqramının müddəti, ödənişlidirsə, ödənişin miqdarı bildirilir. Valideyn və ya şagird bu məlumatları əldə etdikdən sonra ixtisas seçimini özü təsdiq edir. Odur ki, bu il “Niyə bura düşmüşəm?”,- deyənlər olmayacaq. - Ödənişin məbləğində də dəyişikliklər var, yoxsa ötənilki rəqəmlər qüvvədədir? - Rəqəmlər dəyişib. Ödəniş haqqı bu il aşağı salınıb. Ötən il ixtisasdan asılı olaraq minimum 500 manat nəzərdə tutulurdusa, bu il qiymətlər 350 manatdan başlayır və 500 manata qədər dəyişir. - Qəbul prosesində neçə peşə təhsil müəssisəsi iştirak edir? - 14-ü peşə təhsil mərkəzləri, 1-i tədris mərkəzi olmaqla bütün peşə liseyləri və peşə məktəbləri iştirak edir. - Siyahıda hələ fəaliyyət göstərməyən Qəbələ peşə təhsil mərkəzi də var? - Bəli, qəbul prosesinə Qəbələdə peşə məktəbi və turizm otelçilik üzrə tədris mərkəzinin bazasında yaradılan, müasir standartlara uyğun Qəbələ Peşə Təhsil Mərkəzinin ixisasları da salınıb. Mərkəzin növbəti tədris ilindən fəaliyyətə başlayacağı nəzərdə tutulub. Qəbul olunanlar yeni təhsil ilindən orada təhsil ala biləcəklər. - Siyahıda İT STEP Akademiyasının neçə ixtisası var? - İT STEP Akademiyası dövlət-biznes əməkdaşlığı çərçivəsində həyata keçirilən çox uğurlu layihələrdəndir. Bu il ilk dəfə olaraq müəyyən göstəriciləri yüksək olan uşaqların İT STEP-də təhsil almaq imkanı olacaq. Qəbula bir ixtisas daxil edilib. Veb-dizayner ixtisası üzrə həm ödənişli əsaslarla, həm də dövlət hesabına təhsil nəzərdə tutulub. Həmin ixtisasa qəbulda yalnız tam orta təhsilli vətəndaşlar iştirak edə bilir və attestat göstəriciləri yüksək olan şagirdlərə üstünlük verilir. Bildiyiniz kimi, veb-dizayner üçün yaradıcılıq, istedad, baxış məsələləri çox önəmli olduğundan təsadüfi seçilənlərin olması arzuolunan deyil. Özündə bu keyfiyyətləri görən hər kəs sənəd qəbulunda iştirak edə bilər. - İxtisas seçimindən sonrakı proses necə olacaq? - Prosesin sonunda bütün müraciətlər elektron sistem vasitəsi ilə dəyərləndiriləcək və yerləşdirilmə aparılacaq. Bilirsiniz ki, hazırda attestat balı əsasında “ASAN xidmət” mərkəzlərində ixtisas seçimi aparılır. Hər namizədə 10 ixtisas seçməyə imkan verilib. İxtisaslar üzrə attestat göstəricisi uyğun olanlar həmin yerləri tutacaq. Onları sistem özü yerləşdirəcək. Tutaq ki, aşpaz ixtisası üzrə Bakıda bir necə təhsil müəssisəsində peşə hazırlığı həyata keçirilir. Həmin ixtisasın olduğu təhsil müəssisələrinin hamısını seçmək olar. Orta ixtisas balına görə yerləşdirilmə aparılacaq və avqustun 23-də nəticələr elan olunaraq saytda yerləşdiriləcək. Şagirdlər yerləşdirildikləri ixtisaslar üzrə təhsil müəssisələrinə sənədlərini təqdim edəcək və müsahibə komissiyasına ehtiyac duyulmadan dərs ili başlayanda orada təhsil alacaqlar. - Sənəd qəbulu yerlərinin fərqləndirilməsi nə ilə əlaqədardır? Dövlət hesabına təhsil alanlara yalnız “ASAN xidmət” mərkəzlərində, ödənişli əsaslarla təhsil almaq istəyənlərə isə həm də təhsil müəssisələrinin özündə ixtisas seçməyə imkan verilib... - Bakı və Gəncə üzrə büdcə və ya ödənişli əsaslarla təhsil almaq istəyənlər ancaq “ASAN xidmət” mərkəzlərinə müraciət etməlidir. Rayonlarda olan “ASAN xidmət” mərkəzlərində hamı ixtisas seçə bilər. Ödənişlilər isə “ASAN xidmət”lə yanaşı, təhsil müəssisəsinə də müraciət edə bilərlər. Belə olan halda işəgötürənlə əməkdaşlıq çərçivəsində müəssisənin sifariş etdiyi ixtisas üzrə şagirdin sənədləri məktəbin özünə təqdim edilə bilər. Bu istisna edilərkən işəgötürənlərlə əməkdaşlıq məsələləri nəzərə alınıb. Peşə təhsil müəssisələrində yerlər, adətən, sifarişlər əsasında müəyyən olunduğundan müəssisələrin istəyi də əsas götürülür. Məsələn, rayondakı hansısa müəssisə ona lazım olan aqrar sahə üzrə mütəxəssis üçün orada fəaliyyət göstərən peşə təhsil müəssisəsinə müraciət edir. Kadr hazırlığına müəssisə özü investisiya ayırır. Belə olan halda müəssisənin səlahiyyətlərini də əlindən almaq istəmirik. İşəgötürənlərlə əməkdaşlıq çərçivəsində onların göndərdiyi kadrların məktəbin özündə sənəd qəbulu həyata keçirilir. “ASAN xidmət” olmayan yerlərdə də məktəbin özünə müraciət mümkündür. Elektron qeydiyyat sistemi məktəblərdə də var. - Peşə təhsilində 3 illik təhsil proqramı seçənlər üçün nəzərdə tutulan kriteriya nə ilə əlaqədardır? - Tutaq ki, ali təhsilli biri müəyyən vaxtdan sonra ixtisasına əmək bazarında tələbat olmadığının fərqinə varıb fərqli bir ixtisasa yiyələnmək istəyə bilər. Təbii ki, bu zaman əmək bazarının tələbini nəzərə alacaq və qısa zaman kəsiyində, məsələn, 6 ay, 1, ya da 2 il ərzində tam yeni ixtisasa yiyələnəcək. Bu, peşə təhsilinin əsas üstünlüyüdür. Daha bir üstünlüyü isə attestat almağa imkan verən proqramın da olmasıdır. İlk peşə-ixtisas təhsili müəssisələrində ümumi orta təhsil bazasından sənəd verənlərə attestat verərək tam orta təhsil əldə etməsinə imkan verən proqram var. Həmin proqram gənclərə peşə ilə yanaşı, tam orta təhsili bitirmələrinə dair sənəd, attestat da əldə etmək imkanı verir. Odur ki, sadəcə, orta təhsil haqqında attestat əldə etmək üçün müraciət edənlərə də rast gəlinir. Məhz bunu nəzərə alıb qərara gəldik ki, 3 illik təhsil proqramları üzrə peşə ixtisas təhsilini maksimum 2 il ərzində ümumi orta təhsil bazasını bitirənlərə şamil edək. - 3 illik təhsil proqramının digərlərindən fərqi var? - Attestat alması üçün burada həm ümumtəhsil proqramları həyata keçirilir, həm də peşə təhsili öyrədilir. Ona görə də sadəcə ixtisas əldə etmək istəyənlər üçün 1 və 2 illik qruplar var. - Sizcə, bu il uğurların davamı olacaqmı? - Əvvəla onu deyim ki, dünya praktikasında insanların 40-50 faizə qədəri peşə təhsilinə istiqamətlənir. İnkişaf etmiş ölkələrdə şagirdlərin 70 faizi peşə təhsilini seçir və xüsusilə texnikiyönümlü ixtisaslar üzrə ixtisaslaşır. Bizdə isə bu, çox aşağı, cəmi 11 faiz təşkil edir. Peşə təhsilinə əhalinin maraq səviyyəsini nəzərə aldıqda, ötən ilin nəticələri də, builki müşahidələr də çox böyük ümid yaradır. Bilirsiniz ki, son illərdə həyata keçirilən islahatlar, iqtisadiyyatın yeni inkişaf mərhələsinə qədəm qoyması, əmək bazarının mövcud vəziyyəti, Azərbaycan və dünya iqtisadiyyatının qarşılıqlı inteqrasiyası insanların dünyagörüşündə dönüşə səbəb oldu. Keçən bir il ərzində peşə təhsili ilə bağlı ölkə rəhbərliyi, o cümlədən Təhsil Nazirliyi xəttilə kifayət qəfər uğurlu islahatlar həyata keçirildi. Həmin islahatlar da ümumi prosesə təkan verdi və əhalinin peşə təhsilinə marağını artırdı. Bu maraq ötən il özünü qəbul prosesində göstərdi. İndi isə maraq daha yüksək səviyyədə müşahidə olunmaqdadır. Çünki ötən bir il ərzində peşə təhsili müəssisələrinin əhəmiyyətini artıran ciddi proseslər gedib. Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi” təsdiq edildi. Eyni zamanda, ilk peşə-ixtisas təhsili müəssisələrində rasionallaşma tədbirlərinə start verildi. Nazirlər Kabinetinin 2016-cı il 11 oktyabr tarixli 405 nömrəli Qərarı ilə Bakı və Gəncə şəhərlərində yerləşən 32 ilk peşə ixtisası müəssisəsi birləşdirilərək onların bazasında dövrün tələblərinə cavab verən 13 ixtisaslaşmış peşə təhsil mərkəzləri yaradıldı. Nazirlər Kabinetinin 2017-ci il 5 iyun tarixli Qərarı ilə Qəbələ Peşə Məktəbi Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzi ilə birləşdirildi, onların bazasında Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi yaradıldı. Aparılan islahatlar, dövlətin diqqəti, bu sahədə fəaliyyət göstərən müəssisələrdə maddi-texniki bazanın gücləndirilməsi insanların peşə təhsilinə olan marağına müsbət mənada təsir etdi. Eyni zamanda, peşə təhsili üzrə mütəxəssislərin peşəkar olaraq cəmiyyətdə mühüm mövqe tutması da təsir edən əsas amillərdəndir. "Azərbaycan müəllimi"
04/08/2017 14:53
Həyəcan, özünü sınamaq və məqsədə çatmaq üçün
Müəllimlərin işə qəbulu imtahanlarına dair iddialar və reallıqlar Azərbaycan Texniki Universitetinin idman zalı. Ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi davam edir. İmtahanların keçirildiyi 3 zaldan ən böyüyündəyik. Burada 650 nəfər eyni vaxtda imtahan verir. Paralel olaraq 2 zalda da imtahan başlayıb. Həmin zalların birində 200, üçüncüsündə 160 nəfər tarix və coğrafiya müəllimliyinə imtahan verir. İyulun 25-dən start verilən imtahanlarda artıq 40 minə yaxın namizəd iştirak edib. Samir müəllim mikrofonla imtahan iştirakçılarını təlimatlandırır. İmtahan qaydaları ilə tanışlıqdan sonra düyməyə basılır. Hər şey qaydasında görünür. Tam sakitlikdir. Nəzarətçilər ortada gəzişir. Hamının gözü monitordadır. Yəqin “Başqa cür ola da bilməz, axı, imtahan verən müəllimlərdir”, - deyir, içimizdəki səs. Telefon sevgisi imtahanı pozur Amma burada öyrəndik ki, müəllim olmaq istəyənlər imtahanda uşaqdan da dəcəl ola bilər. İmtahan üçün ayrılan 90 dəqiqənin sonunda qarşısında duran real nəticəni qəbul edə bilməyib şikayətlərə, bəhanələrə başlayırlar. Təhsil Nazirliyinin sektor müdiri Rasim Məmmədovun sözlərinə görə, müəllimliyə imtahan verən bəzilərinin nəinki nəticələri uğurlu deyil, davranışları da seçdikləri peşəyə uyğun gəlmir: “Gəlib qaydaları pozurlar. Etik davranışları müəllimliyə yaraşmır. Təsəvvür edin, oturub arakəsmənin o tayındakı namizədlə danışır, ondan nömrə alır, hər yolla başqalarına mane olurlar. İmtahan zalına telefon keçirirlər. Beləcə, imtahan prosesini də pozurlar. Telefon və elektron əşyaların imtahana keçirilməsinin qadağan edildiyi barədə xəbərdarlıqlara baxmayaraq, hər kəs buna cəhd edir. 4 nəfər artıq bu səbəbdən imtahandan çıxarılıb. Bu gün telefon və qulaqcıqla tutulan namizədi prosesdən yarımçıq çıxartmaq məcburiyyətində qaldıq”. Təhsil Nazirliyi yetkilisini dinləyə-dinləyə zalları dolaşırıq. İmtahan zallarında hər cür şərait var. Kondisionerlər işləyir, zallara çay və su da qoyulub. İmtahan verənlər arasında nəinki susayanlar, acanlar da olur. Komissiya acıdığını söyləyənlərin bu istəyini də təmin etməyə çalışır. Ancaq iştirakçıların tələbi bəzən İmtahan Komissiyasının da “boyunu aşır”. Məsələn, telefonundan 3 saatlıq da olsa uzaqlaşmaq istəməyənlər, telefonları əllərindən alınanlar, bu səbəbdən hətta imtahan nəticəsini belə təhlükə altında qoyanlar imtahanın təşkilinə irad bildirirlər. Çanta və mobil telefonları qoymaq üçün yer olmamasından şikayətlənirlər. Dövlət İmtahan Mərkəzinin illərdir keçirdiyi imtahanlarda da telefonlar zala buraxılmır. Bu ənənəyə alışmaq, görəsən, bu qədər çətindir? R.Məmmədov deyir ki, əslində, daha məhdud dairədə olan imtahanlarda bunu reallaşdırmaq mümkündür: “45 min insanın 10 gün ərzində imtahanının təşkilindən söhbət gedir. Bu sistemi kiçik otaqlarda qurmaq çətinlik yaradır. Sıxlıq yaratmamaq üçün giriş və çıxışları ayırmışıq. Universitetin 3 ayrı küçəyə çıxışından istifadə etmişik. Bununla belə, yenə gərginlik müşahidə olunur. Əşyaların saxlanması üçün ayrıca yer təşkil etməyə cəhd etsəydik, indi nail olduğumuz vəziyyəti yarada, sıxlığın, ümumiyyətlə, qarşısını ala bilməzdik. Diaqnostik qiymətləndirmədə belə yerlər təşkil etmişdik. Say az olduğu üçün bu, mümkün idi. Nümunə üçün deyim ki, ötən il 24 min namizəd imtahan verdi. İmtahanlar İqtisad Universitetinin 400 nəfərlik zallarında keçirildi və 20 gün çəkdi. Bu il 48 min elektron ərizə verib, 45 min namizəd imtahanlarda iştirak edir. Onların imtahanı, müsahibə mərhələsi və yerləşdirilməsi sentyabrın 15-dək tamamlanmalıdır. Bunları nəzərə alanda, fiziki cəhətdən çatdırmağımız qeyri-mümkün olacaqdı. Odur ki, böyük tutumlu yerlər seçmək daha məntiqli idi”. Milçək mane oldu Müəllimlərin nə imtahanda, nə də imtahandan sonra problemi, söz-söhbəti, narazılığı bitmir. 24 bal yığan bir namizəd milçəkdən şikayət edib. Belə ki, zalda milçəklər ona yazmağa imkan verməyib. Yeri gəlmişkən, imtahan zallarında səliqə-sahman yüksək səviyyədə idi. Sarı kartlı masalar Narazı qalanların başqa bir iddiası zallardakı sarı kartlı masalarla bağlıdır. İddiaya görə, tapşırılanlar həmin masada oturdulur və onlara cavablar ötürülür. R.Məmmədov hesab edir ki, cavabların ötürülməsi ilə bağlı fikirlər absurddur: “Hər seansda suallar fərqli olur. Nəzarətçilər iştirakçılara qeyd üçün ağ kağızlar paylayır. Əvvəlki seansın iştirakçısı qeydlərini orda qoyub çıxar və həmin vərəq nəzarətçilərin diqqətindən yayınarsa, növbəti seansın iştirakçısı masasında həmin qeydləri görə bilər. Qeydlər olan kağız dərhal yenisi ilə əvəz olunur. Hətta əvəz olunmasa belə, köhnə seansdan qalan qeyd yeni seansda heç kimin işinə yaramaz. Çünki suallar fərqlidir. Odur ki, bu qənaətin heç bir əsası yoxdur”. Ümumiyyətlə, imtahan prosesinin təşkilində şəffaflığın təmin olunduğuna şübhə yaradan hər hansı səbəb yoxdur. Çünki bütün sistemə nəzarət mexanizmi var. Şəffaf şəkildə imtahanların keçirilməsinə nail olunub. Hətta “Sarı masada oturmaq istəyirəm”, - deyənlərin hər birinin bu arzusu yerinə yetirilib: “Bu iddiada olanların həmin masada imtahan verməsini təmin edirik. Hamının gözü sarı masada oturanda olur və özləri də şahid olurlar ki, sosial şəbəkədə yayılanlar absurddur”. Ona görə də sarı masa həvəsi ilə gəlib oturub, ancaq xəyalları puç olub gedənlər çoxdur. Bəs sarı kartlarla masalar niyə fərqləndirilib? R.Məmmədovun dediyinə görə, könüllülərin məsuliyyət daşıdığı ərazinin sərhədləri bir sarı kartda başlayıb digər sarı kartda bitir: “Sarı kart könüllülərin nəzarət etdiyi ərazinin sərhədini göstərir. Problem yarananda həmin əraziyə görə məsuliyyət daşıyan nəzarətçi cavab verir. Kartlar onların məsuliyyətini müəyyənləşdirir”. Nəzarətə nəzarət Qeyd edək ki, imtahanlar çox ciddi nəzarət şəraitində aparılır. Burada gözdən yayınma halları mümkünsüz görünür. Nəzarətçiyə supervayzer, supervayzerə koordinator, koordinatora nazirliyin işçiləri nəzarət edir, kameralar isə hamıya baxır və bütün hərəkətləri qeyd edir. Bir sözlə, imtahanlarda nəzarətə nəzarət mexanizmi tətbiq olunub. Bu qədər gözdən yayınıb nə müəllim telefondan istifadə, nə də nəzarətçi ona kömək edə bilər. Nəzarətçilər kimlərdir? Nəzarətçilərin imtahan verən şəxsə kömək edib-edə bilməyəcəyinə onların kim olduğunu biləndən sonra qərar vermək asandır. İmtahanlardakı nəzarətçilər tələbə- könüllülərdir. Formula 1 və İslam oyunlarında iştirak edən 70-80 nəfərdən ibarət könüllü imtahanlarda da nəzarətçidir. Onlar imtahan verənlərin kompüterlə bağlı hər hansı problemi olarsa, kömək edirlər. Eyni zamanda, imtahan zamanı iştirakçıları A4 vərəqləri ilə təmin edir və sakitlik yaradırlar. Onların müəllimlərə kömək etməsi isə mümkün deyil. Əvvəla zal və hər bir iştirakçı tam nəzarət altındadır. Nəzarətçilərin özləri də bir-birinə nəzarət edirlər. İkinci bir tərəfdən könüllülər tələbələrdən təşkil olunan bir qrupdur. Nəhayət, bunu könüllülərin özləri də etmək istəməz. Söhbət müəllimlik peşəsindən gedir. Bu işin məsuliyyətini dərk edirlər və təbii ki, ən savadlıların seçilməsinin tərəfdarıdırlar. Bilirlər ki, burada birinə kömək etmək kiminsə haqqını tapdalamaq deməkdir. Kömək etdiyi müəllimin gələcəkdə onun övladına dərs keçməsi riskini gözə almaqdır. Odur ki, nəinki kömək edirlər, neqativ hal müşahidə edən kimi özləri müdaxilə edir, dərhal qarşısını alırlar. İmtahandakı çoxsaylı “göz”lərdən biri, nəzarət mexanizminin bir halqası olan Fəridə Ağazadə “Bir” Tələbə-Könüllü Proqramının koordinatorudur: “İmtahanlar yüksək səviyyədə təşkil olunub. Könüllülər burada çox həvəslə iştirak edirlər. Onlar üçün də çox maraqlıdır. İmtahanlarda fərqlənənlərə qarşı xüsusi maraq göstərirlər. Namizədlərə kömək barədə heç düşünmürlər də. Axı, söhbət müəllimlikdən gedir. Kiməsə kömək etmək, imtahanlarda yüksək nəticə göstərməsinə yardım etmək savadsız birinin uşaqlarımıza dərs deməsinə imkan yaratmaq deməkdir”. Supervayzer Samir yenə iş başında Könüllülərə nəzarəti supervayzerlər həyata keçirir. Supervayzerlərin heyətində marağımızı biri cəlb edir. Samir İbrahimov fiziki məhdudiyyətlidir. Təhsil Nazirliyinin bir çox tədbirində iştirak edib. Burada da supervayzerdir: “İmtahanlara məni həmişə cəlb edirlər. SABAH qruplarının da imtahanında iştirak etmişəm. Vəzifəmin öhdəsindən hər zaman gəlirəm”. Ümumiyyətlə, Təhsil Nazirliyi fiziki cəhətdən məhdudiyyətli insanlara münasibəti ilə daim fərqlənir. Nazirliyin bu məsələdə qəti mövqeyi bu imtahanlarda da özünü göstərdi. SABAH qruplarının ilk məzunu imtahanda İmtahanın başlamasından 45 dəqiqə keçir. Artıq zallardan ara-sıra çıxanlar olur. Xanım Quliyeva ilk çıxanlardandır. SABAH qruplarının məzunlarındandır. İmtahana coğrafiya müəllimliyi üzrə qatılıb. 54 bal toplayıb. Tələsir. Ayaqüstü imtahanın təşkilini soruşuruq. Bir iradı yoxdur. Hər şey yaxşı idi, deyir. Ondan soruşuruq ki, sarı kartlı masada oturmamışdı ki? Çaşqın nəzərlərlə baxıb: “Yox. O nədir ki?”. Bu da nəticə: sarı kartlı masada oturmayıb. 45 dəqiqədə 54 bal toplayıb çıxan namizəd müəllimliyin bir addımlığındadır. Bu suallar müəllimlik üçün çox asandır İmtahandan bir nəfər də çıxır. Mahir Sərkərli müəllim olmaq üçün deyil, suallarla tanış olmaq üçün imtahanlara girib. Dövlət İmtahan Mərkəzinin test suallarını hazırlayanlardandır. Sualların müəllimlik üçün həddən artıq asan olduğu qənaətindədir: “Özümü sınamaq üçün imtahanlara qatıldım. Hesab edirəm ki, kurikulum və məntiqə yer çox verilib. Sadəcə bu səbəbdən müəllimlər bal toplaya bilmir. Mən 46 bal topladım”. İmtahan yaşa baxmır İndiyədək imtahan verənlər arasında yaşlı namizədlər də olub. Onların arasında hətta 1956-cı ildə doğulanlar var. Yaşlı nəslin nümayəndələrindən imtahana “Əməkdar müəlim” də qatılıb. O, sadəcə, imtahan həyəcanını yenidən yaşamaq üçün builki imtahanlarda iştirak edib. Yaşlı nəslin imtahandan çıxan bir nümayəndəsi ilə qarşılaşırıq. Leyla Quliyeva müəllimdir: “209 nömrəli məktəbdə Həyat bilgisi fənnindən dərs deyirəm. İmtahan verdim ki, artıq coğrafiyadan da dərs apara bilim. 25 bal topladım”. 1959-cu il təvəllüdlü daha bir müəllimlə söhbətləşirik. O da hazırda müəllimdir. Övladları Bakıda olduğu üçün imtahan verib paytaxt məktəblərində işə düzəlmək istəyir. Ancaq tələb olunan balı yığa bilmədiyindən “Azərbaycan müəllimi”nə nə balı, nə də adını demək istədi. Ramiz Nəzərov isə çətinliklə də olsa, danışdı: “1960-cı ildənəm. Sumqayıtda “İstedad” liseyində direktor müaviniyəm. Həm də dərs deyə bilmək üçün imtahan verirdim. 52 bal topladım”. Övladlarım mənimlə qürur duysun deyə müəllim olacağam Və nəhayət, imtahanın daha bir seansı bitdi. Hamı imtahan zalından uzaqlaşır. Ancaq eyni sürətlə yox. Biri addımlarını sürüyür, o biri az qala qanadlanıb uçur. Yəqin addımlarının qətiyyəti də yığdıqları bala uyğundur. Uçmağa qanad axtaranlardan biri yaxınlaşıb telefon istəyir. Fürsət bu fürsət deyib sevincini bölüşürük. Balammədova Aliyə ixtisasca coğrafiya müəllimi olsa da, müəllimlikdən uzaqlaşıb: “İxtisas seçimimdə atamın rolu olub. Həmişə deyirdi ki, qız ya müəllim olar, ya həkim. Məni də müəllim elədi. Ancaq heç müəllim işləmədim. Hazırda da şirkətdə işləyirəm. Ancaq 3 ildir müəllim olmaq üçün imtahan verirəm. Ötən il 45 bal toplamışdım. Bu il 53 bal yığdım. Rus bölməsində müəllim olacağam. Ancaq müsahibə mərhələsindən çox qorxuram. Orada nə soruşacaqlarını, məndən nə tələb olunduğunu bilmədiyim üçün ehtiyatlanıram”. Müəllimliklə bağlı fikrinin dəyişməsinə nəyin səbəb olduğunu soruşuruq: “Artıq 3 ildir ki, atam deyənə gəlmişəm. Uşaqlarım valideynlərinin harda işlədiyini deyəndə qürur duymalarını istəyirəm. Uşaqkən mən də beləydim. Valideynlərimin işi ilə fəxr edirdim. Özümdən bilirəm ki, uşaqlar üçün bu, çox önəmlidir”. Atası üçün müəllim olmayan Aliyə Balammədova övladları üçün olacaq. Görmə məhdudiyyətli 3 namizədin verdiyi dərs İmtahana girib qarşısına qoyulan suallara cavab vermək əvəzinə sarı kartlı masaları gözaltılayan, öz nəticələrindən deyil, imtahanların təşkilindən danışan müəllimliyə namizədlərdən fərqli olaraq, builki imtahanlarda görmə məhdudiyyətli 3 namizəd iştirak edib. Bu 3 namizəd suallarından və nəticələrindən başqa hər şeyi görən müəllimliyə namizədlərə yaxşıca dərs verib. Hər üçü 45 və 53 bal arasında ayrı-ayrı nəticələrlə növbəti mərhələyə vəsiqə qazanıb. R.Məmmədov bildirib ki, onlar üçün oxuyucu təmin olunub. Məntiqdən bir suala dəyişiklik edilib: “Məntiq sualı şəkillə bağlı idi. Biz həmin sualı dəyişdirdik. Könüllülərdən biri sualları oxudu, onlar da cavab verdilər”. Onlar belə imtahan verdi Biri həyəcan yaşamaq üçün, biri özünü sınamaq üçün, başqa biri qarşısına qoyduğu məqsədə çatmaq üçün imtahan verdi. İndiyədək imtahan verənlərdən ən yüksək nəticəni hələlik 1 nəfər göstərə bilib. Riyaziyyat müəllimliyinə imtahanlar zamanı fərqlənən Gəncə Dövlət Universitetinin məzunu Günay Allahverdiyeva 60 sualın hamısına düzgün cavab verərək maksimum bal toplayıb. Onun göstəricisini təkrarlayan olmasa da, 59 bal toplayanlar var. Bu nəticələrlə bir gün də başa çatdı. Hər gün olduğu kimi, bu günün sonunda da iştirakçıların sayı, balları Təhsil Nazirliyinin bazasına ötürüldü. Sabah isə son gündür. Həmin gün müəllimlərin işə qəbulunda ən böyük mərhələnin başa çatacağı gün olacaq. "Azərbaycan müəllimi"
04/08/2017 10:31
“Veb dizayner” ixtisası üzrə şagird qəbulu elan edilir
2017-2018-ci tədris ilindən dövlət-biznes partnyorluğu çərçivəsində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi STEP İT Academy ilə birgə “Veb-dizayner” ixtisası üzrə kadr hazırlığına başlayır. Məzunlar təhsil müddəti 1 il olan “Veb dizayner” ixtisası üzrə pulsuz təhsil alaraq yerli və beynəlxalq əmək bazarının tələblərinə cavab verən mütəxəssis kimi yetişmək imkanı qazanacaqlar. Təhsillərini müvəffəqiyyətlə başa vurmuş məzunlara beynəlxalq səviyyəli diplom veriləcəkdir. Seçimlərdə tam orta təhsilli şəxslər iştirak edə bilər. Seçimlərdə dövlət hesabına ilk peşə-ixtisas təhsili almış şəxslər iştirak edə bilməzlər. Ərizələrin qəbulu “ASAN Xidmət” mərkəzlərində aparılacaq. “ASAN peşə” layihəsi çərçivəsində ilk peşə-ixtisas təhsili müəssisələrinə də sənəd qəbulu davam edir. Ərizə qəbulu üçün şəxsiyyət vəsiqəsi və təhsil haqqında sənəd (şəhadətnamə və ya attestat) tələb olunur. İlk peşə-ixtisas təhsili müəssisələrinə sənəd vermiş şəxslər 10 ixtisas seçmək hüququna malikdir. Şagird qəbulu şəhadətnamə və attestat üzrə müvafiq fənlərin orta balı nəzərə alınmaqla həyata keçirilir. Ərizələrin qəbulu avqustun 22-dək "ASAN xidmət” mərkəzlərinin və müvafiq təhsil müəssisələrinin sənəd qəbulu komissiyalarında ödənişsiz formada aparılır. Ötən tədris ilindən başlayaraq Təhsil Nazirliyi və “ASAN xidmət”in birgə həyata keçirdiyi “ASAN peşə” layihəsinin əsas məqsədi dövlət ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbulun rahatlığını və obyektivliyini təmin etməkdir. 2017/2018-ci tədris ili üçün ilk peşə-ixtisas təhsili müəssisələrinə şagird qəbulu planı
03/08/2017 15:30
Bu il də qəbul imtahanlarının nəticələrində müsbət dinamika var
Dövlət İmtahan Mərkəzinin Təhsil Nazirliyinə təqdim etdiyi ilkin məlumata əsasən, 2017-2018-ci tədris ili üçün I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri məlum olub. 2017-2018-ci tədris ili üçün I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarında 70.797 nəfər iştirak edib. İmtahanlarda iştirak edən abituriyentlərin qruplar üzrə sayı I ixtisas qrupu üzrə 28.007,II ixtisas qrupu üzrə 19.858, III ixtisas qrupu üzrə 18.099, IV ixtisas qrupu üzrə 4.833 nəfər olub. Ötən illərlə müqayisədə qəbul imtahanlarında iştirak edən abituriyentlərin sayı azalsa da, 200-dən artıq bal toplayan abituriyentlərin mütləq sayı artıb. 2017-2018-ci tədris ili üçün qəbul imtahanlarının nəticələrində müsbət dinamika müşahidə edilir. Belə ki, bu il qəbul imtahanlarında 200-dən yuxarı bal toplayanların sayı cari ildə 35.790 nəfər ( 50.6) faiz təşkil edib ki, bu da ötən illə müqayisədə 6.7 faiz, 2015-ci ildəki göstəricidən 10.6 faiz, 2014-cü ildəki göstəricidən 11.3 faiz artıqdır. 2016-cı ildə 200-dən yuxarı bal toplayanların sayı 34.475 nəfər, 2015-ci ildə 33.198 nəfər, 2014-cü ildə isə 32.159 nəfər təşkil edib. Bu il qəbul imtahanlarında 2464 nəfər 600 baldan yuxarı nəticə göstərib. Ötən il bu rəqəm 2281, 2015-ci ildə 2094, 2014-cü ildə isə 1725 nəfər təşkil edib. Son tədris ilində ali təhsil müəssisələrinə tələbə qəbulu üzrə keyfiyyət göstəriciləri də xeyli artıb. Belə ki, qəbul imtahanlarında müsabiqə şərtlərini ödəyənlərin sayı I ixtisas qrupu üzrə 6.6 faiz, II ixtisas qrupu üzrə 4.6 faiz, III ixtisas qrupu üzrə 7.8 faiz, IV ixtisas qrupu üzrə 10.9 faiz artıb.
03/08/2017 10:05
İyul ayında Təhsil Nazirliyinin Vətəndaşlarla iş bölməsinə 27 993 müraciət daxil olub
Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2017-ci ilin iyul ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. Qeyd olunan müddət ərzində həmin mərkəzlərə ümumilikdə 27 993 müraciət daxil olub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 22 848 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 5 145 vətəndaşa xidmət göstərilib. Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1 341 sənəd (713 məktub, 519 ərizə, 109 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb. Daxil olan müraciətlər daha çox müəllimlərin işə qəbulu və yerdəyişməsi, ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), tələbələrin yerli ali təhsil müəssisələrinə köçürülməsi və bərpası, uşaqların ümumtəhsil məktəblərinin 1-ci siniflərinə qəbulu, xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu və müəllimlərin diaqnostik qiymətləndirilməsi ilə bağlı məsələləri əhatə edib. Qeyd edək ki, Telefon Məlumat Mərkəzinə ötən ay ərzində ən çox həftənin bazar ertəsi (5 849 zəng), çərşənbə axşamı (4 361 müraciət) və cümə axşamı (4 312 zəng) günləri, əsasən, saat 10:00-dan 13:00-dək və 14:00-dan 16:00-dək müraciət olunub. Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin bazar ertəsi (1507 müraciət) və çərşənbə axşamı (1072 müraciət) günləri, əsasən, saat 10:00-dan 12:00-dək və 14:00-dan 16:00-dək müraciət edilib.
03/08/2017 09:08
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi davam edir
Ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi davam edir. İyulun 25-dən start verilən imtahanlarda indiyədək 30 minə yaxın namizəd iştirak edib. Namizədlər 90 dəqiqə ərzində ixtisaslarına uyğun olaraq ümumtəhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika, təlim strategiyaları üzrə 10 və məntiq üzrə 10 sual olmaqla ümumilikdə 60 sualı cavablandırıblar. Qeyd edək ki, müsabiqədə iştirak etmək üçün müraciət edənlərdən 47 min nəfərə yaxın şəxsin elektron ərizəsi təsdiq edilib. İmtahanda iştirak edəcək müəllimlər www.miq.edu.az saytına daxil olmaqla “Şəxsi səhifə” bölməsindən imtahanların keçiriləcəyi tarix və saat barədə məlumat əldə edə bilərlər. İmtahana gələrkən müəllimlərdən özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əslini və bildirişi gətirmələri xahiş olunur. İmtahanlar avqustun 5 -dək davam edəcək. Müəllimlərin işə qəbulu üzrə müsabiqə 4 mərhələdə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) təşkil edilir. Namizədlər vakansiya seçimini müsabiqənin test mərhələsindən sonra edə biləcəklər.
02/08/2017 11:06
Filter
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur
Ətraflı✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
ƏtraflıAprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı