• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Post COVID-19 və 4-cü sənaye inqilabı perspektivlərində təhsilin dizaynı” mövzusunda beynəlxalq konfrans keçirilib

Sentyabrın 24-də “Post COVID-19 və 4-cü sənaye inqilabı perspektivlərində təhsilin dizaynı” mövzusunda beynəlxalq konfrans keçirilib. Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə baş tutan konfransın əsas tərəfdaşları Azərbaycan Dövlət Turizm Agentliyi, “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Futuroloqlar Cəmiyyətinin - Minillik Layihəsinin Azərbaycan Respublikasındakı bölməsi və Bakı Media Mərkəzidir.

 

Heydər Əliyev Mərkəzində keçirilən konfransda açılış nitqi ilə çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov post-COVID dövrünün pandemiyadan əvvəlki dövrdən təkcə sosial davranışların dəyişməsi ilə deyil, texnologiyaların həyatımızda əvvəlkindən daha çox rol oynaması ilə fərqlənəcəyini bildirib. Qeyd edib ki, post-COVID dövründə 4-cü sənaye inqilabı perspektivindən təhsilin necə olması məsələsi böyük aktuallıq kəsb edir.

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili çıxış edərək rəqəmsal transformasiyadan danışıb. Bildirib ki, dünyada rəqəmsal transformasiyada ən ciddi konservatizmin olduğu sahə təhsil sahəsidir. Bu səbəbdən təhsilin 4-cü sənaye inqilabı perspektivindən dizaynı vacibdir.

 

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev çıxışında qeyd edib ki, yeniliklərə açıq olmaq vacibdir. Dünyada buna yeni bilikləri öyrənmək deyirlər. Bizim yeni situasiyalara nə dərəcədə sürətlə adaptasiya olmağımız vacibdir.

 

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev qeyd edib ki, 4-cü sənaye inqilabı, rəqəmsal transformasiya yeni peşələrə ehtiyacı artırdı. Nazirin sözlərinə görə, bizim çox ciddi şəkildə rəqəmsal transformasiyanı həyata keçirə biləcək mütəxəssislərə ehtiyacımız var.

 

Daha sonra Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev çıxışında bildirib ki, istənilən sahədə təhsil hər zaman xüsusi önəmə sahib olub. Təhsil imkanlarının genişləndirilməsi və müasir çağırışlara cavab verməsi cəmiyyətin və dövlətin inkişafında mühüm rol oynayır.

 

Təhsil nazirinin müavini İdris İsayev çıxışında müzakirə olunan mövzunun çox aktual olduğunu deyib. Nazir müavini qeyd edib ki, pandemiya dövründə onlayn tədrisin aparılması həm təhsil verənlər, həm də təhsil alanların rəqəmsal bacarıqlarının artmasına səbəb oldu. Bu, postpandemiya dövründə də mövcud yanaşmanın davam etməsinə bir stimul olub. Pandemiya dövründə müşahidə olunan müsbət tendensiyalar postpandemiya dövründə də davam edəcək. Bu auditoriyada rəqəmsal bacarıqlarını fərqli şəkildə və məkanlarda əldə etmiş, fərqli tətbiqləri bacaran insanlar var. Bu bacarıqların əldə olunması, yenidən inkişaf etdirilməsi, onların ömür boyu öyrənmə zəncirinin tərkib hissəsinə çevrilməsi, eləcə də rəqəmsal iqtisadiyyatın tələbləri ilə uzlaşdırılması vacib məsələlərdən biridir.

 

İsrailin Azərbaycandakı səfiri Corc Dik konfransın mövzusunun günün çağırışlarına uyğun gəldiyini deyib. O bildirib ki, bilik və bacarıqların texnologiyaların imkanları ilə uzalşdırılması rəqabət mühitində əlavə üstünlük qazandırır.

 

Daha sonra konfrans işini panel sessiyalarda davam etdirib. Panel sessiyalarda dünyanın 20-dən çox ölkəsindən beynəlxalq ekspertlər onlayn formatda çıxış ediblər. İştirakçılar rəqəmsal transformasiyanın təhsil, aqrar sahəsi, kommunikasiya və texnologiyalara, əmək bazarına təsiri, “Sənaye 4.0 və yeni təhsil texnologiyaları”, “Bilik idarəçiliyi”, “Rəqəmsal kənd təsərrüfatı”, “İqtisadiyyatın rəqəmsallaşması”, “Süni intellekt və etika”, “Rəqəmsal dövr: İqtisadiyyat və təhsil sisteminə təsir” və “Rəqəmsal dövrdə yeni peşələr” kimi mövzularda müzakirələr aparıblar. Beynəlxalq spikerlər “Əmək bazarının yeni rəqəmsal təhsil tələbləri əsasında yenidən qurulması”, “4-cü sənaye inqilabı dövründə peşəkar mütəxəssislərin yetişdirilməsi üçün mövcud olan qlobal siniflər”, “4-cü sənaye inqilabı və “Əşyaların İnterneti” (IoT) üçün yeni bir təhsil yolu”, "Onlayn tədrisin keyfiyyətinin artırılması", “Ölkələrarası əməkdaşlıq 4-cü sənaye inqilabı üzrə təşəbbüsü dəstəkləyir" və digər mövzularda təqdimatla çıxış ediblər.

 

Qeyd edək ki, beynəlxalq konfransın məqsədi 4-cü sənaye inqilabının təsirləri və çağırışları ilə yaranacaq yeni formatlı təhsillə əlaqədar iqtisadiyyatın müxtəlif sahələrində baş verən dəyişikliklərə uyğun olaraq bilik və bacarıqların formalaşdırılması üçün zəruri tədbirlərin görülməsinin vacibliyini cəmiyyətə çatdırmaqdır.


2 il əvvəl