Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov “Maarifçi” tələbə-məzun proqramının iştirakçıları ilə görüşüb.
Görüş zamanı “Maarifçi”lərin əldə etdikləri bilik və bacarıqlar, qarşılaşdıqları məsələlər, gələcək karyera perspektivləri və müasir əmək bazarının tələblərinə uyğun bacarıqların formalaşdırılması barədə fikir mübadiləsi aparılıb.
Firudin Qurbanov gəncləri yaradılan imkanlardan səmərəli istifadə etməyə, praktiki təcrübə qazanmağa və daim öz üzərlərində işləməyə çağırıb. Müasir əmək bazarında innovativ düşüncə, yaradıcı yanaşma, təşəbbüskarlıq, texnologiyalardan istifadə, ünsiyyət və komandada işləmək bacarıqlarının əhəmiyyətini vurğulayıb.
Nazir müavini “Maarifçi” proqramının mahiyyətindən danışaraq maarifçiliyin bilik və bacarıqların ötürülməsi, cəmiyyətin inkişafına töhfə verilməsi baxımından əhəmiyyətini qeyd edib. Bildirib ki, proqrama bu il rekord sayda müraciət daxil olub və seçim nəticəsində yeni iştirakçılar müəyyənləşdirilib.
Firudin Qurbanov müasir dövrdə gənclərin qarşısında yeni vəzifələrin dayandığını qeyd edərək, onların XXI əsrin tələblərinə cavab verən bilik və bacarıqlara, geniş dünyagörüşünə və müstəqil düşünmə qabiliyyətinə malik olmasının vacibliyini vurğulayıb.
Müasir dünyanın texnoloji inqilab dövrünü yaşadığını, rəqəmsallaşmanın sürətləndiyini və süni intellektin həyat və düşüncə tərzini köklü şəkildə dəyişdirdiyini bildirən nazir müavini bu texnologiyaların əmək bazarına təsirinə diqqət çəkib. Həmçinin qeyd edib ki, gənclər süni intellekt alətlərindən istifadə etməklə yanaşı, onların iş prinsiplərini də anlamalı, texnoloji dəyişikliklərə hazır olmalıdırlar.
Qərarların elmi araşdırma və təhlilə əsaslanmasının vacibliyinə də toxunan Firudin Qurbanov bu yanaşmanın daha düzgün və əsaslandırılmış qərarların qəbulunda mühüm rol oynadığını bildirib.
Görüşdə 44 günlük Vətən müharibəsi və qazanılan Zəfərin əhəmiyyətinə də toxunulub. Nazir müavini şəhidlərin və qazilərin fədakarlığının ölkəmizin inkişafı üçün yeni imkanlar yaratdığını qeyd edib. İşğaldan azad edilmiş ərazilərdə təhsil infrastrukturunun bərpası və təhsil müəssisələrinin fəaliyyətinin təmin olunması istiqamətində görülən işlər diqqətə çatdırılıb.
Sonda proqram iştirakçıları onları maraqlandıran sualları nazir müavininə ünvanlayıblar.
Qeyd edək ki, “Maarifçi” tələbə-məzun proqramı Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondunun təşəbbüsü ilə həyata keçirilir. Proqramın əsas məqsədi elm və təhsil sahəsində insan resurslarının formalaşdırılması, tələbə və məzunların praktiki fəaliyyət vasitəsilə sahəvi bilik və bacarıqlarının artırılması, müasir yanaşmaları öyrənmələri və təhsil islahatları prosesinə dəstək vermələridir.
09.10.2026 - 10:55
Digər xəbərlər
-
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
09.10.2026 - 10:55 -
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50 -
Elm və təhsil naziri Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
06.10.2026 - 19:10
