Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaranmasının 10 illiyi çərçivəsində “Peşə Təhsili Forumu” keçirilib

18.11.2026 - 16:49


Noyabrın 18-də Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə peşə təhsilinin 10 illik yubileyinə həsr olunan “Peşə Təhsili Forumu” keçirilib.

 

Forumda Elm və Təhsil Nazirliyinin və Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbər şəxsləri və nümayəndələri, dövlət qurumlarının təmsilçiləri, Agentliyin tabeliyində fəaliyyət göstərən peşə təhsili müəssisələrinin direktorları, eləcə də peşə təhsili və təlimi sahəsində fəal əməkdaşlıq edən işəgötürən qurumların nümayəndələri iştirak ediblər.

 

Tədbirin əsas məqsədi ölkəmizdə peşə təhsili sahəsində son on ildə həyata keçirilən islahatları və əldə olunan nailiyyətləri diqqətə çatdırmaq, sahənin inkişafında iştirak edən maraqlı tərəfləri bir araya gətirmək, mövcud inkişaf tendensiyalarını və gələcək prioritetləri müzakirə etmək, eləcə də dövlət-özəl sektor tərəfdaşlığının genişləndirilməsinə töhfə vermək olub.

 

Forumun açılışında kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev və Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli çıxış ediblər.

 

Nazir müavini Zaur Əliyev çıxışında peşə təhsilinin iqtisadi sektorların inkişafı, ixtisaslı kadr təminatı və gənclərin məşğulluğu baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O, müasir texnologiyaların və süni intellektin tətbiqinin aqrar sektorda tələb olunan bilik və bacarıqları dəyişdirdiyini, bu baxımdan peşə təhsili proqramlarının sektorun real ehtiyaclarına uyğunlaşdırılmasının vacibliyini qeyd edib. Nazir müavini, həmçinin peşə təhsili ilə real sektor arasında əməkdaşlığın gücləndirilməsinin məzunların məşğulluq imkanlarını artırmaqla yanaşı, aqrar sahədə sahibkarlığın və regionların iqtisadi inkişafının təşviqinə töhfə verəcəyini bildirib.

 

Aparat rəhbəri Mətin Kərimli öz növbəsində peşə təhsilinin inkişafı üçün tədris məzmununun, pedaqoji kadr potensialının və infrastrukturun müasir tələblərə uyğunlaşdırılmasının, tədris olunan bilik və bacarıqların əmək bazarının ehtiyaclarına uyğun qurulmasının vacibliyini vurğulayıb. O, bu istiqamətdə yeni peşə təhsili müəssisələrinin tikintisi və mövcud müəssisələrin təmiri, təhsil proqramlarının yenilənməsi, müəllim heyətinin gücləndirilməsi, eləcə də dual peşə təhsilinin genişləndirilməsi istiqamətində görülən işlərdən danışıb. Aparat rəhbəri, həmçinin peşə təhsilinin yalnız iqtisadi deyil, mühüm sosial əhəmiyyət daşıdığını, gənclərin təhsildən və əmək fəaliyyətindən kənarda qalmamasının əsas hədəflərdən biri olduğunu qeyd edib.

 

Ardınca Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı “Peşə təhsili – 10 il” mövzusunda təqdimatla çıxış edərək son onillikdə peşə təhsili sistemində həyata keçirilən institusional və məzmun islahatları, infrastrukturun müasirləşdirilməsi, əmək bazarının tələblərinə uyğun kadr hazırlığı, işəgötürənlərlə əməkdaşlıq və əldə olunan nəticələr barədə məlumat verib.

 

Forum çərçivəsində iki panel müzakirəsi təşkil olunub.

 

“Regionlarda iqtisadi sektorların inkişafına dəstək: insan kapitalının inkişafı və dövlət-özəl əməkdaşlığı” mövzusunda keçirilən birinci panelin moderatoru “Seft Consulting” MMC-nin direktoru İlkin Nəzərov olub. Paneldə Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli, Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov, Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktorunun müavini İlqar Nuri və TABİA Group-un əməliyyatlar üzrə baş direktoru Eldar Əlimuradov iştirak ediblər.

 

Müzakirələr zamanı regionların iqtisadi inkişaf prioritetləri, əmək bazarının gələcək kadr tələbatının müəyyənləşdirilməsi, biznes sektorunun insan kapitalının inkişafındakı rolu, peşə təhsili müəssisələri ilə real sektor arasında əməkdaşlığın gücləndirilməsi və dövlət-özəl tərəfdaşlığının yeni imkanları ətrafında fikir mübadiləsi aparılıb.

 

Birinci panel sessiyasından sonra peşə təhsilinin inkişafına və insan kapitalının yetişdirilməsinə fəal töhfə verən tərəfdaş qurumların nümayəndələrinin təltifolunma mərasimi keçirilib. Həmçinin Agentliyin son onillikdəki fəaliyyətini və peşə təhsili sahəsində əldə olunan inkişaf nəticələrini əks etdirən videoçarx nümayiş etdirilib.

 

Forum “Dəyişən iqtisadiyyat, dəyişən bacarıqlar: Gələcəyin insan kapitalının yetişdirilməsi” mövzusunda ikinci panel sessiyası ilə davam edib. “Innoveta” MMC-nin direktoru Pərviz Yusifovun moderatorluğu ilə keçirilən paneldə elm və təhsil naziri Emin Əmrullayev, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) icraçı direktoru Şahin Babayev çıxış ediblər.

 

Panel çərçivəsində dəyişən əmək bazarının tələblərinə uyğun insan kapitalının formalaşdırılması, gələcəyin peşə və bacarıq ehtiyacları, texnoloji və iqtisadi dəyişikliklərin kadr hazırlığına təsiri, eləcə də peşə təhsili ekosisteminin gələcək inkişaf istiqamətləri və bu sahədə mövcud çağırışlar müzakirə olunub.

 

İkinci panel sessiyasının ardından Peşə Təhsili üzrə Dövlət Agentliyinin bir qrup əməkdaşı Agentliyin yaradılmasının 10 illiyi münasibətilə peşə təhsilinin inkişafına, tərəfdaşlarla əməkdaşlığın gücləndirilməsinə və fəaliyyətləri ilə sahəyə verdikləri töhfələrə görə Fəxri Fərmanla təltif olunublar.

 

“Peşə Təhsili Forumu” ölkənin iqtisadi inkişaf prioritetlərinə uyğun ixtisaslı kadr hazırlığının təşviqi, insan kapitalının inkişafı, əmək bazarının dəyişən tələblərinə uyğun peşə təhsili modelinin formalaşdırılması və dövlət-özəl sektor əməkdaşlığının genişləndirilməsi baxımından mühüm müzakirə platforması olub. Forum, eyni zamanda, peşə təhsilinin son onillikdə keçdiyi inkişaf yolunun qiymətləndirilməsi və növbəti mərhələnin prioritetlərinin müəyyənləşdirilməsi üçün əhəmiyyətli imkan yaradıb.