14.12.2015

Məktəb icmaları layihəsi çərçivəsində müsabiqə elan olunub

Məktəb icmalarının yaradılması üzrə pilot layihə çərçivəsində “Sinif icmalarının plan müsabiqəsi” elan edilib. Community.az saytı vasitəsilə keçirilən müsabiqədə sinif icmaları 5 nominasiyadan bir və ya bir neçəsini seçə bilərlər. “Sinif icmasının ən yaxşı planı” nominasiyasında təlimləndirici tədbirlər, bayramlar, peşəyönümlü tədbirlərin uyğunluğu, ailə üzvlərinin birgə işləri, “Xərcsiz sevinc” nominasiyasında isə maraqlı və əhəmiyyətli tədbirlərin təşkili ilə yanaşı, maliyyə vəsaitlərinin qənaətlə xərclənməsi bacarığı qiymətləndiriləcək.

“Ən orijinal fikir” nominasiyası üzrə orijinal tədbirlər planı, “Sərhədsiz xeyirxahlıq” nominasiyası üzrə yardım məqsədi daşıyan yaradıcı işlər müsabiqəyə təqdim oluna bilər. “Ən fəallar” nominasiyasında isə sinif icmasının planına dair ilin əvvəlindən keçirilən bütün tədbirlər qiymətləndiriləcək.

Müsabiqədə iştirak etmək üçün sinif icmasının ən az 20 iştirakçısı (şagirdlər, valideynlər, müəllimlər) www.community.az portalında qeydiyyatdan keçməlidir. Qeyd olunan nominasiyalar üzrə işlər www.community.az saytında 18 dekabr 2015-ci il tarixinə kimi qəbul ediləcək. Hər bir nominasiya üzrə qaliblər Fəxri fərman və müsabiqənin tərəfdaş şirkətləri (“Access Bank” ASC, “Sağlam Ailə” MMC, “Standard Insurance” ASC, “Baker Tilly Azərbaycan” MMC, “AZZA” şirniyyat evi, "Khazar Ventures" MMC) tərəfindən müxtəlif dəyərli hədiyyələrlə mükafatlandırılacaq.

                Qeyd edək ki, Dünya Bankının maliyyə və “Allianz Consult” şirkətinin təşkilati dəstəyi ilə Təhsil Nazirliyinin həyata keçirdiyi pilot layihə çərçivəsində 2015-ci ilin sentyabrından ölkənin 54 ümumi təhsil müəssisəsində məktəb icmaları yaradılıb.  

Müsabiqə haqqında daha ətraflı məlumatı www.community.az saytından əldə etmək mümkündür.