İctimaiyyət nümayəndələri müəllimlərin işə qəbulu üzrə imtahanı izləyib
İyulun 18-də ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin keçirildiyi Azərbaycan Texniki Universitetinin İdman Kompleksinə mediatur təşkil edilib. Mediaturda təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, millət vəkilləri, media qurumlarının rəhbərləri və təhsil ekspertləri iştirak edib. Qonaqlar imtahanın gedişini yaxından izləyib, bu proseslə bağlı fikir mübadiləsi aparıblar. Bildirilib ki, müsabiqədə iştirak etmək üçün müraciət edənlərdən 46 839 namizədin elektron ərizəsi təsdiq edilib. İmtahanda gün ərzində 4 min nəfərə yaxın şəxsin imtahan verməsi üçün hər cür şərait yaradılıb. Qeyd edək ki, iyulun 16-dan start verilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi davam edir. İbtidai sinif müəllimliyi üzrə imtahanlar iyulun 19-dək davam edəcək. Namizədlərə ixtisaslarına uyğun olaraq ümumtəhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika, təlim strategiyaları üzrə 10 və məntiq üzrə 10 sual olmaqla ümumilikdə 60 sualı cavablandırmaq üçün 90 dəqiqə vaxt verilib. İşə qəbul müsabiqəsi nəticəsində namizədlərin topladığı bal iki təqvim ili qüvvədədir və onlar növbəti tədris ili üçün keçirilən müsabiqə zamanı birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər.
18/07/2018 15:12
Müəllim olmaq istəyənlər imtahan verir
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsinin ikinci günü uğurla başa çatıb. İbtidai sinif müəllimliyi üzrə keçirilmiş imtahanlarda 3197 nəfər iştirak edib, namizədlər arasında ən yüksək nəticə olaraq 58 bal qeydə alınıb. İyulun 18-də ibtidai sinif müəllimliyi üzrə (Azərbaycan bölməsi) keçirilən imtahanlarda 3590 namizədin iştirakı gözlənilir. İbtidai sinif müəllimliyi üzrə imtahanlar iyulun 19-da da davam edəcək. Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi Azərbaycan Texniki Universitetinin İdman Kompleksində keçirilir. Namizədlərə ixtisaslarına uyğun olaraq ümumtəhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika, təlim strategiyaları üzrə 10 və məntiq üzrə 10 sual olmaqla ümumilikdə 60 sualı cavablandırmaq üçün 90 dəqiqə vaxt verilib.
18/07/2018 09:15
Qubada yay məktəbi
İyulun 17-də "Azərbaycan üçün öyrət" təhsil proqramı çərçivəsində həyata keçirilən "Təhsil avtobusu - 2018" yay məktəbinin Quba şəhərində ilk tədbiri keçirilib. Açılış mərasimində layihənin təşkilatçı şirkətlərindən “ENGİN” LTD MMC-nin, “Kapital Bank”ın Quba filialının, “Ekspo 2025 Bakı” layihəsinin və Quba Rayon Təhsil Şöbəsinin əməkdaşları iştirak ediblər. Bildirilib ki, yay məktəbinin məqsədi bölgələrdəki ümumi təhsil müəssisələrinin şagirdlərinin şəxsi inkişafına stimul vermək, onlarda həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına təsir etmək və dərsə marağın artırılmasına şərait yaratmaqdır. Rayonun Kürkün, İsnov, Püstəqasım, Ərməki, Çartəpə, Qaraçay, Xucbala, Rustov, Amsar kənd və iki nömrəli şəhər məktəblərinin şagirdlərinin iştirak etdiyi yay məktəbində "Mənim uğurlu karyeram", “Kommunikasiya”, “Robotlarla iş", "Sığorta” və "Nə? Harada? Nə zaman?" intellektual oyun və təlimlər keçirilib. Sonda iştirakçılar sertifikatla təltif olunublar. İyulun 23-dək davam edəcək yay məktəbi çərçivəsində ölkənin 5 bölgəsində akademik göstəriciləri zəif və orta olan 7, 8 və 9-cu sinif şagirdləri təlimçi, eləcə də ekspertlər tərəfindən keçiriləcək fərdi-inkişaf təlimləri və intellektual yarışlarda iştirak edəcək. “Təhsil avtobusu” yay məktəbi “Azərbaycan üçün öyrət” təhsil proqramının ölkəmizin müxtəlif şəhər və rayonlarını əhatə edən təhsil marafonudur. Ümumilikdə “Təhsil avtobusu” yay məktəbi çərçivəsində 16 gün ərzində 4000 km yol qət edilib, Bakı, Lənkəran, Quba, Gəncə, Şəki, Masallı, Cəlilabad, Sabirabad, Mingəçevir, İsmayıllı və Zaqatalanın 12 şəhər və 13 kənd-qəsəbə məktəbinin, 22 ali və orta ixtisas təhsili müəssisəsinin 400-dən çox şagird və tələbəsi cəlb edilib, təlimçi və ekspertlər tərəfindən 150 akademik saatdan çox həcmdə təhsil proqramları və komanda-öyrədici oyunları keçirilib. "Azərbaycan üçün öyrət’’ “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasını dəstəkləyərək keyfiyyətli təhsil üçün bərabər imkanların yaradılmasını təmin edən təhsil proqramıdır.
17/07/2018 17:05
Tvinninq layihəsi çərçivəsində ekspertlər ölkəmizə səfər edib
Cari ilin iyul ayı ərzində Avropa İttifaqının Tvinninq proqramı üzrə Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” layihəsi çərçivəsində bir neçə ekspert missiyası yerinə yetirilib. Belə ki, bu ilin 2-6 iyul tarixlərində Tvinninq layihəsinin “Səriştəyə əsaslanan yanaşmanın tətbiqi ilə seçilmiş Milli Təhsil Standartlarının yenidən müəyyənləşdirilməsi” adlı 1-ci komponenti çərçivəsində Litvanın Tədqiqat və Ali Təhsilin Monitorinqi və Təhlili Mərkəzinin Ali Təhsil Siyasəti və Karyera Təhlili şöbəsinin əməkdaşı Gintautas Jakstas ölkəmizə səfər edib. Missiyanın məqsədi kompetensiyalara əsaslanan təhsil standartlarının təkmilləşdirilməsi məqsədi ilə üç prioritet sahənin və pilot ixtisasların müəyyən edilməsi olub. Səfər çərçivəsində ekspert Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin və Təhsil İnstitutunun əməkdaşları ilə görüşlər keçirib. Eyni zamanda Bakı Dövlət Universiteti, Azərbaycan Sahibkarlar İttifaqları Konfederasiyası, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq nümayəndələri ilə görüşlər təşkil edilib. Missiyanın sonunda aparılan görüş və təhlillərin nəticəsi olaraq ekspert tərəfindən təhsil proqramlarının gələcəkdə layihə çərçivəsində təkmilləşdirilməsi məqsədi ilə üç prioritet sahə və 15 pilot ixtisas müəyyən edilib. Növbəti ekspert missiyası bu ilin 9-13 iyul tarixlərində baş tutub. Həmin tarixlərdə layihənin 1-ci komponenti çərçivəsində Litva Prezidentinin Təhsil və innovasiyalar üzrə müşaviri Saule Maçiukayte-Zviniene və Latviyanın Akademik Məlumat Mərkəzinin Akkreditasiya Şöbəsinin müdiri Jolanta Silka ölkəmizə səfər edib. Missiyanın məqsədi ali təhsil proqramlarının keyfiyyətinin təkmilləşdirilməsi və əmək bazarının hazırkı və gələcək tələblərinə cavab verməsini təmin etmək üçün Təhsil Nazirliyi üçün əmək bazarı ilə bağlı məlumatlardan istifadə üzrə model nümunəsinin hazırlanması olub. Səfər çərçivəsində Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin əməkdaşları, eləcə də Azərbaycan Texniki Universiteti və Bakı Mühəndislik Universitetinin nümayəndələri ilə görüşlər keçirilib. Universitetlərdə keçirilən görüşlər zamanı ali təhsil müəssisələrini bitirən məzunların iş yerlərinə dair məlumatların toplanması ilə bağlı məsələlər müzakirə edilib. Missiyanın son günündə keçirilən seminar zamanı ekspertlər əmək bazarı ilə bağlı toplanılan məlumatlardan istifadə üzrə hazırladıqları konkret modeli Təhsil Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq əməkdaşlarının diqqətinə çatdırıblar. Qeyd edək ki, layihənin əsas məqsədi Azərbaycanın ali təhsil sistemini səriştəyə əsaslanan təhsil yanaşmasına uyğunlaşdırmaqla daha da inkişaf etdirməkdən, eləcə də tələbəyönümlü təhsil sisteminə və təlim nəticələrinə əsaslanan yanaşmaya keçidi dəstəkləməkdən ibarətdir. İki il ərzində həyata keçiriləcək layihənin icrasına cari ilin aprel ayında başlanılıb. Layihənin icrasına Fransa, Latviya və Litvanın müvafiq qurumları və ekspertləri cəlb olunub.
17/07/2018 15:21
Müəllimlərin işə qəbul üzrə müsabiqənin test mərhələsi davam edir
Ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi davam edir. İyulun 16-da start verilən imtahanda ibtidai sinif üzrə 3195 nəfər iştirak edib. İyulun 17-də isə imtahanda 3520 nəfər namizədin iştirakı gözlənilir. İmtahanlar Azərbaycan Texniki Universitetinin İdman Kompleksində keçirilir. Namizədlərə ixtisaslarına uyğun olaraq ümumtəhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika, təlim strategiyaları üzrə 10 və məntiq üzrə 10 sual olmaqla ümumilikdə 60 sualı cavablandırmaq üçün 90 dəqiqə vaxt verilib. Qeyd edək ki, ibtidai sinif üzrə 16-19 iyul, ingilis dili üzrə 19-20 iyul, alman dili üzrə 20 iyul, riyaziyyat üzrə 23-24 iyul, informatika və təsviri incəsənət üzrə 24 iyul, Azərbaycan dili və ədəbiyyat üzrə 25-26 iyul, rus dili, rus dili və ədəbiyyatı, Azərbaycan dili, fransız dili və musiqi üzrə 26 iyul, tarix və kimya üzrə 27 iyul, fizika və texnologiya üzrə 28 iyul, biologiya üzrə 30 iyul, fiziki tərbiyə üzrə 30-31 iyul, coğrafiya üzrə 31 iyul tarixlərində test imtahanları keçiriləcək.
17/07/2018 10:55
“Təhsil avtobusu-2018" ölkənin 5 bölgəsini əhatə edəcək
İyulun 16-da “Azərbaycan üçün öyrət” təhsil proqramı çərçivəsində start veriləcək yay məktəbi ilə bağlı tədbir keçirilib. Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, millət vəkilləri, layihənin təşkilatçıları və tərəfdaş qurumların nümayəndələri iştirak ediblər. Təhsil nazirinin müavini Firudin Qurbanov proqramın məqsədindən danışaraq bildirib ki, təhsilin keyfiyyətinin yüksəldilməsində ictimaiyyətin iştirakına imkan yaradılması, əlavə təhsil imkanları ilə şagirdlərin bilik və dünyagörüşünün artırılması bu layihənin əsas məramıdır. Layihənin bu dəfə ən ucqar kəndlərdə fəaliyyət göstərən modul tipli məktəblərin şagirdlərinin də qonağı olacağını diqqətə çatdıran nazir müavini həmçinin qeyd edib ki, "Azərbaycan üçün öyrət" təhsil proqramı çərçivəsində start verilən yay məktəbi son illərin təhsilə yönəlik, yeniyetmə və gənclərin hərtərəfli inkişafına xidmət edən ən uğurlu layihələrdən biridir. Nazir müavini layihənin ümumi təhsil müəssisələrinin göstəriciləri zəif və orta olan 7-8-9-cu sinif şagirdlərinin şəxsi inkişafına, eləcə də dünyagörüşünün formalaşmasına təsir edəcəyini, onların dərslərə olan maraqlarının artmasına şərait yaradacağını vurğulayıb. Qeyd olunub ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun həyata keçirilən layihə keyfiyyətli təhsil üçün bərabər imkanların yaradılmasına xidmət edən təhsil proqramıdır. İyulun 23-dək davam edəcək yay məktəbi çərçivəsində ölkənin 5 bölgəsində yaşayan şagirdlər şəxsi-inkişaf təlimlərində, intellektual yarışlarda iştirak edəcək. Tədbirdə iştirak edən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli son illər Təhsil Nazirliyinin həyata keçirdiyi işlərdən razılıq hissi ilə danışaraq bu tip layihələrin gələcəkdə daha da genişləndirilməsini tövsiyə edib. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan resursları və təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev, "Kapital Bank"ın Marketinq Departamentinin direktoru Günel Fərzəliyeva, “Engin” LTD MMC-nin nümayəndəsi Nərmin Qəhrəmansoy çıxışlarında təmsil etdikləri qurumların belə bir layihənin həyata keçirilməsinə dəstək olmalarından məmnunluq duyduqlarını, Təhsil Nazirliyi ilə əməkdaşlıqlarını bundan sonra da davam etdirəcəklərini bildiriblər. Sonda qonaqlar xatirə şəkli çəkdiriblər. “Təhsil avtobusu - 2018” Bakı şəhərindən yola düşərək Quba-Masallı-Şəmkir-Şəki-Qəbələ-Bakı marşrutu üzrə səyahət edəcək. “Təhsil avtobusu” yay məktəbi “Azərbaycan üçün öyrət” təhsil proqramının ölkəmizin müxtəlif şəhər və rayonlarını əhatə edən təhsil marafonudur. Ümumilikdə “Təhsil avtobusu” yay məktəbi çərçivəsində 16 gün ərzində 4000 km yol qət edilib, Bakı, Lənkəran, Quba, Gəncə, Şəki, Masallı, Cəlilabad, Sabirabad, Mingəçevir, İsmayıllı və Zaqatalanın 12 şəhər və 13 kənd-qəsəbə məktəbinin, 22 ali və orta ixtisas təhsili müəssisəsinin 400-dən çox şagird və tələbəsi cəlb edilib, təlimçi və ekspertlər tərəfindən 150 akademik saatdan çox həcmdə təhsil proqramları və komanda-öyrədici oyunları keçirilib. Yay məktəbi Təhsil Nazirliyinin təşkilatçılığı, “Engin” LTD MMC, “Kapital Bank”, “Ekspo 2025 Bakı” layihəsinin əsas dəstəyi, “Bakcell”, “GoldenPay”, “Microsoft Azərbaycan” və “PAŞA Sığorta” şirkətlərinin dəstəyi, “1news.az”, “Azərbaycan İntellektual Klublar Assosiasiyası”, “ARB TV”, “ASAN xidmət”, “Bir” Tələbə-Könüllü proqramı, “Code Tusi”, “Edumap” Təhsil portal, “Edutainment.az”, “Engineering For Kids”, “SABAH” qrupları, “Şərq-Qərb” ASC, “Təhsil TV və “Youth Inc.” Sahibkarlıq Proqramının tərəfdaşlığı ilə keçirilir. Layihənin rəsmi informasiya dəstəkçiləri “1news.az”, “ARB TV” və “Təhsil TV”-dir.
16/07/2018 17:30
Respublika pedaqoji mühazirələrinə yekun vurulub
“Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində keçirilmiş respublika pedaqoji mühazirələrinə yekun vurulub. Pedaqoji mühazirələr 2 mərhələdə - rayon (şəhər) və ölkə mərhələləri üzrə təşkil edilib. Pedaqoji mühazirələrin keçirilməsində əsas məqsəd ümumi təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqəti artırmaq, təhsil işçilərinin bu barədə rəy və mülahizələrini öyrənmək, yaradıcı müəllim və məktəb rəhbərlərini aşkara çıxarmaq, qabaqcıl təcrübə nümunələrini təbliğ etmək və perspektiv üçün inkişafyönümlü təkliflər hazırlamaqdan ibarətdir. Pedaqoji mühazirələrin rayon (şəhər) mərhələsində 1640 məruzə dinlənilib, onlardan 174-ü respublika turuna təqdim olunub. Həmin məruzələr mütəxəssis ekspertizasından keçirildikdən sonra 116 mühazirə yekun mərhələyə təqdim edilib. Ümumilikdə ölkə mərhələsi üzrə 14 bölmədə 113 mühazirə dinlənilib. Yekun mərhələdə Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalar 17, Bakı şəhəri 10, Gəncə, Sumqayıt və Şirvan şəhərlərinin hər biri 3, respublikanın digər şəhər və rayonları 74 məruzəçi ilə təmsil olunub. Pedaqoji mühazirələrdə fərqlənən müəllimlər, məktəb rəhbərləri, məsləhətçilər, psixoloqlar I, II, III dərəcəli diploma və tərifnaməyə layiq görülüb. Respublika pedaqoji mühazirələrinin yekunları barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
16/07/2018 14:36
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi başlayıb
İyulun 16-da ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsinə start verilib. Namizədlərə ixtisaslarına uyğun olaraq ümumtəhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika, təlim strategiyaları üzrə 10 və məntiq üzrə 10 sual olmaqla ümumilikdə 60 sualı cavablandırmaq üçün 90 dəqiqə vaxt verilib. Müsabiqədə iştirak etmək üçün müraciət edənlərdən 46 839 namizədin elektron ərizəsi təsdiq edilib. Azərbaycan Texniki Universitetinin idman zalında keçirilən imtahanda gün ərzində 4 min nəfərə yaxın şəxsin imtahan verəcəyi gözlənilir. Qeyd edək ki, ibtidai sinif üzrə 16-19 iyul, ingilis dili üzrə 19-20 iyul, alman dili üzrə 20 iyul, riyaziyyat üzrə 23-24 iyul, informatika və təsviri incəsənət üzrə 24 iyul, Azərbaycan dili və ədəbiyyat üzrə 25-26 iyul, rus dili, rus dili və ədəbiyyatı, Azərbaycan dili, fransız dili və musiqi üzrə 26 iyul, tarix və kimya üzrə 27 iyul, fizika və texnologiya üzrə 28 iyul, biologiya üzrə 30 iyul, fiziki tərbiyə üzrə 30-31 iyul, coğrafiya üzrə 31 iyul tarixlərində test imtahanları keçiriləcək. Müəllimlərin işə qəbulu 4 mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) ibarətdir. Test imtahanı mərhələsində namizədə ixtisas, tədris metodikası, təlim strategiyaları və məntiqə aid suallar təqdim ediləcəkdir. Bu mərhələdə keçid balını toplamış namizədlər 8 vakant yer seçə biləcəklər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaqdır. Müsahibə mərhələsində test imtahanlarının nəticələrinə əsasən vakant yer tutmaq hüququ qazanmış namizədlərin bilik və bacarıqları, psixoloji hazırlığı və ümumi dünyagörüşü yoxlanılacaq. İşə qəbul müsabiqəsi nəticəsində namizədlərin topladığı bal iki təqvim ili qüvvədədir və onlar növbəti tədris ili üçün keçirilən müsabiqə zamanı birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər.
16/07/2018 12:08
Tvinninq layihəsinin İdarəetmə Komitəsinin ilk iclası keçirilib
Avropa İttifaqının Tvinninq proqramı çərçivəsində Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” adlı layihənin İdarəetmə Komitəsinin 1-ci iclası olub. İclasda Fransa, Litva və Latviyadan olan layihə rəhbərləri ilə yanaşı, həmin ölkələrin ali təhsil üzrə qısamüddətli ekspertləri də iştirak edib. Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev layihənin əhəmiyyətindən söz açaraq qarşıda duran vəzifələri qeyd edib. Sonra layihənin Azərbaycan üzrə rəhbəri, Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdir müavini Şahin Bayramov layihənin ölkəmizin ali təhsilinə verəcək töhfələrdən danışıb, layihə sayəsində ali təhsil sisteminin Avropa Ali Təhsil Məkanına daha da uyğunlaşacağına öz inamını ifadə edib. Tədbirdə layihənin Fransadan olan rəhbəri, Fransanın Beynəlxalq Pedaqoji Araşdırmalar Mərkəzinin əməkdaşı Bruno Kurval, Litvadan olan layihə rəhbəri, Litvanın təhsil nazirinin müavini Giedrius Viliunas və Latviyadan olan rəhbəri, Latviyanın Akademik Məlumat Mərkəzinin rəhbəri Ramina Baiba çıxış ediblər. Layihənin Fransa üzrə rezident koordinatoru Liza Baydanova birinci rübdə görülən işlərlə bağlı məlumat verilib, növbəti rüb ərzində planlaşdırılan tədbirlər diqqətə çatdırıb. Sonda Komitə üzvləri tərəfindən növbəti iclasın noyabr ayında keçirilməsi ilə bağlı qərar qəbul edilib.
16/07/2018 11:54
Filter
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur
Ətraflı✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
ƏtraflıAprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı