“Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Təhsil nazirinin əmri
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli 156 nömrəli Qərarının icrasını təmin etmək məqsədilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.30-cu, 8.39-cu və 13.5-ci bəndlərini rəhbər tutaraq
əmr edİrəm:
Təhsil Nazirliyinin 08 may 2018-ci il tarixli F-346 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 1.1-ci bəndə “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi barədə 03.06.2010-cu il tarixli, 10 nömrəli” sözlərindən sonra “Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası”nın təsdiq edilməsi barədə 30.04.2020-ci il tarixli 156 nömrəli” sözləri əlavə edilsin.
2. 1.3-cü bənd aşağıdakı redaksiyada verilsin:
“1.3. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun 36-1-ci maddəsinə əsasən pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilmiş şəxslər müəllimlərin işə qəbulu müsabiqəsinə buraxılmırlar.”.
3. 4.2-ci bəndə aşağıdakı məzmunda cümlə əlavə edilsin:
“Pedaqoji təhsilə malik olmayan ali təhsilli mütəxəssislərin müəllimlərin işə qəbulu müsabiqəsində iştirakına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası” ilə müəyyən edilmiş qaydada yol verilir”.
4. İnformasiya şöbəsi (E.Məmmədov) bu əmrin və qaydaların yeni redaksiyasını yerli təhsili idarəetmə orqanlarına göndərilməsini və Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.
5. Əmrin icrasına nəzarət nazir müavini M.Vəliyevaya həvalə olunsun.
Əsas: Nazir müavini M.Vəliyevanın xidməti məlumatı.
Ceyhun BAYRAMOV,
Azərbaycan Respublikasının Təhsil naziri
19 iyun 2020-ci il
F-317