Vətəndaşlarla iş bölməsinə 17 010 müraciət daxil olub
Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2019-cu ilin fevral ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. Qeyd olunan müddət ərzində həmin mərkəzlərə ümumilikdə 17 010 müraciət daxil olub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 14748 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 2262 vətəndaşa xidmət göstərilib. Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1460 (482 ərizə, 978 məktub) qəbul olunub və qeydiyyata alınıb. Daxil olan müraciətlər daha çox tələbələrin köçürürlməsi, direktorların işə qəbulu, tələbə təqaüdləri, xarici diplomların tanınması, birinci sinfə qəbul və digər bu kimi məsələləri əhatə edib.
01/03/2019 14:07
“MBA Club”un üzvləri ilə görüş
Fevralın 28-də təhsil naziri Ceyhun Bayramov dünyanın məşhur universitetlərində magistr səviyyəsi üzrə təhsil almış “MBA Club”un (Master of Business Administration) üzvləri ilə görüşüb. Görüşdə təhsil naziri Ceyhun Bayramov son illərdə təhsil sahəsində həyata keçirilən islahat və layihələr barədə ətraflı məlumat verib, qarşıda duran hədəflərdən danışıb. Nazir bildirib ki, təhsilin inkişafı dövlət siyasətinin əsas prioritetlərindəndir. Ölkə başçısı tərəfindən təsdiq olunmuş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”, digər çoxsaylı dövlət proqramları ölkəmizdə elm, təhsil və innovasiyaların inkişafı üzrə konkret hədəflərin müəyyən edilməsi və reallaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Daha sonra təhsil naziri qeyd edib ki, müasir dünyada davamlı və hərtərəfli inkişafın təmin edilməsində elm və təhsilin rolu sürətlə artmaqdadır. Bu baxımdan xaricdə təhsil alan azərbaycanlı gənclərin üzərinə mühüm öhdəliklər düşür. Nazir Dövlət Proqramı çərçivəsində dünyanın aparıcı universitetlərində təhsil alan azərbaycanlı gənclərin ölkəmizin gələcək inkişafına mühüm töhfələr verəcəyinə əminliyini bildirib. Görüşdə “MBA Club”un üzvlərinin sualları cavablandırılıb, onların rəy və təklifləri dinlənilib.
01/03/2019 12:40
“Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi”
Martın 1-də “Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi” (Tİİ) layihəsinin açılış konfransı keçirilib. Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti İsa Həbibbəyli iştirak ediblər. Konfransın əsas məqsədi müvafiq dövlət qurumlarından, beynəlxalq və yerli təşkilatlardan olan mütəxəssisləri bir araya gətirərək, onları layihənin məzmunu və planlaşdırılan fəaliyyətlər barədə məlumatlandırmaqdır. Konfransda dövlət, özəl və beynəlxalq təşkilatlardan 90-na yaxın nümayəndə iştirak edib. Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, son illərdə Azərbaycanın ali təhsil sistemində mühüm dəyişikliklər və islahatlar həyata keçirilir, tədqiqat, ixtira, innovasiya yönümlü layihələrə dəstək verilir. Nazir müavini qeyd edib ki, Avropa İttifaqı ilə birgə həyata keçirilən layihə də məhz bu məqsədə xidmət edir. Layihə çərçivəsində ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların idarəolunması üçün imkanların yaradılması, tədqiqatların dəstəklənməsi istiqamətində potensialın gücləndirilməsi və müasir doktorantura təhsil proqramlarının formalaşdırılması nəzərdə tutulur. Həmçinin ali təhsil sistemində Tİİ üçün milli koordinasiya modelinin təklif olunması məqsədilə biri maliyyə mexanizmi olmaqla üç dəstək mexanizmi hazırlanacaq. Həmin mexanizmlərdən biri pilot olaraq həyata keçiriləcək. Nazir müavini vurğulayıb ki, ali təhsil müəssisələrində tədqiqat və ixtira fəaliyyətinin genişləndirilməsi üçün həvəsləndirici mexanizmlər, “Açıq İnnovasiya” konsepsiyasının hazırlanması planlaşdırılır. Bu, mövcud tədqiqat və ixtira imkanlarından daha yaxşı istifadə edilməsinə və yeni investisiyaların stimullaşdırmasına imkan yaradacaq. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas bildirib ki, Azərbaycanla Aİ arasında əməkdaşlıq müxtəlif sahələrdə olduğu kimi təhsil sahəsində də uğurla davam edir. Səfir layihənin əsas məqsədinin Azərbaycanın ali təhsil sistemində tədqiqat və innovasiya yönümlü yeni mexanizmlərin yaradılması olduğunu qeyd edib. AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli isə ölkədə elm və təhsil sahəsində beynəlxalq əməkdaşlıq üçün münbit şərait yarandığını, layihənin uğurlu nəticələr verəcəyinə əminliyini qeyd edib. Tİİ Türkiyə ofisinin direktoru Yasemin Erdal, Təhsil Nazirliyinin şöbə müdiri və layihənin Azərbaycan tərəfindən koordinatoru Emin Əmrullayev, layihənin eksperti Krzysztof Gulda öz çıxışlarında tədqiqat, ixtira və innovasiya sahəsində beynəlxalq təcrübə, layihənin məqsədi, həyata keçiriləcək işlər barədə ətraflı məlumat veriblər. Konfrans işini sual-cavab və müzakirə formatında davam etdirib. Təhsil Nazirliyinin əsas benefisiarı olduğu və Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi” layihəsi 2018-ci ilin oktyabr ayından 2020-ci ilin aprel ayına qədər olan dövrü əhatə edir. Layihənin əsas məqsədi ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların (Tİİ) strategiyası və idarəedilməsinin gücləndirilməsindən ibarətdir.
01/03/2019 11:48
“Bizim müəllim”
Şahin Hüseynov Ağstafa rayonu Vurğun qəsəbə tam orta məktəbində çalışır. O, 2018-ci ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədə 58 bal toplayıb. “Müəllim həmişə oxumalı, yenilik axtarışında olmalıdır, çünki bilik yalnız ali təhsil diplomu ilə məhdudlaşmır” deyən Şahin Hüseynov fizika fənninin incəliklərini şagirdlərinə sevə-sevə öyrədir. “Bizim müəllim” layihəsi ölkəmizin bütün bölgələrində peşəkarlığı ilə seçilən, müəllimlərin işə qəbulu üzrə müsabiqədə və diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllimlərin tanıdılmasına xidmət edir.
01/03/2019 10:22
Respublika çempionatının basketbol idman növü üzrə qalibi açıqlanıb
27-28 fevral 2019-cu il tarixlərində “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən məktəblər arasında respublika çempionatının basketbol idman növü üzrə final mərhələsinə yekun vurulub. Çempionatın proqramına uyğun olaraq final mərhələsində zona yarışlarında I və II yeri tutan 12 komanda mübarizə aparıb. Yarışların nəticəsi olaraq I yeri Bakı şəhəri 269 nömrəli, II yeri Gəncə şəhəri 19 nömrəli tam orta məktəblərin, III yeri Bakı şəhəri 160 nömrəli Klassik Gimnaziyanın komandası tutub. Qalib məktəb komandası Yunanıstanın Heraklion şəhərində keçiriləcək məktəblərin dünya çempionatında ölkəmizi təmsil etmək hüququ qazanıb. Qeyd edək ki, müxtəlif idman növləri üzrə məktəblər arasında respublika çempionatı 26 sentyabr 2018-ci il tarixində Təhsil, Gənclər və İdman Nazirlikləri, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyası tərəfindən imzalanmış birgə əmrə əsasən keçirilir. 2018-ci ilin oktyabr ayından başlanılan basketbol idman növü üzrə yarışlarda 1442 orta məktəb üzrə 70 minə yaxın şagird iştirak edib.
28/02/2019 17:26
“Novruz mühazirələri”nə başlanılır
Martın 5-dən Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Novruz mühazirələri”nə başlanılacaq. Qazax Müəllimlər Seminariyasının və Bakı Dövlət Universitetinin 100 illik yubileylərinə həsr olunmuş builki “Novruz mühazirələri”nin Lənkəranda, Bakıda və Qazaxda keçirilməsi planlaşdırılır. “Bakı Dövlət Universiteti-100: tarix və gələcəyin tandemi” mövzusunda ilk “Novruz mühazirəsi” Lənkəran Dövlət Universitetində baş tutacaq. Mühazirədə professor Anar İsgəndərov Bakı Dövlət Universitetinin milli özünüdərkin inkişafındakı rolu, onun mənəvi varislərindən olan Lənkəran Dövlət Universitetinin qarşısında dayanan prioritetlər barədə çıxış edəcək. Təhsil Nazirliyi 2016-cı ildən etibarən “Novruz mühazirələri” keçirir. Mühazirələrdə millət vəkilləri, tanınmış alimlər, beynəlxalq və yerli təhsil ekspertləri tərəfindən Azərbaycanın tarixi, elmi, mədəniyyəti və təhsili üzrə müxtəlif məsələlər ictimaiyyətə çatdırılır. “Novruz mühazirələri”nin informasiya dəstəyi Real televiziyasına və Onlayn Xəbər Agentliyinə (ONA) məxsusdur.
28/02/2019 16:57
Bakı şəhəri üzrə vakant direktor vəzifələrinə namizədlər müəyyənləşir
Fevralın 28-də Təhsil Nazirliyinin birbaşa tabeliyində olan (Bakı şəhərində yerləşən) və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil məktəbi, lisey və gimnaziyaların direktor müavinləri və müəllimləri üçün keçirilən təlimlərdə uğur qazanan müdavimlərlə müsahibələrə başlanılıb. Təlim iştirakçıları təhsili idarəetmənin hüquqi əsasları, statistika və təhlil, təhsildə keyfiyyətin, maliyyənin idarəolunması və digər mövzular üzrə bilik, bacarıqlarını artırmaq imkanı əldə ediblər. Təlimlərdə iştirak etmiş müdavimlərin yekun qiymətləndirilməsinin nəticələrinə əsasən, keçid balını toplamış 27 nəfər şəxs növbəti mərhələdə – müsahibədə iştirak etmək hüququ qazanıb. Martın 1-dək davam edən müsahibədə uğur qazanmış şəxslər Bakı şəhəri üzrə vakant direktor vəzifələrinə namizəd kimi müəyyənləşəcəklər.
28/02/2019 16:11
Nazir müavininin cəbhə bölgəsinə səfəri başa çatıb
Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar təhsil nazirinin müavini Məhəbbət Vəliyevanın Füzuli, Beyləqan, Ağcabədi və Ağdam rayonlarına səfəri başa çatıb. Səfər çərçivəsində nazir müavini Füzuli rayonunda Horadiz şəhər 3 nömrəli tam orta, Böyük Bəhmənli kənd 2 nömrəli tam orta məktəblərdə olub. Adıçəkilən məktəblərin pedaqoji kollektivləri ilə görüşən Məhəbbət Vəliyeva onlara metodiki tövsiyələrini verib. Nazir müavini həmçinin Xocalı faciəsinin 27-ci ildönümü münasibətilə təşkil olunan yürüşdə iştirak edib, Füzuli Rayon İcra hakimiyyətinin başçısı Alı Alıyevlə, ictimaiyyət nümayəndələri ilə görüşüb. Daha sonra Beyləqan rayonuna səfər edən Məhəbbət Vəliyeva 3 nömrəli tam orta məktəbdə olub, dərs prosesini izləyib. Nazir müavini Beyləqan şəhər 2 nömrəli tam orta məktəbdə rayonda fəaliyyət göstərən ümumtəhsil məktəblərinin direktorları ilə görüş keçirib. Görüşdə təhsil sahəsində həyata keçirilən islahatlar, qarşıda duran prioritetlər barədə ətraflı danışan Məhəbbət Vəliyeva mövcud problemlərin aradan qaldırılması üçün tövsiyələr verib. Nazir müavini Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevlə də görüşüb. Səfər çərçivəsində Beyləqan rayonu ərazisində yerləşən Füzuli rayonu 24 nömrəli modul tipli məktəbə də baxış keçirilib, tədris prosesi izlənilib. Ağcabədi rayonuna da səfər edən nazir müavini rayonda yerləşən Laçın rayonu Taxtakörpü qəsəbə tam orta məktəbinə baş çəkib. Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli ilə birlikdə Taxtakörpü qəsəbəsində yerləşən məktəblərin rəhbərləri, gənc müəllimlərlə görüşən Məhəbbət Vəliyeva ictimaiyyət nümayəndələrinin müraciətlərini də dinləyib. Ağcabədi rayonunda yerləşən Xocavənd kənd 2 nömrəli tam orta məktəbə baxış keçirən nazir müavini təhsil müəssisəsinin qəzalı vəziyyətdə olan binası ilə tanış olub, yeni binanın tikintisi imkanlarının araşdırılacağını deyib. Məhəbbət Vəliyeva Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovla birlikdə 9 və 8 nömrəli tam orta məktəblərə baxış keçirib, müəllimlərlə görüşüb, dərs prosesini izləyib. Daha sonra Ağcabədi şəhəri 3 nömrəli tam orta məktəbdə rayonda yerləşən ümumtəhsil müəssisələrinin rəhbərləri ilə görüş keçiilib. Səfər çərçivəsində Ağdam rayonunda olan nazir müavini təmas xəttində yerləşən Ayaqqərvənd və İmamqulubəyli kənd tam orta məktəblərinə baxış keçirib, məktəblərin pedaqoji kollektiivləri, ictimaiyyət nümayəndələri ilə görüşüb. Səfər zamanı Məhəbbət Vəliyeva həmçinin Ağdam Rayon İcra hakimiyyətinin başçısı Vaqif Həsənovla görüşüb, açılışı olacaq modul tipli 85 nömrəli tam orta məktəbə və Quzanlı qəsəbə tam orta məktəbinə də baş çəkib. Nazir müavini daha sonra təmas xəttində yerləşən Əhmədağalı kənd tam orta məktəbində rayonun ümumtəhsil məktəblərinin direktorları ilə keçirilən görüşdə onları narahat edən problemləri dinləyib, öz tövsiyələrini verib.
28/02/2019 15:12
“Təhsil Menecerlərinin Peşəkar İnkişafı” layihəsi çərçivəsində müsabiqə
Təhsil sahəsində insan resurslarının inkişaf etdirilməsi və müasirləşdirilməsi məqsədilə bu sahədə işləyən və ya gələcəkdə çalışmaq arzusunda olan şəxslərin Təhsil Nazirliyinin tabeliyində olan qurumlarda bir il müddətinə təcrübə proqramına və təlimlərə cəlb olunması üçün müsabiqə elan edilib. Layihənin əsas məqsədi müasir idarəetmə bacarıqlarına yiyələnmiş, informasiya texnologiyalarına bələd olan, ölkəmizin təhsil və sosial inkişafına töhfə verən təhsil işçilərini yetişdirmək və onların peşəkar inkişafına dəstək olmaqdır. Təcrübə proqramı və təlimlərdə gələcəkdə ölkənin müxtəlif bölgələrində (Bakı şəhəri və Abşeron rayonu istisna olmaqla) təhsil sahəsində çalışmaq istəyi olan şəxslər iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək istəyən şəxslər martın 28-dək https://docs.google.com/forms/d/1D2p_TLlnXE2pTSHm-JjZHrgXJrmRUSFVU8I0baCyHRk/edit linkinə daxil olaraq müraciət formasını doldurmalıdırlar. Müsabiqə barədə daha ətraflı elan vasitəsilə tanış olmaq olar.
28/02/2019 15:02
Təhsil naziri vətəndaşları qəbul edib
Təhsil naziri Ceyhun Bayramov “Azərbaycan Respublikasının Təhsil Nazirliyində və tabe qurumlarda vətəndaşların qəbulu Qaydaları”na uyğun olaraq vətəndaşları qəbul edib. Qəbulda vətəndaşlar əsasən, işlə təmin olunma, ali təhsil müəssisələrindən köçürülmə, diplomların tanınması ilə bağlı müraciət ediblər. Nazir vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək onların aradan qaldırılması, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib.
28/02/2019 12:48
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
? 2026–2027-ci tədris ili üzrə yeni təmayül tədris modelinin tətbiq ediləcəyi ümumi təhsil müəssisələrinə şagird qəbulu elan edilir
ƏtraflıHeydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar. Leyla Əliyeva və Arzu Əliyeva məktəbin şagirdləri ilə görüşərək onların yaradıcılıq nümunələri ilə tanış olub, uşaqlara hədiyyələr təqdim ediblər. Ətraflı: https://tinyurl.com/4mkd3xfk #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #ÜmumiTəhsil
ƏtraflıElm və təhsil nazirinin müavini Firudin Qurbanov Belarus Respublikasına səfəri zamanı bu ölkənin təhsil naziri Andrey İvanets ilə görüşüb. Görüşdə elm və təhsil, o cümlədən ümumi, peşə və ali təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və yaxın gələcəkdə icrası nəzərdə tutulan təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb. Görüş zamanı Qarabağ Universiteti ilə Belarus Respublikasının aparıcı ali təhsil müəssisələri arasında əməkdaşlıq istiqamətləri müəyyənləşdirilib. Firudin Qurbanov Belarus Respublikasında təhsil alan azərbaycanlı tələbələrlə də görüşüb, onları maraqlandıran sualları cavablandırıb və təkliflərini dinləyib. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23126-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı