18.04.2016

Futzal üzrə Respublika birinciliyinə start verilib

Aprelin 18-də Bakı İdman Sarayında ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında futzal üzrə Respublika birinciliyinin açılış mərasimi keçirilib.

Mərasimdən  öncə komandalar arenaya dəvət olunub və Dövlət Himni səsləndirilib.

Tədbirdə təhsil nazirinin müavinləri, AFFA prezidenti Rövnəq  Abdullayev, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, Gənclər və İdman Nazirliyinin, Futzal Futbol Federasiyasının nümayəndələri, ali təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.

Mərasimdə çıxış edən təhsil nazirinin müavini F.Qurbanov bildirib ki, ilk dəfə təşkil edilən yarışın məqsədi ali və orta ixtisas təhsili məktəblərinin tələbələri arasında futbolun kütləviliyini artırmaq, gənclərin asudə vaxtını səmərəli təşkil etməkdən ibarətdir. Təhsil Nazirliyinin idmanın inkişafı istiqamətində həyata keçirdiyi tədbirlər haqqında məlumat verən nazir müavini ümumi təhsil, ilk peşə-ixtisas, orta ixtisas və ali təhsil müəssisələrinin şagird və tələbələri arasında mütəmadi olaraq yarış, turnir və çempionatların təşkil olunduğunu söyləyib.

Nazir müavini bildirib ki, Azərbaycan “I Avropa Oyunları” ilə dünyanın diqqət mərkəzinə çevrilib, iyun ayında isə "Formula-1” Avropa Qran-Prisi ilə yenidən idman tarixində mühüm hadisəyə imza atacaq.

Sonra ilk dəfə dünya çempionatına vəsiqə qazanan futzal üzrə milli komandanın üzvü Rizvan Fərzəliyevə hədiyyə təqdim olunub.

Tədbirin rəsmi hissəsindən sonra komandalar meydana çıxıb. Açılış oyununda topa ilk toxunan futbol üzrə milli komandanın və "Qarabağ" klubunun üzvü Rəşad Sadıqov və futzal üzrə milli komandanın üzvü Rizvan Fərzəliyev olub.

İlk oyun Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandaları arasında keçirilib.

Qeyd edək ki, Respublika birinciliyində 40-a yaxın komandanın iştirakı nəzərdə tutulur.

Respublika birinciliyi AFFA, Azərbaycan Tələbə Futbol Federasiyasının təşkilatçılığı, Təhsil, Gənclər və İdman nazirlikləri, Futzal Futbol Federasiyasının dəstəyi ilə keçirilir.

 


Açar sözlər: ,