Azərbaycan Respublikası Təhsil Nazirliyi sistemindəki məktəbdənkənar müəssisə haqqında nümunəvi əsasnamə
Ümumi müddəalar
1. Məkkəbdənkənar müəssisə təhsil sisteminin tərkib hissəsi olub uşaqların, yeniyetmələrin, gənclərin mənəvi və fiziki inkişafını, onların müxtəlif yaradıcılıq tələbatını təmin etmək üçün təsis edilir. Bir və çoxprofilli məktəbdənkənar müəssisələr hərtərəfli inkişaf üçün və asudə vaxtlarını düzgün müəyyənləşdirməkdə uşaq və yeniyetmələrə şərait yaradır. Məktəbdənkənar müəssisələrin əsas vəzifəsi uşaq, yeniyetmə və gənclərin maraq, meyl və bacarıqlarının, intellektual səviyyəsi və yaradıcılıq qabiliyyətinin inkişafı üçün əlverişli şəraitin yaradılması, onların istirahətlərinin, asudə vaxtlarının, əyləncələrinin mənalı təşkilidir.
2. Məktəbdənkənar müəssisə öz fəaliyyətini Təhsil Qanununa, digər qanunvericilik və normativ aktlara, habelə bu Əsasnaməyə müvafiq həyata keçirir.
3. Bu Əsasnaməyə müvafiq olaraq hər bir məktəbdənkənar müəssisə öz nizamnaməsini hazırlayır.
Nizamnamədə məktəbdənkənar müəssisənin məqsədi və əsas vəzifələri dəyişdirilə bilməz.
Məktəbdənkənar müəssisənin fəaliyyətinin əsasları
4. Məktəbdənkənar müəssisə həmin ərazidə ictimai tələbatın olması nəzərə alınmaqla və bunun üçün kadrlar, zəruri maddi-texniki baza, maliyyə vəsaiti olduqda, Azərbaycan Respublikası yuxarı dövlət idarəetmə orqanları və Təhsil Nazirliyi ilə razılşdırılmaqla, yerli icra hakimiyyətinin qərarı ilə açılır.
5. Müəssisənin kollektivi müstəqil olaraq onun fəaliyyət proqramını hazırlayır, əmək haqqı fondu dairəsində və nümunəvi ştata müvafiq olaraq ştat cədvəlini təsdiq edə bilir.
6. Şagird və tələbələrin əsas fəaliyyəti, onların marağına görə yaradılmış dərnək, bölmə, studiya, klub, ansambl, teatr və sairə birliklərdə məşğələ, eləcə də digər fəaliyyət növləri vasitəsi ilə həyata keçirilir.
7. Hər şagird bir neçə dərnəkdə və digər birlikdə məşğul olmaq, il ərzindsə onları dəyişmək hüququna malikdir. Birliklərin sayı və yaş tərkibi metodiki şura ilə razılaşdırılaraq müdiriyyət tərəfindən təsdiq olunur. Dərnəklərin və digər birləşmələrin komplektləşdirilməsi aşağıdakı kimi aparılır:
Çətin profilli dərnəklər: avia, avto, gəmi, raket modelçiliyi, radio-tele texnika, robot texnikası, radiorabitə, qanunvericilikdə qadağan edilməyən mürəkkəb idman növləri, habelə rəsm, dekorativ-tətbiqi sənət 8-10 şagirddən, digər birliklər birinci tədris ilində ən azı 15 şagird, sonrakı tədris illərində isə ən azı 12 şagirddən təşkil edilir.
Məşğələlərin müddəti tədris yükü normasından, eləcə də müəssisənin büdcəsinin imkanlarından irəli gələrək müəyyənləşdirilir. İdman, texniki-idman, turizm, xoreoqrafiya, birliklərinə qəbul zamanı şagirdlərin sağlamlığı haqqında həkim rəyi vacibdir. Dərnəklər proqramın tələblərindən asılı olaraq bütün tədris ili boyu, eləcə də daha qısa müddət üçün təşkil oluna bilər. Dərnəklərin məşğələləri sentyabr ayının 10-a qədər əsasən qurtarır. Dərnəklərin məşğələləri sentyabrın 15-dən gec olmayaraq başlayır və bir qayda olaraq, növbəti ilin may ayının 31-də başa çatdırılır.
8. Yaşayış yerlərində əlil uşaqlarla fərdi iş aparılır və bunun üçün dərnək rəhbərinə əmək haqqı verilir. Müstəsna hallarda əlil və yaxud xüsusi istedada malik uşaqlarla məşğul olan qruplara daha az şagird cəlb olunmasına icazə verilir.
9. Birliklərin məşğələləri Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tərtib edilmiş tədris planları və proqramları üzərində qurulur.
Pedaqoji işçilər məktəbdənkənar müəssisənin müvafiq xalq təhsili orqanları ilə razılaşdırılmış, metodiki şurası tərəfindən təsdiq olunmuş müəllif proqramları hazırlaya bilərlər.
10. Məşğələlərin başlanması və qurtarması müdiriyyət tərəfindən müəyyənləşdirilir.
Birliklərin məşğələ cədvəlləri şagirdlərin əmək və istirahətlərinin ən əlverişli rejimi, onların yaş xüsusiyyətləri və müəyyənləşdirilmiş normalar nəzərə alınmaqla pedaqoji işçilərin təqdimatına əsasən müdiriyyət tərəfindən tərtib olunur.
11. Təhsil alan gənclərlə istirahət, bayram və tətil günlərində həcmi artırmaqla bütün ili müddətində iş aparılır.
12. Tətil müddətində məktəbdənkənar müəssisə şagirdlərlə kütləvi iş aparılır, onların istirahətinin və asudə vaxtlarının səmərəli təşkili üçün malik olduğu bütün imkanlardan istifadə edərək şərait yaradır.
13. Məktəbdənkənar müəssisə digər təlim-tərbiyə müəssisələrinin binalarında, müəssisələrində, uşaqların və gənclərin yaşayış yerlərində birliklər təşkil edə bilərlər. İmkan, şərait olduqda dərnəklərin və digər birliklərin yaradılmasına və şəbəkənin çoxalmasına heç bir məhdudiyyət qoyulmur.
Bu birliklərin maddi təminatı müəssisə və təşkilat tərəfindən həyata keçirilir.
14. Məktəbdənkənar müəssisə elmi-tədqiqat, yaradıcılıq təşkilatları ilə birgə iş aparır, bu məqsədlə həm özünün, həm də bu təşkilatların bazalarında şagirdlərin elmi birliklərini yaradır.
15. Məktəbdənkənar müəssisələr təşkilatlardan xalq təsərrüfatına vacib olan məmulatlar hazırlamaq üçün sifarişlər qəbul edə bilərlər. Sifarişlərin mövzusu və məzmunu birliklərin proqramında nəzərdə tutulmuş bilik və bacarıqların təkmilləşdirilməsinə imkan yaratmalıdır.
16. Məktəbdənkənar müəssisə müəyyən peşə almaq üçün birlik üzvlərinə vəsiqə-arayış verir.
17. Məktəbdənkənar müəssisə respublika, bölgə, şəhər, rayon, qəsəbə, kənd miqyaslı kütləvi tədbirlər keçirir. Şagirdlərin və onların valideynlərinin istirahəti, əyləncəsi, ünsiyyəti üçün lazımi şərait yaradır.
Kütləvi işdə məktəbdənkənar müəssisə ailə, ictimai təşkilatlar, tədris müəssisələri, digər məktəbdənkənar müəssisələr və müxtəlif təşkilatların mədəni-maarif müəssisələri ilə müştərək fəaliyyət göstərir, birliklərin forma və məzmununun təkmilləşdirilməsində, pedaqoji işçilərin ustalığının artırılmasında, təlim-tərbiyə müəssisələrində, uşaq və gənclər ictimai təşkilatlarına və hərəkatlarına kömək edir.
Məktəbdənkənar müəssisənin idarə olunması
18. Məktəbdənkənar müəssisəni idarə etmək geniş aşkarlıq şəraitində kollegiyallıq və vahid rəhbərlik prinsipləri əsasında həyata keçirilir.
19. Müəssisənin ali idarəetmə orqanı kollektivin iclasıdır.
20. İclas:
- gizli səsvermə yolu ilə məktəbdənkənar müəssisənin metodiki şurasını, onun sədrini seçir, onların səlahiyyət müddətini müəyyənləşdirir, məktəbdənkənar müəssisənin nizamnaməsini qəbul edir, onda vacib dəyişikliklər aparır;
- məktəbdənkənar müəssisənin fəaliyyətinin əsas istiqamətlərini müəyyənləşdirir;
- vacib olduqda, məktəbdənkənar müəssisə fəaliyyətinin müxtəlif sahələri üzrə daimi və yaxud müvəqqəti şuralar, komissiyalar yaradır və onların səlahiyyətlərini müəyyənləşdirir.
İclas ildə 2-4 dəfə keçirilir.
21. Məktəbdənkənar müəssisənin metodiki şurası:
- kollektivin iclasının qərarlarının yerinə yetirilməsini təşkil edir;
- kollektiv üzvlərinin təkliflərinin və tənqidi qeydlərinin həyata keçirilməsinə nəzarət edir;
- tədris planlarını, proqramları, tədris vəsaitlərini, metodiki tövsiyələri müzakirə edir;
- yaradıcılıq təşəbbüskarlığının inkişafı üzrə işi, qabaqcıl təcrübənin yayılmasını təşkil edir, pedaqoji işçilərin professional fəaliyyətinin digər məsələləri üzrə qərarlar qəbul edir.
Metodiki şuranın nəzdində işin sahələri üzrə bölmələr yaradıla bilər.
Metodiki şuranın iş qaydası və rejimi məktəbdənkənar müəssisənin nizamnaməsi ilə müəyyənləşdirilir.
Metodiki şuranın sədri pedaqoji kollektiv tərəfindən seçilir. O, dövlət və ictimai orqanlarda direktorla birlikdə məktəbdənkənar müəssisənin mənafeyini təmsil edir;
- maddi və kadr imkanları, şagirdlərin sifarişləri, maraq və tələbatı əsasında birliklərin profilini təyin edir.
- məktəbdənkənar müəssisənin iş rejimini müəyyən edir;
- pedaqoji və digər kadrların seçilib yerləşdirilməsinə köməklik göstərir;
- pedaqoji işçilərin attestasiyasında iştirak edir, onların ixtisas artırmaları haqda təklifi irəli sürür, pedaqoji işçiləri müxtəlif həvəsləndirmələrə təqdim edir, pedaqoji işçilərin yaradıcı axtarışlarını qiymətləndirir, şagirdlərin hərtərəfli inkişafı və pedaqoji işçilərin yaradıcılıq fəaliyyətləri üçün vacib olan şərait yaradır;
- pedaqoji işçilərin hesabatlarını dinləyir, onların işinin təkmilləşdirilməsinə dair iclasa təkliflər verir;
- müdiriyyətlə və ictimai təşkilatlarla sıx əlaqədə işləyir;
- bütün qərarları vaxtında kollektivin, valideynlərin və ictimaiyyətin nəzərinə çatdırır.
Şuranın öz səlahiyyəti çərçivəsində qəbul etdiyi qərarlar müdiriyyət və kollektivin bütün üzvləri üçün məcburidir.
Metodiki şuranın tərkibinə pedaqoji işçilər, yuxarı yaş dərəcəsindən olan şagirdlər, valideynlərin və ictimaiyyətin nümayəndələri daxil olur.
Cari məsələlərin həlli üçün şura kollektivi böyük olan müəssisədə öz tərkibindən büro seçə, komissiyalar yarada və onlara səlahiyyət verə bilər. Şuranın qərarları sadə səs çoxluğu ilə qəbul edilir.
Şura ildə 4 dəfədən az olmayaraq çağırılır. Şura üzvləri öz vəzifələrini ictimai əsaslarlla yerinə yetirirlər. İclas şura üzvünü vaxtından əvvəl tərkibdən çıxara bilər.
22. Məktəbdənkənar müəssisəyə direktor başçılıq edir. Təlim-tərbiyə prosesinə və cari fəaliyyətə rəhbərlik direktor tərəfindən həyata keçirilir, öz işində o, pedaqoji kollektivə və ictimai təşkilatlara istinad edir.
Təhsil Qanununa müvafiq olaraq direktor 5 (beş) il müddətində (iki müddətdən artıq olmayaraq) seçilir. Özünü doğrultmayan direktor geri çağırıla bilər.
23. İşçilər qüvvədə olan qanunvericiliyə, müəssisənin Nizamnaməsinə, təlimatlara və məktəbdənkənar müəssisə işçiləri üçün daxili intizam qaydalarına müvafiq olaraq öz xidməti vəzifələrini yerinə yetirirlər.
24. Bütün işçilər işə direktor tərəfindən təyin olunur və azad edilirlər.
25. Şagirdlərin təşəbbüsü ilə məktəbdənkənar müəssisədə uşaq və gənclər ictimai təşkilatları yaradıla bilər. Onlar öz Nizamnamələrinə müvafiq olaraq fəaliyyət göstərirlər. Müəssisənin müdiriyyəti bu təşkilatların işinə kömək göstərir və yardım edir.
Məktəbdənkənar müəssisənin maliyyə-təsərrüfat fəaliyyəti, hüquqları, maddi-texniki bazası
26. Məktəbdənkənar müəssisənin maliyyələşdirilməsinin əsas mənbəyi normativlər üzrə müəyyən edilmiş dövlət büdcəsi vəsaitidir.
27. Müəssisənin əlavə vəsait mənbələri aşağıdakılardır:
- pedaqoji işçilərin və şagirdlərin hazırladıqları məmulatların, məhsulların satılmasından əldə edilən gəlir;
- əsas məşğələlərdən sonra boş vaxtlarda binanın, avadanlığın, tikililərin icarəyə verilməsindən əldə edilən gəlir;
- dövlət, kooperativ və digər ictimai müəssisələr, eləcə də ayrı-ayrı vətəndaşlar tərəfindən verilən hədiyyə və yardımlar, digər gəlirlər.
28. Əsas fəaliyyət proqramından əlavə işlərə göstərilən işlər və xidmətlər daxildir:
Müqavilə üzrə pullu xidmət müəssisənin profilinə uyğun yerinə yetirilir. Dövlət tərəfindən maliyyələşdirilən əsas fəaliyyət əvəzinə və yaxud pulsuz xidmət səviyyəsinin azalması hesabına pullu xidmət həyata keçirilə bilməz.
Əsas məktəbdənkənar müəssisənin fəaliyyətinə, şagirdlərlə aparılan işin həcmi və keyfiyyətinə, əmək intizamına təsir edərsə pullu xidmətlər dayandırılır.
Pulsuz xidmət səviyyəsinə nəzarət müvafiq təhsil orqanları tərəfindən yerinə yetirilir.
29. Boş otaqlar, işçi yerləri, avadanlıq və s. olduqda məktəbdənkənar müəssisə aşağıdakı pullu xidmətləri yerinə yetirə bilərlər.
- turizmin, idmanın, incəsənətin, elmin müxtəlif sahələri üzrə valideynlərlə birlikdə əlavə studiyalar, bölmələr, dərnəklər təşkil etmək;
- konsertlər, tamaşalar göstərmək, sərgilər, yarışlar keçirmək;
- pedaqoji də digər işçilərin, şagirdlərin hazırladıqları məmulatların satılmasını təşkil etmək;
- təşkilatların, müəssisələrin sifarişlərini yerinə yetirmək.
Müqavilə üzrə pullu xidmətlərin yerinə yetirilməsi, məmulatların satışı, şagirdlərin əsas fəaliyyətdən sonra boş vaxtlarda binanın, tikililərin, avadanlığın kirayə verilməsi, müəyyən olunmuş qaydada və təsdiqlənmiş preyskurantda nəzərdə tutulmuş qiymətlər və tariflər üzrə aparılır.
Yuxarı təşkilatlar tərəfindən görülən işlərə (kənd təsərrüfatı məhsullarına) və pullu xidmətlərə plan tapşırıqları müəyyənləşdirilməsinə icazə verilmir.
Məktəbdənkənar müəssisə tərəfindən pullu xidmətlər göstərilərsə bu müəssisəyə ayrılan dövlət büdcəsinin məbləği azalmır, müxtəlif mənbələrdən daxil olan gəlirlər isə müəssisənin ümumi vəsaitinə daxil olur və onun vahid maliyyə vəsaiti fondunu təşkil edir.
30. Məktəbdənkənar müəssisə bank kreditindən istifadə edə bilər. Alınmış kredit pulu xidmətlər göstərilməsi nəticəsində əldə edilmiş gəlir hesabına qaytarılır.
Məktəbdənkənar müəssisə təsərrüfat fəaliyyətində yuxarı idarəedici orqan tərəfindən çatdırılan iqtisadi normativləri, limitləri əldə rəhbər tutur.
31. Əmək haqqının ödənilməsi və təşkili ilə bağlı məktəbdənkənar müəssisəyə aşağıdakı məsələləri həll etmək səlahiyyəti verilir:
- əmək haqqı fondu dairəsində mövcud nümunəvi ştat sayına müvafiq olaraq müəssisənin ştat cədvəlini təsdiq etmək;
- əmək haqqı fonduna müvafiq olaraq vəzifə məvaciblərini və təsdiq edilmiş vəzifə maaşı sxemlərinə müvafiq olaraq aylıq əmək haqlarını təyin etmək;
- yaradıcılıq nailiyyətlərinə, keçirilən tədbirlərin yüksək keyfiyyətinə, xüsusi vacib işlərin görülməsinə görə işçilərin maaşlarına əlavə təyin etmək. Bu əlavənin məbləği müəssisənin maddi imkanlarından, gəlir səviyyəsindən asılı olaraq təyin edilir;
- işin keyfiyyəti pisləşdikdə, dərnəklərdə və digər birləşmələrdə uşaqların sayı azaldıqda, tədris planları və proqramları yerinə yetirilmədikdə göstərilən əlavələr azaldılır və ya tamamilə ləğv edilir;
- əmək haqqı fondu daxilində müəssisənin əlavə gəlir hesabına gördükləri işlərin keyfiyyətindən və səmərəsindən asılı olaraq işçilərin mükafatlandırılması həcmini və qaydalarını müəyyənləşdirmək;
- pedaqoji və digər işçilərin mükafatlandırılması qaydası və şərtləri həmkarlar təşkilatları ilə razılaşdırılaraq əmək kollektivi şurası tərəfindən müəyyən edilir;
- işdə yüksək yaradıcılıq və məhsuldar əməyinə görə məktəbdənkənar müəssisənin rəhbərinin maaşına əlavənin və mükafatın miqdarı yuxarı idarəedici orqanın qərarı ilə təsdiq edilir.
Şagirdlərin əmək haqqının ödənilməsi və mükafatlandırılması üçün ayrılmış vəsait işçilərin mükafatlandırılmasına və digər xərclərə ayrıla bilməz.
32. Mühasibat və statistik hesabatların aparılması qaydası qüvvədə olan qanunvericiliyə uyğun aparılır. Mühasibat uçotu müəssisənin öz mühasibatlığı və ya mərkəzləşdirilmiş mühasibatlıq tərəfindən aparıla bilər.
33. Məktəbdənkənar müəssisələrin işçilərinə nəzarətdeici inspektor funksiyası həvalə edilə bilməz.
34. Müəssisənin kargüzarlığı Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi nümunəvi təlimata uyğun aparılır.
35. Məktəbdənkənar müəssisənin maddi-texniki bazası özünün balansında olan binalar, torpaq sahəsi idman və hamar səthli tikililər, düşərgələr, turist bazaları, nəqliyyat və üzgüçülük vasitələri, qoşqu nəqliyyatı, maşınlar və avadanlıqlar və digər əmlakdan ibarətdir.
Hüquqi status
36. Məktəbdənkənar müəssisə hüquqi şəxs hüququna malikdir, möhürü, xüsusi əmlakı, bankda hesabı, adı yazılmış lövhəsi olmalıdır.
37. Qarşıya qoyulmuş məqsəd və vəzifələrin yerinı yetirilməsi, şagirdlərin həyat və sağlamlığının qorunması üçün məktəbdənkənar müəssisə məsuliyyət daşıyır.
38. İşçilər, şagirdlər və onların valideynləri (onları əvəz edən şəxslər) məktəbdənkənar müəssisənin binasının, tikililərin, avadanlıq və inventarların dağıdılması, yararsız hala sallınması üçün müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
Beynəlxalq əlaqələr
39. Məktəbdənkənar müəssisə Azərbaycan Respublikası Təhsil Nazirliyinin, digər nazirliklərin, idarələrin, ictimai təşkilatların, yaradıcılıq ittifaqlarının, yerli idarəetmə orqanlarının və başqa təşkilatların xətti ilə beynəlxalq fəaliyyətdə iştirak etmək hüququna malikdir.
40. Xarici əlaqələr və beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikası qanunvericiliyi əsasənda həyata keçirilir.
41. Məktəbdənkənar müəssisə xarici ölkələrin müvafiq tərbiyə müəssisələri və təşkilatları ilə birbaşa müqavilələr bağlamaq hüququna malikdir.
Təcrübə mübadiləsi aparmaq, müxtəlif müsabiqələrdə, baxışlarda, yarışlarda, olimpiadalarda və digər tədbirlərdə iştirak etmək üçün xaricə göndəriləcək şagirdlərin və işçilərin seçlilməsini həyata keçirir, onların hazırlığına, sənədlərin rəsmiləşdirilməsinə cavabdehdir.
Müvafiq şəraiti olduqda Azərbaycan Respublikası Təhsil Nazirliyinin, eləcə də digər təşkilatların xətti ilə məktəbdənkənar müəssisə xarici nümayəndələr qəbul edir.
42. Beynəlxalq əlaqələrin olmasından istifadə edərək şagirdlər və pedaqoji işçilərlə təcrübə mübadiləsi aparmaq, birgə tədbirlər (bayramlar, baxışlar, sərgilər) keçirmək haqqında müqavilə bağlamaq, eləcə də qüvvədə olan qanunvericiliyə müvafiq olaraq beynəlxalq təşkilatlara daxil olmaq hüququna malikdir.
43. Müəyyən edilmiş qaydada xarici iqtisadi fəaliyyət hüququ ala bilər, öz adından xarici kontingentlərlə, digər hüquqi və fiziki şəxslərlə müqavilələr bağlaya bilər. Məktəbdənkənar müəssisəyə xarici kontingentlərlə haqq-hesab üçün müəyyən olnumuş qaydada valyuta hesabı açıla bilər.