• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Avqustun 1-də Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov ANS televiziyasına müsahibə verib.

Bir saat 40 dəqiqə çəkən müsahibənin kiçik bir hissəsi növbəti gün ANS televiziyasının “Xəbərçi” proqramında efirə verilib. Müsahibədə açıqlanan məqamlar geniş maraq doğurduğundan Təhsil Nazirliyinə müsahibənin tam mətninin açıqlanması ilə bağlı media mənsublarından müraciətlər daxil olub. Bunu nəzərə alaraq təhsil naziri Mikayıl Cabbarovun ANS televiziyasına müsahibəsinin tam mətnini təqdim edirik. 
 Təhsil Nazirliyi ANS teleradio şirkətinə maraqlı müsahibəyə görə öz təşəkkürünü bildirir. 
 Qeyd edək ki, müsahibə ANS televiziyasında tam olaraq sentyabrın 14-də yaymlanacaqdır.  
 
Təhsil Nazirliyinin mətbuat xidməti 
 
* * * 
 
Mirşahin: Mikayıl müəllim, nazir təyin olunduğunuz vaxtdan 2 ildən bir az artıq vaxt keçir. Nə demək olar? İslahatlara başlamısınız, demək olar ki hansısa mərhələ arxadadır, haranı bitmiş, haranı bitməmiş hesab eləmək olar?
 M.Cabbarov: Həqiqətən 2 ildən bir qədər artıq vaxt keçibdir. Bunu hesabat dövrü adlandırmaq mümkün olarsa, bu dövr ərzində baş verən ən böyük hadisə Azərbaycan təhsil sisteminin cəmiyyətimizin və dövlətimizin digər sahələrlə bağlantısını əks etdirən, onun dərin təhlilini həyata keçirən, qarşımızda duran vəzifələri aydın şəkildə müəyyən edən və həmin vəzifələrin həyata keçirilməsi üçün istər təhsil işçiləri tərəfindən, istər cəmiyyətin digər təbəqələri tərəfindən “hansı işlər görülməlidir” kimi mövzuları əhatə edən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə dövlət strategiyası”nın dövlət başçımız tərəfindən qəbul edilməsi olub. Çox rəmzi hal ondan ibarətdir ki, bu, cənab prezidentin yenidən dövlət başçısı vəzifəsinə seçiləndən sonra imzaladığı dövlət strategiyası sahəsində ilk sənəd olubdur və bununla da təhsil sahəsində islahatların prioritetliyi müəyyənləşibdir. Bu ilin yanvarında isə Strategiyanın həyata keçirilməsi üçün Fəaliyyət Planı imzalanıbdır. Qarşımızda duran işlər çoxdur, mən düşünürəm ki, islahatların başa çatdırılmasından danışmaq çox tezdir. İslahatlar yenicə başlayıbdır, buna baxmayaraq qısa müddət ərzində bir sıra konkret addımlar atılıbdır. İlkin mərhələdə olan bu proses davam etdiriləcək.
Biz nəyə nail olmuşuq və nəyin üzərində gələcək işlərimizi qurmaq niyyətindəyik? Hesab edirəm ki, ilk növbədə təhsil sisteminə olan, müəyyən mənada skeptisizm və inamsızlıq aradan qaldırılıbdır. Təhsil sahəsində həyata keçirilən bir sıra işlərin nəticələrini biz artıq görürük, digər işlərin nəticələrini biz gələcəkdə görəcəyik. Təhsildə abu-hava dəyişib, ilk növbədə kadr seçimi və kadrların təhsil sistemi daxilində uğurlu vəzifəyə nail olması üçün hansı meyarlara malik olmasının vacibliyi kimi meyarlar aydın şəkildə müəyyənləşdirilib, seçimdə yalnız peşəkar nailiyyətlərə, akademik göstəricilərə, konkret təhsil nəticələrinin yaxşılaşdırılmasına əsaslanan meyarların tətbiqi mümkün olub. Bunun bir nümunəsi olaraq biz Azərbaycan Respublikasında müəllimlərin işə qəbulu prosesini göstərə bilərik – bu, tam şəffaf şəkildə keçirilən bir prosesdir. Bu proses başa çatıb, 20 mindən çox ərizəçi respublikamızın məktəblərində 3 mindən çox vakant yerlərə iddiaçı idilər və imtahan nəticəsində 2200-ə yaxın vakant yer tutulub. 2200-ə yaxın müəllim tam şəffaf və peşəkar imtahan nəticəsində iş yeri əldə edib [qeyd: müsahibə avqustun 1-də alınan vaxt müəllimlərin işə qəbul müsabiqəsinin birinci - test mərhələsinin nəticələrinə görə vakant yer tutmağa namizədlərin sayı 2200 nəfər idi, müsabiqənin ikinci mərhələsi avqustun 4-də tam yekunlaşmış və 1892 nəfərin işə qəbul olunmasına razılıq verilmişdir].
Cənab Prezidentin sərəncamına uyğun olaraq Azərbaycan Respublikasında müəllimlərin əmək haqqının qaldırılması ilə bağlı islahatı da xatırlatmaq istəyirəm. Bunu yalnız hazırda fəaliyyət göstərən müəllimlərin firavanlığının artırılmasına deyil, həm də müəllim peşəsinin imicinin yüksəlməsinə və onun cəmiyyətdə seçilən peşə edilməsinə yönəlmiş bir addım kimi dəyərləndirmək lazımdır. Profilləşmiş məktəblərin, ixtisaslaşmış məktəblər şəbəkəsinin yaradılması və genişləndirilməsi, peşə təhsilində yeni layihələr, ali təhsildə SABAH qruplarının yaradılması, ali təhsil müəssisələrində həyata keçirilən bəzi kadr islahatları və s. də əhəmiyyətli işlərdəndir. Ənənəvi təhsil sisteminin yığılıb qalan problemləri fonunda müasir çağırışlara cavab verə bilən vətəndaş, kadr hazırlaya bilən təhsil sisteminin qurulması prosesi davam etdirilir və bu işin orta müddətdə, yəni 3-5 il ərzində davam edəcəyi gözləniləndir. 
 
Mirşahin: Mikayıl müəllim, nazir təyin olunandan hansı sahədə daha çox problemlərlə üzləşdiniz? Haranı təmizləmək daha çox vaxt apardı və ya haradan daha tez çıxdınız, harada daha çox ilişdiniz? İslahatlar axı asan olmur.
M.Cabbarov: Təhsilin dəyərinin qaldırılması mövzusu, cəmiyyətdə təhsilə verilən dəyər, cəmiyyətimiz tərəfindən təhsilin dəyərinin uğurla olan bağlantılarının aydın şəkildə qəbul olunması və təhsil sistemi tərəfindən onun düzgün şəkildə təqdim edilməsi bizim başlıca vəzifələrimizdən biridir. Mən deməzdim ki, hansısa bir konkret sahədə işləri başa çatdırmaq daha asan və tez mümkün olubdur. Çox ağrılı islahatlara artıq başlanılıbdır. Onların bəziləri kifayət qədər irəliləyibdir. Bunun bir misalı kimi ali təhsildə keyfiyyət və kəmiyyət göstəricilərinin tarazlaşmasını göstərə bilərik. Siz bilirsiniz ki, son 20 il ərzində Azərbaycanda ali təhsilə qəbul olunan məzunların sayı 2 dəfədən çox artıbdır. Nəzərə alın ki, 20 il öncə ilə müqayisədə məzunların ümumi sayı azalıb. Bu demoqrafik səbəblərlə izah edilir. Buna baxmayaraq, biz ali təhsil müəssisələrimizə daha çox tələbə qəbul edirik. Sadə dillə desək, əgər ötən əsrin 90-cı illərinin əvvəllərində məktəbi bitirən hər 100 məzundan 15-16-nı, yəni 15-16 faizini ali təhsilə qəbul edirdiksə, 2014-cü ildə bu göstərici 37%-ə yaxınlaşıb. Yəni cəmiyyət olaraq biz ali təhsil müəssisələrində tələbələrimizin sayını artırmışıq. Hazırda ali təhsil sistemində 160 min tələbə təhsil alır. Lakin sual yaranır ki, bütün bunlar tələbələrin akademik keyfiyyətinə və ali təhsil müəssisəsində həmin tələbənin hazırlıq prosesinə müsbət təsir göstəribmi? Biz illər ərzində ali təhsil səviyyəsinə qəbul olunmaq üçün abituriyentlərə qoyulan tələblərin getdikcə aşağı salınmasının şahidi olmuşuq. Bu da, o cümlədən, onunla bağlıdır ki, ali təhsil müəssisələrinin, oradakı kafedraların fəaliyyətlərinin mövcudluğu üçün tələbələrin minimum sayı zəruridir.
Bu ildən başlayaraq biz çox mühüm qərar qəbul etmişik. Ali təhsil səviyyəsində qəbulda elan olunmuş minimal keçid balı aşağı salınmayıb. Bu il keçid balı 200 elan olunub və bal qorunub saxlanılır. Səhv etmirəmsə, yalnız kənd təsərrüfatı ixtisası istisnadır. Çünki onun üçün hökumətin ayrıca qərarı var. Minimal balın saxlanması bəzilərinə texniki qərar kimi görünə bilər. Əslində bu, ali təhsil sahəsində çox ciddi islahat yönümlü bir qərardır. Qərarın balaca bir tarixçəsi də var. Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın iclasında Təhsil Nazirliyinin ali təhsildə keyfiyyətin qaldırılması ilə bağlı bu təklifi müzakirə olunarkən  sual olundu ki, biz ali təhsildə keyfiyyətə fikir vermək istəyirik, yoxsa kəmiyyətə. Bizim cavabımız odur ki keyfiyyətə, çünki bugünki minimal biliyə, akademik göstəriciyə malik olmayan şəxsi 1-ci kursa qəbul etməklə, bizim 4 ildən sonra əmək bazarı üçün peşəkar mütəxəssis buraxmaq şansımız kifayət qədər azdır. Ona görə də keyfiyyətə üstünlük verməliyik. Çox faydalı müzakirələr oldu. Təhsil Nazirliyinin bu təklifi Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, TQDK rəhbərlikləri tərəfindən də dəstəkləndi, ümumi qərar ondan ibarət oldu ki, bu il və gələcək illərdə elan olunmuş ballar, yəni səviyyə saxlanılacaqdır. Bu il ola bilsin ki, biz ötən illərlə müqayisədə 3-5 % daha az tələbə qəbul edəcəyik. Lakin biz əmin olacağıq, ki qəbul etdiyimiz hər bir tələbənin keyfiyyəti minimum standartlara cavab verir və onların gələcəkdə yüksək ixtisaslı kadr kimi yetişməsi üçün biz daha əlverişli zəmin yaradırıq. Yəni bu məsələdə detalları açıqlamaqda mənim məqsədim təhsil sahəsində qəbul olunan bir sıra qərarların öz nəticəsini bu gün vermədiyini izah etməkdir, nəzərə alın ki, mənim misalımda bu il qəbul olunan gənclər əmək bazarına 4 il sonra çıxacaqlar. O toxumlar bu gün əkilməlidir, düzgün qərarlar bu gün qəbul olunmalıdır ki, biz onların bəhrəsini orta müddətdə görə bilək. 
 
Mirşahin: Mənim ağlıma bir fikir gəlir. Bəlkə heç bu lazım da deyil. Tutaq ki, 5 il müddətinə ali təhsilə qəbul olmasın. Əlimizdə olan adamları əvvəl yerləşdirək. Baxaq görək harada boşluqlarımız var və bundan sonra lazım biləriksə 5 il, 7 il, 10 il sonra yenidən qəbulu bərpa eləyək. Bilirsiniz bunu nəyə görə deyirəm? Ona görə ki, məsələn, mənim əlimdə informasiya var. Biz araşdırmışıq, bu gün Azərbaycanda tutaq ki, 1800 həkim çatışmır. Amma, Tibb Universiteti ildə 1200-ə yaxın belə deyək ki, ixtisaslı həkim buraxır. 1 il yarımda Azərbaycanın ehtiyatları tam ödənir. Amma ödənmir axı. Hər il bu qədər həkim gedir istehsalata, hər il də çatışmayan yerlər artır və biz bütün bu qəbulları niyə edirik? Ona görə ki, sizin dediyiniz məntiqlə yanaşsaq keyfiyyətcə ediriksə mənim dediyimin yeri var, kəmiyyətcə eləmiriksə yenə mənim dediyimin yeri var. Və bu günki söhbətdə gəlin bunu səsləndirək.
M.Cabbarov: Çox maraqlı sualdır. Bir az öncə dediyim kimi biz müəllimlərin işə qəbulu prosesini keçiririk. Bizim respublikanın müxtəlif məktəblərində 3000-dən çox boş müəllim yeri mövcuddur və həmin yerlərə 20 mindən çox muraciət var. Onların əlində diplom var, onlar ali və orta ixtisas təhsilli məzunlardır, lakin biz keçirilən imtahan nəticəsində cəmi 2200 belə müraciətçinin müəllim adını daşımaq səviyyəsində biliyinin təsdiqlənməsinin şahidi oluruq. Yəni biz qalan 17 min, 18 min namizədi neçə dəfə imtahan etsək də, onların yalnız müəyyən bir hissəsinin öz üzərində işlədikləri təqdirdə istədiyimiz keyfiyyəti təmin edə biləcək müəllim ola biləcəyini görürük. Mənim fikrimcə, vəziyyətin dondurulması və yeni qanın iqtisadi və sosial həyata buraxılmaması halında belə, diplomu olan vətəndaşlarımız çoxdur. Lakin həmin bu vətəndaşların kadr kimi, yüksək səviyyəli mütəxəssis kimi iqtisadiyyatda və sosial həyatda rolu var, yoxsa yoxdur? Düşünürəm ki, bu sualı hər kəs özü üçün cavablandırmalıdır. Təhsil müəyyən dövrlərdə hər zaman sosial lift funksiyasını həyata keçirir, başqa sözlə, uğur qazanmağın ən şərəfli, ədalətli yollarından biri təhsil olub. Azərbaycan cəmiyyətində təhsilə olan hörmət, əvvəllər təhsilli insanların..... 
 
Mirşahin: Təhsillə yoxsa diplomla?
M.Cabbarov: Bu başqa mövzudur. Bunu ayrıca cavablandıracam. Bu gün biz narahatedici tendensiyaları görürük. Dəyərlərimiz haqqında danışanda biz müəllim, təhsil, savad, maarifçi konsepsiyalar ...... 
 
Mirşahin: Sosial lift çox marağlı ifadədir. Və mən hesab edirəm ki, mövcud vəziyyəti çox yaxşı izah edir.
M.Cabbarov: Bu nöqteyi nəzərdən hesab edirəm ki, gələcək nəsillərə  konstitusion [qeyd:təhsil] hüququnu verməmək və yaxud onların da öz təhsil haqqını realizə etməyə mənəvi hüquq verməmək yalnız təhsillə bağlı olan məsələ deyil, ümumi ictimai ədalətlə bağlı olan bir məsələdir. Mənim fikrimcə, burada başqa məqamlar da var. Təhsilə dəyər verilir, yoxsa təhsilin olduğunu təsdiq edən sənədə, kağıza? Bu sənəd attestat adlandırıla bilər, diplom adlandırıla bilər - yoxsa biz buna dəyər veririk? Və burada mən sizinlə həmfikirəm. Nədə həmfikirəm? Həmfikir ordayam ki, narahatedici tendensiyalar son illərdə var, mən düşünürəm ki, insanlar həmin o təhsili sübüt edən sənədin dəyərini səhv salıblar və bir qrup insan həmin o kağız parçasına, həmin o sənədə daha çox üstünlük verir. 
 
Mirşahin: Çox uzaqdan gəldiniz, Mikayıl müəllim. Sözün adı belədir: rüşvət veririk ki, təhsil almayaq. Pul veririk ki, bizə təhsil verməsinlər. Və mən istəyirəm ki, bizim beynizimdə nəhayət belə bir dəyişiklik baş versin ki, biz pul verək ki, bizə təhsil versinlər. Növbəti sualımı ona gətirib çıxarmaq istəyirəm ki, cənab nazir bizdə nə vaxt bu təfəkkür tərzi dəyişəcək? Axı bir qapalı dairə var. Bizə keyfiyyətli kadr lazımdır. Keyfiyyətli müəllim lazımdır. Keyfiyyətli müəllimi hazırlayır tutaq ki, ali məktəb. Ali məktəbdə də bu keyfiyyətli müəllimi hazırlayan özü keyfiyyətli müəllim olmalıdır. Amma bu keyfiyyətli müəllim keyfiyyətli müəllimi hazırlaya bilmir ona görə ki, onun müəllim hazırlayacağı adam orta məktəbin partası arxasından durub gəlib keyfiyyətsiz şagird kimi və bu qurtarandan sonra da olacaq keyfiyyətsiz müəllim. Bu keyfiyyətsiz müəllim gedib bizim üçün keyfiyyətli abituriyent və keyfiyyətli müəllim hazırlamalıdır. Bir növ qapalı dairə. Bax bu qapalı dairədən çıxmağı siz necə tövsiyyə edirsiniz?
M.Cabbarov: Peşə seçimi mövzusundan başlamalıyıq. Həqiqət ondan ibarətdir ki, ötən əsrin 80-ci illərindən başlayaraq sovet məkanında, ümumiyyətlə sosialist iqtisadiyyatından bazar iqtisadiyyatına keçid edən dövlətlərdə peşə seçimi, müəllim kimi təhsilə getmək sahəsində tendensiyaların dəyişməsinin şahidi olduq. Sosialist iqtisadiyyatında müəllim, mühəndis və ya həkim işləməyin o qədər də çox fərqi yox idi. Bəlkə cüzi fərqlər var idi, maddi nöqteyi-nəzərdən və həmin o fərqlər də cəmiyyətin verdiyi digər hansısa imtiyazlarla əvəzlənə bilirdi. Daha çox hörmət, işıq pulunun 50% ödənilməsi, fəxri adlar və s. Lakin bazar iqtisadiyyatı bərqərar olunduqca, bu, yalnız Azərbaycanla bağlı məhdud olan proses deyil, müəllimin, müəllim fəaliyyətinin peşə seçimi kimi cəlbediciliyi sürətlə azalmağa başladı. Çünki, digər yeni fəaliyyət növləri ilə müqayisədə müəllimliklə və təhsillə məşğul olaraq iqtisadi firavanlıq əldə etmək, sadə dillə desək, zənginləşmək, ailə dolandırmaq kimi mövzular o qədər də asan mövzular olmadı və bunun nəticəsində müəllimliyə gedən tərkib dəyişdi. Sadə dildə desək, əgər əvvəllər uğurlu məzunun böyük hissəsinin iddiası müəllim olmaq idisə, son 20 ildə biz müşahidə edirik ki, bu məzun daha çox hüquqşünas, iqtisadçı, dövlət məmuru və s. kimi peşələrə daha çox üstünlük verməyə başladı. Və peşə seçiminə “bunların heç biri alınmasa mən müəllim olmağa da hazıram” fikri ilə yanaşır. Hərçənd mən vurğulamalıyam ki, bu heç də 100% hallarda belə olmur. Bizdə ənənələr var. Mən hər zaman vurğulayıram ki, müəllimlik bir missiyadır. Müəllimliyə sadə bir peşə kimi baxmaq səhv olardı. Müəllim bilik işığını, çırağını daşıyan insan olmalıdır, o dəyərlərə inamı olmalıdır ki, onları düzgün ötürə bilsin. O sadəcə riyaziyyat, vurma cədvəlini, başqa qaydaları izah etməklə işini məhdudlaşdıra bilməz. Çünki o vətəndaş yetişdirir. Amma qayıtsaq bunun iqtisadi tərəfinə, bəli, biz burada problem görürük. Siz dediyiniz o qapalı dairənin böyük bir hissəsi ondan ibarətdir ki, müəllimliyə gələn, peşə seçimini edən insanların akademik səviyyəsi aşağı düşməyə başladı. Bunları nəzərə alaraq biz bu sahədə bir sıra islahatlar həyata keçirmişik. Bunlardan bəzilərini mən xatırlatmaq istəyirəm. Birincisi, gənc istedadların müəllimlik peşəsinə gəlməsi məqsədi ilə Təhsil Nazirliyi tərəfindən xüsusi təqaüd təsis olunub. Biz keçən ildən başlayaraq müəllimliyi ilk peşə kimi seçmiş və 500-dən çox bal toplamış 300 tələbəyə əlavə hər ay 100 manat təqaüd veririk. İkincisi, müəllimlərin əmək haqqının qaldırılması prosesi və bunun respublikada orta aylıq əmək haqqı səviyyəsinə çatdırılması gündəmdədir. Hətta təhsilin inkişafı üzrə strategiyada konkret rəqəmlər göstərilib və biz orada qeyd etmişik ki, müəllimlərin əmək haqqını orta aylıq əmək haqqından 2 dəfə yüksəyə qaldırmaq niyyətindəyik. Bu, əlbəttə, peşə seçiminə böyük təsir edəcək, insanlar o qərarları verərkən biləcək ki, onların yenə də şərəfli, yüksək maaşlı işləri olacaqdır. Amma biz bunun ani effektini görməyəcəyik. Çünki, o insanın, o gəncin peşəni seçməsi, təhsili bitirməsi və müəllim kimi işə başlaması müəyyən vaxt apara bilər. Qısa müddətdə nə edə bilərik, bu gün nə edə bilərik? Ali təhsildə biz SABAH qrupları layihəsinin həyata keçirilməsinə başlamışıq. Bu layihənin məntiqi çox sadədir. Ali təhsil müəssisələrimizdən istedadlı gəncləri biz seçmişik. Onların təhsil mühitindən başlamış müəllim seçiminə qədər mərkəzləşdirilmiş qaydada şəffaf təşkil edirik. Biz istedadlı gəncləri qısa müddət ərzində əmək bazarına buraxmağı düşünürük və qısa müddətdə bunun töhfəsini iqtisadiyyatın hər sahəsində, o cümlədən təhsildə görmək niyyətindəyik. İkincisi, işə qəbuldan danışırıqsa, biz müəllimlər üçün də ixtisasartırma keçiririk. Bakıda keçirilən sınaq qiymətləndirməsi bizə imkan yaratdı ki, müəllimləri ixtisasartırmaya dəvət edəndə onlarda nə çatışmadığını əvvəlcədən bilək - kurikulumu ona izah eləmək lazımdır, metodikanı kifayət qədər bilmir. Məqsədli şəkildə biz o müəllim üçün treninq keçiririk. Nəticələr bizə nəyi göstərir? Treninqdən əvvəl və ixtisasartırma kursu başa çatandan sonra qiymətləndirmə keçiririk. Nəticələr bizə göstərir ki, qısa müddət ərzində, yəni təxminən üç aylıq bir müddətdə ixtisasartırmaya cəlb olunmuş müəllimin göstəricilərinin təxminən 30% - ə qədər yüksəlməsinə nail oluruq. Amma ümumilikdə, bu kimi addımları təhsil sistemində sadəcə vaxt məhdudiyyətini nəzərə alaraq atmışıq. Biz məktəb idarəedicilərini, ali təhsil idarəedicilərini, idarəetmə sistemi yaradanların istedadlarını, yeni qanı bu işə cəlb etmək üçün addımlar atırıq və gələcəkdə də bu tədbirləri həyata keçirəcəyik. Və son məsələ bu suala dair. Mən sizin sualınızın istiqamətini qəbul edirəm, amma ümumiləşdirmələri qəbul etməkdə bir az çətinlik çəkirəm. Çünki biz ümumiləşdirməməliyik. Hamısının biliyinin aşağı səviyyədə olması düzgün fikir deyil. Sistem çox rəngarəngdir - bizim dünya səviyyəli idarəedicilərimiz var, şagirdlərimiz, müəllimlərimiz var. Bunun da sübutu yəqin, odur ki, istənilən beynəlxalq yarışlarda, beynəlxalq olimpiyadalarda bizimkilər yer tuturlar, məsələn, bu il beynəlxalq [qeyd: fənn] olimpiyadalarda Azərbaycan 8 medal alıb. Bu çox yüksək göstəricidir. Ötən illə müqayisədə və ya 3-5 illə müqayisədə xeyli artımdır. Çünki dövlət məktəblərində müasir metodikaları öyrənirlər, tətbiq edirlər. Xoş haldır ki, özəl məktəblərdə də bu müşahidə edilir. Burada vəziyyət siz dediyiniz kimi ümidsiz deyil həqiqətən. Sadəcə olaraq o sağlam, potensialı yüksək olan elementləri, şəxsləri, fərdləri, məktəbləri görmək lazımdır. Biz məktəblərin reytinqini aparırıq və bu reytinqi ictimailəşdiririk. Biz istəyirik valideynlər də övladlarını məktəbə vermək qərarına gələndə bilsinlər ki, bu məktəbin akademik göstəriciləri nədir, onun məzunlarının işə götürülmə reytinqi necədir. Çünki hər bir abituriyentin hüququ var ki, universitetə gedəndə onun əmək bazarında iş əldə etmə faizinin, şansının nə qədər olduğunu bilsin. Ona görə də burada müxtəlif sistemli addımlar həyata keçirilir. 
 
Mirşahin: Aydındır, Mikayıl müəllim. Oturmuşuq burada, gördüyünüz işlərdən danışırıq, aparılan islahatlardan danışırıq və tamaşaçılar məndən belə bir sualı mütləq gözləyirlər ki, bütün bu aparılan islahatlar nə verir. Təhsildə rüşvət yoxdur - cənab nazir elan eləmək olarmı bu gün təhsildə rüşvət yoxdur?
M.Cabbarov: Ümumiyyətlə, mən düşünürəm ki təhsil digər başqa sahələr kimi vakuumda deyil və ümumi ictimai həyatın, cəmiyyətin müxtəlif sahələrinin tərkib hissəsidir. Biz bilirik ki, Azərbaycanda bu gün rüşvət və korrupsiya ilə ciddi mübarizə aparılır. Təhsil sahəsi bu istiqamətdə öndə gedən və qətiyyətli addımlar atan sistemlərdən biridir. Atılan addımlardan bir neçəsini deyə bilərəm. Birincisi, baş verən hallarla mübarizə zamanı cəzalandırmadır. Son iki il ərzində nazirliyin müvafiq strukturu tərəfindən görülən işlər nəticəsində onlarla məmur, məktəb direktoru və təhsil rəsmləri vəzifəsindən azad edilib, bir çox işlər üzrə cinayət işləri açılıb, başa çatdırılıb. Bəziləri barədə hökmlər var. Buna dair aidiyyatı qurumlar ictimaiyyəti məlumatlandırır. Bu proses kampaniya xarakterli deyil, davamlı olacaq. İkinci mühüm məsələ odur ki, biz fərdi hallarla mübarizə ilə yanaşı iş görürük ki, rüşvətin yaranması üçün lazım olan zəmini aradan qaldıraq. Deyək ki, daha çox hansı istiqamətlərdə həmin o mənfi pozuntunu biz görürdük? Təlim-tədris prosesində, məktəblərdə pul yığımları kimi hallar, 1-ci siniflərə uşaqların qəbulunda, təhsil hüququnun həyata keçirilə bilməsinə yaradılan süni maneələr, müəllimlərin işə qəbulu. Bütün sadaladığım istiqamətlər üzrə sistemli qərarlar qəbul eləmişik. Müəllimlərin işə qəbulunu tam şəkildə mərkəzləşdirmişik. Dediyim kimi 20 mindən çox adam imtahana girir, tam şəffaf bir şəkildə imtahan keçirilir. Bunların videomüşahidəsi həyata keçirilir, proses şəffaflaşır, nəticədə şikayətlər azalır. Birinci sinfə qəbul üçün bu ildən başlayaraq elektron sistem tətbiq etmişik. Valideynlə direktor arasında heç bir ünsiyyət yoxdur, siz istənilən məktəbi internet üzərindən seçirsiniz, orada dərhal sizə göstərilir ki, məktəbdə neçə sinif var və s. Uşağın sənədini elektron qaydada təqdim edirsiniz. Bütün bunlarla prosesdə məmurla vətəndaş ünsiyyətini tam aradan qaldırmışıq.
Məktəblərdə yığımlar məsələsinə gələk. Verdiyimiz qərarlardan biri ondan ibarətdir ki, Bakı şəhərində yerləşən hər bir məktəbi təsərrüfat işləri üçün lazımi vəsait olan bank kartı ilə təmin etmişik və məktəbdə oxuyan şagirdlərin sayına uyğun maliyyə limitləri vermişik. Bununla, kiçik xərcləri direktorlar birbaşa özləri həyata keçirirlər. Qeyri-qanuni vəsait yığımı üçün bəhanə aradan qaldırılıb. Digər məsələ xaricdə təhsildir. Dövlət başçımızın təşəbbüsü ilə qəbul olunan dövlət proqramına uyğun olaraq vətəndaşlarımız xaricdə təhsil alır. Unikal proqramdır bu. Biz son üç il ərzində müraciətlərin 4 dəfə artmasını görürük. Müraciətçilər görürlər ki, seçim şəffafdır. Müraciətlər elektron ərizə vasitəsilə qəbul edilir, müsahibə videomüşahidə olan otaqda aparılır. Heç bir məmurla ünsiyyət yoxdur. Müsahibə komissiyasında yalnız bir nəfər Təhsil Nazirliyindəndir. Apellyasiya veriləndə də müraciətçinin müsahibəsi istənilən şikayətçi ilə birgə baxılır. Bir mühüm məsələ var, mən onu deməyə bilmərəm - korrupsiya əlaməti olan hansı hallarla mübarizə aparmaq daha çətindir. Burada ictimai məsələlərə olan diqqətinizi bilərək bu məsələyə sizi cəlb etmək istəyirəm.
Şərti olaraq korrupsiya elementləri 3 qrupa bölünür. Birinci qrup odur ki, orada korrupsiya məcburi deyil, yəni insanlar bunu təşəkkür olaraq bildirirlər. 
 
Mirşahin: Yəni hörmət edirlər?
M.Cabbarov: Mən daha çox nəzəriyyədən danışıram. Yalnız Azərbaycandan danışmıram. Qanun yol verməsə də, kimsə əldə etdiyi xidmətdən o qədər məmnundur ki, təşəkkür etmək istəyir. 3-cü növ hal - ikinciyə qayıdacam - vətəndaş baryer qarşısında qalaraq hüququnu əldə etmək istəyən zaman yaranır. Məsələn, uşağı məktəbə qoyarkən. Bu pozuntular dərhal görünür, şikayətlər, siqnallar daxil olur, araşdırılır. Bu nöqteyi-nəzərdən onları görmək və aradan qaldırmaq çətin deyil. İstək varsa, iradə varsa, o olacaqdır. Korrupsiyanın ən təhlükəlisi və həcminə görə ən böyüyü 2-ci tipdir. 2-ci tip o münasibətdir ki, burada həm rüşvət verən, həm rüşvət alan vəziyyətdən razıdır. Yeganə itirən tərəf, razı qalmayan tərəf cəmiyyətdir. Bu o haldır ki, məhz rüşvət verən şikayət etmək istəmir. Siz dediyiniz misaldakı kimi. Kimsə sənədi, diplomu almağa layiq deyil, o qiyməti yazan da bilir ki, bu, ona layiq deyil, bunu almaq istəyən də bilir ki, ona layiq deyil. Bu tip pozuntuların müəyyənləşdirilməsi, aşkar olunması vətəndaşın aktiv vətəndaş mövqeyi olmadan çox çətin və mürəkkəbdir. Çünki, faktiki olaraq burada bu halın görünməsi fiziki olaraq mümkün deyil. Burada mən düşünürəm ki, böyük təbliğata ehtiyac var. Burada aktiv vətəndaş mövqeyi zəruridir. Təhsil Nazirliyinin qaynar xətti, daxili nəzarət şöbəsi var, hər ay biz vətəndaşları qəbul edirik, görüşürük və bu gün Təhsil Nazirliyinə əlçatmazlıq yoxdur. Təhsil Nazirliyinə istənilən şikayəti və müraciəti çatdırmaq mümkündür. Amma, bir çox hallarda hətta absurd hallar baş verir, siqnal haqqında məlumatımız var və bu belədir, amma aktiv vətəndaş mövqeyi görmürük. 
 
Mirşahin: Bir halda ki, vermək istəyən insanlar var, bəlkə onların bu rüşvət vermək, hörmət eləmək xüsusiyyətlərindən Azərbaycan təhsilinin maraqları üçün istifadə edək. Yəni bu adamlar pul vermək istəyirlərsə qoy versinlər. Qapalı məktəblərdə necə ki, Britaniyada özünün forması, qapısı, pəncərəsi, İsveçrədə özünün forması, qapısı, pəncərəsi, hətta özünün diplomu, təqdimetmə mərasimləri olan məktəblər var. Bizim özümüzdə də xüsusi imtiyazlı məktəblər var. “Oksford” çox nüfuza malikdir. “XXI əsr” çox böyük gücə malikdir. Heydər Əliyev adına lisey çox böyük nüfuza malikdir. Və bu məktəblərə indi uşaq aparıb qoymaq çox çətindir. Ona görə ki, orada əvvəla növbə var, ikincisi orada doğrudan da ciddi seçim var. Bəlkə belə məktəblərin sayını artıraq. Onda adamların müraciət eləməyə ünvanları çoxalacaq, bir növ monopoliyalar yığışdırılacaq. İnsanlar sərbəst şəkildə biliklərini, bacarıqlarını bazara çıxaracaqlar. İndi qeyri-qanuni məktəb toçkaları var ki, piştaxtalar qoyublar, bilmirəm kimlərin vaxtından bu günə gəlib çatıb, bunlar aradan çıxacaq. İnsanlar artıq sizin dediyiniz qaydada bilik almamağa görə yox, bilik almağa görə pul verəcəklər.
M.Cabbarov: Çox mühüm bir məsələyə toxunmusunuz. Yenə də məsələnin kökü təhsilin dəyər kimi qəbul olunmasındadır. Biz təhsili dəyər kimi qəbul edirik.
Statistika göstərir ki, Azərbaycanda bu gün 20-dən çox özəl məktəb var, orada oxuyan şagirdlərimizin sayı cəmi 6 mindən bir az çoxdur, təxminən 6500 nəfərdir. Bu da respublikada ümumi təhsil alanların 0,5 faizidir. Cəmi yarim faiz şagird özəl məktəblərdə oxuyur. Bu gün bizdə pullu təhsil yalnız özəl məktəblərdədir. Və özəl məktəblərin əldə etdiyi resurslar, başqa sözlə təhsil haqqı dövlət tərəfindən təhsil üçün verilə bilən resurslardan dəfələrlə çoxdur. Bu bir reallıqdır. Tək Azərbaycanda deyil, amma biz indi Azərbaycandan danışırıq. Eyni akademik səviyyəyə malik olan uşağın yüksək keyfiyyətli məzun kimi yetişdirilməsində və qlobal iqtisadiyyatda rəqabətli kadr kimi yetişməsində mövcud resursların, yəni məktəbdə olan müəllimin səviyyəsi, müəllimin əmək haqqı, laboratoriyaların və s. maddi-texniki tərəfin önəmi var, yoxsa yox - mən başa düşürəm ki, bu əlaqəni inkar etmək qeyri-mümkündür. Böyük bir realizə edilməmiş potensial var. Lakin, biz sual verəndə və düşünəndə ki, bəs nəyə görə şagirdlərin cəmi 0,5 faizi özəl məktəblərdə təhsil alır? Özəl məktəblərin sayının və şəbəkəsinin artırılması lazımdır, ancaq müəyyən səviyyəyə qədər. Çünki, orada da kritik hədd keçilməməlidir. Amma bizim mövcud 0,5 faizdən ən azı bir neçə dəfə arta bilər, artmalıdır. Bu məsələ Təhsil Nazirliyinin siyasətinin tərkib hissəsidir və biz hətta bu il üçün hökumətə bununla bağlı təkliflər hazırlayırıq. Təkliflərdə də əsas hədəf özəl təhsil müəssisələrinin, özəl məktəblərin vergi vəziyyətinin sadələşdirilməsi və yaxşılaşdırılmasıdır, başqa sözlə, 2 il bundan öncə məktəbəqədər, yəni uşaq bağçalarına şamil edilən imtiyazlar kimi bir yanaşmanın tətbiqidir. Burada məqsəd bu sahəyə sərmayələrin yatırılmasına marağı artırmaqdır. Çünki, özəl məktəb açmaq o qədər də asan və ucuz bir iş deyil. Və bir məsələ də çox mühümdür – keyfiyyətə nəzarət. Yəni özəl məktəbin mövcudluğu öz-özlüyündə yüksək keyfiyyətli təhsil demək deyil. Uşaq özəl məktəbə gedirsə və ildə şərti olaraq 6 min pul ödəyirsə, bu o demək deyil ki, o mütləq şəkildə dövlət məktəbinin məzunundan daha yaxşı nəticə göstərəcək. Bu, yalnız o halda mümkündür ki özəl məktəbin tətbiq etdiyi texnologiyalar, cəlb etdiyi müəllimlər, məzmun müasir tələblərə cavab versin, bəli, bu halda o ola bilər və buna görə də tənzimləmə həyata keçirilməlidir.
Bütün bunları deyərkən onu da qeyd etməliyik ki, bu gün dövlət məktəblərinin infrastrukturu və ilk növbədə kadr potensialı çox güclüdür. Çünki, ənənəvi olaraq biz qəbul etmişik və hələ də asanlıqla deyə bilmərik ki, ən yaxşı müəllimlər özəl məktəblərdədir. Bunun başqa səbəbləri var. Məktəblərin ənənələri var. Müəllimlik elə bir peşədir ki, müəllimlər bir qayda olaraq öz məktəblərinə bağlıdır. Əgər biz uzun müddətdən danışırıqsa, yenə də vurğulayıram, birmənalı şəkildə sizin dediklərinizdə həqiqət çoxdur. Həqiqət də ondan ibarətdir ki, bu əlaqəni tanıyan və bu qərarı verə bilən vətəndaşlarımızın qərarları nəticəsində özəl məktəblərimizə şagirdlərimizin axını artacaqdır. Ümumi nəticədə də bu, bizə daha çox sayda rəqabətli məzunumuzun, yüksək biliyə malik olan məzunlarımızın olmasına xidmət edəcəkdir. 
 
Mirşahin: Mən Azərbaycanımızın təhsil naziri ilə söhbət edirəm. Orta təhsilin də böyüyü sizsiniz, ibtidai təhsilin də, ali təhsilin də böyüyü sizsiniz. İndi mən sualı çox sadə dildə vermək istəyirəm. Ali təhsil, yəni Azərbaycanın təhsil naziri və ali təhsil müəssisələri arasında subardinasiya münasibətlərini soruşmaq istəyirəm. Naziri də, rektoru da prezident təyin edir. Belə olan halda sizin nazir olaraq hansısa rektor üzərində təsiriniz, nəzarətiniz nə dərəcədə nəzərəçarpacaq, və ya belə demək mümkünsə, "nazirə çarpaçaqdır", yəni Azərbaycanın təhsil naziri istənilən ali məktəb rektorundan yuxarı vəzifəli şəxs olaraq özünü necə hiss edir.
M.Cabbarov: Baxın, Mirşahin müəllim, bu əslində kifayət qədər sadə çalışan bir mexanizmdir. Ali təhsil müəssisələri - dünyada da belədir, Azərbaycanda da belədir - dərin ənənələrə malik qurumlardır, strukturlardır. Və ali təhsil müəssisəsinə rəhbərlik etmək bir sıra yüksək keyfiyyətlər, peşəkar keyfiyyətlər tələb edir. Təbii olaraq bunun akademik və elmi elementi də var. Azərbaycanın halında bir çox ali təhsil müəssisələrinin rəhbərlərinin funksiyaları yalnız ali təhsil müəssisəsinə rəhbərliklə məhdudlaşmır. Onların bəzilərinə, məsələn, deyək ki, sizin bölgədə, seçki dairəsində vətəndaşlarımız o cümlədən, ali təhsil müəssisələrinin rəhbərləri olan şəxslərə etimad göstərib və onlar millət vəkilləri kimi fəaliyyət göstərirlər. Elə insanlar var ki, onlar həm rektor vəzifəsi daşıyır, həm aktiv elmi fəaliyyətlə məşğuldur. Elə insanlar var ki, onlar hətta Azərbaycanın beynəlxalq siyasətində və digər ümumi və dövlət, ictimai maraqları olan sahələrdə fəaliyyət göstərir. Nəyə görə mən bunları xatırladıram? Ona görə ki, Təhsil Nazirliyi ilə dövlət ali təhsil müəssisəsinin rektorunun münasibəti müəyyən mənada o səviyyəyə uyğun olan bir münasibətlərdir. Bəli, təbii olaraq Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən ali təhsil müəssisələri Təhsil Nazirliyinə tabedir. Bu belədir. Həm akademik nöqteyi-nəzərdən, tədris prosesi və s. Amma təhsil o sahədir və təhsil o dəyərdir ki, təhsil sahəsində həmin o münasibəti texniki tabelik kimi qəbul eləmək və yaxud texniki tabelik gözləmək gözləntisi olmamalıdır. Burada aparılan diskussiyalar da, verilən qərarlar da, olunan tənqid də bir məqsəd daşımalıdır. Bu məqsəd ondan ibarətdir ki, Azərbaycan təhsilinin keyfiyyətinin artırılması, müvafiq ali təhsil müəssisəsinin fəaliyyətinin təkmilləşməsidir və s. Təhsil naziri kimi mən rektorlarla olan münasibətlərdən şikayətçi deyiləm. Kiminsə işini biz daha yüksək qiymətləndiririk, kiminsə işini biz o qədər yüksək qiymətləndirmirik. Haradasa biz hesab edirik ki, subyektiv səbəblər daha çoxdur. Onların aradan qaldırılmasında universitet rəhbərliyinin rolu daha çox olmalıdır. Haradasa biz obyektiv çətinliyi tanıyırıq. Və ya əksinə düşünürük ki, belə obyektiv vəziyyətdə daha da çətin şərait ola bilərdi. 
 
Mirşahin: Mən düşünürəm ki bizim maraqlı cavablarımızdan biri elə bu olacaq. Bir şeyi soruşmaq istəyirəm. Azərbaycanda peşə və vəzifə arasında daim mübarizə gedir. Peşə vəzifədən geri qalır və həmişə insanlar vəzifəyə can atırlar. Məsələn bu günlər mənə deyəndə ki, Azərbaycanda işsizlik var, bu mənə çatmır. Ona görə ki, peşəkarlara həmişə ehtiyac var. Azərbaycanın elə yeri yoxdur ki, peşəkar kadrlara ehtiyac olmasın və o da dərhal təmin olunsun. Biz sizinlə 10 vəzifə sadalaya bilərik ki, hardaki güclü kadra ehtiyac var. Bir haldaki peşəkarlara ehtiyac var, peşəkar sözünün kökü də peşədir. Yadıma gəlir ki, sovet zamanının axırlarına qədər bizdə peşə məktəbləri vardı. Bunlar sonra kollec oldu. Yataqxanaları da var idi. Onların elanları gedirdi Bakı qəzetində, AzTV-də və sonradan peşə məktəbləri bir sinif kimi yoxa çıxdılar. Təhsil naziri olaraq siz bu peşə məktəblərinin dirçəldilməsinə hansısa bir formada maraqlı olmalısınız. Bu istiqamətdə hansısa işlər görülürmü? Çünki, insan çörək qazanmalıdır. Yoxdur müəllim yeri, yoxdur prokuror, neçə gömrük işçisi olacaq ki? Amma peşə hər yerdə peşədir və hər dəfə bunlara ehtiyac var.
M.Cabbarov: Mən sözün düzü iş və vəzifə münasibəti barədə düşünməmişdim, amma dediklərinizdən sonra düşünəcəm. Çox maraqlı bir fikirdir. Peşə təhsili bizim üçün çox önəmli bir sahədir. Bunun önəminin səbəbləri bir neçədir. Birincisi, odur ki, Azərbaycan son illərdə sürətlə artan iqtisadiyyata malik olubdur, eyni zamanda ölkəmizdə demoqrafik göstəricilər yüksəlir. Yeni keyfiyyətli kadrlara, o cümlədən, peşə sahəsində  formalaşmış kadrlara ehtiyac getdikcə artır. Biz bunu əmək miqrasiyası trendlərində də görürük. Sirr deyil ki, bu gün Azərbaycanda bir sıra əcnəbi vətəndaşlar da müxtəlif peşələrdə fəaliyyət göstərir. O nöqteyi-nəzərdən biz öz əmək bazarımız üçün təbii olaraq kadrlarımızı özümüz öz vətəndaşlarımız arasından hazırlamalıyıq. 
 
Mirşahin: Üzr istəyirəm, Sumqayıtda bu boyda neft kimya kompleksi tikilir. Azərbaycan yavaş-yavaş Avropanın ən böyük qaz ixracatçısı ölkələrindən birinə çevrilir. Söhbət baş mühəndisdən getmir, sahə rəisindən getmir. Söhbət adi tokardan, frezerçidən, yiv açandan gedir, neft fəhləsindən gedir. Belə adamları yetişdirmək üçün peşə məktəbləri var idi.
M.Cabbarov: İkinci məsələ odur ki, bizim iqtisadiyyatımızın strukturu şaxələnir və dəyişir. Və bu da öz növbəsində bizim qarşımızda yeni çağırış qoyur. O çağırış da ondan ibarətdir ki, biz artıq ilk peşə təhsilindən əlavə olaraq başqa peşəyə sahib olan insanın digər, ikinci bir peşəyə yönləndirilməsini, onun öyrədilməsini, təhsili prosesinin qurulmasını təmin etməliyik. Bu çox mühüm məsələdir. Peşə təhsili məktəblərinin fəaliyyətində ənənəvi olaraq ən böyük problemlər nə olub? Birinci problem ondan ibarət olub ki, bu sahəyə cəmiyyət tərəfindən kifayət qədər aşağı prestijə malik olan bir istiqamət kimi baxılıbdır. Yəqin ki, bunun səbəblərindən biri odur ki, bizim təhsil sistemimizdə peşə təhsil sisteminin digər təhsil səviyyələri ilə, misal üçün orta ixtisas, kolleclər və yaxud ali təhsillə bağlantısı olmayıbdır və müəyyən mənada bu yolu seçmiş insanın gələcəkdə öz təhsilini davam etdirmək imkanı kifayət qədər məhdud olubdur. Biz təhsil pillələrinin bir-birinə inteqrasiyasını təmin etmək üzərində işi başa çatdırırıq.
Digər mühüm bir məsələ Sovet İttifaqının son illəri və müstəqillik illərinin ilk illəri dövründə obyektiv və subyektiv səbəblərə görə bu sahədəki maddi-texniki bazanın itirilməsidir. Burada subyektiv səbəblər hamıya məlumdur - hərc-mərclik, özbaşınalıq və s. Obyektiv səbəblərdən isə ən mühümü və böyüyü odur ki, bizim qaçqın və köçkün düşmüş soydaşlarımızın yerləşdirilməsi üçün ən çox istifadə edilən sahə məhz təhsil sahəsi olub. O təhsil sahəsinin çərçivəsində də peşə təhsil müəssisələri, onların yataqxanaları, ali təhsil məktəblərinin yataqxanaları, başqa sözlə, kifayət qədər maddi-texniki baza təhsil təyinatından çıxarılaraq başqa məqsədlərə, cəmiyyət, dövlət üçün o zaman daha mühüm olan sahələrə istifadə olunub.
Nəhayət, peşələrə həm müəllimlərin, həm də ixtisasdan və peşədən gəlmiş insanların cəlb olunması vacibdir. Çünki, yaxşı qaynaqçını yalnız yaxşı qaynaqçı təlim edə bilər, yaxşı ustanı yalnız yaxşı usta və s. Eyni zamanda, iqtisadiyyatın strukturu dəyişdikdə peşə standartlarının hazırlanması da dəyişir. Yəni, bizə deyilir ki, qaynaqçı məzun olanda bu kimi bacarıqlara malik olmalıdır və ya avtonəqliyyatla işləyən mütəxəssis bu kimi biliklərə malik olmalıdır. Biz standartlarla, sənədlərlə tanış olanda aşkarladıq ki, bir çox peşə standartları tam təzədən hazırlanmalıdır. Yəni konkret misal kimi, biz gördük ki, bu gün heç istifadə etmədiyimiz və yaxud Azərbaycan bazarında ya azlıq təşkil edən, ya da ümumiyyətlə istehsaldan çıxarılan hansısa avtomobillərin ustalarını buraxırıq. Kimin üçün biz onları buraxırıq? Əgər o maşın artıq heç Rusiyada belə buraxılmırsa, bu usta bazara çıxandan sonra həmin biliyini hansı maşınlara tətbiq edəcək? Yəni peşə standartı dəyişməlidir, o bu günki gün və ya bəlkə də sabah üçün yazılmalı və bilik verməlidir ki, peşə məktəbini bitirən mütəxəssis də asanlıqla iş tapa bilsin, onun bacarığı tələbatda olsun. Yenə də burada həqiqi təhsillə təhsil sənədi arasında müşahidə etdiyimiz fərq fenomenini görürük. Təhsil sahəsinin canlandırılması üçün Təhsil Nazirliyi tərəfindən “Müasir Azərbaycan peşəkarları” layihəsi həyata keçiririk. Bu layihə çərçivəsində biz Azərbaycanın böyük və kiçik işəgötürənləri ilə əlaqələr qurmuşuq, “Azərsu”dan başlayaraq özəl sahibkarlıq assosiasiyalarına qədər. Bunun məqsədi ondan ibarətdir ki, biz olan tələbata uyğun olaraq öz tədris proqramlarımızı dəyişdiririk, o ixtisasları buraxırıq ki, onlara bazarda tələbat var. Peşə standartlarına yenidən baxırıq o şirkətlərlə ki, bizim məzunlara yer verir. Almaniyanın GİZ təşkilatı ilə birlikdə peşə məktəbləri direktorları üçün təlimlər keçirmişik və yeni tədris ilinə yaxın günlərdə onların təyinatları barədə əmrlər imzalanacaq. Seçilmiş peşə təhsili məktəblərində təmir işləri başa çatıb. İstər bizim tərəfimizdən, istər özəl sektor tərəfindən yeni ixtisaslar açılıbdır, onlar üçün orta və qısamüddətli treninqlər keçiririk. Biz müşahidə edirik ki, “Müasir Azərbaycan peşəkarları” layihəsi ilə əhatə olunmuş peşə məktəblərinə şagird axını dəfələrlə artıbdır, onların məzun olandan sonra işə düzəlmə statistikasını diqqətdə saxlayırıq, çox yüksəkdir, peşəsi olan, savadı olan insan iş tapa bilir, iş o adam tapa bilmir ki, onun savadı müasir dövrə uyğun deyil.   
 
Mirşahin – Və get-gedə o fikrə qayıdıram ki, qoy ibtidai və orta təhsil olsun pulsuz, amma ali məktəblərin təhsili hamı üçün pullu olmalıdır. Dəyərləndirməkdən danışırıqsa, insanlar bəlkə dəyərləndirə bilmirlər?  
M.Cabbarov: Amma burada sosial ədalət məsələsi var, ona görə ki təhsil sosial lift funksiyasını oynayır. Bu gün bizdə elə ailələr, elə təbəqə var ki, bu gün onun övladı akademik biliyə malikdir, müvafiq balı yığır, digərlərindən daha çox bal yığıbdır və haqlı olaraq dövlət tərəfindən həmin o təhsil qrantını, hansı ki, biz o təhsili “dövlət sifarişli” adlandırırıq, əldə edibdir. Biz ona el arası “pulsuz təhsil” deyirik, əslində o pulsuz təhsil deyil, o pullu təhsildir, sadəcə olaraq o təhsilin pulunu dövlət ödəyir qrant kimi. Bu sistemin mən təbii olaraq qorunmasının tərəfdarıyam və düşünürəm ki, ən yüksək nəticə göstərənlərə o balı, o qrantı, pulsuz təhsil hüququnu veririk və mən onu birmənalı şəkildə qorunub saxlanmasının tərəfdarıyam, lakin biz bir məsələdə artıq islahata başlamışıq. Bu tələbə təqaüdləri məsələsidir. Bu gün bizdə necədir. Dövlət sifarişi ilə, yəni pulsuz təhsil alan 4 il ərzində pulsuz oxumaqla yanaşı həm də dövlətdən təqaüd alır. Pullu, yəni ödənişli təhsil alan isə ala bilmir. Biz bu sistemi rəqabət mühiti üçün ədalətsiz bir sistem hesab edirik. Onların hər ikisi eyni vəziyyətdə olmalıdır və təqaüd tələbənin akademik göstəricilərindən asılı olaraq ödənilməlidir. Odur ki, dediyimiz kimi, biz buna dövlət tərəfindən verilən 2 ayrı-ayrı təhsil haqqı qrantı kimi baxırıq – bir dəfə dövlət qrant kimi təhsil haqqını ödəyir, ikinci dəfə dövlət deyir ki, mən bu sayda tələbəyə təqaüd ödəyəcəm. Amma məzunlar ali təhsilə qəbul olmaq üçün necə rəqabət aparıblar, bu təqaüd üçün də rəqabət aparmalıdırlar. Və ən uğurluya, ən bilikliyə mən dövlət tərəfindən dövlət təqaüdünü ödəyəcəyəm. Bu, tələbələr arasında rəqabət mühiti yaradar, onların istər-istəməz nailiyyətlərinin artmasına xidmət edər. İkinci məsələ və bu da düşünürəm ki, çox mühümdür. Bu günki sistemdə biz hamımız tələbə olmuşuq və biz hamımız onun şahidi olmuşuq ki, “mən tapşırılmışam, siz tapşırılmamısınız” kimi amillər var, tapşırılmayan üçün o qədər də fərq eləmir ona “5” yazılacaq qiymət, “4” yazılacaq.   
 
Mirşahin: Məni öz qiymətim maraqlandırır və alacağım təqaüd...  
M.Cabbarov: Sizi öz qiymətiniz maraqlandırır, mənim qiymətim sizi maraqlandırmır. Və bildiyiniz təqdirdə ki, mən haqsız olaraq bu qiyməti alıram, əslində, bu sizin maraqlarınıza toxunmur. Amma bizim yeni təklif etdiyimiz yanaşmada bu birbaşa olaraq sizin marağınıza toxunacaq. Çünki əgər mən ədalətsiz şəkildə tapşırılmışamsa, mənə ədalətsiz “5” qiyməti yazılıbsa, bu o deməkdir ki, təqaüdü ədalətsiz şəkildə mən alacam siz almayacaqsınız.  
 
Mirşahin:Mən nə edəcəm? Aclıq elan eləyəcəm...... 
M.Cabbarov: Yox, bu, müəyyən mənada ictimai nəzarət formasının, sivil cəmiyyətdə qəbul olunmuş balanslar sisteminin tətbiqinin bir alətidir. Sizin vətəndaş kimi, yenə deyirəm, seçiminiz var. Siz vətəndaş olaraq yenə də keçmiş sistemdə olduğu kimi heç nə etməyə bilərsiniz, amma onda ən azı özünüz özünüzə sual verməlisiniz ki, siz nədən şikayətlənirsiniz? Yəni, siz şikayət etməyə belə çəkinirsinizsə və etmək istəmirsinizsə - qəbul olunmayıb, bu yaxşı deyil və sair - bu zaman siz kimdən şikayətlənirsiniz, sistemdənmi şikayətlənirsiniz və sair. Sizin başqa çıxış yollarınız da var, o da ondan ibarətdir ki, təhsil sistemində bir fərq olmalıdır – o da bilik səviyyəsi. Bunu qəbul edən cəmiyyətlər sosial-iqtisadi firavanlığa daha asan nail ola bilirlər. Bunu qəbul etməyən cəmiyyətlər sosial-iqtisadi firavanlığın əldə edilməsində çətinliklər çəkir.   
 
Mirşahin: Mikayıl müəllim, mən sizi kifayət qədər uzun müddətdir tanıyıram. İqtisadi İnkişaf Nazirliyində işlədiyiniz dövrdən də, İçərişəhərdə meriyanın rəhbərliyində olduğunuz dövrdən də. Bilirəm ki, sizin fəaliyyət zonanızda baş verən hadisələr çox çevik bir şəkildə bizə gəlib toxunurdu. Yəni biz nəticələri dərhal hiss edirdik. Təhsil Nazirliyində fəaliyyətinizin nəticələrini dərhal hiss etməyimizdən danışa bilmirəm, çünki dərhal hiss etmirəm. Ona görə, soruşmaq istəyirəm məqsədiniz nədir və bu məqsədə siz niyə belə təkamül yolu ilə gedirsiz? Bəlkə, hansısa inqilabi addımlar atmaq lazım idi? 
M.Cabbarov: Dövlət başçımızın verdiyi tapşırığa və onun həyata keçirdiyi siyasətə uyğun olaraq mən ali məqsədimi aşağıdakı kimi formalaşdıra bilərəm:
Ali məqsədim ondan ibarətdir ki, bizim təhsil sistemimiz Azərbaycanın elə məzunlarını və vətəndaşlarını formalaşdırsın ki, onlar dayanıqlı şəkildə bizim ölkəmizin sosial-iqtisadi inkişafını və firavanlıgını təmin edə bilən insan kapitalı olsun, qlobal iqtisadiyyatda rəqabət apara bilən dövlətin və o rəqabətdə uğur qazana bilən dövlətə sadiq vətəndaşlar və yüksək keyfiyyətli peşəkarlar olsun. Uğurlu və qlobal iqtisadiyyatda rəqabətli məzun olmaq nə deməkdir, bu günki dünyada, 21-ci əsrdə və 2000-ci ildə yox, 1980-ci ildə yox, bəlkə 2025-ci ildə, bəlkə 2020-ci ildə, bəlkə 2035-ci ildə bu nə tələb edir. Və tamamilə aydındır ki, bu, bir sıra o yanaşmaları və o bilik-bacarıqları tələb edir ki, hansını ki, biz istədiyimiz qədər və yaxud istədiyimiz keyfiyyətdə təhsil sistemimizdə ya verməmişik, ya da verə bilməmişik. Bunları mən sıralayası olsam, biri xarici dildir. Azərbaycan böyük dövlətlər arasında yerləşən bir ölkədir. Bizim sosial-iqtisadi münasibətlərimiz, bizim iqtisadi strukturumuz, bizim inkişafımız müəyyən mənada dünyada elmi nailiyyətlərdən vaxtında məlumatlı olmağımızdan, bunu öz iqtisadiyyatımıza öz faydamız üçün tətbiq edə bilməyimizdən, bunun üçün isə bizim vətəndaşlarımızın, bizim məzunumuzun xarici dilləri bilməsindən birbaşa olaraq bağlıdır. Bu bir alətdir. Bu, həm əmək bazarına çıxmaq üçün alətdir, bu, həm işçi əlaqə qurmaq üçün bir alətdir, bu, turizm üçün bir alətdir, bu, iqtisadiyyat üçün bir alətdir, bu elmi nailiyyət üçün bir alətdir və sair. İkincisi nədir? İkincisi, çeviklikdir. Çeviklik nə deməkdir? Mirşahin müəllim, 2040-cı ildə mövcud olacaq peşələrin 60 faizi bu gün məlum deyil. Yəni bu gün anadan olan uşaq əmək bazarına çıxanda, təxminən 20-25 yaşında olanda onun hansı peşə sahibi olacağı naməlumdur. Biz tanıdığımız peşə olmaya bilər bu - texnologiyaların inkişafına görə, cəmiyyətin dəyişdiyinə görə. Ona görə sual olunur ki, təhsil sistemi nə verməlidir? Nə verməliyik ki, o məzun rəqabətli olsun və ölkəyə töhfə verə bilsin? Çeviklik... yəni o bilik və bacarıqları tətbiq edə bilmək və sair. Necə bu bağlıdır sizin verdiyiniz suallara? Radikal addımlarmı olmalıdır? Təkamül yolumu olmalıdır? Çünki, mən qeyd etdiyim kimi təhsildə o nəticənin formalaşması üçün, o məktəbin formalaşması üçün biz qəbul etdiyimiz qərarlar tək bu günün gündəliyinə xidmət edən qərar olmamalıdır. O həmçinin formalaşan nəslin istədiyimiz məhsul kimi yetişdirilməsinə xidmət edən qərar olmalıdır. Və səmimi olaraq mən düşünmürəm ki, biz aşağı sürətlə getmişik. Mən hesab edirəm ki, birincisi, sürət keyfiyyət amilinə söykənir. Yəni sənin istənilən prosesdə və istənilən işdə sürətin nə qədər yüksəkdirsə, sənin keyfiyyətin azalması riskin də o qədər yüksəkdir. Bu bir amildir və mən hesab edirəm ki, burada ilk növbədə biz verilən qərarların keyfiyyətini təmin etməliyik. Çünki, biz qərarı səhv verdiyimiz təqdirdə onun nəticəsini yalnız müəyyən dövrdən sonra görəcəyik. Və yalnız müəyyən dövrdə görəndən sonra biz gərək qayıdaq birinci olduğumuz yerə və oradan təzədən başlayaq. Ona görə qərarların keyfiyyəti ilə qərarların sürəti arasında seçim olanda mən məcburam keyfiyyətə önəm verim. İkincisi, mən hesab edirəm ki, biz bir sıra qərarlar qəbul etmişik, hələ ki, bizim ictimaiyyət, o cümlədən media o qərarın mahiyyətini tam görmür.   
 
Mirşahin: Hansı qərarlar, eşidə bilərikmi? 
M.Cabbarov: Məsələn, biz artıq iki il bundan öncə dövlət vəsaitinə, dövlət sifarişinə ali təhsildə bir çox universitetlərin çıxışını bağlamışıq. Yəni biz təhlil etmişik və görmüşük ki, bu universitetlərdə təhsilin keyfiyyəti o qədər aşağı səviyyədədir ki, və o qədər müasir dünyanın ali təhsil səviyyəsinə uyğun deyil ki, bizim məhdud dövlət vəsaitimizi o universitetlərə xərcləməyimiz düzgün deyil. Biz dövlət sifarişini o universistetlərə vermirik. Bu inqilabi qərardır. Nəyə görə inqilabidir? Çünki, faktiki olaraq biz bəyan etmişik ki - bu sözü demədən “bu daha çox keyfiyyətli universitetdir, bu isə daha az keyfiyyətli universitetdir” - öz vəsaitimizi, dövlətin vəsaitini biz daha az keyfiyyətli universitetlərə xərcləmək istəmirik.  
 
Mirşahin: Və bu keyfiyyətsiz universitetlərin adlarını elan etmisiniz ki, hansılardır? 
M.Cabbarov: Bəllidir, yəni onlar hamısı bəllidir, harada dövlət sifarişi var, harada dövlət sifarişi yoxdur, amma keyfiyyətsiz universitet dedikdə, bu, daha az kefyiyyətsizdir keyfiyyətli ilə müqayisədə anlaşıla bilər. Biz demirik ki, bu universistet deyil. Elə universitet var ki, biz onu bağlamışıq.  
 
Mirşahin: Və baxmayaraq ki, bizim o heç bir universitetimiz dünyanın 500 aparıcı universiteti siyahısında deyil. 
M.Cabbarov: Siz haqlısınız, biz “500”də yoxuq, amma deyək ki, Azərbaycanın, səhv etmirəmsə, 3 universiteti “700”lər sırasında gedir. Biz bununla qane ola bilərikmi? Yox, təbii olaraq gələcəyə baxdıqda, Mirşahin müəllim, biz qane ola bilmərik 700, 740-cı yerlə və sair. Biz çox istəyirik ki, bizim universitetlər dünyanın 100 universiteti sırasına daxil olsun və sair. Amma burada, yenə də deyirəm, obyektiv səbəblər də var. Bunları burada indi sadalamaq vaxt aparar, amma bu universitetlərin tarixindən başlayaraq, onların idarəetmə strukturunun keyfiyyətindən başlayaraq, onların maliyyələşməsindən başlayaraq, onların maddi-texniki bazasından, onlarda fəaliyyət göstərən müəllimlərin Nobel mükafatçıları olmasından başlayaraq biz məsələyə real yanaşmalıyıq və real məqsəd qoymalıyıq.Və özümüzə qərar verməliyik ki, bizim üçün nə daha mühümdür? Bizim 1 universitetimiz misal üçün dünyanın 100 ən yaxşı universiteti sırasına daxil olsun, yoxsa bizim universitetlərimizin əksəriyyəti daha yüksək keyfiyyətli məzun buraxsın. Bu bəlkə də ictimai müzakirə tələb edən bir məsələdir. Biz bu gün həmin, bir az öncə danışdığımız minimal balın qaldırılması və bundan sonra bu prosesin davam etdirilməsi siyasətini davam etdirəcəyik. Düzdür, bunun başqa fəsadları da var. Biz müşahidə edirik ki,Azərbaycanda o minimal tələbə uyğun olmayan gənc gedir qonşu dövlətin birində, fərq eləmir Gürcüstanda, Ukraynada, Rusiyada, yaxud heç qonşu olmayan dövlətdə ali təhsil müəssisəsinə qəbul olur, ali təhsilli mütəxəsis olur və 4 ildən sonra bizim əmək bazarımıza qayıdıb deyir ki, baxın, mən də şərti olaraq mühəndisəm, yaxud mən də həkiməm. Halbuki, biz başa düşürük və biz görürük ki, bu uşağın, bu məzunun ilkin balı ali təhsil səviyyəsindən xeyli aşağı səviyyədə idi. Qloballaşan dünyada universitet öz ölkəsinin vətəndaşının qəbulu üçün bir qayda tətbiq edir, plankanı saxlayır, başqa dövlətdən gələn vətəndaş üçün o plankanı aşağı salır. Yəni biz bu gün qadağan edə bilmərik öz vətəndaşlarımıza ki, onlar xaricdə təhsil almasınlar, hansısa dövlətin regional universitetinə getməsinlər. Amma bizim hüququmuz var və biz tənzimləyə bilərik ki, onlar əmək fəaliyyətinə başlamaq üçün minimal peşəkar tələblərə cavab versinlər.   
 
Mirşahin: Bilirsiz mən niyə dedim ki, təkamül yolu ilə gedirik biz? Ona görə ki, indi ANS özü media akademiyası açıb və bu media akademiyası ANS-in əsas kadr yığmasıdır. Yəni 99.9 işçilərimizi götürürük məhz bizim media akademiyasını bitirənlərdən. Və bu media akademiyasını bitirənlərin də yəni bizim kurslarımıza daxil olanların hamısının da ilkin sərtləri var. Yəni ən azı ali təhsilli olmalıdır, ingilis dilini bilməlisən, hətta yaxşı olar ki, 2 ali təhsilin olsun. Və indi onların içərisində bəlkə mən biraz bayaq şişirtdim dedim ki, nəticələri hiss etmirik, nəticələr hiss olunur mən burda qeydlər etmişəm. Məsələn, son 3 ildə xüsusilə onları dinləyərkən, onlarla müsahibələr apararkən irəliləyişlər hiss edirik. Dillər sahəsində demək olar ki, get-gedə xarici dil biliklərinin səviyyəsii artır, ümumi dünyagörüşü genişlənir, coğrafiyanı bilirlər, məsələn, bilirlər ki, Lənkəran cənubdadır yoxsa şimalda və ən azı bunu bilirlərki Dostyayevski Nekrasovu bəstələməyib və yaxud Pele kofe deyil. Bunaları bilirlər. Sadəcə olaraq mən bilirsiz niyə belə bir az pessimist suallar verirəm? Çünki vaxt. Bayaq dediz ki 2040-ci ildə bir sıra peşələr var ki, 60 faizini biz bilmirik. Və mənim üçün ümumiyyətlə 2040-ci il bəlkə də bir insan olaraq maraqlı deyil. Sadəcə insanlar real nəticəni gözləyirlər.
 M.Cabbarov: Bizim olub-olmamağımız həmin vaxtda o qədər əhəmiyyətli deyil. Əhəmiyyətli olan odur ki, mənim aləmimdə, mənim inandığımda, misal üçün götürsək, 2040-cı ildə Azərbaycan bu günki Azərbaycandan da daha güclü və qüdrətli olsun.
Siz sual versəydiniz ki, bizim bu günki real nəticələrimiz nədir, mən bu suala cavab verə bilərəm. Deyək ki, bizim son 3 ildə 9-cu sinifdə hər iki fəndən müsbət nəticə alan şagirdlərimizin sayı 14% artıbdır. Mən hesab edirəm ki, istənilən hesablamada, istənilən müqayisədə bu çox yüksək bir göstəricidir. Yəni 3 ildə 9-cu sinifdə müsbət qiymət alan şagirdlərin sayı 3 ilə 14% artıbdır. Yəni nəzərə alsaq ki, təhsil prosesi və təhsil sistemi dəfələrlə və sıçrayışlarla inkişaf edən sistem deyil, “vektorlarla” inkişaf edən sistemdir, bu, çox yüksək göstəricidir. Və yaxud bu günlərdə böyük müzakirələr gedir ki, məzunların bu il göstərdiyi nəticələr qəbul imtahanlarında keçən illərlə müqayisədə daha yüksəkdir, olimpiyadalar barədə mən sizə dedim. Bunlar hamısı nailiyyətdir. Amma bunlar taktiki nailiyyətlərdir. Düşünürəm ki, biz istənilən siyasətin, təhsil siyasətinin kökündə məqsədimizi bilməliyik və məhz ondan sonra strateji məqsədimizi və ondan sonra həmin o məqsədə aparan addımlarımızı həyata keçirməliyik və həqiqətən o övladların hər biri o strateji məqsədə bizi aparan bir zəncirin bir halqasıdır, və bir vətəndaşdır, bir insandır və mən bunu bu şəkildə qəbul edirəm. Amma mən çalışıram sizə də, tamaşaçılara da o mesajı çatdırım ki, biz ya populist, yəni 1 il, 2 il, bu gün populyar olan qərarları qəbul etməliyik və ya bizi düzgün yola aparan məsuliyyətli qərar qəbul etməliyik. Elə hallar olur ki, bu iki qərar eyni effekt verir və üst-üstə düşür. Yəni sizin qəbul etdiyiniz, misal üçün: Rüşvətxor direktorun və yaxud təhsil hissə rəhbərinin işdən azad edilməsi, yaxud baş verən ədalətsizliyin aradan qaldırılması təbii olaraq sizin həm taktiki, həm də strateji maraqlarınıza cavab verən bir misaldır. Amma yenə də burada mənə belə gəlir ki, təhsil sahəsində gedən müzakirələrdə bir çox hallarda biz səthi yanaşmanı görürük, nəinki dərin təhlilləri. Misal üçün, cəmiyyətdə geniş qəbul olunmuş “700 bal 5-ə bərabərdir” mövzusu. Bir aksioma kimi hamı bundan başlayır ki, 700 bal beşdir. Bunu hamımız bilirik. Deməli 350 bal 2,5-dir. Həqiqət ondan ibarətdir ki, bu tamamilə belə deyil. Bizim hər il minlərlə şagirdlərimiz yalnız 5 alır, onların başqa qiymətləri yoxdur. Buraxılış imtahanlarında da 5 alırlar. Halbuki, 700 bal toplayan şagirdlərimiz bir əldəki barmaq sayı qədərdir, yəni bir neçə nəfərdir. Əslində bu sistem tamamilə fərqli qiymətləndirmə sistemidir. Biz sualı elə qoya bilərik ki, ali təhsildə oxumaq üçün zəruri bilik səviyyəsi, yaxud zəruri bal nədir? O sualı cavablandırmaq daha asandır. Misal üçün, siz o sualı versəniz mən deyəcəm ki, bu ilin imtahanının çətinliyini əsas götürsək, o zaman biz istəyərdik ki, bu ilin balları təxminən 250-300 arasında olsun. Amma biz 150 baldan 250-ə, 300-ə dərhal keçid etsək, onun başqa fəsadları olacaq. Universitetlərdə işsiz qalan müəllimlər, bağlanılan kafedralar, kifayət qədər sayda yetərli olmayan və peşə təhsilinə və yaxud orta ixtisasa gedə bilməyən və yaxud getmək istəməyən vətəndaşlar. Ona görə biz bunu bir ilə etmirik, Mirşahin müəllim, siz dediyiniz kimi universiteti bağlamırıq və ona 5 illik moratorium elan etmirik. Biz onu 150-dən 200-ə qaldırırıq və növbəti il deyəcəyik ki, gəlin 200-dən 220-yə qaldıraq o şərtlə ki, imtahanın çətinliyi bu səviyyədə qalsın. 220-dən 250-yə gedək, 250-dən 300 gedək. Bu il elə fakultələr, elə ixtisaslar var ki, biz orada 300 bal yazmışıq. 6 ixtisas üzrə biz yazmışıq ki, 300 baldan aşağı olmasın. Mühəndis sabah körpü və yaxud bina tikəcək. Mənə fizikanı yaxud riyaziyyatı minimal səviyyədə bilməyən şagird birinci kursda tələbə kimi lazım deyil. Mən ona 4 ilə yox, 14 ilə də yenidən orta məktəbin riyaziyyatını ali təhsildə keçməməliyəm. Ona görə biz o qərarların verilməsində, qərarların icrasının sürətində və mövcud vəziyyətdən istədiyimiz vəziyyətə keçiddə biz “hansı dəyəri ödəməyə hazırıq” sualını verməliyik. 
 
Mirşahin: Orta təhsilin 12 illiyə keçidi cəmiyyətdə müəyyən qədər müzakirə olunan mövzudur. Elə mən bura gələndə, məsələn, bizim işçilərimizdən birinin çox ürəklə, həvəslə və eyni zamanda həyəcanla verdiyi sualdır. Nə verəcək bu 12 illik təhsil bizə? Dala salacaq bizi yoxsa qabağa salacaq bizi? Nə ilə bağlıdır?  
M.Cabbarov: Dünyada 26 ölkə qalıb ki, orada ümumtəhsil müddəti 11 il və yaxud 11 ildən azdır. Dünyanın bütün digər ölkələrində təhsil müddəti 12 ildən çoxdur. Bu sadəcə olaraq bir faktdır. Səbəb nədir və nəyə görə bu artım son 15-20 ildə başlayıb. Bizdə 10 illik ümumtəhsil olubdur. Sizdə də 10 il olubdur. Sonra onu elədilər 11 il və s. Bunun müxtəlif səbəbləri var. Əsas səbəbi ondan ibarətdir ki, dünya ildən-ilə daha rəqabətli olur və s. Siz media akademiyasından kiçik bir misal gətirdiniz. Və bu da bir həqiqətdir. Biz bu gün tam rahatlıqla deyə bilərik ki, indiki məktəb məzunu, orta məktəb məzunu dünyada, Azərbaycanda yox, bir az kənara çıxaq, 20 il bundan öncəki orta məktəb məzunundan daha çox bilir, daha yaxşı öz biliklərini tətbiq edə bilir, daha çox xarici dil bilir, daha çox informatika-kompüter biliklərinə və s. malikdir, daha çox funksional fəaliyyət üçün hazır olan bir məzundur. Növbəti statistika. Bəşəriyyətin yaranmasından 1960-cı ilə qədər yaradılan bütün məlumatın həcmi bu gün hər iki gündən bir yaradılır. Bir daha, Mirşahin müəllim, bu statistikadır, biz buna internetdə, google-da və s. baxa bilərik. Yəni biz daha yüksək sürətli, daha elm tutumlu, daha məlumat yönümlü bir erada yaşayırıq. Və biz cəmiyyət kimi və dövlət kimi buna üstünlük verməliyik. Bir seçim etməliyik -  biz inkişaf etmək istəyirik yoxsa biz istəyirik ki, bizə heç kim toxunmasın və bizim 3 ay yarım yay tətilimiz olsun, 11 illik proqram olsun və s. Burada mühüm bir məsələ də ondan ibarətdir ki, bizim ölkədə 11 illik təhsil və bu təhsil müddəti üçün mövcud olan standartlar, standart nədir -  məzunun malik olmalı bilik və bacarıqlar, misal üçün 13 illik orta təhsili olan Hollandiyanın, Finlandiyanın standartlarından nəinki aşağı  deyil, əksinə yüksəkdir. Yəni biz istəyirik ki, bizim övladlarımız 11 il və ildə 32 həftə oxuyaraq eyni standartlara, eyni bilik və bacarıqlara malik olsun, hansına ki, Holladiyada ildə 40 həftə, 41 həftə və 13 il oxuyan uşaq yiyələnir. İndi mən də ona görə sual verirəm. Sizin fikrinizcə, biz təhsil ilini uzatmaqla və təhsilin müddətini artırmaqla şagirdlərimizin işini asanlaşdırırıq, yoxsa çətinləşdiririk? Mənim fikrimcə, bu asanlaşır. Nəzərə alın ki, bu, dövlətə əlavə vəsait hesabına başa gəlir. Çünki, bunun üçün bizim əlavə müəllimlərimiz olmalıdır, əlavə siniflərimiz yaranmalıdır. İstənilən Avropa ölkəsində və yaxud da inkişaf etmiş Asiya ölkəsində dövlət tərəfindən verilən pulsuz təhsilin müddətinin artırılması hökümət tərəfindən verilə bilən ən populyar qərarlardan biri olar və birmənalı şəkildə seçicilər tərəfindən dəstəklənər. Uğurlu övlad, uğurlu təhsilli övlad həyatda uğur qazana bilən bir vətəndaşdır, bir şəxsdir.Bunu bizim dövlət verməyə hazırdır. Və bu nöqteyi nəzərdən bunun, mənim fikrimcə, düzgün qəbul olunması və düzgün ötürülməsi də mühümdür.   
 
Mirşahin: Uğurlu təhsil, uğurlu övlad, dolayısı ilə uğurlu gələcəkdir sonda uğur dövlətindir. Dövlət öz hesabına xaricdə müəyyən tələblər də oxudur. Onların bir çoxu qayıtmır.Bu sirr deyil.
M.Cabbarov: Bəziləri 
 
Mirşahin: Bir çoxu. Bir çoxu və yox bəziləri. Mən elə əvvəl hazırlaşırdım, soruşum ki, çoxu qayıtmır, sonra fikirləşdim, deyim ki, biraz ədalətsizlik olur, ona görə bir əlavə elədim. Onların qayıtmaması, yəni, əvvəlcə dövlət onları göndərəndə bu riski nəzərə alırmı?
M.Cabbarov: Tələbələrin bəziləri qayıtmır. Qayıtmır nə deməkdir. Qayıtmır o demək deyil ki, onlar siyasi sığınacaq istəyir və orada qalır. Bizdə belə hal yoxdur. Yəni onlar uğurlu iş təklifi alır. Biz tələbələrimizi yüksək təhsil sisteminə malik olan ölkələrə göndəririk. Azərbaycan vətəndaşının, Azərbaycan tələbəsinin, şərti olaraq, Almaniyada, İngiltərədə, Türkiyədə, Amerika Birləşmiş Ştatlarında rəqabətli əmək bazarında uğur əldə etməsi və deyək ki, iş yeri qazanması bu öz-özlüyündə bəlkə də o qədər pis hal deyil. Bizim əsas məqsədimiz ondan ibarətdir ki, biz o kadrları yetişdirək, onlar gəlib ölkənin inkişafına töhfə versin, ya dövlət vəzifəsində, ya özəl sektorda bizim iqtisadiyyata qatılsın, inkişafımızı sürətləndirsin və təmin etsin. Ona görə də bizim burada addımlarımız atılır və hesab edirəm ki, uğurlu addımlarımızı atırıq, biz bu məzunların iş yeri ilə təminatı mövzusunu prioritetlərdən biri kimi seçmişik. Bu ildən başlayaraq biz dövlət proqramı çərçivəsində əmək təcrübələri tətbiq edirik. Azərbaycanda özəl və dövlət şirkətlərində artıq onlar öncədən öz işəgötürənlərini tanıyır. Seçimdə biz buna üstünlük veririk, çünki öncədən seçim olanda, həmin o kadrın “Azərbaycanda sonra harada çalışaçaq” sualı verilmir. Bizim komissiyalar seçimdə baxır kı, bu adamın iş yeri var, yoxsa yoxdur. Biz magistrlara və PHD-lərə daha çox üstünlük veririk, yəni artıq formalaşmış iş yeri olan, öz sahəsində uğur qazanan və müəyyən mənada təkmilləşməyə getmək istəyən insana. Biz əvvəl daha çox bakalavr oxumağa göndərirdik. Bu günki vəziyyət bundan ibarətdir ki, oxumağa göndərdiklərimizin böyük hissəsi qayıdır. Onların təxminən 40 faizi dövlət qurumlarında işləyir. Elə Təhsil Nazirliyində kifayət qədəri işləyir. 
 
Mirşahin: Yəni qalanlara hansısa bir formada nəzarət varmı ki, tutaq ki, adam gəlməyib, Londonda qalıb və ondan istifadə edilirmi?
M.Cabbarov: Onlarla əlaqə var. Onlar itirilmiş kadrlar deyil. Onlar, bəziləri bu gün, bəziləri də gələcəkdə, mən inanıram ki, Azərbaycana yenə də töhfəsini verən kadrlar olacaqlar - iş yerləri yaratmaqla, uğur əldə etməklə. Mənə belə gəlir ki, biz bu məsələyə bir az geniş baxmalıyıq. İstənilən azərbaycanlının, Azərbaycan vətəndaşının beynəlxalq şirkətin idarə heyətində olması, beynəlxalq təşkilatın katibliyində çalışması, vəzifə qazanması mənə belə gəlir ki, bizim ümummilli maraqlara prinsip etibarilə xidmət edə bilən bir məsələdir. Sadəcə olaraq bizim onu düzgün şəkildə istifadə etməyimiz imkanından da asılıdır. 
 
Mirşahin: Təhsil naziri olaraq, Mikayıl Cabbarov ölkənin bütün təhsil ərazisinə - onun hansı faizinə nəzarət edir? Yəni ki, bütün ölkənin təhsil sisteminə təhsil nəzarətinə - ən ucqara qədər Təhsil Nazirliyimizin nəzarət çubuğu gedib çatırmı? 
M.Cabbarov: Bakı şəhəri üzrə Təhsil İdarəsi və Bakı şəhərində yerləşən məktəblər, əlavə olaraq Nazirliyin birbaşa tabeliyində olan az sayda məktəblər Təhsil Nazirliyinin birbaşa tabeliyində fəaliyyət göstərirlər. O ki, qaldı respublikanın digər ərazisində, orada ikili tabeçilikdir, rayon təhsil şöbələri fəaliyyət göstərir. Rayon təhsil şöbələri yerli icra hakimiyyətlərinin və Təhsil Nazirliyinin ikili tabeliyində fəaliyyət göstərir. Bu o deməkdir ki, rayon təhsil şöbələrinin və dolayısı ilə rayonların ərazisində yerləşən məktəblərin tədris, təlim, metodik prosesinə nəzarəti Təhsil Nazirliyi həyata keçirir, digər səlahiyyətləri yerli icra hakimiyyətləri həyata keçirir, biz birgə çalışırıq. 
 
Mirşahin: Uzun illər Azərbaycanda təhsil tənəzzül edən bir sahə kimi təqdim olunub. Bu sirr deyil. Nəzərə alsaq ki, SSRİ-nin dağılmasından sonra bütöv bir dövr oldu ki, orta məktəbdlərdə oxuyan uşaqlar, gənclər və yeniyetmələr hamısı meydanlarda idi, bütöv bir nəsli biz itirdik demək olar ki. Bu adamlar ali məktəbə necə girdilər, necə bitirdilər, onlar necə mütəxəssis oldular, sadəcə olaraq biz onların sonrakı fəaliyyətini bizim başımıza gələn fəsadlarda gördük. Bu gün təhsil naziri Mikayıl Cabbarov əlini ürəyinin üstünə qoyub deyə bilərmi ki, nəhayət Azərbaycan təhsilində bu tənəzzül periodu bitdi və Azərbaycan təhsili artıq stabil inkişaf yoluna qədəm qoydu. Bax belə bir qənaət.
M.Cabbarov: Azərbaycan təhsili müsbət inkişaf vektorundadır. Bizim mübahisələrimiz yalnız bir mövzu barədə ola bilər - biz istədiyimiz kimi sürətlə inkişaf edirikmi? Yoxsa bundan daha tez mümkündür? İrəlilələmək və bundan tez irəliləməyin dəyəri nədir - maddi dəyəri, sosial dəyəri, bəlkə də siyasi dəyəri. Yəni məsələ budur. Azərbaycan təhsili irəliləyirmi və inkişaf edirmi? Bəli, birmənalı şəkildə və bizim bütün göstəricilər bunu təsdiq edir, bunu sübut edir. 
 
Mirşahin: Təfəkkürmü dəyişdi? Təfəkkür dəyişdi, əti sənin, sümüyü mənim deyil.
M.Cabbarov: Təfəkkürün dəyişməsi böyük sürətlə gedir. Və elə hallar, elə vəziyyətlər var ki, biz orada ona nail olmuşuq və dominant təfəkkür, belə demək olarsa, bu günün və sabahın təfəkkürüdür. Elə sahələr var ki, orada biz yenə dünənki “öyrətmək” fəlsəfəsi ilə yaşayırıq. Mən bunu hər zaman “öyrənmək və öyrətmək” dilemması adlandırıram. Biz “öyrətmək” fəlsəfəsi və mədəniyyətindən gələn bir cəmiyyətik. Bunun bir çox səbəbləri var. Yəqin ki, əsas səbəb Sovet İttifaqında olan siyasi quruluş idi. Bizə öyrətməli idilər, bizə o biliyi verməli idilər. Dövlət onu verməli idi ki, biz onu götürək. Lakin bu gün biz öyrənmək dünyasında yaşayırıq, öyrənmək cəmiyyətində yaşayırıq. Və bilik oradadır. Dövlət onu sənin üçün əlçatan edir. Amma sən onu götürməlisən. Qəyyumçuluq psixologiyasından, belə demək olarsa, sahibkarlıq, iddiaçılıq, sözün yaxşı mənasında inkişaf yönümlüyə getməlisən və onu götürməlisən. Ana məsələ budur. Siz dediyiniz misalın ki, bəli, əti sənin, sümüyü mənim, əslində olaraq biz bunu hətta, yüksək təhsilə malik valideynlərdən də eşidirik. Biz bu gün belə qəbul edirik ki, biz övladlarımızı təhvil veririk dövlətə. Dövlət də 11 yaxud fərq eləmir, 12 ildən sonra formalaşmış bir məzun verəcək və biz hamımız eyni olacayıq, bir-birimizə oxşar, amma həqiqət ondan ibarətdir ki, güc fərqlilikdədir. Təhsil sistemi fərdi insanın, fərdi şagirdin ehtiyaclarını və bacarıqlarını nəzərə alaraq onu buraxa bilsə, bu təbii olaraq, uğurlu təhsil sisteminin göstəricisidir. 
 
Mirşahin: Təşəkkür edirəm, Mikayıl müəllim, çox sağ olun. Həm cəmiyyətimizə, həm jurnalistlərimizə geniş və kifayət qədər zəngin material verdiniz. Elə bilirəm ki, bu müsahibəni araşdıracaqlar və bəzi-bəzi postulatlarını uzun müddət müzakirə edəcəklər. Salamat olun, sağ olun. 
M.Cabbarov: Çox sağ olun. Təşəkkür edirəm.
 


8 il əvvəl