YUNESKO-nun Baş Konfransı çərçivəsində təhsil nazirlərinin görüşü olub
Noyabrın 4-də YUNESKO-nun Baş Konfransının 38-ci sessiyası çərçivəsində təhsil nazirlərinin yüksək səviyyəli görüşü olub. Görüşdə təhsilin inkişafı məsələlərinə toxunulub, növbəti il üçün bu sahədə büdcə layihəsi qəbul olunub.
Tədbirdə ölkəmizi təmsil edən təhsil naziri Mikayıl Cabbarov çıxışında “İncheon” bəyənnaməsinə toxunaraq onun təhsilin inkişafı sahəsində beynəlxalq əməkdaşlıq prosesində mühüm addım olduğunu qeyd edib. O, bildirib ki, təhsil sahəsində göstəriləcək səylərin birləşdirilməsi davamlı inkişaf üçün çox vacibdir. “Təhsil -2030 Fəaliyyət Planı”nın qəbul edilməsi də bu uğurlu birgə səylərin tətbiq ediləcəyinin göstəricisidir.
Belə addımların YUNESKO-nun səmərəliliyini bir daha aydın şəkildə nümayiş etdirdiyini bildirən M.Cabbarov yeni ruh yüksəkliyi ilə innovativ yolların axtarışının vacibliyini vurğulayıb. O, təhsilin inkişafının yoxsulluq və ekstremizmlə mübarizədə ən yaxşı vasitə, bəşəriyyətin üzləşdiyi bir çox problemlərin həlli üçün açar olduğunu diqqətə çatdırıb.
Mikayıl Cabbarov ölkəmizdə təhsil sahəsində yeni islahatların həyata keçirilməsi üçün fəal addımlar atıldığını vurğulayaraq Prezident İlham Əliyevin 2013-cü ilin oktyabrında yenidən seçildikdən sonra imzaladığı ilk sənədin “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” olduğunu bildirib. Strategiyanın Fəaliyyət Planının həyata keçirildiyini bildirən nazir ilk növbədə uşaqların səmərəli təhsil modelinə uyğun inkişafına dair proqramların reallaşması istiqamətində görülən işlərdən danışıb. Nazir çıxışında uşaqlara təkcə oxumaq, yazmaq və öyrətmək deyil, eyni zamanda inkluziv təhsilin tətbiqi məsələlərinə də toxunub.
Nazir, torpaqlarımızın Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğala məruz qalması nəticəsində yaranan çətin vəziyyətə baxmayaraq Azərbaycan hökumətinin təhsil sektoruna geniş sərmayə yatırdığını bildirərək, ölkəmizdə məktəblərin 70 faizinin əsaslı təmir olunduğunu və ya yenidən tikildiyini bildirib. O, son on il ərzində qaçqın və məcburi köçkün uşaqlarının əsas təhsil hüquqlarını təmin etmək məqsədilə yüzlərlə məktəb tikildiyini qeyd edib. Bu faktlar və rəqəmlər Azərbaycan dövlətinin əsas məqsədinin öz vətəndaşlarına ən yaxşı təhsil şəraiti yaratmaqdan ibarət olduğunun göstəricidir.
Çıxışının sonunda “Təhsilsiz uşaq itirilmiş uşaqdır, uşağı itirmək isə gələcəyi itirməkdir”,- deyən Mikayıl Cabbarov təhsilin nə dərəcədə əhəmiyyətli olduğunu bir daha diqqətə çatdırıb.
Qeyd edək ki, Mikayıl Cabbarovun çıxışı zamanı söylədiyi “Təhsilsiz uşaq itirilmiş uşaqdır, uşağı itirmək isə gələcəyi itirməkdir” fikri YUNESKO-nun “Tvitter” səhifəsində paylaşılıb.
10 il əvvəl
Digər xəbərlər
-
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar
04.06.2026 - 17:36 -
Əlavə təhsilin “Təkrar ali və orta ixtisas təhsili” istiqaməti üzrə sənəd qəbulu başlayır
04.06.2026 - 14:08 -
Nazir müavini Firudin Qurbanov Belarus Respublikasına səfəri çərçivəsində bir sıra görüşlər keçirib
04.06.2026 - 11:00 -
“Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfransın açılışı baş tutub
03.06.2026 - 15:00 -
Elm və Təhsil Nazirliyi və “Microsoft” ali təhsil müəssisələrində rəqəmsal alətlərə çıxışı genişləndirir
03.06.2026 - 12:29
