Əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar təhsil haqqından azad olunub
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı xərclərinin ödənilməsi haqqında” sərəncam imzalayıb. Sərəncam I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsilə əlçatanlığını təmin etmək və onların təhsil almaq imkanlarını genişləndirmək məqsədini özündə ehtiva edir. Sərəncama əsasən, ali təhsil müəssisələrində bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) təhsil səviyyələrində, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan I və II dərəcə əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil müddəti ərzində təhsil haqqı xərcləri 2019-2020-ci tədris ilindən etibarən dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. Qeyd edək ki, hazırda ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, eləcə də orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təqribən 2500 nəfər əlilliyi olan şəxs təhsil alır. Həmin tələbələrin illik təhsil haqqı xərclərinin ödənilməsi üçün orta hesabla 4 milyon manat vəsait tələb olunur. Sağlamlıq imkanları məhdud şəxslərin təhsilin bütün pillələrində təhsil hüququnu digər şəxslərlə bərabər səviyyədə təmin etmək və onların təhsili üçün maneəsiz mühit yaratmaq üçün ölkəmizdə davamlı olaraq tədbirlər həyata keçirilir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 5.2-ci maddəsinə görə, dövlət cinsindən, irqindən, dilindən, dinindən, siyasi əqidəsindən, milliyyətindən, sosial vəziyyətindən, mənşəyindən, sağlamlıq imkanlarından asılı olmayaraq, hər bir vətəndaşa təhsil almaq imkanı yaradılmasına və ayrı-seçkiliyə yol verilməməsinə təminat verir. Həmin qanuna əsasən dövlət hər bir vətəndaşın icbari ümumi orta təhsil almaq hüququnu təmin edir və dövlət təhsil müəssisələrində hər bir təhsilalan pulsuz ümumi təhsil almaq hüququna malikdir. 2018-ci ildə qəbul edilmiş “Peşə təhsili haqqında” Azərbaycan Respublikası Qanununun 20.8.2-ci maddəsinə əsasən əlilliyi olan şəxslərin dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikasının Qanununda xüsusi təhsil, evdə təhsil və inteqrasiyalı təhsilin təşkil olunması ilə bağlı normalar yer almışdır. Ölkə Prezidenti cənab İlham Əliyevin 2017-ci il 14 dekabr tarixli 3498 nömrəli sərəncamı ilə sağlamlıq imkanları məhdud şəxslərin fiziki, psixi, intellektual və digər xüsusiyyətlərindən asılı olmayaraq, öz həmyaşıdları ilə eyni formada təhsilə cəlb edilməsi məqsədi ilə “2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilib. Dövlət Proqramının məqsədi sağlamlıq imkanları məhdud şəxslərin təhsil hüququnu təhsilin bütün pillələri üzrə digər şəxslərlə bərabər səviyyədə təmin etməkdən və onların təhsili üçün maneəsiz mühit yaratmaqdan ibarətdir. I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi onların maddi rifah halını daha da yaxşılaşdıracaqdır.
03/05/2019 15:26
Avropa Olimpiada tarixində bir ilk
Bakı məktəblisi Fidan Qarayeva ən gənc qalibdir Son illər Azərbaycan məktəblilərinin beynəlxalq bilik yarışlarında qazandıqları uğurlar bir-birini əvəz edir. Bu günlərdə daha bir məktəbli uğura imza atıb. Bakı məktəblisi Fidan Qarayeva 8-ci Avropa Qızlar Riyaziyyat Olimpiadasının, sadəcə, qaliblərindən biri olmaqla qalmadı, üstəlik, bu olimpiadanın tarixinə öz yaşı ilə adını yazdı. 13 yaşlı bürünc medal sahibi Avropa Qızlar Riyaziyyat Olimpiadasının tarixinə ən gənc qalib kimi düşüb. Fidanın adı ölkə mətbuatında indi əks-səda versə də, əslində, barəsində artıq yazılıb. Biz Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseydə fəaliyyət göstərən olimpiadalara hazırlıq mərkəzində tanıdıq onu. Əvvəlcə adını müəllimindən eşitdik. Boş vaxtlarında hazırlıq mərkəzində dərslərə qatılaraq uşaqlara olimpiadada qalib gəlməyin yollarını öyrədən, özü tələbə olsa da, olimpiada qalibi olaraq təcrübəsini məktəblilərlə bölüşən İsmət Ağayev danışmışdı ondan. Hazırlıq keçdiyi uşaqlar arasında fərqləndirdiyi adlardan biri də onun adı idi: “Bu uşaqların arasında həm istedadlı, həm də çalışqan uşaqlar çoxdur. Özü də bizim X-XI sinifdə öyrəndiklərimizi artıq IX, hətta VII sinifdən öyrənməyə başlayıblar. Dərs dediyim qrupda 7-ci sinif şagirdi olan Fidan Qarayevanın xüsusi istedadı var. Hamıdan balaca olsa da, imtahanda ən yaxşı nəticə göstərən 4-5 nəfərdən biri olub. İnanıram ki, növbəti imtahanda birinci olacaq”. İsmət Ağayevin barəsində qürurla danışdığı kiçik qızla həmin vaxt biz də tanış olduq. Hazırda Xətai rayonundakı 257 nömrəli tam orta məktəbdə təhsil alır. Seçim mərhələsində iştirak edib və olimpiadalara hazırlıq mərkəzində məşq keçmək hüququ qazanıb. Mütəxəssislər hesab edir ki, beynəlxalq olimpiadalarda yaş bir çox hallarda önəm daşımır. Bir də görürsən, IX sinif şagirdi XI sinif şagirdindən daha yaxşı nəticə göstərir. Bu təcrübəyə əsaslanan müəllimləri o gün də Fidanın tezliklə özündən böyüklərlə yarışdan qalib çıxacağına inamla danışdılar. Bu da imtahan, bu da nəticə O, Ukraynada keçirilən 8-ci Avropa Qızlar Riyaziyyat Olimpiadasının qalibidir. Özü də 8-ci Avropa Qızlar Riyaziyyat Olimpiadasının tarixində ən gənc qalibi. 36 ölkədən 196 şagirdin qatıldığı olimpiadada ABŞ, Kanada, Avstraliya, Hindistan və digər ölkələrin məktəbliləri iştirak ediblər. Olimpiada iki gün keçirilib. “Hər gün çox çətin olan 3 misal verilmişdi. Amma mən onları həll etdim”, - deyən Fidan Qarayevanın sözlərinə görə, riyaziyyatdan istedadı 7 yaşından üzə çıxıb. Artıq 8 yaşından kvadrat tənliyi həll etməyə başlayıb: “Atam riyaziyyatçıdır. Meksikada universitet müəllimidir. Riyaziyyatı uşaqlıqdan atamdan öyrənmişəm. Azərbaycana qayıdandan sonra riyaziyyatla həm evdə, həm məktəbdə, həm də beynəlxalq olimpiadaya hazırlıq mərkəzində məşğul olmuşam”. Fidanın bürünc medalı 2016-cı ildən bu olimpiadada iştirak edən məktəblilərimizin ilk medalıdır. Ancaq bu, Fidanın ilk medalı deyil. İlk dəfə 9 yaşında olimpiadaya qatılan Fidan Meksikada keçirilən riyaziyyat olimpiadasında qızıl medal qazanıb. Fidan sadəcə riyaziyyatçı olmaqla kifayətlənmir, dil öyrənməyi, mütaliə etməyi də sevir: “Boş vaxtlarımda riyaziyyatdan çoxlu misallar işləyirəm. Bir də ispan dilində kitablar oxuyuram”. Təhsil naziri ilə görüş Dünən Təhsil naziri Ceyhun Bayramov VII sinif şagirdi Fidan Qarayeva ilə görüşüb. Nazir qeyd edib ki, Bakı məktəblisinin öz adını Avropa Qızlar Riyaziyyat Olimpiadasının tarixinə ən gənc qalib kimi yazması ölkəmiz üçün qürurvericidir. Təhsil naziri onun dərsləri, eləcə də olimpiadalara hazırlığı ilə maraqlanıb. Təhsil nazirinə arzularından danışan Fidan Qarayeva qeyd edib ki, gələcəkdə də beynəlxalq bilik yarışmalarında ölkəmizi layiqincə təmsil etmək niyyətindədir. *** “Niyyətin hara, mənzilin ora”, - deyib babalarımız. Yolun açıq olsun, Fidan Qarayeva. Hər qələbəni tarix yazsın. "Azərbaycan müəllimi"
03/05/2019 12:23
"Bizim müəllim"
Təhsil Nazirliyinin “Bizim müəllim” layihəsində bu dəfə Qubadlı rayonu Nadir Ərşadoğlu adına Dondarlı kənd tam orta məktəbinin müəllimi Gülnar Allahverdiyeva ilə tanış olacaqsınız. O, 2017-cı ildə müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində 56 bal toplayıb. Hazırda məktəbdə informatika fənnini tədris edən Gülnar Allahverdiyeva şagirdlərinin sevgisini ən böyük qazanc hesab edir. “Bizim müəllim” layihəsi ölkəmizin bütün bölgələrində peşəkarlığı ilə seçilən, müəllimlərin işə qəbulu üzrə müsabiqədə və diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllimlərin tanıdılmasına xidmət edir.
03/05/2019 10:41
“Məktəblinin dostu” layihəsinin hesabatı təqdim olunub
Mayın 2-də Bakı şəhəri Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə “Məktəblinin dostu” pilot layihəsi üzrə görülən işlərlə tanışlıq məqsədilə tədbir keçirilib. Tədbirdə Təhsil Nazirliyinin nümayəndələri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi, millət vəkilləri, media qurumlarının rəhbərləri, valideynlər və jurnalistlər iştirak edib. “Məktəblinin dostu” layihəsinin rəhbəri Rüstəm Ağayev geniş təqdimatla çıxış edərək bu günə qədər görülən işlər barədə məlumat verib. Layihə rəhbəri əməkdaşların işəgötürülmə prosesindən, onlar üçün keçirilən təlimlərdən söz açıb. Tədbirdə layihə çərçivəsində fəaliyyət göstərən Psixoloji Mərkəzin iş istiqamətləri haqqında da məlumat verilib, layihə üzrə təşkil olunan “Yay məktəbi”nin məqsədlərindən danışılıb. Çıxış edən qonaqlar layihənin əhəmiyyətindən söz açıb və əhatə dairəsinin gələcəkdə daha da genişləndirilməsinin vacibliyini qeyd ediblər. Layihənin əhatə etdiyi məktəblərdə təhsil alan şagirdlərin valideynləri də “Məktəblinin dostları” barəsində müsbət fikirlərini bildiriblər. Daha sonra “Məktəblinin dostu” layihəsi çərçivəsində görülən işlərin əks olunduğu videoçarxlar nümayiş olunub. Görüşdə layihə ilə əlaqədar rəy və təkliflər səsləndirilib, icra edilmiş təşəbbüslərə dair müzakirələr aparılıb. Xatırladaq ki, “Məktəblinin dostu” pilot layihəsi 2016-cı ilin dekabr ayında Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə 30 ümumi təhsil müəssisəsində fəaliyyətə başlayıb. Layihə hazırda Bakı şəhərindəki 35 ümumi təhsil müəssisəsində həyata keçirilir. Hər məktəbdə şagird sayına uyğun olaraq, minimum 3 nəfər “Məktəblinin dostları” fəaliyyət göstərir. Gələcəkdə layihənin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur. Layihənin əsas məqsədi müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilkin tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə və diaqnostik işlər aparmaqdır. “Məktəblinin dostları” hər bir yaş mərhələsində uşaqların hərtərəfli şəxsi keyfiyyətlərinin və intellektual inkişafının təmin edilməsi, onlarda özünütərbiyə və özünüinkişaf bacarığının formalaşdırılmasında iştirak edirlər.
02/05/2019 18:02
Təhsil naziri ən gənc olimpiada qalibi ilə görüşüb
Təhsil naziri Ceyhun Bayramov 8-ci Avropa Qızlar Riyaziyyat Olimpiadasının tarixində ən gənc qalib olan, Bakı şəhəri 257 nömrəli tam orta məktəbin VII sinif şagirdi Fidan Qarayeva ilə görüşüb. Nazir 13 yaşlı qalibi qazandığı uğur münasibəti ilə təbrik edib. Ceyhun Bayramov qeyd edib ki, Bakı məktəblisinin öz adını Avropa Qızlar Riyaziyyat Olimpiadasının tarixinə ən gənc qalib kimi yazması ölkəmiz üçün qürurvericidir. Bu münasibətlə olimpiada qalibini bir daha təbrik edən Təhsil naziri onun dərsləri, eləcə də olimpiada hazırlığı ilə maraqlanıb. Fidan Qarayeva Təhsil nazirinə təşəkkürünü bildirib və gələcək arzularından danışıb. O qeyd edib ki, gələcəkdə də beynəlxalq bilik yarışmalarında ölkəmizi layiqincə təmsil etməyə çalışacaq. Görüşdə olimpiada qalibinə hədiyyələr təqdim edilib, həmçinin xatirə fotosu çəkilib.
02/05/2019 16:12
Vətəndaşlarla iş bölməsinə 15 773 müraciət daxil olub
Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglər və Vətəndaşların Qəbulu Mərkəzində 2019-cu ilin aprel ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. Qeyd olunan müddət ərzində həmin mərkəzlərə ümumilikdə 15 773 müraciət daxil olub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 13 132 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 2641 vətəndaşa xidmət göstərilib. Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1447 (591 ərizə, 856 məktub) qəbul olunub və qeydiyyata alınıb. Daxil olan müraciətlər daha çox birinci siniflərə qəbul, müəllimlərin yerdəyişməsi, xaricdə təhsil, diplomların tanınması və digər bu kimi məsələləri əhatə edib.
02/05/2019 10:12
Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağı keçirilib
Mayın 1-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) illik ümumi yığıncağı keçirilib. Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Baş nazirin müavini Əli Əhmədov, müxtəlif dövlət qurumlarının və ali təhsil müəssisələrinin rəhbərləri, AMEA-nın həqiqi və müxbir üzvləri, institut və təşkilatlarının direktorları, KİV nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə AMEA-nın elmi nailiyyətlərini əks etdirən sərgi ilə tanış olublar. Sərgidə akademiyanın institut və təşkilatları, regional bölmə və elmi mərkəzləri, eləcə də Rəyasət Heyəti üçün ayrılmış guşələrdə Azərbaycan, rus və ingilis dillərində müxtəlif nəşrlər və istehsal olunan yeni məhsullar nümayiş etdirilib. Tədbirdə Azərbaycan elminin inkişafında xüsusi xidmətləri olan görkəmli alimlərin xatirələri bir dəqiqəlik sükutla yad edilib. AMEA-nın prezidenti, akademik Akif Əlizadə tədbir iştirakçılarını ümumi yığıncağın gündəliyi ilə tanış edib. Sonra akademik Akif Əlizadə AMEA-nın 2018-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyətinə dair məruzə ilə çıxış edib. AMEA-nın rəhbəri dövlət siyasətinin mühüm strateji hədəflərinə uyğun olaraq, 2018-ci ildə də respublikamızda elm və təhsilin inkişafı istiqamətində görülən mühüm tədbirlər və əldə edilən uğurlar haqqında məlumat verib: “Ötən il AMEA tərəfindən elmi-texniki potensialın inkişaf etdirilməsi, multidissiplinar tədqiqatların aparılması, beynəlxalq elmi əlaqələrin genişləndirilməsi, elm, təhsil və iqtisadiyyat arasında əlaqələrin gücləndirilməsi, yüksəkixtisaslı kadrların hazırlanması, elmi tədqiqat fəaliyyətinin əlaqələndirilməsi, elmi potensialın ölkənin sosial-iqtisadi problemlərinin həllinə yönəldilməsi və digər istiqamətlərdə mühüm işlər görülüb”. Akademik Akif Əlizadə Prezident İlham Əliyevin ölkədə “Elm Günü”nün təsis edilməsi haqqında 2018-ci il 9 aprel tarixli Sərəncam imzaladığını xatırladaraq bunun dövlətimizin başçısının elmimizə diqqət və qayğısının daha bir göstərici olduğunu bildirib. Diqqətə çatdırılıb ki, 2018-ci ildə AMEA-nın elmi müəssisələri 20-yə yaxın dövlət proqramının və digər tapşırıqların icrasında yaxından iştirak edib. Akademiyada dövlətin elm siyasətinin reallaşması üzrə mühüm elmi tədqiqat işləri və layihələr həyata keçirilib. Elmlə təhsilin vəhdətindən danışan Akif Əlizadə qeyd edib ki, kadr hazırlığı sisteminin müasir standartlara uyğun təkmilləşdirilməsi, elmi tədqiqat işlərinin nəticələrinin tədris prosesində tətbiqi məqsədilə hesabat ilində mühüm tədbirlər görülüb. 2018/2019-cu tədris ili üçün AMEA-nın magistraturasına 19 ixtisas, 48 ixtisaslaşma üzrə 67 nəfər yüksək balla qəbul olunub. AMEA-nın prezidenti innovativ fəaliyyət sahəsində görülən işlər haqqında da məlumat verib. Hesabat ilində AMEA Yüksək Texnologiyalar Parkında (YTP) innovasiya mәhsullarının və yüksək texnologiyaların, həmçinin strateji əhəmiyyətli məhsulların hazırlanması, işlənilməsi, təkmilləşdirilməsi məqsədilə elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması, onların nəticələrinin sənaye, xidmət və digər sahələrdə tətbiqi istiqamətində mühüm nəticələr əldə edildiyini, 2018-ci ildə YTP-nin rezidentlərinin sayının 11-ə çatdığını deyib. Akademik Akif Əlizadə beynəlxalq elmi əlaqələrdən də danışıb, 2018-ci ildə bir sıra xarici ölkələrin elmi müəssisələri ilə əməkdaşlığa dair imzalanan müqavilələrin əhəmiyyətindən bəhs edib. Bildirilib ki, ötən il AMEA-nın əsas fəaliyyət istiqamətlərindən olan sosial sahədə də mühüm tədbirlər həyata keçirilib. Əməkdaşların sosial-iqtisadi hüquqlarının qorunması, iş və yaşayış şəraitinin yaxşılaşdırılması, əməkhaqlarının artırılması, onların istirahətinin və sağlamlıqlarının təmin olunması, mənzil təminatının həlli istiqamətində bir sıra işlər görülüb. Məruzədən sonra AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev AMEA Rəyasət Heyətinin 2018-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə dair sualları cavablandırıb. Yığıncaqda akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, akademik Şahin Mustafayev, Ə.Hüseynov adına İdarəetmə Sistemləri İnstitutunda laboratoriya rəhbəri, akademik Asəf Hacıyev və AMEA Rəyasət Heyəti aparatının elm və təhsil baş idarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov çıxış ediblər. Tədbirdə ümumi yığıncağın qərar layihəsi müzakirə olunub. AMEA-nın Rəyasət Heyətinin 2018-ci ildəki fəaliyyəti qənaətbəxş hesab olunaraq hesabat təsdiq edilib. Qərara əsasən, AMEA-nın Rəyasət Heyətinə Prezident İlham Əliyevin elmin inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələrin icrasının davam etdirilməsi, dövlətin elmi-texniki siyasətinin işlənib hazırlanmasında və həyata keçirilməsində AMEA-nın iştirakının daha da gücləndirilməsi tapşırılıb. Həmçinin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”nin və digər dövlət proqramlarının həyata keçirilməsi ilə bağlı müvafiq qurumlarla əməkdaşlığın və elmi tədqiqat işlərinin gücləndirilməsi, ümummilli lider Heydər Əliyevin respublikamızda hakimiyyətə gəlməsinin 50 illik yubileyi ilə əlaqədar onun ölkəmizin siyasi, ictimai və mədəni həyatında oynadığı tarixi rolunun elmi əsaslarla araşdırılmasının davam etdirilməsi və “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” dövlətimizin başçısının Sərəncamının və Nazirlər Kabinetinin müvafiq qərarının icrası istiqamətlərində tapşırıqlar verilib. Qərarda nüvə fizikası, nanotexnologiyalar və nanostrukturlar, informasiya texnologiyaları, tətbiqi riyaziyyat və riyazi modelləşdirmə, süni intellekt sistemləri və mexatronika, astrofizika, kimya texnologiyasının və materialşünaslığın nəzəri problemləri, neft kimyası və üzvi sintez, böyük dərinlik neftləri, geodinamika və seysmologiya, qlobal dəyişikliklər və iqlim, molekulyar biologiya, gen mühəndisliyi, əhalinin sağlamlığı və biotibb üzrə fundamental və tətbiqi tədqiqatlara prioritet elmi istiqamətlər kimi üstünlük verilməsi əksini tapıb. Bundan başqa, Azərbaycan tarixi, ədəbiyyatı, dili, incəsənəti və folklorunun regional və qlobal problemləri, sosial və etnik proseslər, qlobal iqtisadi, siyasi, hüquqi faktorların ölkəmizə potensial təsiri ilə bağlı tədqiqatların davam etdirilməsi tapşırılıb. Həmçinin AMEA-da əldə olunan mühüm elmi nəticələrin nüfuzlu elmi bazalara inteqrasiyasının daha da sürətləndirilməsi, akademiyada nəşr olunan jurnalların bu bazaların tələblərinə uyğunlaşdırılması üçün zəruri tədbirlərin davam etdirilməsi, AMEA-da magistratura təhsilinin daha da inkişafı, AMEA-nın Yüksək Texnologiyalar Parkının yerli və beynəlxalq elmi-texnoloji şirkətlərlə və biznes strukturları ilə əməkdaşlığının genişləndirilməsi və digər istiqamətlərdə tapşırıqlar verilib. Yığıncaqda AMEA-nın vitse-prezidenti və Kimya Elmləri Bölməsinin akademik-katibi vəzifələrinə seçkilər keçirilib. Gizli səsvermə yolu ilə keçirilən seçkilərdə AMEA-nın həqiqi üzvləri iştirak ediblər. Seçkilərin nəticəsinə görə, akademik Rasim Əliquliyev AMEA-nın vitse-prezidenti, akademik Vaqif Fərzəliyev isə Kimya Elmləri Bölməsinin akademik-katibi vəzifələrinə seçiliblər. AMEA-nın akademik-katibi vəzifəsini AMEA-nın müxbir üzvü Əminağa Sadıqov icra edəcək. Sonra BMT-nin Baş Assambleyası tərəfindən 2019-cu ilin “Beynəlxalq Kimyəvi Elementlərin Dövri Cədvəli İli” elan olunması ilə əlaqədar D.İ.Mendeleyevin “Kimyəvi Elementlərin Dövrü Qanunu”nun kəşfinin 150 illiyinə həsr olunan elmi sessiya işə başlayıb. AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev “Kimyəvi elementlərin dövri sistemi təbiətin fundamental qanunlarından biridir” mövzusunda məruzə ilə çıxış edərək bildirib ki, kimyəvi elementlərin dövri cədvəli kimyəvi elementləri sistemləşdirməklə bərabər fizika, kimya, biologiya, geokimya, kristalloqrafiya, astrofizika və digər elmlərin də inkişafında mühüm rol oynayır. XX əsrdə dövri cədvəl bir çox dəyişikliklərə məruz qalmasına baxmayaraq, son nəticədə daha təkmil vəziyyətə gətirilib. Məruzəçi Azərbaycanda qeyri-üzvi funksional materialların, yarımkeçiricilərin və topoloji izolyatorların məqsədli sintezi sahəsində axtarışlarda dövri cədvəlin mühüm rolundan bəhs edib, AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda son illərdə bu istiqamətdə əldə edilmiş elmi nəticələr haqqında məlumat verib. Elmi sessiyada Milli Nüvə Tədqiqatları Mərkəzinin sədri, akademik Adil Qəribov, Bakı Dövlət Universitetinin kimya fakültəsinin dekanı, professor Əbdülsəid Əzizov və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kimya və qeyri-üzvi maddələrin texnologiyası kafedrasının müdiri, kimya elmləri doktoru Yunis Qəhrəmanov çıxış ediblər. Daha sonra yekun nitqi söyləyən akademik Akif Əlizadə doktorantura təhsilinin Avropa təhsil sisteminə inteqrasiyasını təmin etmək məqsədilə Avropa İttifaqının “Erasmus+” proqramının “Nizami” layihəsi çərçivəsində müvafiq tədbirlərin davam etdirilməsinin, gənc alimlərin təcrübə keçmək və təhsil almaq məqsədilə dünyanın nüfuzlu elmi mərkəzlərinə və ali təhsil müəssisələrinə göndərilməsi istiqamətində fəaliyyətin daha da gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb. Qeyd edilib ki, multidissiplinar tədqiqatların gücləndirilməsi istiqamətində riyaziyyat və informatikanın elmin müxtəlif sahələrinə tətbiqinə xüsusi diqqət ayrılmalı, alimlərimiz dövlət siyasətinin mühüm prioritetlərindən birini təşkil edən qeyri-neft sektorunun inkişafına öz töhfələrini verməlidirlər. Sonda akademik Akif Əlizadə Azərbaycan alimlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb. AZƏRTAC
01/05/2019 17:38
Futzal üzrə respublika birinciliyinin pley-off mərhələsi
Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr edilmiş ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında futzal üzrə respublika birinciliyinin final mərhələsində mübarizə aparacaq komandalar müəyyən olunub. Azərbaycan Texniki Universitetinin idman kompleksində keçirilən pley-off mərhələsinin oyunlarında Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası Azərbaycan Tibb Universitetinin komandasını, Azərbaycan Dövlət İqtisad Universiteti Gəncə Dövlət Aqrar Universitetinin komandasını məğlub edib. Oyunların nəticəsinə əsasən, Azərbaycan Tibb Universitetinin və Gəncə Dövlət Aqrar Universiteti komandaları III yer, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası və Azərbaycan Dövlət İqtisad Universitetinin komandaları isə I yer uğrunda mübarızə aparacaqlar. Yarışların pley-off mərhələsində ümumilikdə 11 ali və 1 orta ixtisas təhsili müəssisəsinin komandaları olmaqla 12 komanda mübarizə aparıb. Birinciliyə mayın 13-də yekun vurulacaq. Birinciliyin keçirilməsində əsas məqsəd ali və orta ixtisas təhsili müəssisələri tələbələri arasında futzal idman növünün kütləviliyinin təmin edilməsi, beynəlxalq yarışlarda iştirak etmək üçün respublikanın tələbələrdən ibarət yığma komandasına namizədlərin müəyyənləşdirilməsi, ölkənin yeniyetmələrdən, gənclərdən ibarət yığma komandalarına perspektivli tələbə futzalçıların seçilməsinin təmin edilməsi və tələbələr arasında dostluq əlaqələrinin yaradılmasından ibarətdir. Respublika birinciliyi AFFA, Azərbaycan Tələbə Futbol Federasiyasının təşkilatçılığı, Təhsil, Gənclər və İdman nazirlikləri, Futzal Futbol Federasiyasının dəstəyi ilə keçirilir.
01/05/2019 17:22
Dövlət başçısı: “Azərbaycanda bir dənə də olsun qəzalı məktəb olmamalıdır”
Aprelin 30-da ölkə Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. İclasda bu ilin yanvar ayında regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramının qəbul edildiyini deyən ölkə Prezidenti cənab İlham Əliyev bildirib ki, bu da çox önəmli hadisədir: “Üçüncü proqram uğurla və artıqlaması ilə icra edilmişdir. Üç proqramın icrası nəticəsində ölkəmizdə bir çox önəmli məsələlər öz həllini tapıb, o cümlədən sosial infrastruktur sahəsində. 3200-dən çox məktəb tikilib və təmir edilib. Bizdə məktəb fondu təqribən 5000-ə yaxındır. Onların böyük hissəsi yenidən qurulub və bu proses davam etdirilir”. Dövlət başçısı iclasda ölkənin sosial infrastrukturunun daim diqqət mərkəzində olduğunu qeyd edib: “Bu il 100-ə yaxın məktəb tikiləcək və ya əsaslı təmir ediləcək, o cümlədən modul tipli məktəblər. Bunun da çox böyük faydası var, xüsusilə ucqar kəndlərdə. Bu məktəblər həm tez bir zamanda ərsəyə gəlir, həm də keyfiyyət baxımından çox yüksək standartlara cavab verir”. Ölkə Prezidenti qəzalı məktəblər probleminin həlli istiqamətində böyük işlər görüldüyünü diqqətə çatdırıb: “Beləliklə, hesab edirəm ki, biz qəzalı məktəblər problemini bu il, uzaqbaşı gələn il həll edəcəyik. Yəni, Azərbaycanda bir dənə də olsun qəzalı məktəb olmamalıdır. Bu istiqamətdə böyük işlər görülüb və görüləcək”.
01/05/2019 16:24
Uşaq-Gənclər İnkişaf Mərkəzlərinin rəqs qrupları Türkiyədə
Təhsil Nazirliyinin 2 və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzlərinin bədii özfəaliyyət kollektivləri Türkiyənin Samsun, Ankara, İzmit və İstanbul şəhərlərində keçirilən 23 aprel- Beynəlxalq Uşaq Şənliklərində ölkəmizi layiqincə təmsil ediblər. Proqram çərçivəsində Prezident iqamətgahında təşkil olunan 41-ci TRT Beynəlxalq Uşaq Festivalına qatılan 40 ölkənin rəqs qrupları milli rəqslərini nümayiş etdiriblər. 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin qrup üzvlərinin rəqsləri tamaşaçılar tərəfindən alqışlanıb. Sonda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərini təbrik edib, onlarla xatirə şəkli çəkdirib. 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Çiçəyim” uşaq teatrı və “Azəri inciləri” rəqs qrupu 20 ölkə təmsilçilərinin iştirak etdiyi Beynəlxalq İstanbul - Ataşəhər Uşaq Festivalında uğurla çıxış edib. Rəngarəng çıxışlarına görə dərnək üzvlərinə diplom və hədiyyələr təqdim olunub.
01/05/2019 15:51
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
? 2026–2027-ci tədris ili üzrə yeni təmayül tədris modelinin tətbiq ediləcəyi ümumi təhsil müəssisələrinə şagird qəbulu elan edilir
ƏtraflıHeydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar. Leyla Əliyeva və Arzu Əliyeva məktəbin şagirdləri ilə görüşərək onların yaradıcılıq nümunələri ilə tanış olub, uşaqlara hədiyyələr təqdim ediblər. Ətraflı: https://tinyurl.com/4mkd3xfk #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #ÜmumiTəhsil
ƏtraflıElm və təhsil nazirinin müavini Firudin Qurbanov Belarus Respublikasına səfəri zamanı bu ölkənin təhsil naziri Andrey İvanets ilə görüşüb. Görüşdə elm və təhsil, o cümlədən ümumi, peşə və ali təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və yaxın gələcəkdə icrası nəzərdə tutulan təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb. Görüş zamanı Qarabağ Universiteti ilə Belarus Respublikasının aparıcı ali təhsil müəssisələri arasında əməkdaşlıq istiqamətləri müəyyənləşdirilib. Firudin Qurbanov Belarus Respublikasında təhsil alan azərbaycanlı tələbələrlə də görüşüb, onları maraqlandıran sualları cavablandırıb və təkliflərini dinləyib. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23126-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı