Buxarest Politexnik Universiteti Azərbaycanın ali təhsil müəssisələri ilə əməkdaşlıqda maraqlıdır
Azərbaycan Respublikasının təhsil nazirinin müavini Firudin Qurbanov Rumıniyanın paytaxtı Buxarestdə səfərdə olub.
Firudin Qurbanov səfər çərçivəsində Buxarest Politexnik Universiteti ilə tanış olub və bu ali məktəbin rektoru Mihnea Costoiu ilə görüşüb. Görüşdə iki ölkənin ali təhsil müəssisələri arasında əlaqələrin qurulması və inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparılıb. Həmçinin ikili diplom proqramları, birgə layihələrin və təşəbbüslərin maliyyələşdirilməsi ilə bağlı Avropanın müvafiq strukturlarına müraciət etmək imkanlarının nəzərdən keçirilməsi, qarşılıqlı təqaüdlərin tətbiqi, doktorantura səviyyəsində elmi təcrübələrin keçirilməsinin təşkili, tələbə və müəllimlərin akademik mübadiləsi və əməkdaşlığı ilə bağlı məsələlər üzrə söhbət aparılıb.
Buxarest Politexnik Universitetinin rektoru Mihnea Costoiu öz növbəsində ölkəmizin ali təhsil müəssisələri ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib.
Qeyd edək ki, Buxarest Politexnik Universiteti Rumıniyanın ən qədim, böyük və nüfuzlu universitetlərindən biridir. Bu il universitet 200 illiyini qeyd edir. Hazırda təhsil müəssisəsində modelləşdirmə prosesi davam edir. Avropa və beynəlxalq universitetlərlə sıx əməkdaşlıq edən universitet öz missiyasını təhsil, tədqiqat və innovasiyaların birləşdirilməsində görür ki, bu da bilik iqtisadiyyatına əsaslanan cəmiyyətin formalaşmasında əsas şərtlərdən biridir.
Universitetin məqsədi Cənubi-Şərqi Avropada aparıcı tədqiqat ali məktəbi olmaqdır.
“E-CORDA”nın baza məlumatlarına əsasən, Buxarest Politexnik Universiteti Avropa İttifaqı tərəfindən elmi tədqiqatları maliyyələşdirilən proqramlar üzrə Rumıniyada birinci yerdədir. Universitet elektrotexnika, kompüter və informasiya texnologiyaları, kimya mühəndisliyi, tibbi mühəndislik, robototexnika və digər müasir istiqamətlər üzrə fəaliyyət göstərir.
Hazırda universitetdə 30 minə yaxın tələbə təhsil alır. Onlardan 3 mini xarici vətəndaşlardır. Universitetdə tədris ingilis, fransız və alman dillərində aparılır. Ərazisi 50 hektar və 29 yataqxanası olan ali məktəbdə böyük idman kompleksi fəaliyyət göstərir.
6 il əvvəl
Digər xəbərlər
-
Elm və təhsil naziri Balakəndə vətəndaşları qəbul edəcək
21.11.2024 - 11:44 -
“QS Quacquarelli Symonds” Beynəlxalq Reytinq Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
20.11.2024 - 10:38 -
İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru ilə görüş keçirilib
19.11.2024 - 18:15 -
Elm və təhsil naziri “TikTok” şirkətinin nümayəndələri ilə görüşüb
19.11.2024 - 17:53 -
Emin Əmrullayev Dünya Bankının Təhsil üzrə Qlobal Direktoru ilə görüşüb
19.11.2024 - 16:30