15.12.2017

“Milli Kurikulum Çərçivəsi: tədqiqatlar və perspektivlər”

Dekabrın 15-də “Milli Kurikulum Çərçivəsi: tədqiqatlar və perspektivlər” mövzusunda hesabat tədbiri keçirilib.

UNİCEF-in maliyyə dəstəyi ilə Təhsil İnstitutunun hazırladığı Milli Kurikulum Çərçivəsinə dair keçirilən tədbirin məqsədi bu sahədə aparılan tədqiqatları və gələcək perspektivləri müzakirə etmək olub. 

Tədbirdə təhsil nazirinin müşaviri Həsən Həsənli, Təhsil İnstitutunun direktoru vəzifəsini icra edən Emin Əmrullayev, UNİCEF -in, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri, təhsil ekspertləri, müxtəlif fənlər üzrə ekspertlər və məktəb direktorları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Emin Əmrullayev cari ildə təhsil sahəsində əldə edilmiş nailiyyətlərdən,  UNİCEF-lə səmərəli əməkdaşlıqdan danışıb və bu əməkdaşlığa görə təşkilatın Azərbaycandakı nümayəndəliyinə təşəkkürünü bildirib. 

UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbərinin müavini Min Yuan “Alternativ tədris proqramlarının təbliği”  layihəsinin uğurla həyata keçirilməsini diqqətə çatdıraraq bu cür təşəbbüslərə dəstək verməkdən məmnun olduqlarını bildirib.

Təhsil İnstitutunun direktor müavini Ənvər Abbasov,  təhsil eksperti Zülfiyyə Veysova və Milli Təhsil Texnologiyaları Mərkəzi İctimai Birliyinin sədri Şamil Suleymanlı Milli Kurikulum Çərçivəsinə dair təqdimatlarla çıxış ediblər.

Tədbirdə layihəyə əsasən görülən işlərlə bağlı müzakirələr aparılıb, təkliflər səsləndirilib.

Milli Kurikulum Çərçivəsinin ilkin versiyası UNİCEF-in maliyyələşdirdiyi “Alternativ tədris proqramlarının təbliği” layihəsinə əsasən hazırlanıb. UNİCEF Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə imzalanmış “2016-2017-ci illərə dair Dövri Fəaliyyət Planı”nına uyğun olaraq Təhsil İnstitutuna beynəlxalq təcrübənin yerli mühitə uyğunlaşdırılması, onun əsasında alternativ və variativ kurikulumlarının hazırlanması işlərində maliyyə dəstəyi göstərib.  Layihə çərçivəsində təmayüllər üzrə təhsil alan 10-cu siniflər üçün 7 istiqamət üzrə tədris proqramları tərtib edilərək çap olunub. Xarici ölkələrin Milli Kurikulum çərçivələri araşdırılıb və Azərbaycan Respublikası Milli Kurikulum Çərçivəsi üçün təlimat hazırlanıb. Milli Kurikulum Çərçivəsi 10-dan çox xarici ölkənin kurikulum çərçivəsi ilə müqayisə edilib.


Açar sözlər: