• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

İcma əsaslı məktəbəqədər təhsillə bağlı tədbir keçirilib

Sentyabrın 29-da  Təhsil Nazirliyinin dəstəyi ilə Təhsil İnstitutu tərəfindən həyata keçirilən “İcma əsaslı məktəbəqədər təhsil” layihəsinin Avropa İttifaqının Azərbaycan Nümayəndəliyi və UNICEF Azərbaycanın maliyyələşdirməsinin yekunlarına dair tədbir keçirilib.

 

Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, Təhsil İnstitutunun direktoru Rüfət Əzizov, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Valeh Mirzalıyev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədr müavini Fərid Osmanov, UNICEF-in Azərbaycandakı səfirinin müavini Min Yuan və digərləri iştirak ediblər.

 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

 

 Tədbirdə açılış nitqi ilə çıxış edən Təhsil İnstitutunun direktoru Rüfət Əzizov “İcma əsaslı məktəbəqədər təhsil” layihəsinin təhsil sahəsində rolu və gələcək perspektivləri haqqında danışıb. Rüfət Əzizov erkən uşaq təhsilində əsas hədəfin əlçatanlıq və uşaqların təhsilə cəlb edilməsi olduğunu vurğulayıb. Layihənin erkən təhsil pilləsində mühüm əhəmiyyət kəsb etdiyi bildirilib və qeyd olunub ki, bu layihə çərçivəsində yalnız uşaqlar deyil, onların valideynləri də təhsil prosesində iştirak edirlər. Qeyd olunub ki, erkən təhsilə cəlb olunan uşaqların ümumtəhsil pilləsində daha uğurlu olduqları əsaslı şəkildə hiss olunur.

 

Rüfət Əzizov çıxışının sonunda layihənin partnyorları olan Heydər Əliyev Fonduna, Avropa İttifaqına, UNICEF-ə, rayon təhsil şöbələrinə və rayon məktəblərinin rəhbərlərinə təşəkkür edib.

 

Daha sonra çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov əyani tədrisin bərpa olunması münasibətilə tədbir iştirakçılarına təbrikini çatdırıb. Nazir müavini qeyd edib ki, torpaqlarımızın işğal altında olduğu dövrdə təbii resurslarımıza, milli sərvətimizə, maddi-mənəvi abidələrimizə, həmçinin təhsil sahəsinə də böyük zərbə vurulub. Belə ki, 993 təhsil müəssisəsi dağıdılıb və onların arasında 259-a yaxın məktəbəqədər təhsil müəssisəsi də olub. Qeyd edilib ki, COVID-19 pandemiyası dövründə Azərbaycan təhsili sahəsində verilən operativ qərarlar və vəziyyətə uyğun yanaşmalar öz müsbət nəticələrini göstərib. Gələcəyin tələblərinə uyğun məzunların yetişdirilməsi üçün görülən işlər və istedadlı gəncləri müəyyənləşdirmək məqsədilə həyata keçirilən tədqiqatların əhəmiyyəti xüsusilə qeyd olunub. “İcma əsaslı məktəbəqədər təhsil” layihəsinin uğurlu nəticələri və fəaliyyətinin genişləndirilməsinin əhəmiyyəti haqqında danışan Firudin Qurbanov layihənin icrasında iştirak edən və layihəni dəstəkləyən bütün tərəfdaşlara öz təşəkkürünü bildirib.

 

Daha sonra “İcma əsaslı məktəbəqədər təhsil” layihəsinin rəhbəri İlahə Rəsulova layihənin icmalı, nəticələri, ötən tədris illəri ilə müqayisə, valideynlər arasında keçirilən sorğu, 3-4 yaşlı uşaqlarda inkişaf dinamikası, “İlk 5 il” mobil tətbiqi və veb portalı və layihənin sosial təsirləri barədə ətraflı məlumat verib.

 

UNICEF-in Azərbaycandakı səfirinin müavini Min Yuan çıxış edərək layihənin uşaqların təhsil sahəsindəki inkişafında mühüm əhəmiyyətini vurğulayıb. Layihənin təşkilatçılarına və partnyorlara təşəkkür edən Min Yuan bu sahədə fəaliyyətlərin gələcəkdə də dəstəklənəcəyini qeyd edib.

 

Qeyd edək ki, sözügedən layihə 2018-ci ildə Avropa İttifaqının Azərbaycan Nümayəndəliyi və UNICEF Azərbaycanın maliyyəsi ilə ölkənin 10 şəhər və rayonunda 50 ümumtəhsil məktəblərinin nəzdində fəaliyyət göstərən icma əsaslı məktəbəqədər təhsil qrupu olaraq fəaliyyətə başlayıb. Layihənin uğurlu nəticələri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə daha da genişlənib və hazırda 55 şəhər və rayonda fəaliyyət göstərən 850 icma əsaslı məktəbəqədər təhsil qrupu sayına çatıb.


2 il əvvəl