23.01.2017

Fənn olimpiadalarının birinci mərhələsinin nəticələri məlum olub

Təhsil Nazirliyi tərəfindən ölkənin bütün şəhər və rayonlarında keçirilən Respublika fənn olimpiadalarının birinci–rayon (şəhər) mərhələsinin nəticələri məlum olub. Fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turunda 6044 nəfərə yaxın şagird iştirak edəcək.

Şagirdlər öz nəticələri barədə məlumatı yanvarın 24-dən etibarən aidiyyəti təhsil şöbələrindən (idarələrindən) ala bilərlər.

Olimpiadanın növbəti mərhələsinin mart ayının ikinci ongünlüyündə keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, yanvarın 15-də ölkənin bütün şəhər və rayonlarında Respublika fənn olimpiadalarının birinci–rayon (şəhər) mərhələsi keçirilib. Bilik yarışında 30000 nəfərə yaxın şagird iştirak edib.

Respublika fənn olimpiadaları riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix, coğrafiya, Azərbaycan dili və ədəbiyyat fənləri üzrə IX, X və XI sinif şagirdləri arasında keçirilib. 

Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi,  şagirdlərdə fənlərə olan marağın artırılması, onların bilik və bacarıqlarını nümayiş etdirmələrinə yardım etməkdir.