• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Ali məktəb tələbələri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş bədii yaradıcılıq festivalının keçirilməsi barədə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi qərarı

Azərbaycan Respublikası
Təhsil Nazirliyi

Azərbaycan Təhsil İşçiləri
Azad Həmkarlar İttifaqı

Respublika Komitəsi

QƏRAR

Bakı şəhəri  
   
10 mart 2016-cı il    26 fevral 2016-cı il
№ 138

№ 27/11

 

 

Xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasında, onun dövlətçiliyin ayrılmaz tərkib hissəsinə və dövlət siyasətinin aparıcı qoluna çevrilməsində, eyni zamanda yabançı təsirlərdən xilas olmasında, saflaşmasında ümummilli liderimiz Heydər Əliyevin çox böyük və əvəzsiz xidmətləri olmuşdur. 2016-cı ilin mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü tamam olur. Ulu öndərin anadan olmasının 93-cü ildönümü münasibətilə və onun xatirəsinə ehtiram əlaməti olaraq ali məktəb tələbələrini milli vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, eyni zamanda incəsənət sahəsindəki istedadlarını üzə çıxarmaq və inkişaf etdirmək məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Rəyasət Heyəti

 

QƏRARA ALIR:

 

1. Ali məktəb tələbələri arasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş bədii yaradıcılıq festivalı 2 mərhələ üzrə 2016-cı ilin mart-aprel aylarında keçirilsin.

2. Ali məktəb tələbələrinin bədii yaradıcılıq festivalı Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə tədbiri sayılsın.

3. Festival qaliblərinin yekun konserti 2016-cı ilin may ayının birinci ongünlüyündə keçirilsin.

4. Bədii yaradıcılıq festivalının Əsasnaməsi (əlavə 1), Təşkilat Komitəsinin tərkibi (əlavə 2) və Münsiflər heyəti üzvlərinin (əlavə 3) siyahısı təsdiq edilsin.

5. Respublika Təşkilat Komitəsi, ali təhsil müəssisələrinin rəhbərləri, tələbə həmkarlar ittifaqı komitələrinin sədrləri:

- festivalın yüksək səviyyədə keçməsi üçün tələbələrə lazımi şəraitin yaradılmasını;

- bu qərarla təsdiq edilmiş Əsasnamənin şərtlərinə uyğun olaraq festivalın keçirilməsini;

- hər bir ali məktəb yekun konsertini televiziya kanallarında işıqlandırılmasını təmin etsin.

6. Bədii yaradıcılıq festivalının keçirilməsi ilə bağlı tərəflər öz üzərinə aşağıdakıları götürür:

6.1.Azərbaycan Respublikasının Təhsil Nazirliyi:

- Festival qaliblərinin yekun konsertinin keçirilməsi üçün Azərbaycan Dövlət Musiqili Teatrının  icarəyə götürülməsini;

6.2.Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi:

- Festivalda 1-ci, 2-ci və 3-cü yerlərə layiq görülənlərə hədiyyələrin alınmasını;

- Diplomların, dəvətnamələrin hazırlanmasını;

- Münsiflər heyətinin sədrinə 500 manat, üzvlərinə 300 manat, yekun konsertin quruluşçu-rejissoruna - 300 manat məbləğində pul mükafatının ayrılmasını.

7. Tərəflər festivalın keçirilməsi və qaliblərin mükafatlandırılması ilə bağlı xərclər smetasını hazırlayıb 15 gün müddətində təsdiq etsinlər.

8. Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsi (V.Məmmədov) və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Mədəni-kütləvi və idman işləri şöbəsi (R.Nəzirov) bu qərardan irəli gələn vəzifələrin yerinə yetirilməsini təmin etsinlər.

9. Təhsil Nazirliyinin və Respublika Komitəsinin müvafiq şöbələri qərar və əlavələrin «Azərbaycan müəllimi» qəzetində dərc olunmasını və internet səhifələrində yerləşdirilməsini təmin etsinlər.

10. Qərarın icrasına nəzarət nazir müavini F.Qurbanova və sədr müavini M.Cəfərzadəyə həvalə olunsun.

 

Azərbaycan Respublikası təhsil naziri

Azərbaycan Təhsil İşçiləri
Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri

Mikayıl Cabbarov Səttar Mehbalıyev

Əlavə:

 

1. Ali məktəb tələbələri arasında keçiriləcək bədii yaradıcılıq festivalının Əsasnaməsi

2. Ali məktəb tələbələrinin bədii yaradıcılıq festivalının  Təşkilat Komitəsi

3. Ali məktəb tələbələrinin bədii yaradıcılıq  festivalının keçirilməsi üzrə Münsiflər heyəti