Oktyabrın 3-də “JW Marriott Absheron” otelində 7-ci Azərbaycan Beynəlxalq “Təhsil və karyera” sərgisinin açılışına həsr olunmuş mətbuat konfransı keçirilmişdir.
Mətbuat konfransında təhsil nazirinin müavini Ceyhun Bayramov iştirak etmişdir.
Təhsil nazirinin müavini bildirmişdir ki, Təhsil Nazirliyinin rəsmi dəstəyi, "İteca Caspian" şirkətinin təşkilatçılığı ilə təşkil edilmiş 7-ci Azərbaycan Beynəlxalq “Təhsil və karyera” sərgisi regionda təhsil sektoruna həsr olunmuş ən böyük tədbirdir.
Sərgidə Təhsil Nazirliyinin ənənəvi və yeni layihələr təqdim edəcəyini söyləyən nazir müavini bu baxımdan Müasir Azərbaycan Peşəkarları Layihəsinin xüsusilə əlamətdar olduğunu qeyd etmişdir.
Təhsil nazirinin müavini Təhsil Nazirliyinin dəstəyi ilə gerçəkləşməsi nəzərdə tutulan "Sağlam Təhsil – Sağlam Millət" Layihəsinin də sərgi iştirakçıları arasında maraq doğuracağına əminliyini ifadə etmişdir. Bununla əlaqədar Bakıda ilk dəfə olaraq məşhur pedaqoq-novator Bazarnıy Vladimir Filippoviçin rəhbərliyi ilə seminar keçiriləcək. O, təhsil müəssisələrində sağlamlığın inkişafı və təhsil prosesi zamanı məktəblilərin potensialını üzə çıxaran öz yaratdığı unikal sistemi barədə təqdimatla çıxış edəcək.
Nazir müavini sərgidə şagirdlər, tələbələr və məzunların yeni təhsil və karyera imkanları əldə edəcəyini, tələbə və məzunların işəgötürən qurumlarla əlaqə qurması üçün əlverişli imkan olacağını nəzərə çatdırmışdır.
Nazir müavini sərgi çərçivəsində “Azərbaycanda əmək bazarının inkişafı naminə yeni təşəbbüslər” adlı “Dəyirmi masa”nın keçiriləcəyi haqqında məlumat vermişdir.
Təhsil nazirinin müavini çıxışında qeyd etmişdir ki, müasir dünyada təhsilin inkişafının mühüm cəhəti onun qloballaşmasıdır. Bu cəhət inteqrasiya proseslərinin mövcudluğunu, dövlətlər arasında ictimai həyatın müxtəlif sahələrində intensiv qarşılıqlı əlaqələri əks etdirir. Bununla da təhsil milli prioritet kateqoriyasından dünya prqioritetləri kateqoriyasına çevrilir. Sadaladığımız meyllər Azərbaycanda elm və təhsil sisteminin əsas istiqamətlərini müəyyənləşdirməlidir. Bu baxımdan bu gün Təhsil Nazirliyinin də yaxından dəstəyi ilə gerçəkləşən 7-ci Azərbaycan Beynəlxalq “Təhsil və karyera” sərgisi özünün missiyası ilə əlamətdardır. Bu missiya onunla bağlıdır ki, qlobal dünyada Azərbaycanın strateji inkişaf yolu innovasiya və təhsili - biliklər iqtisadiyyatına transformasiya etməkdir. Ancaq bunun üçün ali təhsilin sənaye ilə, işgüzar aləmlə sıx ünsiyyəti, əməkdaşlığı lazımdır. Bu sərgidə Azərbaycanın ali təhsil müəssisələri ilə işgüzar sferanın əməkdaşlığı bizə ali təhsilimizin gələcək inkişaf trendləri haqqında daha pozitiv düşünməyə imkan verəcək.
XXI əsrin ilk illərindən ictimai inkişafı təmin edən dəyər prioritetlərinin dəyişməsi meylinin daha aydın göründüyünü bildirən nazir müavini demişdir ki, bəşəriyyətin növbəti əsrə transformasiyası ilə üst-üstə düşən inkişaf təkcə insan fəaliyyətinin və onun müvafiq təşkili vasitələrinin dəyişməsini şərtləndirmir, eyni zamanda təhsildə innovasiyanı da zərurətə çevirir. Buradan çıxan nəticə odur ki, XXI əsrin universiteti insanları öz ixtisaslarını daim təkmilləşdirməyə imkan yaratmalıdır. Bunu doğuran hipotezlərdən başlıcası odur ki, biliklər cəmiyyətində sadəcə olaraq universitet məzunu olmaq yetərli deyildir. Formal, informal təhsilin təşviq edilməsi, müvafiq problemləri həll edə bilən, daha doğru həllər ortaya qoymaq bacarıqları yeni əsrin universitet məzununun əsas keyfiyyəti olmalıdır.
Mətbuat konfransının sonunda təhsil nazirinin müavini jurnalistləri maraqlandıran sualları cavablandırmışdır.
8 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb
25.04.2024 - 18:00 -
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər
25.04.2024 - 14:42 -
Emin Əmrullayev qırğız həmkarı ilə görüşüb
24.04.2024 - 19:02 -
Azərbaycan və Qırğızıstan arasında təhsil sənədinin imzalanma mərasimi olub
24.04.2024 - 16:39 -
10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq
24.04.2024 - 12:55