Fəaliyyət Planının təsdiqi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
Qloballaşma prosesinin təsiri ilə mədəniyyətlərə və əxlaqi-mənəvi dəyərlərə fərqli münasibətlərin yarandığı indiki vaxtda uşaq və gənclərin sağlam düşüncəli, məntiqi təfəkkürlü, ideyaca yetkin, milli kökümüzə, xalqımızın mənəvi dəyərlərinə, adət-ənənələrinə sadiq vətənpərvər ruhda tərbiyə edilməsi müasir dövrdə ümumtəhsil məktəblərinin ən ümdə vəzifələrindən hesab edilir.
Bütün bunları nəzərə alaraq, böyüməkdə olan gənc nəslin nümayəndələrinin mütərəqqi dünyagörüşə malik şəxsiyyətlər kimi formalaşdırılması istiqamətində aparılan işləri daha da gücləndirmək məqsədi ilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. “Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Təhsil Nazirliyinin Fəaliyyət Planı təsdiq edilsin (əlavə olunur).
2. Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, Gəncə Şəhər Təhsil İdarəsinə, rayon (şəhər) təhsil şöbələrinə tapşırılsın ki:
2.1. 2019-cu ilin ilk Şura iclasında və məktəb Pedaqoji Şuralarında həmin əmrin mahiyyəti və müəyyən edilmiş tədbirlərin icra istiqamətləri barədə məktəb rəhbərlərinə və pedaqoji kollektivlərə ətraflı məlumat verilməsini təşkil etsinlər.
2.2. Nazirliyin Fəaliyyət Planında qeyd olunmuş hədəflər əsasında təhsil şöbələri (idarələri) və ümumtəhsil məktəblərinin aylar üzrə konkret tədbirlərini əhatə edən genişləndirilmiş birgə İş Planı hazırlasınlar, tədbirlərin ardıcıl və sistemli surətdə yerinə yetirilməsi üçün zəruri olan təşkilati-pedaqoji işləri vaxtında həyata keçirsinlər.
2.3. Şura iclaslarında nəzərdə tutulan tədbirlərin icrasının gedişi vəziyyəti barədə seçmə yolla məktəb rəhbərlərinin hesabatını dinləyib müvafiq qərarlar qəbul etsinlər.
2.4. Əmrin icrası ilə bağlı görülmüş işlər haqqında 2019-cu ilin may və noyabr aylarında Nazirliyə arayış təqdim etsinlər.
3. Ümumi və məktəbəqədər təhsil şöbəsi (A.Əhmədov), Təhsilin inkişafı proq-ramları şöbəsi (E.Əmrullayev), Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsi (V.Məmmədov) Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsində yerli təhsili idarəetmə orqanlarına metodik köməklik göstərsinlər.
4. İnformasiya şöbəsi (E.Məmmədov) əmrin əlavəsi ilə birlikdə Nazirliyin internet saytında yerləşdirilməsini və yerlərə göndərilməsini təmin etsin.
5. Əmrin icrasına nəzarət nazir müavini Məhəbbət Vəliyevaya həvalə olunsun.
Ceyhun BAYRAMOV,
Azərbaycan Respublikasının təhsil naziri
15 yanvar 2019-cu il
F-18