21.09.2015 12:11

Təhsil Nazirliyi tərəfindən 2014-cü il ərzində həyata keçirilmiş islahatlar, tədbirlər və yeniliklər

Məktəbəqədər təhsil 
 
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Fond yeni layihəyə-məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramına start verib.
Proqramda ölkə üzrə məktəbəqədər təhsil müəssisələrinin:
- genişmiqyaslı tikintisi;
- yenidənqurulması;
- əsaslı təmirinin dəstəklənməsi nəzərdə tutulur.
Paytaxtın 89 ümumi təhsil müəssisəsində məktəbəqədər hazırlıq qrupları fəaliyyətə başlayıb. Qruplar uşaqların tədrisə hazırlıqlı başlaması və müəyyən bilikləri əldə etməsi məqsədlərinə xidmət edir.
“Məktəbəqədər təhsilin proqramı (kurikulumu)”nın tətbiqi üzrə məktəbəqədər təhsil müəssisələrinin 3093 pedaqoji işçisi üçün öyrədici təlimlər keçirilıb. 2015-ci ildə təlimlər bütün məktəbəqədər təhsil müəssisələrinin pedaqoji işçiləri üçün təşkil olunacaqdır. 
 
Ümumi təhsil
 Ümumi təhsil sahəsində həyata keçiriləcək islahatların əsas prioritetlərinə uyğun olaraq, sağlam və səmərəli təhsil mühitinin yaradılması, təhsilin keyfiyyətinin yüksəldilməsi və məktəblərin idarəedilməsinin müasir tələblər səviyyəsinə çatdırılması istiqamətlərində fəaliyyət 2014-cü il ərzində də uğurla davam etdirilib.
2014-2015-ci tədris ilindən “Sağlam təhsil-sağlam millət” layihəsi çərçivəsində ölkəmizin 6 ümumi təhsil məktəbində 15 pilot “Sağlam təhsil sinfi” fəaliyyət göstərir.
“Sağlam təhsil-sağlam millət” layihəsinin məqsədi təhsilalanların təlim nailiyyətlərini yüksəltməklə yanaşı, tədris şəraitindən irəli gələn hərəkət məhdudiyyətini və digər amilləri aradan qaldırmaq, onların sağlamlığını qorumaqdan ibarətdir. Bütün bunlar nəticədə sağlam Azərbaycan vətəndaşının yetişdirilməsinə xidmət edir.
Təhsil Nazirliyinin sifarişi ilə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda, Azərbaycan Respublikası təhsil nazirinin “Təhsilalanların sağlamlığının qorunması və təlim nailiyyətlərinin yüksəldilməsi sahəsində təhsil texnologiyalarının tətbiqi üzrə işçi qrupunun yaradılması haqqında” əmrində qarşıya qoyulan məqsədlərin reallaşdırılması üçün “Oturaq həyat tərzi-sivilizasiyanın xəstəliyi” adlı elmi-kütləvi film Azərbaycan dilinə tərcümə edilərək ümumi təhsil, ilk-peşə və orta ixtisas, eləcə də ali təhsil müəssisələrinə paylanılıb, ictimaiyyətə təqdim olunub.
10 000 şagirdin sağlamlıq vəziyyətinin tibbi-gigiyenik və psixoloji-pedaqoji monitorinqi keçirilir.
Fizika-riyaziyyat və informatika təmayüllü liseydə İnformatika üzrə Olimpiada Mərkəzi açılıb. Olimpiada Mərkəzinin yaradılmasının əsas məqsədi istedadlı şagirdlərin seçilib inkişaf etdirilməsi və şagirdlərin olimpiadalara mütəşəkkil və davamlı şəkildə hazırlanmasının təşkilindən ibarətdir.
Təhsil Nazirliyi tərəfindən Dərslikləri Qiymətləndirmə Şurasının müsabiqə əsasında yeni tərkibi formalaşdırılıb.
2014-cü ildə il ilk dəfə olaraq, Azərbaycanda maksimum adda və sayda–271 adda 7,8 milyon ədəd dərslik çap olunub. Bəzi siniflər üçün tam yeni, qalanları üçün təkrar nəşr olan bu kitablar vaxtında bütün məktəblərə çatdırılıb.
Növbəti dərs ili üçün VIII sinif dərsliklərinin hazırlanması üzrə tender bir il əvvəl elan edilib. Tender proseduru üzrə təqdim edilən və qalib gələn dərsliklər məhdud sayda çap edilərək 2015-ci ilin yanvar-may aylarında pilot məktəblərdə sınaqdan keçiriləcək. İrad və təkliflər nəzərə alındıqdan sonra çap edilib növbəti dərs ilinin başlanmasından xeyli əvvəl məktəblərə paylanacaqdır.
Həmçinin, növbəti tədris ili üzrə IV sinif dərslikləri əsaslı şəkildə təkmilləşdirilərək çap ediləcək, ümumi təhsil məktəblərinin IX sinifləri üçün bir il əvvəlcədən dərsliklərin hazırlanması üzrə tender elan ediləcək. Həmin dərsliklər 2016-2017–ci dərs ilindən istifadəyə veriləcək.
Dərsliklərin satış məqsədilə çap edilməsindən əldə edilən gəlirin istifadəsi məsələlərinin tənzimlənməsi barədə müvafiq qərara əsasən, dərsliklərin əlavə nəşrindən Təhsil Nazirliyinin hesabına daxil olan vəsaitin 50 faizinin dərslik müəlliflərinə ödənilməsi nəzərdə tutulub.
“Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin yerdəyişməsi və işə qəbulu Qaydaları”na müvafiq olaraq hazırda işləyən müəllimlərin bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişməsi ilk dəfə olaraq Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə həyata keçirilib. İş yerini dəyişmək üçün 1149 nəfər müəllim elektron ərizə verib, yekun nəticəyə əsasən 96 nəfər iş yerini dəyişmək hüququ qazanıb.
2014-2015-ci tədris ilində ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələrinə əsasən, ümumilikdə 1692 nəfər işə qəbul olunub ki, onlardan 1405 nəfərinə (83%) həvəsləndirmə tədbirləri tətbiq edilib. Vakansiyaların tutulma səviyyəsi ötən dərs ilinə nisbətən 40 faiz artıb.
Təhsil Nazirliyinin təklifləri nəzərə alınaraq, Nazirlər Kabinetinin qərarı ilə “Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 aprel tarixli 67 nömrəli qərarında dəyişikliklər edilib.
Cari ildə kənd məktəblərində ciddi ehtiyac olan kimya, fizika, biologiya və coğrafiya fənləri üzrə işə qəbul olunanların sayında ciddi artım olub. Belə ki, coğrafiya fənni üzrə 230, fizika fənni üzrə 175, biologiya fənni üzrə 161, kimya fənni üzrə 89 nəfər işə qəbul olunub.
Məktəb direktorları və məktəb direktoru olmaq arzusunda olan digər şəxslər üçün müasir peşə standartları əsasında təlimlər təşkil olunub. Təlimlərdən uğurla keçmiş və keyfiyyət sertifikatı almış 15 nəfər paytaxtdakı ümumi təhsil müəssisələrinə direktor təyin olunub. Artıq ümumi təhsil müəssisələrini əhatə edən ikinci müvafiq təlimə start verilib. Belə ki, ümumi təhsil məktəblərində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) və laborant vəzifələrinə işə qəbul olunmaq üçün keçirilən müsabiqə davam etməkdədir.
Ölkəmizdə ilk dəfə olaraq Bakı şəhərinin ümumi təhsil məktəblərində çalışan 28 758 müəllimin sınaq qiymətləndirilməsi həyata keçirilib. Sınaq qiymətləndirilməsinin ölkəmizin bütün regionlarını əhatə etməsi nəzərdə tutulub.
2014-2015-ci tədris ilindən ölkəmizin ümumi təhsil müəssisələrində pedaqoji kadrlara olan tələbat nəzərə alınaraq, yenidənhazırlanma təhsili üzrə ixtisasların sayı artırılıb və yeni ixtisaslar üzrə müəllim hazırlıqlarına başlanılıb. Bunlar riyaziyyat-informatika, kimya-biologiya, tarix-coğrafiya ixtisaslarıdır.
Təhsil nazirinin əmri ilə “Müəllimlərin etik davranış qaydaları” təsdiq edilib. Qaydalara əsasən, 2014-2015-ci tədris ilində yeni işə qəbul olunan pedaqoji işçilər “Müəllim andı” içərək fəaliyyətə başlayıblar.
Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar təsdiq olunub. Yeni qaydalara əsasən, dörd və daha artıq fəndən illik “qeyri-kafi” qiymət alan, habelə dərs məşğələlərinə gəlmədiyi üçün biliyi qiymətləndirilməyən V-VIII və X sinif şagirdləri təkrar sinifdə saxlanılacaq. Üç fəndən illik “qeyri-kafi” qiymət alan V-VIII və X sinif şagirdlərinə isə həmin fənlərdən yay tapşırıqları veriləcək. Həmin şagirdlər avqustun 25-dən sentyabrın 10-dək təkrar imtahan verməklə növbəti sinfə keçə biləcəklər. Yay-tədris tapşırığı verilən fənlərin hər hansı birindən “qeyri-kafi” qiymət alan şagird təkrar sinifdə saxlanılacaq. İbtidai sinif şagirdləri isə uzunmüddətli xəstəlik və yaxud məktəbdən yayınma səbəbindən təkrar sinifdə saxlanıla bilərlər. Bundan başqa, ikinci yarımildə bu və ya digər fəndən “qeyri-kafi” qiymət alan şagirdə həmin fəndən müsbət illik qiymət verilə bilməz. Özlərindən asılı olmayan səbəblərdən xarici dil, informatika, fiziki tərbiyə, musiqi, nəğmə, rəsmxətt fənləri üzrə şagirdlərin biliyinin qiymətləndirilməməsi isə onların yuxarı sinfə keçməsinə təsir etməyəcək.
6 nömrəli məktəb-liseydə Beynəlxalq Bakalavriat Proqramının (BBP) ilk buraxılışı olub. BBP dünyanın 130-dan çox ölkəsi və 2500 universitet (Oksford, Harvard, Kembric, Yel və digər universitetlər) tərəfindən tanınır.
Təhsil Nazirliyinin dəstəyi ilə orta məktəblərdə mühəndisliyi təşviq edən seminarlar keçirilib. “BP-Azerbaijan” şirkətinin yeni təşəbbüsü Bakının orta məktəblərindən seçilmiş 200-ə yaxın yuxarı sinif şagirdini əhatə edib.
2014-2015-ci tədris ilindən ümumi təhsil məktəblərinin VIII siniflərində “Qarabağın tarixi” adlı fakültativ kurs tədris olunur. Fakültativ kursun proqram və tədris vəsaiti çap olunaraq məktəblərə çatdırılıb.
2014-cü ilin fevral-may aylarında rayon və şəhərlərdəki ümumi təhsil məktəblərinin XI sinif şagirdləri üçün Heydər Əliyev mərkəzlərində “Müstəqil Azərbaycan tarixi” mövzusunda əlavə dərslər tədris olunub.
Təhsil Nazirliyi “Məktəb qəhrəmanları ilə tanınır” adlı yeni layihəyə start verib.
Layihənin məqsədi müasir təhsili milli-mənəvi dəyərlərimiz fonunda inkişaf etdirmək, şagirdlərə vətənpərvərlik ruhu aşılamaq, qəhrəmanlıq ənənələrini formalaşdırmaq və Milli Qəhrəmanlarımızı yaddaşlarda yaşatmaqdan ibarətdir.
Təhsil Nazirliyinin təşəbbüsü ilə riyaziyyat və təbiət elmləri üzrə fənn müsabiqələrinə start verilib.
Təhsil Nazirliyi tərəfindən 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə “Gələcək - müəllimin əsəridir” mövzusunda ən yaxşı telesüjet müsabiqəsi keçirilib.
Müsabiqə təhsil sahəsində insan resurslarının inkişaf etdirilməsi, “peşəkar müəllim” obrazının yaradılması, müəllim peşəsinin nüfuzunun artırılması, ucqar kənd məktəblərində çalışan gənc müəllimlərin peşə fəaliyyəti ilə bağlı pozitiv ictimai rəyin formalaşdırılması, peşə fəaliyyətinə yeni başlayan müəllimlərin müsbət təcrübəsinin yayılması, gənc müəllimlərin kənd məktəblərində işləməyə həvəsləndirilməsi məqsədilə təşkil olunub. Müsabiqənin nəticələrinə əsasən, qaliblər qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Təhsil Nazirliyi “Kiçikyaşlı məktəblilər üçün ən yaxşı nəsr, nəzm və dram əsərləri” adlı müsabiqə elan edib.
Müsabiqənin keçirilməsində əsas məqsəd yaş psixologiyası nəzərə alınmaqla, kiçikyaşlı məktəblilərə mənəvi zənginlik, vətənpərvərlik, milli və ümumbəşəri dəyərlər, emosional və idraki keyfiyyətlər aşılayan, onların bədii zövqünün inkişafını şərtləndirən ədəbi əsərlərin yazılmasını stimullaşdırmaqdan ibarətdir.
Təhsil Nazirliyi şagirdlərdə mütaliə mədəniyyətinin və oxuya motivasiyanın yüksəldilməsi məqsədilə yeni layihənin həyata keçirilməsinə başlayıb.
Layihənin əsas qayəsi təhsil müəssisələrinin nəzdində mütaliə edən icmanın yaradılması vasitəsilə şagirdlərdə oxuya marağın artırılması, məktəblilərin bədii ədəbiyyat, sənədli əsər və digər mətn növləri ilə tanış olması üçün şəraitin yaradılmasından ibarətdir.
Layihə çərçivəsində şagirdlər və müəllimlər arasında oxunan ədəbiyyatın, müxtəlif mətn növlərinin müzakirə yolu ilə dəyərləndirilməsi, mübadiləsi, şagirdlərdə reflektiv oxu vərdişlərinin yaradılması nəzərdə tutulur. Həmçinin, şagirdlərdə müasir İKT vasitələrindən istifadə etməklə səmərəli axtarış və dəyərli paylaşma mədəniyyətinin formalaşdırılması və təbliğinə nail olunması layihənin əsas hədəfləri sırasındadır.
Bakıda 52 ümumi təhsil məktəbinin 104 əmək kabineti müasir tələblərə cavab verən avadanlıqlarla təmin olunub.
Heydər Əliyev Fondunun gördüyü işlər nəticəsində internat məktəblərinin bir çoxu əsaslı tikinti və yenidənqurmadan sonra yeni görkəm alıb. Hazırda Bakı şəhərində yerləşən 3 internat məktəbində əsaslı təmir və tikinti işləri aparılır, 4 internat məktəbində isə 2015-ci ildə təmir işlərinin başlanılması nəzərdə tutulur.
Təhsil Nazirliyi tərəfindən internat və idman məktəblərinə 7 ədəd “Hyundai County” markalı avtobus verilib.
Həmin nəqliyyat vasitələri ilə uşaqların Bakı şəhərində, eləcə də bölgələrdə yerləşən tarixi abidə və muzeylərə ekskursiyalara və əyləncə məkanlarına aparılması təşkil olunur.
İnternat məktəblərində təlimin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə I-IV siniflər üzrə yeni tədris proqramları hazırlanıb. Kiçik yaş qrupunda sağlamlıq imkanları məhdud olan uşaqlar üçün yeni dərslik və “Loqopedik albom” çap olunub, pedaqoji heyət üçün kurikulum təlimləri keçirilib.
Təhsil müəssisələrinin İKT avadanlıqları ilə təminatı:
Təhsil müəssisələrinə:
·             6000 ədəd kompüter;
·             3000 ədəd notebook;
·             700 ədəd proyektor;
·             1377 ədəd elektron lövhə verilib.
·             200 təhsil müəssisəsi genişzolaqlı internet xəttinə qoşulub.
-         900 nəfər təhsil sisteminin inzibati idaretmə heyəti işçiləri üçün İKT üzrə savadlılığın artırılmasına yönəldilmiş treninqlər keçirilib;
-         650 nəfər “1 şagird : 1 kompüter” təhsil modelinin ümumi təhsil müəssisələrində reallaşdırılmasına yönəlmiş treninqlərə cəlb olunub;
-         700 nəfər təhsildə İKT, müasir təlim strategiyaları və layihə metodikasının istifadəsi üzrə treninqlərə cəlb olunub;
-         450 nəfər müəllim və inzibati idarəetmə heyəti işçiləri İKT-nin tədrisə tətbiqi üzrə mentorluq treninqlərinə cəlb edilib;
-         1200 nəfər ibtidai siniflərdə dərs deyəcək müəllim tədris prosesində interaktiv texnologiyalardan və elektron məzmundan istifadə üzrə treninqlərə cəlb olunub;
-         375 nəfər üçün Milli Təhsil Məlumat Bazasının istifadəsi üzrə treninqlər keçirilib.
Elektron dərslik portalı (www.e-derslik.edu.az) istifadəyə verilib. Portal təhsilalanların dərslikləri elektron formatda oxumasına imkan yaradır. Məktəblilər portal vasitəsilə istənilən vaxt və məkanda dərsliklərə müraciət edə biləcəklər. Bu sistem təhsilalanların dərsliklərdən istifadəsində mobilliyi artıracaq, onların öyrənmə psosesinin fərdiləşməsinə şərait yaradacaqdır.
Təhsil Nazirliyi tərəfindən elektron resursları bir mənbədə cəmləşdirmək üçün www.e-resurs.edu.az portalı yaradılıb. Portal vasitəsilə hər bir istifadəçi elektron dərsliklər, video dərslər, müsabiqələr, elektron tapşırıqlar, müxtəlif oyunlar və digər bu kimi təhsil resurslarına çıxış əldə edə bilər.
2014-cü ildə Təhsil Nazirliyinin sifarişi ilə 3 dövlət təhsil müəssisəsi tikilib, 2 təhsil müəssisəsində əsaslı təmir işləri aparılıb, 94 tədris ocağı isə cari təmir edilib.
2015-ci ildə 92 təhsil müəssisəsi üçün yeni binanın tikintisi, 64 təhsil müəssisəsinin binasının əsaslı təmir olunması və 50 təhsil müəssisəsinin binasında isə cari təmir işlərinin aparılması nəzərdə tutulub.
 
İlk peşə-ixtisas təhsili
 Peşə təhsilinin inkişafının əsas prioritet olduğunu nəzərə alınaraq, bu il ilk-peşə ixtisas təhsili müəssisələrinə qəbul planı ilk dəfə olaraq, əmək bazarının tələbləri araşdırılaraq tərtib edilib.
İlk peşə-ixtisas təhsili müəssisələrinin infrastrukturunun inkişafına yönəlmiş və dövlət-biznes partnyorluğuna əsaslanan “Müasir Azərbaycan Peşəkarları” layihəsi çərçivəsində pilot ilk peşə-ixtisas təhsili müəssisəsinin bazasında müasir resurs mərkəzlərinin yaradılması prosesi davam etdirilir.
Təhsil Nazirliyi tərəfindən kənd təsərrüfatı sahəsi üzrə ixtisaslaşmış ilk peşə-ixtisas təhsili müəssisələrinin maddi-texniki və tədris bazasının müasir tələblərə uyğunlaşdırılması məqsədilə yeni texnika, avadanlıq, əyani və texniki vasitələrin alınması prosesinə start verilib.
Belə ki, İsmayıllı Peşə Tədris Mərkəzi, Balakən 1 nömrəli Peşə Məktəbi, Cəlilabad Peşə Liseyi, Bərdə Peşə Liseyi, Quba Peşə Liseyi, Şamaxı Peşə Liseyi, Göyçay Peşə Liseyi üçün 6 traktor, 4 otbağlayan, 7 traktor qoşqusu, 5 kotan, 6 toxumsəpən, 3 otbiçən, 3 taxıl və qarğıdalı yığan kombayn, 3 dərmançiləyici, 2 gübrəsəpən, 1 yemüyüdən texnika alınıb. İlk peşə-ixtisas təhsili müəssisələrinə sonuncu dəfə müvafiq texnika, avadanlıq, əyani və texniki vasitələr 25-30 il əvvəl verilib.
Avtomobil nəqliyyatı ixtisası üzrə kadr hazırlayan ilk-peşə ixtisas təhsili müəssisələrinə 11 ədəd “Renault Logan” markalı nəqliyyat vasitəsi verilib.
Ölkəmizin müstəqillik tarixində ilk dəfə olaraq belə bir təşəbbüs irəli sürülüb. Təlim üçün nəzərdə tutulmuş Avropa istehsalı olan bu avtomobillər 1600 kub/sm mühərrik və 5 pilləli mexaniki sürət qutusu ilə təchiz edilib.
Bütün bunlar müvafiq sahədə fəaliyyət göstərən ilk-peşə ixtisas təhsili müəssisələrinin maddi-texniki bazasının müasir tələblərə uyğunlaşdırılması, mütəxəssis hazırlığı işinin səmərəliliyinin artırılması məqsədlərinə xidmət edir.
“Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında Peşə Tədris Mərkəzinin yaradılması layihəsi üçün İqtisadi İnkişaf Əməkdaşlıq Fondundan alınan kreditə dair razılaşma” və “Azərbaycan Respublikası Hökuməti və Koreya İxrac-İdxal Bankı arasında Peşə Tədris Mərkəzinin yaradılması layihəsi üçün Kredit Sazişi” imzalanıb.
Layihənin büdcəsi 39,28 milyon ABŞ dolları təşkil edir. Bu vəsaitin 22 milyonu Koreya İqtisadi İnkişaf və Əməkdaşlıq Fondu tərəfindən maliyyələşdiriləcəkdir.
Təhsil Nazirliyi və Roqaland Təlim və Təhsil Mərkəzi Fondu arasında “Azərbaycanda Peşə Təhsili və Təliminin İnkişafı və Gücləndirilməsi” üzrə Əməkdaşlıq Memorandumu imzalanıb. Bu layihə çərçivəsində pilot olaraq bir neçə peşə məktəbində yeni idarəetmə modelinin tətbiqi, tədris materiallarının hazırlanması, mühəndis-pedaqoji heyət üçün yeni ixtisasartırma, yenidənhazırlanma və ixtisasdəyişmə modelinin tətbiqi, normativ-hüquqi bazanın təkmilləşdirilməsi sahəsində birgə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Təhsil Nazirliyi ilə Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) arasında Anlaşma Memorandumu imzalanıb. Memorandum sahibkarlarla Təhsil Nazirliyi arasında əlaqələrin daha da inkişaf etdirilməsi, özəl sektorda çalışan sahibkarlarla sosial partnyorluğun yaradılması, iqtisadiyyatın sürətli inkişafı şəraitində yeni texnologiyaları mənimsəmiş kadrların hazırlanmasında birgə fəaliyyəti nəzərdə tutur.
Təhsil Nazirliyi ilə “Azərbaycan Polad İstehsalı Kompleksi” Qapalı Səhmdar Cəmiyyəti arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Memorandumun imzalanmasında məqsəd 2014-cü ilin Azərbaycan Respublikasında “Sənaye ili” elan edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin sərəncamına uyğun olaraq, metallurgiya sənayesinin kadr potensialının gücləndirilməsinə və inkişafına nail olunmasını dəstəkləməkdən ibarətdir. Həmçinin, razılaşma “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq, ölkədə insan kapitalının inkişafı, iqtisadiyyatın qlobal məkana uğurlu inteqrasiyası və ölkənin beynəlxalq rəqabətdən daha səmərəli faydalanması kimi strateji vəzifələrin həyata keçirilməsinə təkan verməyə xidmət edir.
 İlk peşə-ixtisas təhsili müəssisələri üçün müasir idarəetmə bilik və bacarığına yiyələnmiş, informasiya texnologiyalarına bələd, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək direktorlar yetişdirmək və onların bacarıqlarını təkmilləşdirmək məqsədilə “Liderlik və idarəetmə” təliminə başlanılıb. Təhsil Nazirliyi, “Allianz Consult” MMC və “GİZ” Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti tərəfindən birgə təşkil edilən ilk peşə-ixtisas təhsili müəssisələrinin direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusunda olan kadrlar üçün təlimin iştirakçıları müsabiqə əsasında müəyyənləşdirilib.
Təlimlər yalnız Bakı şəhərində fəaliyyət göstərən ilk peşə-ixtisas təhsili müəssisələrini əhatə edir. Təhsil Nazirliyi tərəfindən təşkil olunan imtahanlarda “Uğur sertifikatı” əldə edən və hazırda ilk peşə-ixtisas təhsili müəssisəsinin direktoru vəzifəsində çalışan şəxslərin işlərində səmərəliliyin artırılması üçün müəyyən həvəsləndirmələr tətbiq olunacaq. Hazırda direktor vəzifəsində çalışmayan şəxslər isə direktor vəzifəsi üzrə vakant yerlərə təyin olunmaq üçün ehtiyat kadr kimi qeydə alınır.
 
Orta ixtisas təhsili
Orta ixtisas təhsili müəssisələrində son illərdə real tələbata əsaslanmadan artırılmış qəbul yerlərinin sayı keçən tədris ilinə nisbətən azaldılaraq, 15 667 yerdən 11 266 yerə endirilib.
Qiyabi təhsil forması üzrə kolleclərə tələbə qəbulu planı əvvəlki tədris ilinə nəzərən 4,1 dəfə azaldılıb, “ibtidai sinif müəllimliyi” və “informatika müəllimliyi” ixtisasları qəbul planından çıxarılıb. Kolleclərə “məktəbəqədər təlim və tərbiyə” ixtisası üzrə qəbul yerləri əvvəlki tədris ilinə nisbətən 38 faiz az planlaşdırılıb.
Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunmuş “Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na və Təhsil Nazirliyinin müvafiq əmrinə uyğun olaraq, 2014-2015-ci tədris ilindən tələbələr kredit sistemi əsasında təhsil alır. Bununla bağlı bütün zəruri hazırlıq işləri aparılıb, 115 ixtisas üzrə kredit sisteminə əsaslanmış təhsil proqramları hazırlanaraq tətbiq edilib.
“Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasına uyğun olaraq regional kolleclərin yaradılması işinə başlanılıb. Nazirlər Kabinetinin müvafiq qərarları ilə Masallı Dövlət Regional Kolleci, eləcə də İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci yaradılıb.
Texniki istiqamətli kolleclərdə müəllimlik ixtisasları tələbə qəbulu planından çıxarılıb.
Təhsil Nazirliyi tərəfindən 2014-cü ildə ali təhsil sahəsində həyata keçiriləcək islahatların əsas prioritetləri qəbul olunub.
Əsas prioritetlər sırasında SABAH (savadlı, bacarıqlı, hazırlıqlı) qruplarının təşkili, ali təhsil müəssisələrinin fəaliyyətinin effektivliyinin təmin olunması, tələbə qəbulu planının formalaşdırılmasına dair yanaşmaların təkmilləşdirilməsi, dövlət sifarişində iştirak edəcək universitetlərin seçim meyarlarının hazırlanması, ölkə iqtisadiyyatının inkişaf səviyyəsinə cavab verən müasir kadr hazırlığının təmin edilməsi, habelə ali təhsil proqramlarının (standartlarının) Avropa məkanında tətbiq olunan müvafiq sənədlərə uyğunlaşdırılması məqsədilə tədris proqramlarına (standartlarına) yenidən baxılması, Bolonya prosesinin tətbiqi üzrə univesitetlərarası komitənin yaradılması, abituriyentlərin peşəyönümlü ixtisas seçimi mexanizminin formalaşdırılması, orta məktəblərin, ilk peşə və orta ixtisas təhsili müəssisələrinin müvafiq ali təhsil müəssisələrinə təhkim edilməsi, aztəminatlı gənclərin ali təhsil almaq imkanlarının artırılması üçün pilot qaydasında təhsil kreditlərinin tətbiqinə başlanılması, ali təhsil müəssisələrinin fəaliyyətini tənzimləyən normativ bazanın təkmilləşdirilməsi və korporativ idarəetmə prinsiplərinin tətbiqi, dövlət ali təhsil müəssisələrində maliyyə hesabatlılığı sisteminin tətbiqinin genişləndirilməsi, ali təhsil müəssisələrinin akkreditasiya sisteminin yaradılması kimi məsələlər əsas yer tutur.
“Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair müvəqqəti Qaydalar” qəbul edilib. Bu qaydalara əsasən, ali təhsilin bakalavriat səviyyəsində tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi, ixtisasının və təhsilalma formasının dəyişməsi, tələbələr sırasına bərpası və akademik məzuniyyətdən qayıtması qış və yay tətili dövründə həyata keçiriləcək. İndiyədək isə bu prosesləri ildə bir dəfə həyata keçirmək mümkün idi.
Azərbaycan Respublikasının Prezidenti “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərclərinin ödənilməsi haqqında” sərəncam imzalayıb.
Təhsil uğurları ilə seçilən tələbələrlə görüş keçirilib. Görüşdə Azərbaycanın 22 universitetinin təhsil uğurları ilə seçilən tələbələri iştirak edib.
Ölkənin 7 ali məktəbində 33 ixtisas üzrə SABAH qrupları fəaliyyətə başlayıb. 688 tələbənin təhsil aldığı bu qruplarda 158 müəllim dərs deyir. Tələbələrdən 200-ə yaxını yataqxana ilə təmin olunub. Layihənin əsas hədəfi ali təhsilin yeni inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi, tədrisin təşkilində mütərəqqi forma və metodları tətbiq etməklə keyfiyyətin yüksəldilməsidir.
Təhsil Nazirliyinin təşkilatçılığı ilə ilk dəfə 1-ci SABAH Forumu keçirilib. İkigünlük forumda ölkənin müxtəlif ali təhsil müəssisələrinin SABAH qruplarında təhsil alan 250 nəfərə yaxın tələbəsi iştirak edib.
Forumun keçirilməsində əsas məqsəd ölkə təhsilinin strateji hədəfləri barədə ətraflı məlumatların verilməsi, müasir dövrün tələblərinə uyğun yüksək biliyə malik cəmiyyətin qurulmasında tələbələrin rolunun müəyyənləşdirilməsi, tələbələr arasında dialoqun yaradılmasından ibarətdir.
Ali təhsilin bakalavriat və magistratura səviyyələrinə 2014-2015-ci tədris ili üzrə tələbə qəbulu planında bir sıra mühüm yeniliklər tətbiq olunub.
2013-2014-cü tədris ilinin faktiki qəbuluna nisbətən Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrinə cari tədris ili üçün qəbul planı 12,9 faiz artırılıb. Qiyabi təhsil forması üzrə plan 2 dəfədən çox azaldılaraq bu yerlərin hesabına əyani tələbə qəbulu planı artırılıb.
Ali təhsil müəssisələrində magistratura səviyyəsi üzrə qiyabi təhsil forması nəzərdə tutulmayıb. Bakalavriat buraxılışı olmayan ixtisasların magistratura səviyyəsinə plan yerləri ayrılmayıb.
Təhsil, texniki və texnoloji, eləcə də kənd təsərrüfatı ixtisaslarına dövlət sifarişi yerləri artırılıb. Kənd təsərrüfatı ixtisas qrupuna daxil olan ixtisaslara qəbul yalnız dövlət sifarişi əsasında aparılıb.
2014-2015-ci tədris ilindən etibarən ali təhsilin bakalavriat səviyyəsində məzunun bilik, bacarıq və vərdişlərinə qoyulan kompetensiyaları özündə əks etdirən 138 ixtisas üzrə yeni nəsil təhsil proqramlarının və buna müvafiq hazırlanmış tədris planlarının tətbiqinə başlanıb. Müəllim hazırlığı aparılan ali təhsil müəssisələrində qoşa ixtisaslar (riyaziyyat və informatika, kimya və biologiya, tarix və coğrafiya) üzrə kadr hazırlığı 5 illik tədris planları əsasında aparılacaq.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “2014-2015-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında” sərəncamına uyğun olaraq, 102 nəfər ən yüksək nəticə göstərmiş tələbəyə Prezident təqaüdü verilib.
“Gələcəyin müəllimi təqaüdü” pedaqoji kadr hazırlığı aparılan ali təhsil müəssisələrinə qəbul imtahanlarında 500 və daha yüksək bal toplayan, ixtisas seçimində birinci və ya ikinci yerdə müəllimlik ixtisasını qeyd edən 300 tələbəyə şamil olunub. Təqaüdün təsis edilməsi peşəkar bilik və kompetensiyalara malik pedaqoji kadrların hazırlanmasına, müəllim peşəsinin nüfuzunun yüksəldilməsinə xidmət edir.
Ölkəmizdə ilk dəfə olaraq Azərbaycan Dövlət İqtisad Universitetində İnnovativ Biznes-İnkubatoru yaradılıb. Layihənin əsas missiyası gənc menecer və sahibkarların yetişdirilməsi, tələbə və gənclərin biznesə cəlb edilməsidir.
Layihənin əsas hədəfi tələbə startapçılara bizneslərinin qurulmasında dəstək göstərmək və innovativ iqtisadiyyatın inkişafina töhfə verməkdən ibarətdir.
“Universitet qrantı” müsabiqəsinə start verilib. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun elan etdiyi müsabiqəyə Təhsil Nazirliyi təşkilati dəstək göstərir. Müsabiqənin təşkilində məqsəd ölkənin bir sıra ali təhsil müəssisələrində aparılan elmi araşdırma və tədqiqatlarla bağlı layihələrin qrantlar yolu ilə maliyyələşdirilməsidir.
Təhsil Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində 8-ci Azərbaycan Beynəlxalq “Təhsil” və 8-ci Azərbaycan Beynəlxalq “Karyera” sərgiləri keçirilib. Dünyanın 20 ölkəsindən 122 iştirakçının qoşulduğu sərgiyə Təhsil Nazirliyi SABAH qruplarına aid materialların nümayiş olunduğu pavilyonla qatılıb. Ölkəmizin 10 ali təhsil müəssisəsi də sərgidə iştirak edib.
Heydər Əliyev Mərkəzi və Təhsil Nazirliyi tərəfindən ali təhsil müəssisələrinin tələbələri arasında “Heydər Əliyev və Azərbaycan tarixi” adlı ümumrespublika bilik yarışı keçirilib.
Layihə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinin dərindən öyrənilməsi, ulu öndərin irsinin təbliği məqsədi daşıyır. Yarışda ölkənin ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələri üzrə əyani təhsil alan tələbələrdən ibarət komandalar iştirak edib.
Milli Elmlər Akademiyasının təşkilatçılığı, Təhsil, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə "Bakı Elm Festivalı" keçirilib.
Ölkəmizdə ilk dəfə olaraq keçirilən elm festivalı elmi nailiyyətlərin təbliği məqsədinə xidmət edib. Festivalda elmin inkişafı və qarşıda duran vəzifələr müzakirə olunub.
Azərbaycan alimlərinin I qurultayı keçirilib. Qurultay Azərbaycan Milli Elmlər Akademiyası, Təhsil, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri tərəfindən birgə təşkil olunub.
 
Xaricdə təhsil üzrə Dövlət Proqramı 
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində seçilmiş ali təhsil müəssisələrinin və xaricdə təhsil proqramının prioritet ixtisas istiqamətlərinin siyahıları əvvəlki illərlə müqayisədə 2014-cü ildə daha tez təsdiq olunub.
2014-2015-ci tədris ilində azərbaycanlı gənclərə Dövlət Proqramı çərçivəsində dünyanın 33 ölkəsinin 544 ali təhsil müəssisəsində təhsil almaq məqsədilə müraciət etmək imkanı verilib.
Dövlət Proqramı çərçivəsində namizədlərlə tam şəffaf şəkildə təhsil alacaqları dildə ali təhsil müəssisələrinin, nazirliklərin, qeyri-hökumət təşkilatlarının əməkdaşlarından ibarət tərkibdə komissiyalar tərəfindən müsahibələr aparılıb və obyektiv seçim edilib.
Dövlət Proqramına 2014-2015-ci tədris ili üçün namizədlərin seçimi prosesində şəffaflığın təmin olunması məqsədilə müsahibə zamanı ilk dəfə audio-video çəkiliş aparılıb.
Yüksək rəqabət mühitində keçən seçim prosesində ötən illərə nisbətən fərqləndirici akademik göstəricilərə sahib olan tələbələrin sayı daha çox olub. Dövlət qurumlarının və ali təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə keçirilən müsahibələr nəticəsində 572 tələbənin adı dünyanın nüfuzlu ali məktəblərində təhsil almaq hüququ qazanmış proqram təqaüdçüləri siyahısına daxil edilib.
Dövlət Proqramının əsas məqsədi qısa perspektivdə ölkəmizin yüksək rəqabət qabiliyyətli kadrlara olan tələbatını ödəmək olduğundan bu ilki seçimlərdə bakalavriatdan sonrakı təhsil səviyyələrinə üstünlük verilib. Belə ki, seçimlər nəticəsində 309 nəfər magistratura, 44 nəfər doktorantura, 65 nəfər rezidentura təhsili almaq hüququ qazanıb.
Ölkəmiz üçün prioritet müəyyən olunan mühəndislik, tibb, informasiya texnologiyaları sahəsində yüksək göstəricilərə malik, beynəlxalq olimpiada iştirakçıları, müsahibə zamanı yüksək bilik, xarici dil hazırlığı nümayış etdirmiş 154 tələbə isə baza ali tibb və bakalavriat səviyyələrində təhsil almaq imkanı əldə edib.
Sevindirici haldır ki, ilk dəfə olaraq, 9 nəfər kənd təsərrüfatı, 14 nəfər isə təhsilin təşkili və idarəolunması kimi vacib sahələr üzrə təhsil almaq hüququ qazanıb.
Tələbələr əsasən, Türkiyə, Böyük Britaniya və digər ingilisdilli ölkələrdə təhsil almağa üstünlük veriblər. Sadalanan ölkələrlə yanaşı, Kanadada 29, Rusiyada 25, Avstraliyada 19, ABŞ-da 16 nəfər tələbə təhsilini davam etdirmək imkanı qazanıb.
Dövlət Proqramı çərçivəsində indiyədək 3000-dən çox gənc dünyanın aparıcı ali təhsil müəssisələrində təhsil almaq imkanı qazanıb.
Təhsil Nazirliyi tərəfindən 2015-2020-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə yeni Dövlət Proqramı hazırlanır.
Azərbaycan gənclərinin xarici ölkələrin ali məktəblərində təhsil haqlarının ödənilməsi Qaydalarına bir sıra dəyişikliklər edilib.
Müvafiq qaydalara əsasən, tələbənin təhsil aldığı ölkəyə daxil olmasından sonra həmin ölkə üzrə müvafiq təhsil səviyyəsinin standart tədris müddətinə uyğun olaraq, ödəmələr həyata keçiriləcəkdir:
- Bakalavriat səviyyəsi üzrə Kanada və Böyük Britaniya - 8 ay, digər ölkələr - 9 ay;
- Magistratura səviyyəsi üzrə Böyük Britaniya-12 ay, digər ölkələr-10 ay;
- Aspirantura, doktorantura və rezidentura səviyyələri üzrə-12 ay.
Dövlət Proqramı təqaüdçülərini geniş ictimaiyyətə tanıdan “Gəncliyin uğur formulu” layihəsinə start verilib.
Layihə çərçivəsində dünyanın nüfuzlu universitetlərində təhsil alan azərbaycanlı gənclərin müsahibələri dərc olunur. Azərbaycanlı tələbələr müsahibələrində oxuduqları universitetlərdəki təhsil mühiti, ixtisaslarına uyğun yüksək biliklər əldə etmək üçün lazım olan keyfiyyətlər, arzuları və gələcək perspektivlər barədə fikirlərini bildirirlər.
 
Məktəbdənkənar fəaliyyətin təşkili 
Təhsil Nazirliyi tərəfindən məktəbdənkənar müəssisələrin fəaliyyəti ilə bağlı İslahat Proqramı hazırlanıb.
Məktəbdənkənar müəssisələrin fəaliyyətinin təşkilinə olan fərqli yanaşma nəticəsində 2014-cü ildə yaradıcılıq sarayları, klublar, bədii, estetik, texniki, ekoloji, turizm və diyarşünaslıq yönümlü mərkəzlərin, uşaq-gənclər idman və şahmat məktəblərinin yetirmələri yerli və beynəlxalq yarış, çempionat, müsabiqə və festivallarda yüksək yerlərə layiq görülüblər.
Uşaq, yeniyetmə və gənclərin maraq, meyl və bacarıqlarının, intellektual səviyyələrinin, yaradıcılıq qabiliyyətlərinin inkişafı, fiziki cəhətdən sağlam böyümələri, onların asudə vaxtının mənalı təşkili üçün məktəbdənkənar təhsilə dair bir sıra layihələr hazırlanmaqdadır.
Məktəbdənkənar təhsilin müasir tələblər səviyyəsində təşkili məqsədilə QHT, beynəlxalq və yerli ictimai təşkilatlar, yaradıcılıq birlikləri, cəmiyyətlər, fondlarla əməkdaşlıq genişləndirilir.
 
Vətəndaşlarla iş
 Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzi (“Qaynar xətt” xidməti-146) və Vətəndaşların Qəbulu Mərkəzi istifadəyə verilib.
Mərkəzlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Dövlət orqanlarında elektron xidmətlərin göstərilməsi haqqında” fərmanından və “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn vəzifələrin icrası işinin səmərəliliyinin artırılması məqsədlərinə xidmət edir.
Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olan müraciətlərin gündəlik statistikası aparılaraq təhlil edilir. Hər iki mərkəzin fəaliyyəti üzrə toplanan statistik məlumatlar əsasında müvafiq hesabatlar hazırlanır.
Mərkəzlərə xüsusi təlim keçmiş əməkdaşlar cəlb olunub. Hər bir əməkdaşın fəaliyyəti xüsusi meyarlar əsasında qiymətləndirilir.
2014-cü ildə (01.01.2014-10.12.2014-cü il ərzində) Telefon Məlumat Mərkəzində və Vətəndaşların Qəbulu Mərkəzində vətəndaşlara göstərilən xidmətlər:
           Telefon Məlumat Mərkəzinə 58752 zəng (2013-cü illə müqayisədə 4,5 dəfə çox) daxil olub;
           Vətəndaşların Qəbulu Mərkəzində 55624 vətəndaşa xidmət göstərilib;
 
           Kommutator xidmətinə 35000-ə yaxın zəng daxil olub.
Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. 11848 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada Təhsil Nazirliyinin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb. Vətəndaşların Qəbulu Mərkəzinə 13359 sənəd (6275 ərizə, 6139 məktub, 945 digər sənədlər) qəbul olunub.
2014-cü il ərzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, təhsil naziri 607 vətəndaşı qəbul edib. Müraciətlərin əksər hissəsi yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib. Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb və nəzarətə götürülüb.
 
Təhsil Nazirliyinin Facebook səhifəsində 24-28 fevral 2014-cü il tarixlərində ali təhsillə bağlı suallara cavab verilib.
Qeyd olunan müddətdə ali təhsil sahəsində kredit sistemi ilə tədrisin təşkili, tələbələrin köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürməsi məsələlərinə dair ümumilikdə, 326 sual daxil olub və bütün suallar şərhlər vasitəsilə cavablandırılıb.
Facebook istifadəçilərinin sualları, əsasən, ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsilalanların köçürülməsi, bərpa olunması və akademik məzuniyyət götürməsi (33 faiz), bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili (22 faiz), təhsilalma formasının dəyişdirilməsi (7 faiz), ali təhsil haqqında sənədin tanınması (6 faiz), Azərbaycan Müəllimlər İnstitutunun filiallarının fəaliyyəti (5 faiz), təhsil haqqı (2 faiz), xaricdə təhsil (2 faiz) və digər məsələləri əhatə edib.
Təhsil Nazirliyinin Facebook səhifəsində ali təhsillə bağlı suallara cavab verilməsi geniş ictimaiyyət arasında ölkədə ali təhsilin inkişafı ilə bağlı aparılan islahatlara böyük marağın olduğunu bir daha üzə çıxardı.
 
İnformasiya siyasəti
 Təhsil Nazirliyi KİV-lə daha səmərəli münasibətlərin qurulması üçün həyata keçirdiyi siyasət media ilə əlaqələrinin daha açıq, şəffaf və operativ qurulmasına xidmət edir.
Təhsil Nazirliyinin fəaliyyəti ilə bağlı dəqiq və dolğun məlumatların mətbuatda dərc olunması, media ilə əməkdaşlığın yaradılması imkanlarının artırılması məqsədilə KİV-in suallarının elektron poçt vasitəsilə qəbulu və operativ cavablandırılması ənənəsi 2014-cü ildə də davam etdirilib.
KİV nümayəndələrinin iştirakı ilə «Dəyirmi masa»lar, seminar və brifinqlər keçirilib, jurnalistlərin regionlardakı və paytaxtdakı təhsil müəssisələrinə mediaturları təşkil olunub.
Təhsil Nazirliyi tərəfindən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əsas hədəflərinin ictimaiyyətə çatdırılmasında KİV-in rolu” mövzusunda jurnalist yazıları müsabiqəsi keçirilib.
Media və təhsil dialoqu” mövzusunda təşkil edilmiş praktik konfranslarda ali təhsil müəssisələrinin mətbuat xidmətlərinin və  media qurumlarının rəhbərləri, tanınmış təhsil ekspertləri,  jurnalistlər iştirak ediblər.
 
İctimai təşəbbüslər
Təhsil Nazirliyi tərəfindən ictimai təşəbbüslərin dəstəklənməsi üzrə layihə müsabiqəsi bu il də davam etdirilib.
2014-cü ildə keçirilmiş müsabiqənin yekunlarına görə, 20 layihə məqbul hesab olunub və onların maliyyələşdirilməsi barədə qərar qəbul edilib.
Azərbaycan Respublikası təhsil nazirinin 3 iyul 2014-cü il tarixli, 768 nömrəli əmrinə əsasən təşkil olunmuş müsabiqəyə təqdim edilmiş layihələrin qiymətləndirilməsi müvafiq işçi qrupu tərəfindən həyata keçirilib.
 
Elektron xidmətlər
Təhsil Nazirliyi tərəfindən 6 interaktiv və 20-dən artıq informativ elektron xidmət göstərilir.
Təhsil müəssisələrinin akkreditasiyası üçün müraciətin və sənədlərin qəbulu, təhsil müəssisələrinə lisenziyaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu, eləcə də təhsil sənədlərinin həqiqiliyinin onlayn yoxlanılması üzrə elektron xidmətlərin göstərilməsi istiqamətində müvafiq işlər davam etdirilir.