13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi davam edir
Oktyabrın 11-də Bakı Ekspo Mərkəzində təşkil edilən 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi işini davam etdirir. Sərgiyə 22 ölkədən 150-dən artıq iştirakçı qatılıb. Builki sərginin fərqləndirici xüsusiyyəti texnoloji istiqamətli olmasıdır. Sərgidə Təhsil Nazirliyi geniş pavilyonda təmsil olunur. İştirakçılara "Rəqəmsal bacarıqlar", “Peşə Təhsili üzrə Dövlət Agentliyi”, “Univerium” yataqxanası, “Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi”, “Escape room”, “Məktəbdənkənar fəaliyyət”, “Təhsil Texnologiyalar Mərkəzi”, “Gənc Müəllimlər Assosiasiyası”, “Bir Tələbə-Könüllü proqramı”, SABAH qrupları ilə bağlı stendlər və “Təhsil TV” Media Mərkəzi təqdim olunur. “Eduexpo 2019” sərgisində Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan-Fransız Universiteti (UFAZ), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Slavyan Universiteti, Sumqayıt Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti və digər ali təhsil müəssisələri iştirak edir. Bu il sərgidə Almaniya, Belarus, Çex Respublikası, İran, Qazaxıstan, Özbəkistan, Polşa, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələr xaricdə təhsil üzrə imkan və şərtlərini təqdim edirlər. Eyni zamanda Avropa İttifaqının birləşmiş stendi debüt edir. Türkiyə builki sərgi çərçivəsində milli stend ilə çıxış edir. Rusiyanın regional qrupları Moskva və Novosibirsk şəhərlərinin təhsil müəssisələri ilə təmsil olunur. Sərginin ikinci günündə "Təhsil TV" Media Mərkəzində “Olimpiadalarda qazanılan uğurlar, regionlarda lisey siniflərinin açılması”, “Hesablayıcı düşüncə meydançası – “Polyup” platformasının təhsildə tətbiqi”, “Məktəb tikintisi, cari ildə yeni istifadəyə verilən təhsil müəssisələri”, “Peşə təmayüllü siniflərin açılması”, “Çevik Bacarıqlar (Soft skills) müasir dövrdə”, “eTwinning Plus: layihə əsaslı öyrənmə”, “Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin fəaliyyəti” mövzularında təqdimatlar keçiriləcək və aşbaz ixtisası üzrə hazırda 5 ulduzlu otellərdən birində çalışan məzun və işə götürənlərin iştirakı ilə TED Talk təşkil ediləcək. Bu gün yerli və xarici ali təhsil müəssisələrinin, habelə Azərbaycanın aparıcı şirkət nümayəndələrinin iştirakı ilə “B2B” formatlı görüşlər keçirilməsi də nəzərdə tutulur. Qeyd edək ki, sərginin baş sponsoru “Kapital Bank”dır. Sərgi Təhsil Nazirliyi, Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. “Caspian Event Organisers” şirkəti sərginin təşkilatçısıdır. Oktyabrın 12-dək davam edəcək 13-cü Beynəlxalq Təhsil Sərgisinə giriş 9-11-ci sinif şagirdləri, abituriyent, tələbə və onların valideynləri, təhsil işçiləri üçün açıqdır.
11/10/2019 10:30
Türkiyə Respublikasının Milli Təhsil naziri Bakı Dövlət Peşə Təhsil Mərkəzində
Türkiyə Respublikasının Milli Təhsil naziri Ziya Selçuk Azərbaycana rəsmi səfəri çərçivəsində Koreya təhsil standartları əsasında yaradılmış Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində olub. Türkiyənin Milli Təhsil naziri yüksək standartlara cavab verən bu təhsil müəssisəsində təhsilalanlar üçün yaradılmış şəraitlə yaxından tanış olub.
10/10/2019 17:34
13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisinin açılış mərasimi keçirilib
Oktyabrın 10-da Bakı Ekspo Mərkəzində 13-cü Azərbaycan Beynəlxalq Təhsil sərgisinin açılış mərasimi keçirilib. Açılış mərasimində Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Təhsil naziri Ceyhun Bayramov, Türkiyənin Milli Təhsil naziri Ziya Selçuk, nazirlik yanında İctimai Şuranın üzvləri, təhsil müəssisələrinin rəhbərləri, müxtəlif təhsil xidmətləri göstərən qurumların nümayəndələri və digər qonaqlar iştirak ediblər. Mərasimdə çıxış edən Təhsil naziri Ceyhun Bayramov bildirib ki, builki sərgidə dünyanın 22 ölkəsini təmsil edən 150-dən çox təhsil strukturu iştirak edir. Ceyhun Bayramov qeyd edib ki, ölkə Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın imzalanmasından ötən dövr ərzində təhsilin müxtəlif pillələrini əhatə edən istiqamətlər üzrə bir sıra mühüm dövlət sənədləri qəbul edilib və layihələr həyata keçirilib. Əldə edilmiş nailiyyətlər təhsil müəssisələrinin, təhsil işçilərinin, müəllimlərin səyləri və bütövlükdə cəmiyyətin verdiyi töhfə nəticəsində mümkün olub. Türkiyə Respublikasının Milli Təhsil naziri Ziya Selçukun sərgidə iştirakına toxunan Ceyhun Bayramov deyib ki, Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq münasibətləri təhsil sahəsində də öz əksini tapmalı, bir millət olan bu iki dövlətin təhsil mütəxəssisləri arasında sıx əməkdaşlıq qurulmalıdır. Nazir qeyd edib ki, sərgi Azərbaycan və Türkiyə arasında olan əməkdaşlığın bir qədər də dərinləşməsi və zənginləşməsinə xidmət edəcək. Ceyhun Bayramov bildirib ki, nazirliyin son illərdə təhsilin inkişafı sahəsində həyata keçirdiyi islahatlar və əldə olunan nailiyyətlər sərgidə ayrı-ayrı pavilyonlarda əhatəli şəkildə öz əksini tapıb. Təhsil naziri sərginin gələcək hədəflərə nail olunması baxımından qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinə, təhsilin və məşğulluğun inkişafı sahəsində yeni layihələrin həyata keçirilməsinə öz dəyərli töhfəsini verəcəyini əlavə edib. Nazir çıxışının sonunda sərginin təşkilində əməyi keçən hər kəsə təşəkkür edib və uğurlar arzulayıb. Daha sonra çıxış edən Türkiyənin Milli Təhsil naziri Ziya Selçuk Azərbaycan və Türkiyə arasında səmimi, dost və qardaş münasibətlərinin mövcudluğundan söz açıb. Ziya Selçuk təhsil sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsində bu səfərin mühüm əhəmiyyət kəsb edəcəyinə inandığını söyləyib. Bildirib ki, hazırda iki ölkə arasında təhsil sahəsində çoxsahəli və inkişaf etmiş əlaqələr mövcuddur. Türkiyə Respublikasının Milli təhsil naziri Ziya Selçuk çıxışının sonunda bu səfərin təhsil sahəsindəki əlaqələrin daha da möhkəmlənməsinə təkan verəcəyinə inamını ifadə edib. Avropa Komissiyasında “NEAR” Baş direktorluğunun bölmə rəhbəri Vassilis Maraqos da öz növbəsində builki sərgidə Avropa İttifaqının birləşmiş stendinin debüt etdiyini qeyd edib. O bildirib ki, Avropa İttifaqının stendində Avstriya, Çex Respublikası, Fransa, İsveç, Latviya, Litva, Macarıstan, Niderland, Polşa və Rumıniya kimi ölkələrin səfirlik və universitetləri təmsil olunur. “Caspian Event Organisers” şirkətinin region üzrə direktoru Edvard Stroun da artıq ənənəvi olaraq hər il keçirilən sərginin maraqla qarşılandığını, ziyarətçilərə təhsil müəssisəsi seçməkdə geniş imkan yaratdığını deyib. Sərginin ilk günündə "Təhsil TV" Media Mərkəzində "STEAM", "Rəqəmsal bacarıqlar" layihələri və müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri ilə bağlı təqdimatlar keçirilib. Qeyd edək ki, sərginin baş sponsoru “Kapital Bank”dır. Sərgi Təhsil Nazirliyi, Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. “Caspian Event Organisers” şirkəti sərginin təşkilatçısıdır. Üç gün davam edəcək 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisinə giriş 9-11-ci sinif şagirdləri, abituriyent, tələbə və onların valideynləri, təhsil işçiləri üçün açıqdır.
10/10/2019 16:22
“Təhsil avtobusu - Nəsimi” layihəsi üzrə mükafatlandırılma mərasimi
Oktyabrın 10-da 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi çərçivəsində "Təhsil avtobusu – Nəsimi" yay məktəbi layihəsinə dəstək olan qurumların mükafatlandırılması mərasimi keçirilib. Mərasimdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, layihənin təşkilatçıları və tərəfdaş qurumların nümayəndələri iştirak ediblər. Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva çıxış edərək “Azərbaycan üçün öyrət” təhsil proqramı üzrə artıq dördüncü dəfə həyata keçirilən və Nəsimi ilinə həsr olunan yay məktəbinin şagirdlərin şəxsi inkişafına, dünyagörüşünə müsbət təsir etdiyini qeyd edib. Nazir müavini bu istiqamətdə tərəfdaş qurumların verdiyi dəstəyin rolunun yüksək olduğunu vurğulayıb. Mərasimdə bildirilib ki, iyulun 23-dən start verilən layihə çərçivəsində Bakı-Qusar-Astara-Cocuq Mərcanlı-Qazax-Şamaxı-Bakı marşrutu üzrə səyahət edilib və 5 bölgənin 47 kənd, qəsəbə və şəhər məktəbindən ümumilikdə 200-ə yaxın şagird layihəyə cəlb edilib. Nəsimi ilinə həsr olunan yay məktəbi müddətində şagirdlər peşə, natiqlik, incəsənət, fərdi-inkişaf təlimləri və intellektual yarışlarda iştirak ediblər. Çıxışlardan sonra mükafatlar təqdim olunub. Qeyd edək ki, "Təhsil avtobusu" yay məktəbi "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun həyata keçirilən layihə keyfiyyətli təhsil üçün bərabər imkanların yaradılmasına xidmət edən təhsil proqramıdır. “Təhsil avtobusu” yay məktəbi “Azərbaycan üçün öyrət” təhsil proqramının ölkəmizin müxtəlif şəhər və rayonlarını əhatə edən təhsil marafonudur. Ümumilikdə “Təhsil avtobusu” yay məktəbi çərçivəsində 30 gün ərzində 8500 km yol qət edilib, 22 ali və orta ixtisas təhsili müəssisəsi, 32 şəhər, 75 kənd-qəsəbə məktəblərindən olan 700-dən çox şagird və tələbəsi cəlb edilib, təlimçi və ekspertlər tərəfindən 250 akademik saatdan çox təhsil proqramları və komanda-öyrədici oyunları keçirilib. “Təhsil Avtobusu – Nəsimi” Yay Məktəbi Təhsil Nazirliyinin təşkilatçılığı, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və Kapital Bankın əsas dəstəyi, Bakcell, Paşa Həyat Sığorta və Optimal şirkətlərinin dəstəyi, Vitam Reklam, Şərq-Qərb ASC əsas tərəfdaşlığı, Azərbaycan İntellektual Klublar Assosiasiyası, Asmart yaradıcılıq mərkəzi, “Bir” Tələbə-Könüllü proqramı, BD Kids, Code Tusi şirkəti, SABAH qrupları, Sabah Futbol Klubu, Şəhanə online mağazasının tərəfdaşlığı ilə keçirilib. İctimai TV, ARB TV, Təhsil TV, 1News.az, Azərtac, Edumap Təhsil portal və Fam Tram layihənin media və informasiya tərəfdaşıdır.
10/10/2019 16:04
"Həftənin sualı"da Təhsil Sərgisi mövzusu
"Təhsil" televiziyasının "Həftənin sualı" verilişinin budəfəki buraxılışı 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisinə həsr olunub. Verilişin qonaqları Təhsil nazirinin müşaviri Elnur Məmmədov və “Caspian Event Organisers” şirkətinin icraçı direktoru Bəhruz Hidayətzadədir.
10/10/2019 13:52
13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi işinə başlayıb
Oktyabrın 10-da Bakı Ekspo Mərkəzində 13-cü Azərbaycan Beynəlxalq Təhsil “EduExpo” Sərgisi öz işinə başlayıb. Builki sərgidə dünyanın 22 ölkəsini təmsil edən 150-dən çox təhsil strukturu iştirak edir. Sərginin fərqləndirici xüsusiyyəti texnoloji istiqamətli olmasıdır. Sərgidə Təhsil Nazirliyi geniş pavilyonda təmsil olunur. İştirakçılara "Rəqəmsal bacarıqlar", “Peşə Təhsili üzrə Dövlət Agentliyi”, “Univerium” yataqxanası, “Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi”, “Escape room”, “Məktəbdənkənar fəaliyyət”, “Təhsil Texnologiyalar Mərkəzi”, “Gənc Müəllimlər Assosiasiyası”, “Bir Tələbə-Könüllü proqramı”, SABAH qrupları ilə bağlı stendlər və “Təhsil TV” Media Mərkəzi təqdim olunacaq. Sərgidə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan-Fransız Universiteti (UFAZ), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Slavyan Universiteti, Sumqayıt Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti və digər ali təhsil müəssisələri iştirak edir. Sərginin gündəliyinə işgüzar görüşlər, panel müzakirələr, media təqdimatlar, intellektual oyunlar və ayrı-ayrı mövzulara dair mühazirələr də daxildir. Qeyd edək ki, sərginin baş sponsoru “Kapital Bank”dır. Sərgi Təhsil Nazirliyi, Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. “Caspian Event Organisers” şirkəti sərginin təşkilatçısıdır. “Təhsil” sərgisinə giriş 9-11-ci sinif şagirdləri, abituriyent, tələbə və onların valideynləri, təhsil işçiləri üçün açıqdır.
10/10/2019 10:20
Prezident İlham Əliyev Türkiyənin Təhsil nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 10-da Türkiyə Respublikasının Təhsil naziri Ziya Selçukun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətinin üzvlərini salamlayan Prezident İlham ƏLİYEV dedi: -Xoş gəlmisiniz. Sizi görməyimə şadam. Əminəm ki, səfəriniz uğurlu olacaq və təhsil sektorundakı əməkdaşlığımız davam edəcək. Bildiyiniz kimi, Türkiyə-Azərbaycan əlaqələri bütün sahələrdə ən yüksək zirvədədir. Elə bir sahə yoxdur ki, biz o sahədə əməkdaşlıq etməyək. O cümlədən sizin rəhbərlik etdiyiniz sahə də həm bu gün üçün, həm də gələcək üçün çox önəmlidir ki, gələcək nəsillərimiz milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə alsınlar, bilikli savadlı olsunlar və gələcəkdə ölkələrimizin inkişafında fəal olsunlar. Sizi səmimiyyətlə salamlayıram. Türkiyə-Azərbaycan qardaşlığı, birliyi sarsılmazdır. Biz bütün sahələrdə - həm siyasi sahədə, həm də iqtisadi, nəqliyyat, enerji, mədəniyyət, təhsil sahələrində gözəl nəticələri görürük. Bildiyiniz kimi, bir neçə gündən sonra Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Görüşü keçiriləcək. Biz bu görüşə ciddi hazırlaşırıq və əminəm ki, qəbul ediləcək qərarlar türkdilli dövlətlərin birliyini daha da möhkəmləndirəcək. Sizi bir daha salamlayıram. Xoş gəlmisiniz. x x x Türkiyənin Təhsil naziri Ziya SELÇUK dedi: -Təşəkkür edirəm. Zati-alinizin bizi qəbul etməsindən böyük məmnunluq duyuruq. Çox minnətdaram, sağ olun. Cənab Prezidentimizin salamlarını çatdırmaq istərdim. Prezident İlham Əliyev: Sağ olun. Mənim də salamlarımı çatdırın. Ziya Selçuk: Prezidentimiz Sizə olan dost münasibətini hər zaman ifadə edir. “Bir millət, iki dövlət” şüarının daim vurğulandığı və bu məsələnin əhəmiyyəti barədə danışıldığı da Sizə məlumdur. Zati-alinizin Türkiyə vətəndaşları üçün viza rejiminin ləğvi barədə qərarı Türkiyədə böyük bir sevinc hissi yaradıb. Bunu, cənab Prezident, Sizə çatdırmaq istəyirəm. Mükəmməl səviyyədə olan əməkdaşlığımız hamımızı sevindirir. Həm vətəndaşlarımızın ünsiyyətinin artması, həm tələbələrin Türkiyəyə təhsil almağa gəlmələri, həm də Türkiyə ilə Azərbaycan arasındakı iqtisadi əməkdaşlığın genişlənməsi hamımızı çox məmnun edir. x x x Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla onu qardaşlıq münasibətlərinin bağladığını dedi. Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycanla Türkiyə arasında böyük sərvətimiz olan dostluq və qardaşlığımızı möhkəm iş birliyinə çevirməyə nail olmuşuq. Prezident İlham Əliyev bildirdi ki, dünya miqyasında Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın ölkələr yoxdur. Dövlətimizin başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçən il Bakıda hərbi paradın keçirildiyini, Azərbaycan və Türkiyə hərbçilərinin çiyin-çiyinə Bakının mərkəzində təntənəli keçid etdiklərini xatırladaraq, xalqlarımızın bunu böyük fəxr hissi ilə izlədiyini bildirdi. Görüşdə ali və peşə təhsili sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparıldı. www.president.az
10/10/2019 10:19
Təhsil naziri Almaniya Federativ Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb
Oktyabrın 9-da Təhsil naziri Ceyhun Bayramov Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri cənab Volfqanq Maniq ilə görüşüb. Görüşdə Azərbaycan və Almaniya arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.
09/10/2019 17:16
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
Hörmətli vətəndaşlar! Hər birinizi “Elm və Təhsil Nazirliyi tərəfindən vətəndaşlara göstərilən xidmətlər” barədə anket sorğusunda aktiv iştiraka dəvət edirik. ? Fikirləriniz bizim üçün çox önəmlidir. Sorğuya keçid: https://anket.edu.az/user/318 #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #Sorğu
ƏtraflıMilli iradənin zəfərini təcəssüm etdirən Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edirik. #15İyun #QurtuluşGünü #Azərbaycan
ƏtraflıSumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyində "Son zəng" #TəhsilTV #SonZəng
Ətraflı